Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Alpay Azər "Təndir başındakı söhbətlər" (Hekayə)


“Yaddaş eskizləri” silsiləsindən

Alpay Azər

Təndir başındakı söhbətlər
(“Yedəjsən ərə, qadan alım.”)

Müəllifin qeydi: Dialoq və təsvirlərdə kobud orfoqrafik səhvlər, bəzi stilistik qüsurlar istisna olaraq yazıda baş verənlərin orijinallığını vermək üçün “edilmişdir”.

Utancaq idim, etiraz eliyə bilmirdim, yay tətili rayonda dincəlirdim deyə, nə nənəmə, nə də babama deyə bilmirdim ki, məni təndir çörəyi, lavaş almağa göndərməsinlər.

Birincisi, səhər gedib növbə tutmaq lazımıydı, ikincisi də, çörək bişib müştərilərə verilənə qədər isti təndirin qırağında oturub arvaddarın mənasız qeybətdərinə qulaq asmaq məni əsəbiləşdirirdi: onda ikinci sinifdə oxuyurdum, onnarın nə dediyini, nə istədiklərini başa düşmürdüm....

- Zülüüüüş! Ay Zülüüş!! Canın yanmasın ay qız, harda qaldın?!! Xamır qıjqırdı axıııı!!!

Təndirdə çörəyi bişirən Sahsənəm arvad iyirmi iki yaşlı ən kiçik qızı Zülfiyyəni çağırırdı.

Zülüşün səsi gəlirdi: “Ay maa!!! İndi gəliləm...”, pəltək idi, deyə nə dediyini bəzən tam başa düşmək olmurdu, amma anası qızının pəltəkliyinə öyrəşmişdi, başa düşürdü onu.

Üş dəyqə keçməmiş Şahsənəm təzdən qışqırırdı:

- Aaaz səni lal qalasan!! Cahmahat səni burda gözdüyür axı!!

Başqa bir qarğışında qızına evdə qız qalmağı arzulayırdı. (Deyəsən, başa düşmüşdü ki, pəltək qızının ərə getməsi müşkül məsələdi, ona görə buna heç qarğış da demək olmazdı”).

- Sən Allah elə demə, qəşənkcə qızdı, yedəjəy ərə. – bunu isə təndirin qırağında oturub çörək gözdüyən arvaddardan biri Şahsənəmə deyirdi.

(Dumannı xatırlayıram, amma Zülüş doğrudan qəşəng qızıydı, sözün düzü sora heç bilmədim ərə getdi ya yox).

Təndir başındakı arvaddarın söhbətdərinin əsas mövzusu kiminsə ərə getməsi, kiminsə boşanması, kimin neçə uşağı olması (neçəsinin qız, neçəsinin oğlan), ərinin arvadı işdəməyə qoyub-qoymaması, bir də ki, əlbətdə qaynana-baldız-gəlin, qaynata-gəlin-qaynana, ər-anası-arvadı-qaynanası və bu kimi üç, dörd, beş, bəzən də altıbucaqlı konstruksiyalar daxilində gedən çırpışmalar, boğuşmalar, qab-qacax sındırma və buna oxşuyan hadisələr idi. (“Deyir yengə üş saat gözdüyüf qapiin (yəni qapının) ağzında”, “Gül kimi gəlindi, di gəl qaynanana ilandı”, ya əksinə, “Qaynana uşağın tursuxlarına qədər yuyur, bircə baldızı itdi (ya ilandı), yaşı otuzu keçib, amma evdə qız qalıf hələ də, gəlinə də gün vermir” və sairə).

Bu qadınlar üçün gözəl qız, qadın mütləq kök (heç olmasa dolubədənli, matax şey) və enlisifət olmalıydı.

- Aaaz yanmış elə gözəldi, sifət deyil e tabaxdı, tabax.

Xəmiri yaymaq üçün tabaq sifətin enliliyini xatırladan bir simvol idi. Bu sözləri deyən qadınlardan biri hər iki əlini yanaqlarından aralayıb, o birilərə bir növ tabağın formasını göstərirdi.

Vay o olaydı ki, təndir başında toyun, toydan sorakı hadisələrin qiybətini eliyəydilər, üstəlik də, çörək gözləyən arvaddardan kimsə həmən toydan sorakı işdə yengə olaydı, pah, Şahsənəm arvadın sifəti par-par parıldıyırdı.

- Eşitdim sən yengə olufsan, sən Allah, – Şahsənəm keçirdi sualına – düzünü de a bajı, qapiin ağzında nə qədər gözlədin? – guya çörək gözdüyən məktəbli uşaqlardan ayıb eliyirdi, pıçıltıyla soruşurdu, ama dediklərini yaxşı eşidirdik.

- Bir saat.

- Buuy, nə çox? Bir de görüm nə verdilər saa?

- Güllü kofta, elə də sən deyən bahalı deyil.

- Sağ olsunlar genə, Aslanovgil bu xəsisdiklərinnən bir kofta alıfdılarsa, qeroydular. Züıüüüş!!! Xamır qıjqırdı!! A səni qıjqırasan!! Elə qıjqırmısan da!! - səsini yavaşıdıb - Üşgünnüyünə getmişdiz?

- Həəəə.

- Çox adammı getmişdi?

- Yeddi-səkkiz nəfər olardı.

- Bunun nəyi çoxdu ki? Bizim vaxtımızda....

Mən də ikinci sinifdə oxuyan şagird, bilmirəm yengənin işi nədir, çoxlu sual verməyi xoşduyan uşax, çörəyi alıb evə girən kimi nənəmdən soruşdum:
- Ay nənə, yengə nə deməkdi ki?!

- Ə kiri!! Sora bilərsən, indi hələ uşaxsan!

- Sora nə vaxtki?

- Yekə kişi olanda.

Söhbətdərin birində iyirmi iki yaşlı Gülbənizin qırx səkkiz yaşlı Rusetdə alvernən məşğul olan kənddə vaxtilə ən yekə imarət tikdirmiş, Bakıda kvartirası olan kədçiləri Nərmana ərə yetməsini müzakirə edirdilər.

- Aaaz eşitdin? Gülbəniz Nərmana ərə yetdi. – Şahsənəm taxtanın üstündə xəmir yoğura-yoğura bu xəbəri yanındakı arvada çatdırdı.

- Həəəəə, - Aaz (adı yadımdan çıxıb) dedi, – Şahsənəm xala, bilirsənmi elçilikdə nə olub?

- Yox a bajı, - Şahsənəmin qulaxlarını şəklədi – danış görüm.

Aaaz da başladı danışmağa:

- Deyirlər ki, həmən bu Nərman elçiliyə özü də gedifmiş, qız da o biri otaxdan çıxmırmış, bilmirəm qızın dayısı, Salman bu elçilik məsələsini bilirmiş ya yox, qonaxların yanındaja o biri otaxdakı bajsıqızına deyir ki: “A qızım, utanma çıx bir Nərman dayınnan da görüş”.

Təndir başındakı arvadlar qəşş edib getdilər.

- Pah – Şahsənəmə bu ləzzət eləmişdi – Əmbə nə deyif ha. Aaaz, Salman itoynadanın biridi, yüz faiz yeznəsinə sataşırmış, qəşəncə bilirmiş ki, elçiliyə gəliflər.

Altmış iki yaşlı Şahsənəmin dörd qızı, üç oğlu vardı, Zülüşdən başqa qızdarının hamısını köçürdüb, oğlannarını elə öz kənddərindən, öz qohumlarının qızdarınnan evləndirmişdi, nəvələrdən də boldu.

Amma altı ildi evlənmiş, indi Urusyetdə qalan iyirmi səkkiz yaşlı oğlundan yaman narazıydı, çünki altı ildi evlidi, cəmi bir qızı vardı. Oğlundan, gəlinindən giley eliyirdi:

- ...Burdaydılar, dörd-beş gün olar gediflər.

Əvvəl gədii (yəni gədəni) çağırdım, təh söhbət elədim, dedim a köpəyoğlu, bax, altı ildi evlisən, bir qızın var, bə utanmırsan? Deyir, ay mama, əl çək məndən, lazım olanda uşağ olajax.

Deyirəm a gədə, uzağa niyə gedirsən, bir götür özünü rəhmətdik dədənnən müqayisə elə.

Sora gəlinin abrını ətəyinə tökmüşəm, gəlin də özümüzünküdü, bajım qızıdı, bizdə nəsillikjə belədi, istəmirik yadın qızı bizim evdə olsun.

Həə, gəlinə deyirəm ki, a köpəyqızı, gejələr neyniyirsiz, deyir, ay xala, sən Allah manqa (yəni mənə) belə suallar vermə.

Bir də soruşanda deyir bu sualı oğluna ver, mən də deyirəm ki, sən başarıxsızsan, ölüvaysan, sənin başarığın olsaydı indi bir oğlan doğmuşdun.

(Şahsənəm əmin idi ki, gəlini başarıxlı olsaydı, oğul nəvəsi dünyaya gələcəkdi).

Oğul nəvəsi gözdüyən Şahsənəm axırda oğluna, gəlininə “ultimatum” verib ki, “gələn yayı oğlannarı olmasa, bu evə ayax basmasınlar”, gəlininə isə bərk-bərk tapşırıb ki, “hamilə olsa aparata göstərsin, qız olsa heç ərinə deməmiş uşağı saldırsın, ta oğlan olanacan, sora eybi yoxdu genə bir qız olmasının qorxusu yoxdu”.

Yayın istisində başına yun yaylıq (yaylığın altında dəsmal) bağlamış Şahsənəmin bədəninin az qala yarısı təndirin içindədi, əlindəki lavaşyapanla yuxanı qızmış təndirin divarına yapışdırır, elə təndirin içindən, haydı-hayda təzə gələn tanıdığı müştəridən, orta yaşdı bir arvaddan soruşur:

- A gəlin, göycəy də gəlinsən, bə niyə boşandın ərinnən?

- Qaynanam boşatdırdı, ay xala.

- Bə niyə? – başını təndirdən çıxardan kimi sifəti qıp-qırmızı Şahsənəm nəfəsini dərməmiş soruşur.

- Xasiyyəti belədi, balaca qaynımı da boşatdırıb təzdən evləndirif.

- Neçə il ərdə oldun ki?

- Səkkiz il.

- Bə atangil neylədi? Siz tərəfdən bir ağsaqqal qabağa düşmədi ki, cavan gəlinsən, nə yaşındı ki, evdə oturasan?

- Uşağım olmadı, qaynanam ona görə boşatdırdı.

Şahsənəm nəysə demək istədi, hıqqındı, amma sözünü ağzında saxlıya bildi, hamının diqqəti ona yönəldi, təndirin ətrafında oturan arvaddar, boşanmış gəlin də o dəyqə başa düşdülər ki, Şahsənəm az qaldı bunları desin: “Ta denən uşağın olmuyuf, qaynanan yazıx neynəsin?”

Amma Şahsənəm gərək heç hıqqınmayaydı, hıqqınmasaydı, onda ordakıların hamısı da olmasa, ən azından yarısının diqqəti yönələcəkdi gəlinə, üzünə deməsələr də, sifətinə baxıb ürəklərində deyəcəkdilər ki, “Qaynanan neynəsin? Səkgiz ildi evli olmusan, əmbə uşağın olmayıb”.

Bir az keçmiş Şahsənəm ikinci sualını verdi:

- Bə deyillər, qaynanan balaca gədəsini boşatdırıf, düzdümü bu söhbət?....

Şahsənəm iyirmi iki yaşlı pəltək qızı Zülüşü qarğısa da, “evdə qız qalajsan” desə də, ümid eliyir ki, çörək almağa gələnlərədən kiminsə yaxınlarından, qohumlarından pəltək, ya gözü çəp fəhlədən-zaddan birinə ərə verəcək: qızını üç dəfə qarğıyanda, üç dəfə də tərifliyir:

- Tova, od parçasıdı. Gejdənnən altıda duruf təndiri qalıyır, xamırı qayırır.

Bir toyun adamının yeməyini, çayını qayırıf yola sala bilər. ...Bizdə belədi a bajı, rəhmətdik kişi də deyirdi, arvad süpürgədi, harda atdın, orda da qalmalıdı.

Üş qız köçürtmüşəm, üçünə də demişəm ki, ər evinə gedən kimi olursuz lal-dinməz, – sağ əliylə ağzını yumur. – Ər evində nə dedilər, deyirsiz baş üstə.

Böyük qızımı qaynatası təpəsinə-təpəsinə vurmuşdu, de bir dəfə buna görə bizim rəhmətdik kişi bir söz dedi onnara, hələ qızıma qayıdıf dedi ki, ər evinə getmisən, o evdə qapaz da yeməlisən, təpik də.

Elə Zülüşə də belə öyrətmişəm.

(Zülüş tabaxsifətdi, elə yəqin anası da ümid eliyir ki, buna görə qızı kiminsə xoşuna gələr, “ərə yedər”).

Şahsənəm çörək almağa gələn bütün cavan qızlara iki sual verir, “Ərin varmı?”, “Neçə uşağın var?” Yaşı otuz, otuz beşi keçən arvaddara birbaşa ikinci sualı verirdi...

(Nəhayət tragikomik bir söhbət).

Təzə müştərilərdən qırx - qırx beş yaş arasında başında yaylıq bir kənd gəlini çörək almağa gəlmişdi. Şahsənəm adını, “hası kətdənsən?” kimi ənənəvi suallarından sonra soruşdu:

- Neçə uşağın var, a gəlin?

- Ərə yetməmişəm. – deyib yaylığıyla ağzını örtdü, dalısınca – Qız uşağıyam. - dedi.

(Bax belə, gəlin dörd arvadın, üç məktəbli uşağın (biri mən) yanında utana-utana, yaşmaqlanıb bu cür etiraf etdi. Utansa da dedi ki, qız uşağıdı, yəqin fikirləşdi ki, tək “ərə yetməmişəm” desə, “qız uşağıyam” faktını əlavə eləməsə, təndirin qırağında oturannar fikirləşərlər ki, bu yaşda ərə yetmiyifsə, yəqin ki, bir kişi olub bunun həyatında, qısası, özünün abırlı gəlin olmasını hamıya əyan etmək istədi).

Araya kədərli sükut çökdü, ərli, uşaqlı arvaddar ürəklərində Allaha şükür elədilər, səkkizinci sinifdə oxuyan qonşuluqda qalan Gülbəniz ağzını ayırıb maraqla qız uşağına baxdı.

Şahsənəm isə çaşdı, qaşlarını çatdı, udqunandan sonra soruşdu:

- Neçə yaşın var ki, sənin?

- Qırx beş. – qadın sakitcə cavab verdi, sifətində kədərli ifadə yaranıb bir andaca yox oldu: artıq belə suallara öyrəşmişdi.

- Ərə yedəjsən, qadan alım, ərə yedəjsən.

Şahsənəm ona arxayınlıqla ürək-dirək verdi, (amma həyəcanlandığı hiss olunurdu), deyəsən qorxuya düşdü ki, Allah eləməmiş, birdən Zülüş də bu yaşa qədər evdə qız qalar.

Qadın da mızıldana-mızıldana: “Nə bilim ay xala, neçə ildi elə bu sözləri eşidirəm.” – dedi.

Ordan-burdan söhbət elədilər, Şahsənəm qırx beş yaşlı qız uşağının çörəyini qəzetə büküb verəndə yenə arxayanlıqla dedi:

- Mən deyirəm, ərə yedəjsən, darıxma, yedəjsən ərə.

Qadın çörəyini götürüb ağızucu “sağ ol” deyib getdi.

(Bu qadının ərə getməyi müşkül məsələydi: birincisi, yaş məsələsi, ikincisi yaraşıqsız, ensiz, qeyri-tabax sifətində qırışlar vardı, üçüncüsü də arıq idi).

Mən o vaxtı ikinci sinifdə oxuyurdum, ürəyimdə bu arvada gülmüşdüm ki, “Gijdi ee bu, qırx beş yaşı var, eşşək boyda arvaddı, amma hamıya yalandan dedi ki, qız uşağıyam”.

Hələ az qaldı bu arvadın qiybətini eliyib gülmək üçün eşitdiyim söhbəti evdə nənəmə, babama danışım.......

18-19 may 2010, Bakı
XS
SM
MD
LG