Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Cavid Zeynallı "General qızı" (Hekayə)


Təzə kirayələdiyim birotaqlı evimin sınıq-salxaq pəncərəsini açıb dəniz tərəfdən əsən gilavarı törtöküntülü otağıma qonaq etdim.

Ev yiyəsinin pintiliyini göstərən kirli, nimdaş pərdə yaltaq fahişələr kimi üz-gözümü yalamağa başladı.

İçərinin havası xeyli təmizləndi, çarpayımı səliqə ilə yığıb otağıma yüngülvari əl gəzdirdim.

Çayniki doldurub qazın üstünə qoymaq istəyirdim ki, qulağım əsgər marşının səsini aldı. Musiqinin ardınca vətənə şərəflə xidmət edəcəyinə and içən əsgərin səsini eşitdim. Leylanın üç əvvəlki sözünü xatırladım.

Demişdi, hərbi çağırışın birinci günü Biləcəridəki toplanış məntəqəsində atam çıxış edib hərbi xidmətə yollanan gəncləri təbrik edib, onlara yaxşı yol arzulayacaq.

Televizoru yandırdım.

Leylanın atasının mübarək üzüylə ilk dəfə ekranda rastlaşdım.

Qalın qaşlarının altında gizlənən balaca gözlərindəki ifadələr son dərəcə mərhəmətli idi. Birnəfəsə dediyi uzun –uzadı cümlələrin əvvəli də axırı da vətən, torpaq kəlməsiydi:

”Əziz gənclər! Siz bu gündən doğma vətənimizin ərazi bütövlüyünü qorumağa yollanırsınız. Bilirsiniz ki, torpaqlarımızın 20% düşmən tapdağı altındadır.

O torpaqları işğaldan azad etmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Siz vətənimizə layiqli əsgər olub əzəli-əbədi yurd yerimizi düşməndən azad etməyə hər zaman hazır olmalısınız.”

Gülümsədim. Mobil telefonum zəng çaldı.

Cavab verməyə tələsmədim.

Leylanın atasının gənclərə ünvanladığı ibratamiz öyüd-nəsihətlər davam edirdi və onun bütün dediklərini sözbəsöz əzbərləyib yadda saxlamaq üçün qızını bir qədər gözlətməli oldum.

... - telefona gec cavab verdin, deyəsən vacib işlə məşğul idin.

-Atanın sözlərini əzbərləyirdim.

-Yadında bir şey qaldımı?

-Sözbəsöz, cümləbəcümlə.

-Yaxşı zarafatı qurtar, mən saat on ikidə rayona çıxıram.

-Hara?- Leylanın hara getmək istədiyini yaxşı bilsəm də, qeyri –ixtiyarı dilləndim. Onu bu səfər fikrindən daşındırmaq üçün yeni yollar axtarmaq lazım idi.

Leyla:

-Yaxşı bilirsən hara. Məni yola salmaq istəsən on ikidə avtovağzalda ol.- Hökm və əmrlə danışırdı. Bu isə ciddi bir hadisənin baş verdiyini göstərirdi.- Hələlik. Görüşənə qədər.

-Qulaq as – Az qala onun üstünə bağırdım.- Bu gün getmə, oturub ətraflı söhbət edək. Sənə deyiləsi sözlərim var.

- Çox güman, əvvəlki çeynənmiş sözlər yenə təkrar olacaq. Çalış təzə bəhanə fikirləş.- Leylanın açıq istehzasının arxasında hansı mənanın gizləndiyini yaxşı başa düşsəm də, özümü o yerə qoymadım və onu sakitləşdirmək üçün əvvəlki üsullara əl atmağı planlaşdırdım.

-Telefon söhbəti deyil. İkilikdə oturub ciddi danışmalıyıq.

-Saat on ikidə avtovağzalda gözləyəcəyəm.

-Xahiş edirəm orda yox. Sakit bir yer olsun.

Qulağımın dibində bərkdən səslənən gülüşü nə demək istədiyimdən yaxşı baş çıxardığını göstərirdi. Leyla gülüb qurtaran kimi amiranə, amma kinayə qarışıq səslə dedi:

-Sənin ustalıqla etdiyin siyasi gedişlərinə çox inanmışam.

Dahiyanə məsləhətlərinə qulaq asmasaydım, bu planım çoxdan baş tutmuşdu. Artıq kifayətdir əzizim! Məni fikrimdən allah da döndərə bilməz.

Leylanın birnəfəsə dediyi sözlərinin son akkordları qəti və hirsli sonluqla bitdi.

Telefonu söndürdüyünü bilsəm də, beynimdə uğuldayan hikkəli sözlərini təkrar-təkrar eşitmək istəyirdim. Amma bu cür əhəmiyyətsiz işlərlə məşğul olmağın vaxtı deyildi.

Qazın üstündəki çaynikin atılıb- düşən qapağının zəhlətökən səsi tələsik bir şey yeyib Leylanın görüşünə yollanmağın vacibliyini mənə xatırladırdı.

...Örüşdən qayıdan yekəqarın inəklər kimi ağır-ağır gələn avtobusun qapıları açılar-açılmaz hamı özünü içəri təpib rahat bir yerdə dayanmağa çalışdı.

Tək ayaq üstə dayansam da, üzbəüzümdə dayanıb az qala başını sinəmə söykəyən tələbə qızın saçlarından gələn xoş ətri duyduğuma görə allahıma minnətdar idim.

Sürücünün sanki quyu dibindən gələn səsi eşidildi:

-Allah qoysa körpülər tikilsin hər şey yaxşı olacaq.- Görünür tıxacın acısını çox dadmışdı.

-Bir körpümüz çatışmırdı elə vallah. Camaat acından qırılır, bu axmaqlar körpüylə avara olublar.- Bunu düz mənimlə yanaşı duran qoca bir arvad dedi. Səsinin tembri elə zəhlətökən idi, yanımdakı tələbə qızın üz –gözünü turşudub ona necə xoşagəlməz nəzərlərlə baxması gözümdən yayınmadı.

Sonra sərnişinlər arasında gündəlik sosial problemlərdən başlanan söhbət dodağının altında mızıldanan arvadların güclə eşidilən qarğışları ilə yekunlaşdı.

Elə bil bu avtobusdakı kişilərin dilinə qurğuşun tökmüşdülər.

Əlbəttə, mən dili qurğuşunlu kişilər sırasında deyildim.

Kütləyə baş qoşmasam da, yanımdakı tələbə qızla şirin –şirin söhbət girişmişdim. Tanışlığımız sözlə yox mənalı baxışlar və istehsalı təbəssümlərlə başladı.

Daha doğrusu ilk əvvəl biz yox gözlərimiz və təbəssümlərimiz tanış oldular.Buna görə sürücüsünə minnətdar olmalı idim.

Deyəsən, sürücüsü arvadların zəhlətökən səslərindən bezdi və çala-çökək yolda köhnə, tökülmüş avtobusu bacardıqca sürətlə sürməyə başladı.

Elə bil, acığa düşmüşdü. Arvadların yer-yerdən eşidilən səs-küylərini eşitməmək üçün radionun səsini qaldırıb kanalı dəyişdi.

Aparıcının səsi avtobusa yayıldı: ”Əziz dinləyicilər bu gün çox maraqlı bir söhbətimiz olacaq.

Mövzumuz isə belədir: İslamda qadın əxlaqı. Qonaqlarımızı sizə təqdim edirəm: sevimli Aygün Kazımova və...” İkinci qonaq hansısa məscidin axundu idi.

Adını unutmuşam. Leylanın sözü yadıma düşdü: Bu məmləkətdə hər şey kəllə -mayallaqdır.

Mən güldüm. Yanımdakı tələbə qızın da başını aşağı salıb xısın-xısın gülümsədiyini gördüm, saçları üzünə tökülüb dodaqlarındakı kinayəli təbəssümü gizlətməyə çalışsa da, gözümdən yayınmadı və deyəsən, tələbə qız da mənim diqqətlə ona baxdığımı görüb başını qorxa-qorxa yuxarı qaldırdı. Həlim baxışlarını üzümə zillədi.

-Qəribədir hə ? -Az qala pıçıltı ilə soruşdum.

-Hə. Deyəsən, camaatı ələ salıblar.

Söhbəti davam etdirmək üçün söz axtarıb tapmaq lazım idi. Mənimsə bu məharətə sahib olmadığımı xatırlatmaq yerinə düşər. Nə yaxşı tələbə qızın sol əlilə sinəsinə sıxdığı iki qırmızı üzlü kitab köməyimə çatdı və deyəsən, söhbətin davamını nədən başlamağı mənə xatırladı.

- İmtahanda sizə uğurlar arzulasam yanılmaram ki?- Dəqiq, erməni budaq cümləsi qurdum.

- İmtahana getdiyimi hardan bilirsiniz. ?- Tələbə qız başını qaladırıb üzümə baxdı.

- Bu çox sadə bir şeydir. Mən də tələbə vaxtı imtahana gedəndə sizin kimi ürəyimdə dərs danışıb xəbərim olmadan dodaqlarımı tərpədirdim. Bir də onda ayılırdım ki dəli kimi öz –özümə danışıram.

Bu yersiz sözləri deməyimə peşiman olsam da, qızın məmnun –məmnun gülümsədiyini görüb öz-özümə xoşallandım və söhbəti davam etdirməyi düşündüm.

-Heç nədən qorxmayın. Əgər lazım olarsa sizə kömək edə bilərəm- Özümdən razı halda gülümsədim.

-Kömək?- Qız təəccübdən az qaldı qışqırsın. Sinəsinə sıxdığı qırmızı üzlü kitabları sağ əlinə keçirdi və mən kitabın üstündə yazılan “kriminalistika” sözünü oxuyub bir xeyli təəccübləndim.

-Siz kriminalistsiniz?

-Hə. Niyə soruşdunuz?

-Qorxmursunuz sizi də ölürərlər?- Suala sualla cavab verdim.

-Sözə baxmayan peşəkarları öldürürlər.

-Siz peşəkar deyilsiniz?

-Arzusundayam. Bu gün imtahanda hər şey bəlli olacaq. Peşəkar ola bilərəm yoxsa yox. O ki qaldı kömək məsələsinə... -Gülümsədi. Əli ilə saçlarını arxaya hamarladı- Heç bilirsiniz kimin qarşısında imtahan verəcəm?

Başımla yox cavabını verdim.

-Güman edirəm bilsəniz, kömək etməkdən imtina edəcəksiniz.

-Yəni belə böyük adamdır?

-Əlbəttdə. Özü də çox böyükdür.

Məni gülmək tutdu. Daha doğrusu əvvəlcə gülümsədim. Sonra vərəm adamların öskürəyi sayaq gülməyə başladım. Və gülə -gülə tələbə qızın yanaqlarının necə qızardığını gördüm.

Yanaqlarından başlayan qızartı yavaş-yavaş bütün sifətinə yayıldı. Acıqlı –acıqlı dedi:

-Nəyə gülürsən (sən)

-Xətrinə dəydimsə üzr istəyirəm. Amma ağlıma gəldi ki, bəlkə prezidentin qarşısında imtahan verəcəksən?

-Prezidentin olmasa da hər halda nazirin olacaq. Kömək etmək istəyirsənsə buyur.- Gözlərini süzdürüb üzünü yana çevirdi.

- Sözümü geri götürürəm. –Yanımdakı qoca kişinin dayanacaqda düşməsindən istifadə edib onun yerinə keçdim və yerimi rahatlayıb qıza biraz da yaxın durdum- Onun qabağında mən çox balaca adamam. Düzünə bilmək istəyirsinizsə, mən ondan qorxuram.

-O adam yeyən- zaddır ki?

-Adam yeyən də olmasa adam döyəndir. Özünü gözlə.

-Bizə söz veriblər ki, kimin cavabı xoşuna gəlsə onu nazirliyə işə götürəcək.

Sürücü avtobusu üçüncü mikrorayon dairəsindəki tıxacdan deyinə-deyinə birtəhər çıxardı və dayanacaqda saxlayıb düşənlərə tələsməyi əmr etdi.

Əslində, mən burda düşüb körpü salan kranların zəhlətökən səsinin müşayiətilə toz-torpaqalı yolu üzüyuxarı- avtovağzala tərəf qalxıb Leylanı görməyə getməliydim. Amma vaxta bir saat qalırdı.

Deməli, tələbə qızı aparıb universitetlərin darvazasından içəri ötürə bilərdim. Əlbəttə, o etiraz etməsəydi. Qəti qərara gəlmişdim ki, buna razı olmasaydı da onu birtəhər yola gətirəcəkdim.

Universitetin darvazası ağzında xarici maşınından düşüb yüzlərlə tələbənin baxışları altında şəstlə yeriyən naziri şəxsən müşayiət etməyin ləzzəti bambaşqa idi.

Avtobus ağır-ağır yerindən tərpənib içəridəki sərnişinləri yırğalaya-yırğalaya yola düzəldi.

Tələbə qızla başım söhbətə ELƏ qarışdı ki, bir də Elmlər akademiyası metrosunun yanında ayıldım ki, düşmək vaxtıdır.

Qız onu ötürmək üçün bura gəldiyimi biləndə, üz-gözünü turşudub narazılığını bildirdi.

Qırmızı uzun donunun ətəyini əlilə tutaraq arxaya baxmadan az qala qaça-qaça məndən uzaqlaşıb adamların içində gözdən itdi.

İncimədim. Heç arxasıyca düşüb iti addımlarla onu təqib etməyə də tələsmədim. Sadəcə, iki tələbə oğlanın kənardan mənə baxıb şit-şit gülmələrindən bir az pərt olub yolun o üzündəki səki ilə universitetə tərəf addımladım.

Deyəsən, lap vaxtında gəlmişdim. Universitetin darvazası ağzında yığılan bir dəstə tələbə beş nəfər polisin əmrinə müntəzir dayanıb darvazaya sarı bir addım atmağa cəsarət etmirdilər.

Mənim qırmızı donlu tələbə qızım isə deyəsən, nazir müəlliminin yolunu səbirsizliklə gözləyirdi. Bir iki dəfə narahat baxışlarla ora –bura boylansa da, məni görmədi. Kim bilir bəlkə gözləri məni axtarırdı ?

Bir də xəbər tutdum ki, üç xarici maşın bomboş yolda güllə kimi süzüb darvazanın ağzında dayandılar. Mən də eyni sürətlə özümü qırmızı donlu qızın yanına yetirib iki addımlığında gözlədim.

Nazir maşından düşüb kostyumunun yuxarı iki düyməsini balaca boyuna biçilmiş qarnının üstündə bağladı. Mən qıza yaxınlaşdım və arxadan az qala pıçıltı ilə dedim:

-Həyacanlanma uğur səninlədir.

Qız qanrılıb geriyə baxdı. Məni görcək gülümsədi və tez də üzünün ifadəsini dəyişib özünü acıqlı göstərməyə çalışdı.

- Sən yenə gəldin?

-Gəldim ki, tək olduğunu hiss etməyəsən.

O gülümsədi və:

-Çox sağ ol -dedi.

Nazir mən düşündüyüm kimi özündən razı iri addımlarla darvazaya doğru getdi.

Qəribəydi ki, onu qarşılamaq üçün universitet rəhbərliyindən heç kim yox idi. Yəqin, bu qədər uzaqda düşüb piyada gəlməsini gözləmirdilər.

- Səncə o niyə maşını içəri sürdürməyib məhz burda düşdü?-mən ondan soruşdum.

Tələbə qız bir qədər fikirləşdi və deyəsən, nəyə eyham vurduğumu başa düşüb gülə -gülə dedi:

-Xalqa yaxın olduğunu göstərsin deyə?

Mən də məmnun-məmnun gülümsədim.

-Əhsən. Bu sənin imtahanının birinci mərhələsiydi. Sən mütləq uğur qazanacaqsan.

Tələbə qız mənə təşəkkür edib ayrılmaq istəyəndə ondan telefon nömrəsi və ya ev ünvanını istədim. ”mənim evim elə buradır. İstəsən günortadan sonra gələrsən.” deyib gülə-gülə ayrıldı.

Metroda yadıma düşdü ki, onun adını öyrənmədim. Gec idi. Leylanın görüşünə gecikə bilərdim.

* * *

20 yanvar stansiyasında metrodan çıxıb Rəqsanənin “Bivəfa”mahnısının sədaları altında üzü aşağı- avtovağzala sarı tələsdim.

Yolun qırağındakı ağacın altında bardaş qurub oturan qaraşallı arvadın arxamca çağırıb falıma baxmaq istəməsinə əhəmiyyət verməyib, general qızının görüşünə tələsirdim.

Bu görüş mənim üçün çox vacib idi. Leylanı fikrindən daşındırıb bugünkü təhlükəli səfərindən vaz keçməyə məcbur etməli idim.

Düzdür, bu o qədər də asan olmayacaqdı.

O adəti üzrə dil-dil ötüb həqiqətin üzə çıxması naminə bu səfərin şərəfli peşə borcu olduğunu mənə anlatmağa çalışacaqdı.

Və əvvəlki iki səfərinə mane olduğumu təkrar-təkrar diqqətimə çatdırıb özünü ağılsızlıqda qınayacaq, məni isə mitinqlərdə boğazını yırtan yalançı qəhrəmanlarla müqayisə edəcəkdi...

... Leylanı avtovağzalın giriş qapısının ağzında dilənçi qadınla söhbət etdiyini gördüm.

O, Qadının böyrünə qısılıb oturan azyaşlı oğlunun başını sığallayıb qayğıkeşliklə ondan nə isə soruşurdu.

Uşaq utancaq nəzərlərlə ona baxıb tanımadığı bu adamın nəyə görə onlarla maraqlandığını deyəsən, aydınlaşdıra bilmirdi.

Anası isə bu naməlum adamın suallarına başını tərpətməklə sakit-sakit cavab verir, hərdən də əlacsız-əlacsız çiyinlərini çəkirdi.

Sonra Leyla uşağın alnından öpüb dilənçinin ovcuna pul basdı. Onlardan ayrılanda qıza yaxınlaşdım.

Mənim can-başla hal-əhval tutmağıma dilucu ”sağol”deməsindən, üzündəki inciklikdən başqa heç nə deməyən ifadələrdən anladım ki, fikri qətidir.

Elə bu vaxt arxadan dilənçi qadının səsi eşidildi: ”Allah sizi xoşbəxt eləsin” Eyni anda bir-birimizə baxıb gülümsədik. Sonra mən özümü saxlaya bilməyib pıqqıldayıb gülməyə başladım.

- Biraz da geciksəydin məni görməyəcəkdin.- Leyla üzümə baxmadan yavaşca dedi.

- Dilənçiylə söhbət etdiyinə görə yaxınlaşmadım ki, mane olaram.

- Yazıq çox kasıbdır. Əri iki il əvvəl ölüb. Deyir elə gün olur yavan çörək yeyirəm.- Yüngülcə köks ötürdü.

- Qəm eləmə, dörd-beş ilə vətənimizdə bir nəfər də olsun yoxsul qalmayacaq. –Bunu mən dedim.

Leyla gülümsədi.

-Hamısı qırılıb qurtaracaq?

-Qırılmayacaq, qıracaqlar.

-Deyəsən yoxsullara, imkansızlara ürəyin yanır?

-Bəlkə səndən də çox. Amma əlimdən nə gəlir. Mən bu məmləkətin uşaq kimi aldadılan gücsüz və ümidini itirməkdə olan sakinlərindən biriyəm.

-Nə qədər ki gücsüzlüyünü və ümidsizliyini boynuna alacaqsan onda həmişə aldadılıb yazıq günündə yaşayacaqsan. Buna əmin ola bilərsən.

-Leyla, baş verən bu olayların hamısı bir oyundur. Bu oyunun iki hissəli ssenarisi əvvəlcədən hazırlanıb. Birinci hissənin finalı gözlənilmədən dəyişsə də ikinci hissənın başlanğıcı uğurlu oldu. Hətta çətinlik bahasına başa gəlsə belə! Səbirli ol, sadəlövhlük etmə. Ssenari üzrə bu oyunun qarşıda bircə pərdəsi qalıb.

-Bu pərdənin qara zülməti hələ də davam etməlidir? Bəlkə bu pərdənin artıq yırtılmaq vaxtıdır? Bu işi sən, mən və biz etməməliyik?

-Oyun iştirakçıları ilə müqayisədə biz çox zəifik.

-Sən zəyifliyini boynuna alsan da mən bu fikirdə deyiləm. Bu gün sübut edəcəyəm ki, öz üzərimə düşən vəzifənin öhdəsindən vicdanla gəlirəm.

-Bunun sübuta ehtiyacı yoxdur. Amma sənin dərindən fikirləşməyin və bunun nə dərəcədə təhlükəli olduğunu dərk etməyin vacibdir.- Özümdən ixtiyarsız

Leylanın qollarından tutub hirslə bərk-bərk sıxdığımı yalnız indi bildim. Qolunu buraxdım və kobud əllərimin onun ağ biləklərində iz saldığı qızartı uzun müddət çəkilmədi.

-Avtobusun çıxmağına az qalıb. Başqa sözün yoxdursa mən gedim.- Leyla bunu çox sərt və qəti şəkildə dedi.

-Axı sən gedib nə eləyəcəksən, nəyə nail olacaqsan?

-Həqiqətin üzə çıxmasına çalışacam. Cəbhə xəttindəki əsgərlər haqqında ictimaiyyətə yalan məlumat verilir. Bu yaxınlarda hərbi xidmətdən bir qohumumuz qayıdıb. Cəbhə bölgəsində qulluq edib.

Deyir, atəşkəs pozulanda ölən və yaralananlarla bağlı çox şey gizlədilir. Əsgərlər incidilir, işgəncələrlə üzləşəni olur. Bütün bunlarla bağlı silsilə yazılar yazamaq fikrindəyəm.

-Sənin ora getməyinə atan imkan verməyəcək. Bilsə hər vasitə ilə mane olacaq.

- Qohumumuz çuğullayıb. Məni yanına çağırdı, öyüd nəsihət verdi. Deyir, sənə görə dost –tanış arasında başı aşağı olmuşam. Gördü ki yox, dediklərinin təsiri yoxdur, başladı hədə-qorxu gəlməyə.

Deyəsən, şübhələnmişdi ki, bu gün çıxa bilərəm. Ona görə məni izləmək üçün dalımca adam göndərmişdi. Binanın blokundan çıxanda bir nəfərin maşında oturub qəzet oxuya –oxuya altdan-altdan məni baxdığını gördüm.

Ona görə də maşınla getmək fikrindən daşındım.

Leyla danışdıqca tez-tez ora –bura boylanır, platformada növbə gözləyən ağ rəngli “ford”un sürücüsü alçaqboy lopabığ kişinin nə vaxt ”əyləşin” əmrini verməsini gözləyirdi. Nəhayət getmək vaxtı çatdı və Leyla:

-Özündən muğayat ol - dedi- Məndən nigaran qalma.

Mənim bu səfərimə təhlükəli deyəndə bilirəm nəyi nəzərdə tutursan.

Qorxursan ki, ehtiyatsızlıq edib düşmən gülləsinə tuş gələrəm.

Narahat olma, çalışaram sağ qalım. Amma ölüb eləsəm deyərsən ki, mən bu məmləkətdə bir general tanıyıram!.- Leyla yarı zarafat yarı ciddi ərklə sinəsinə döyüb gülə -gülə özünü öydü.- Hərbçi olmasa da vətəndaş idi.

Özü də müharibə üzü görməmişdi. Amma eyb etməz. Onsuz da indiki generalların çoxu müharibəətrafı generallardır.

Sonra Leyla mənim üzümdən öpüb ağ “Ford”a sarı tələsdi.

“Ford” avtovağzalın darvazasından çıxanda, bu vaxtacan hiss etmədiyim qədər Leyla üçün qəribsədim və maşının arxasıyca qaçıb onu dayandırmaq, qızı bir daha getməməyə çağırmaq, əgər dediyindən dönməzdisə qolundan tutub kobud şəkildə yerə düşürtmək istəyi ürəyimə dolsa da gec idi, çox gec...

Avtovağzaldan çıxanda Leylanın bayaq söhbət etdiyi dilənçi qadınla yenidən rastlaşdım. Məni görən kimi gülümsədi. Çuxura düşmüş gözlərindən, qayğılı baxışlarından açıq –aşkar oxunan suallar uzun müddət mənə rahatlıq vermədi.

”Qızı tək hara yola saldın? Özün onunla niyə getmədin? Qorxdun ?”

Leyla ilə tanış olduğum günü xatırladım. Daha doğrusu, bunu qəsdən yadıma saldım ki, cavab tapa bilmədiyim suallardan yaxa qurtarım...

Tanışlığımız yağışlı yanvar günündə olmuşdu. Hava küləkliydi, ora-bura tələsən insanlar yağışdan qorunmaq üçün binaların daldanacağına girmişdilər.

Mən özündən razı halda qəhrəmancasına Milli teatrın əzəmətli binasına tərəf gedirdim.

Qabağımca tələsən qızın sağ əlilə alabəzək çətirini, sol əlilə uzun donunun ətəyini tutub tələsik addımlarla teatra tərəf getməsini görəndə, addımlarımı yeyinlədib ona çatmaq, kim olduğunu bilmək üçün tələsdim.

Elə bu vaxt külək özü mənim köməyimə yetdi : birdən- birə atının yüyənini boşaltdı və bir həmləyə onun alabəzək çətirini əlindən alıb uçurdu...

Arxasıyca qaçıb onu tutmağa çalışsa da, bunu bacarmayacağını görüb əlacsız-əlacsız bir mənə bir də küləyin süpürləyib apardığı çətirə baxdı. Əlbəttə, mən öz köməyimi əsirgəməməliydim.

Çətirin dalısıyca qaçıb onu işləməyən fəvvarənin suyla dolu olan hovuzuna düşə-düşdə “yaxaladım”.

-Çox sağ olun,- gülümsədi- suya düşsəydi neyləyəcəkdik?

-Şalvarımı çırmalayıb suya girəcəkdim.

Bu dəfə şirin-şirin güldü. Deyəsən, zarafatım xoşuna gəlmişdi.

Alabəzək çətrini başına tutub məni də onun altına dəvət etdi.

Razılaşmadım.Yağış altında gəzməyi uşaqlıqdan xoşladığımı dedim.Kəndimizdən, məktəb vaxtlarından, qoyun-quzu otarmağımdan danışdım ona.

Elə ürək açıqlığı və məhrəmlikə dil-dil ötürdüm, elə bil ürək sözlərimin neçə illik dinləyicisi idi. Beləcə, Leyla ilə ilk tanışlığımız başladı və həmin gün onunla Milli teatrda oynanılan “Afət” tamaşasına baxdıq.

Tamaşa zamanı əlindəki kiçik dəftərçəyə qeydlər etdiyini gördüm.

Öyrəndim ki, o jurnalistdir.

Leyla ilə sonrakı görüşlərimdə daha daha çox onun sənəti ilə bağlı söhbətimiz olurdu.

Universiteti bitirdikdən sonra televiziyada işə başlaması, sonra müxalifət düşərgəsinə keçib ayrı-ayrı məmurlar daqqında faktlarla ifşaedici yazılar yazması, daha sonra oktyabr hadisələrində üç günlük həbs olunması və s.

Bir dəfə Leyla ilə hökumət evinin qarşısında görüşdük.Deyəsən, fevralın birinci həftəsiydi. Boz bulanıq havadan dəniz qoxusu gəlirdi. Qız qayğılı görünürdü.

Tez –tez gözləri yol çəkir, fikri uzaqlara gedirdi. Səbəbin soruşdum.

-Qardaşım Almaniyaya gedir. Belə getsə deyəsən tək qalacam-dedi.

Mən güldüm.

-Almaniyaya getməyin nəyi pisdir ki? Hamı dünyanı gəzib –dolanmaq arzusundadır. Sən sevinməlisən.

-Yox, vəziyyət başqadır. Onu atam göndərir.- Leyla bir qədər nə barədəsə fikirləşdi.-Prezidentin Rambue qəsrində gözlənilən görüşü hakimiyyət dəhlizində ciddi narahatçılıq yaradıb.

Çoxları bu görüşün nəticəsiz olacağı təqdirdə müharibənin qaçılmaz olduğunu düşünür. Hətta əksər mətbu orqanlara tapşırılıb ki, cəmiyyətdə müharibə əhval ruhiyyəsi yarada biləcək məlumatlar yaysınlar. Atam hər vəchlə qardaşımı ölkədən çıxarmaq istəyir. Guya dövlət hesabı ilə təhsil almağa göndərir.

-Bəs qardaşın nə deyir?

-Getməyə razıdır. Deyir Almaniyaya getsəm qayıtmayacağam.

Leylanın kövrəldiyini hiss etdim. Əlbəttə, ona təskinlik verməkdən başqa əlacım yox idi. Üç gündən sonra Leyla zəng vurub dedi ki, artıq qardaşım Almaniyadadır.

Leyla ilə sonralar da tez-tez görüşürdük. Atası və qardaşı haqqında uzun-uzadı söhbətlərimiz olurdu.

Hərdən hirslənib özündən çıxırdı. Dodaqları titrəyirdi. Mən Leylanın sinəsində döyünən polad ürəyini, üsyankar ruhunu sevdim və hər zaman ona dayaq olacağıma and içdim.

* * *

Universitetin darvazası ağzında qırmızı donlu tələbə qızı gözləyirdim. Uzaqdan gəldiyini görəndə rahatlıqla nəfəs aldım və onun qarşımda gülümsədiyini görəndə imtahandan yaxşı çıxdığına əmin oldum.

Mənim daş heykəl kimi durduğumu görüb özü dilləndi:

-Niyə məni təbrik etmirsən?Axı imtahandan beş aldım. Həm də nazir məni xeyli təriflədi.

Üç gündən sonra kriminalist kimi işə başlayıram.

-Mən demişdim ki, uğur səninlədir.

-Bir görəydin nazirin necə sərt baxışları var idi. Əvvəl özümü itirdim. Sonra elə bil ki, birdən-birə mənə güc gəldi. Dilim açıldı. Dörd ildə öyrəndiklərimi elə həvəslə danışırdım ...

Qızın adını öyrənmək lazım idi. Ona nə vaxta qədər qırmızı donlu tələbə qız deyəcəkdim ? Ürəklənib utana-utana xəbər aldım.

Ülkər -dedi.

Ülkərə Türk kafelərindən birində oturmağı təklif edəndə razılaşmadı. Sağ olsun, yaxşı ki, belə etdi. Qızdan Məşədi Əzizbəyov heykəlinin yanında ayrılanda əlimi cibimə atdım ki, üç manat pulum qalıb. Bu pulla hansı kafedə oturmaq olardı?

Dediyinə görə bu gün qardaşının ad günü idi. Axşam qonaqları gələcəkdi. Mən də öz adımdan onu təbrik elədim. Dedim ki:

-Mənim boyda oğlan olsun. Amma mənim kimi olmasın.-Deyəsən biraz əcaib təbrik oldu.

Ülkər təəccübləndi:

-Başa düşmədim, sənə nə olub?

-Mən axı dahiyəm. Dahilər alternativi sevmirlər.-Vallah doğrudan da dahiyəm. Amma sözü dəyişib vəziyyətdən çıxmaqda. “Mənim kimi olmasın” o demək idi ki, üç manatın möhtacı olmasın.

Ülkərlə sağollaşanda yarı istehza yarı zarafatla dedi:

-Özündən muğayat ol, cənab dahi!

Yolu keçib gedəndə arxasıyca bağırdım:

-Dahinin qədrini bilmək lazımdır.

Vəssalam, Ülkəri fikirləşə-fikirləşə evə qayıdıb qəzet-jurnalın içində qurcalanmaq sonra da nigarançılıqla Leylanı fikirləşməyin vaxtı idi.

* * *

Leyladan sarı yaman nigaran idim.Ürəyimi şübhələr almışdı. Hər gün bir ölüm xəbəri gəlirdi.

Qəzetlərdə cəbhədəki itkilərlə bağlı silsilə yazılarla tez-tez rastlaşırdım.

Ölən və yaralananlar barədə ictimaiyyəti xəbərdar etmədiyi üçün Müdafiə Nazirliyi ciddi əsaslarla ittiham edilirdi. Hər dəfə belə məlumatları oxuyanda Leyla gəlib dururdu gözlərimin önündə. Narahat olmağa isə kifayət qədər əsasım var idi.

Artıq dördüncü gün idi ondan heç bir səs-soraq yox idi. Düzdür, gedəndə söz vermişdi ki, tez-tez zəng edib vəziyyəti barədə xəbər verəcək. Amma görünür ya başı qarışıq idi ya da...

Telefonumun zəhlətökən mesaj musiqisi uzun-uzadı zəng çalmağa başladı.

Çarpayıda uzanıb, gündəlik nəşr olunan siyasi qəzetlərdən birinində müxalifətin növbəti mitinq planı haqqında olduqca maraqsız bir yazını gözdən keçirirdim.

Zəngi zəhlətökən olsa da məni siyasi praqnozlar labirintindən çıxardığı üçün telefonuma minnətdar olmalı idim. Amma təkcə buna görə yox... Həm də Leyladan mənə bir xəbər gətirdiyi üçün. Yazırdı:” İndi səngərdəyəm.

Bütün oxucularıma sürpriz olacaq çox qiymətli materiallar toplamışam.

Bir neçə əsgər dostum mənə yaxından kömək edirlər. Burda atamı yaxşı tanıyırlar.

Adını çəkən kimi hamı qulluğumda durur. Əsgərlərin vəziyyəti o qədər də yaxşı deyil.İnşallah, Bakıya qayıdanda hər şeyi danışacam. Özünə yaxşı bax.”

* * *

... Nazir əhdinə xilaf çıxmamışdı. İmtahanın səhərisi Ülkər nazirlikdə kriminalist köməkçisi vəzifəsinə təyin edilmişdi.

Dediyinə görə təsadüfi adam kimi bu vəzifəyə təyin edilməsi hamını təəccübləndirmişdi.

Hətta onun nazirin adamı olduğunu və işçilər haqqında rəhbərliyə vaxtı-vaxtında məlumat verəcəyini deyənlər də varmış.

Əslində çoxlarının arzusunda olduğu və bir ətək pul verib işə düzəlmək istədiyi həmin nazirliyin işi Ülkərin ürəyincə deyildi.

Bunu deyəndə yüngül ironiya ilə dedim ki: “işdən nə tez yoruldun xanım kriminalist” Mənim zarafatyana dediyim sözü tam ciddi qarşıladı və kollektivlərindəki yaramaz mühiti bütün incəliklərinə qədər mənə danışdı. Əlbəttə, burada ədalətsizlik əsas yer tuturdu.

Məsləhət verməkdən zəhləm getsə də ( Leyla bundan cana yığılmışdı ) Ülkər üç- dör cümləlik ağılvermələrimi dinləməyə məcbur oldu.

Razılaşmadığı və bəlkə nəzakət xətrinə aramızda inciklik olmasın deyə yalançı təsiqetmələr də oldu. Leya haqqında söz düşəndə mənim neçə gündən bəri ürəyimi didən narahatçılıqları təxminən eyni qayda da onda da gördüm.

Deyəsən, Ülkərin də ürəyinə nəsə xoşagəlməz bir şey dammışdı.

* * *

. . . Əvvəlcə qapı döyüldü.Sonra “qonşu yatmısan?”deyə kimsə xırıltılı səslə məni çağırdı.

Qaz peçinin üstünə qoyduğum “əyriqulp” tavanın içinə dilimlədiyim kolbasaların üstünə iki Fatmayi yumurtası çalıb qapını açmağa getdim.

Cırıldayan qapı nərmədanlarının ətürpəşdirən sədaları altında məndən bir mərtəbə aşağıda yaşayan alkaş qonşumun əvvəlcə tüklü sifətini sonra rəngi bilinməyən nimdaş şalvar-köynəyini gördüm.

Qapımızın üstündəki elektrik lampasının tən ortasında yuva quran qaranquşun cəddinin qorxusundan içi mən qarışıq heç kim cəsarət edib xarab lampanı düzəltmirdi.

Elə buna görə də içəridən düşən işıq qonşumun gözlərini qamaşdırdığından o bir müddət key-key gözlərimin içinə baxdı, arxada isə onun vahiməli kölgəsi “bizim qaranlıq xaraba”nın tən ortasında divarboyu sərilmişdi.

-Axşamın xeyir, qonşu.

-Axşamın xeyir.

-Bekarçılıq idi, dedim səni yoxlayım.

Qonşum dəvət gözləmədən içəri keçib qızardılmış kolbasanın tünd iyini həvəslə ciyərlərinə çəkib bəh-bəhlə başını yellədi. Sonra şairanə tərzdə kolbasanın ünvanına bəlağətli “tərif” dedi:

- İt və eşşək ətindən düzəldilmiş, dünya kasıblarına güclə yedizdirilən ət və ət məhsuluna kolbasa deyilir.

Tərif xoşuma gəlsə də, büruzə vermədim. Bir də onda xəbərim oldu, qonşum az qala başını əyriqulp tavanın içinə soxub içindəkiləri gözünə təpsin.

-Ağ zəhrimarla aran necədir?

-İçmək istəmirəm.

- İçərsən, içərsən. Bir dəqiqəyə gəlirəm. Bu gün kef eləmək istəyirəm- Qonşum pilləkənləri düşüb bir əlində “İvanovka!” çaxırı, o birində “za karabax” arağı qayıtdı.

-Böyrəklərim əldən gedir, qonşu. Neynim, araq zəhrimardan əl çəkə bilmirəm. – Mahmud (bundan sonra adı ilə) stəkanı başına çəkib kal pomidor turşusunu ləzzətlə yedi.

-Böyrəklərin niyə əldən gedir?- Xəbər aldım.

-Belə biqiryətlərə görə.-Mahmud çörəyi bükdüyüm qəzetdəki siyasətçilərdən birini göstərib onun ünvanına yazmağı yasaq olunan söyüş söydü.- Vətən-vətən deyib mənim kimi axmaqlardan istifadə elədilər.

Sonra arvad kimi bir-birini didməyə başladılar. Bu dünyada heç kimə etibar yoxdu, qonşu. Götür, götür vuraq sənin sağlığına.

Arağın təsiri özünü tez göstərdi. Mahmud dil boğaza qoymadan həvəslə danışmağa başladı.

Ortalığa atdığı “vest”i bir-birinin ucuna calayıb tüstünü ləzzətlə ciyərlərinə çəkirdi. Kirdən qaralmış qabarlı əlləri əsməyə başlamışdı.

Kobud barmaqları arasında sıxdığı “vest”i hər ağzına aparıb gətirəndə mırıq dişlərinin yeri siqaretin filtirində aydın görünürdü.

-Qonşu, oxumuş adamsan, səncə biz Qarabağı ala biləcəyik?

Mahmuddan bu sualı gözləməsəm də tipik azərbaycanlı nikbinliyi ilə cavab verdim.

-Əlbəttə.

-Bəs indiyə qədər niyə ala bilməmişik?

Sualın cavabı uzun olduğundan bir qədər fikirləşməli oldum. Mahmudun isə deyəsən, səbri çatmadı.

-Bilirəm nə deyəcəksən- araq dolu stəkanı sağlıqsız-filansız başına çəkdi. Özünə gələndən sonra davam elədi -Deyəcəksən ki, diplomatiya, siyasət, Amerika, it-qurd.

Amma deməyəcəksən ki, belə g... görə. - Mahmud qəzetdə şəkili olan həmin siyasətçini bir də söyüb onun şəklini səliqə ilə kəsib çıxadı.

Alışqanı yandırıb şəkilə od vuranda əvvəlcə aşağıdan başlayan alov yavaş-yavaş siyasətçinin qalstuku ilə üzü yuxarı- eynəyindən keçib daz başına tərəf qalxmağa başladı.- Bax bunun kimi g..... mənim həyatımı belə yandırdılar.

Söhbətin bu yerə gəlməyini qətiyyən gözləmirdim. Mahmud uşaq kimi ağlayırdı. Sapsarı bığının ağzına girən uzun tükləri arasında görünməz olan dodaqları titrəməyə başlamışdı.

-Üç il Qarabağda canımı qoydum. Sağlamlığımdan oldum. Ermənidən it kimi qorxanlar indi qəhrəman olublar. Mənim nə evim var nə də ailəm. Həyətdə oynayan uşaqları görəndə ürəyim ağrıyır.

Allah bilir hansı daşın dibində it kimi gəbərəcəm. Ona görə bu dünyaya bel bağlama. Götür, götür içək.

Araq butulkasını boşalandan sonra çaxırın ağzını açıb stəkanları ağzına qədər doldurdu.

Elə bil hər ikimiz bir himə bənd idik. Stəkanları birnəfəsə başımıza çəkdik. Mən artıq özümdə deyildim. İçkinin təsirindən başımı bədənim üstündə saxlaya bilmirdim.

Elə bilirdim ki, oturduğum stula yapışıb qalmışam. Ayağa durmağa çalışsam da, bacarmırdım. Sanki hər şey pisliyə doğru gedirdi. Mahmud hələ də danışırdı. Onun halına acıyırdım.

Bir tərəfdən də Leylanın fikrini başımdan çıxara bilmirdim. Ürəyimi didən şübhələr yenidən rahatlığımı əlimdən almışdı.

Mahmud məndən cəsarətli çıxdı.

Pəncərənin ağzındakı köhnə radionu qurcalayıb qırıq-qırıq səslərlə, yarımçıq mahnılarla baş-qulağımı aparmasaydı bəlkə də çoxdan yatmışdım.

Radioda xəbərlər başladı. Mahmud taraş stəkana doldurduğu çaxırı birnəfəsə başına çəkib əlinin arxasıyla ağzını silə-silə səntirləyən addımlarla radioya tərəf getdi. Onun kanalı dəyişmək niyyətini bilib az qala üstünə qışqırdım ki, əl dəymə.

İnsafən o da sözəbaxan uşaqlar kimi lal-dinməz geri qayıtdı.

Xəbərləri oxuyan qızın xoşagəlimli səsi otağa yayıldı. Amma bu səs bu gecə mənə doğrudan-doğruya pis və pis olduğu qədər də sarsıdıcı bir xəbər gətirmişdi. Oxunan uzun –uzadı xəbərdən yalnız bir cümləsi yadımda qaldı.

”Atəşkəsin pozulması nəticəsində tanınmış jurnalist Leyla Ulus dünyasını dəyişib. Onun müəmmalı ölümü ətrafında bəzi suallar ortaya çıxıb” Pis xəbərin təsirindən əvvəlcə yerimdə quruyub qaldım.

Sonra dəli kimi yerimdən sıçrayıb vahiməli və dəhşətli baxışlarımı Mahmuda zillədim. Mənim bədbəxt qonşum özünü itirib key-key üzümə baxırdı.

Deyəsən, məsələnin nə yerdə olduğunu anlamışdı və “möhtəşəm” qonaqlığımızın belə sonluqla bitməsinə görə təəssüflənib xəcalət çəkirdi.


* * *

... Metronun 28 may stansiyasından çıxıb üzü vağzala sarı gedirdim.

Artıq bundan sonra heç nəyin mənim üçün əhəmiyyəti yox idi. Heç nəyin... Birdəfəlik bu məmləkətdən baş götürüb getmək istəyirdim...

Qatara aldığım bileti köhnə cins şalvarımın cibinə dürtüb vağzalın səs-küylü binasını tərk etdim. Evə çatan kimi Ülkər zəng etdi.

Uzun-uzadı danışdıq. Hər şeyi bir daha ona başa saldım. Görüşmək istəyimi deyəndə razılıq verdi və ciddi –cəhdlə məni bu səfərə getmək fikrimdən yayındırmağa çalışdı.

Yarım saatdan artıq bir nəfəsə nitq söylədi. Və nəhayət məni razı salıb fikrimdən yayındıra bildi...

Yadımdadır, mən də Leylanı belə dilə tutmuşdum...

Ülkərin sözünü eşitdiyim üçün özünü çox xoşbəxt hiss edirdi.

Bileti öz əlləri ilə cıranda ona verdiyim pula da heyfislənmədim...

...Ülkərlə bir yerdə Leylanın məzarını ziyarət etdik.

Narın yağan yağış bir andaca kəsdi və göy üzündə gülümsəyən günəşin şüaları altında öz kölgəmizin ardınca düşüb üzü şəhərə sarı yollandıq.

Bakı, 2007
XS
SM
MD
LG