Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:31

«Görünən dağa nə bələdçi»


İlham Əliyev
İlham Əliyev
«Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən prezident kimi buna əhəmiyyət vermirəm».

İlham Əliyevin Mətbuat Şurasının binasının açılışında səsləndirdiyi bu fikri müstəqil mətbuat orqanları nümayəndələri bölüşmürlər.

«Hansı dözümlülükdən danışmaq olar ki, Eynulla Fətullayevin işi ilə bağlı dövlət açıq-aşkar Avropa Məhkəməsinin qərarını rədd edir. Eyni ilə bloqqerlərin işi. Onlar niyə görə həbsdədir? Heç kəs normal bir fikir söyləyə bilmir. Ancaq hamı çox gözəl bilir ki, söhbət cəmi bir videorolikdən gedir. Bu da dözümlülüyün dırnaqarası təsdiqi» - deyən «Turan» İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev bildirir ki, Azərbaycan hökumətinin siyasəti mətbuatın müstəqil olmamasına yönəldilib:

HƏR ŞEYİ BİR NƏFƏR HƏLL EDİR

«Azərbaycanda avtoritar rejim olduğundan hər şeyi bir nəfər həll edir. Xüsusən də mətbuata aid. Misal üçün kimisə cəzalandırmaq, yaxud mükafatlandırmaq lazımdırsa, təbii ki, onu bir nəfər həll edir».

Rəşid Hacılı
Prezident İlham Əliyev yerli və beynəlxalq jurnalist təşkilatlarının diffamasiyaya görə cəzanın ləğvi barədə çoxsaylı çağırışlarına da münasibət bildirib. Deyib ki, «biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunub».

Prezident bildirib ki, diffamasiya məsələsi öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir.

BU ÇIXIŞDAN SONRA DİFFAMASİYA CİNAYƏT MƏCƏLLƏSİNDƏN ÇIXARILACAQ

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, yəqin ki, prezidentin bu çıxışından sonra diffamasiya Cinayət Məcəlləsindən çıxarılacaq:

«Prezidentin çıxışı əslində o deməkdir ki, biz diffamasiya haqqında qanunu dəyişmək istəyirik. Yəqin ki, belə bir siyasi addımdan sonra konkret addımlar gəlməlidir. Diffamasiya ilə bağlı iki qanun layihəsi təşəbbüsü var və bunlar Milli Məclisdədir. Ümid etmək olar ki, tətildən sonra müzakirə başlayacaq».

Azər Rəşidoğlu
Prezident beynəlxalq təşkilatların tövsiyələrinə də toxunub. Deyib ki, «biz öz problemlərimizi bilirik, onları həll etməyə çalışırıq. Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirik, lazım gələndə onların məsləhətlərinə də ciddi yanaşırıq. Ancaq son qərarı özümüz qəbul edirik».

BƏZƏN BIÇAQ SÜMÜYƏ DİRƏNƏNDƏ MÜƏYYƏN ADDIMLAR ATILIR

«Ayna» - «Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu deyir ki hökumət doğrudan da beynəlxalq təşkilatların tövsiyələrinə məhəl qoymur:

«Son illərin təcrübəsi onu göstərir ki, Azərbaycan siyasi hakimiyyəti beynəlxalq təşkilatların tövsiyə və tələblərinə məhəl qoymurlar. Bundan sonra da məhəl qoymaq fikrində deyillər. Bəzən bıçaq sümüyə dirənəndə müəyyən addımlar atılır».

Prezident onu da bildirib ki, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərir, onların sifarişi ilə yazılan məqalələr dərc olunur ki, bu da yolverilməzdir.

Müzəffər Baxışov
Prezidentin «Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir» fikrinə də münasibət birmənalı deyil. Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, prezidentin gileylənməyə haqqı yoxdur:

REAL HƏYATDA VƏZİYYƏT BAŞQA CÜRDÜR

«Görünən dağa nə bələdçi. Azərbaycan hüquqi dövlət deyil, elə bir sahə yoxdur ki, orada insan hüquq və azadlıqları tapdamasın. Heç kim Azərbaycanı demokratik ölkə kimi tanıtmağa çalışmır. Dünya indi elə bir inkişaf səviyyəsindədir ki, hər bir əməli təkcə həmin ölkənin daxili yox, bütün dünya görür. Azərbaycanda mütərəqqi qanunlar var, ancaq həmin qanunlar ayaqlar altına atıldığına görə ölkə antidemokratik imic qazanır. Ola bilsin cənab prezidentə başqa cür məruzə edirlər, ancaq real həyatda vəziyyət başqa cürdür».

İlham Əliyev çıxışında həbsdə olan jurnalistlər məsələsinə toxunmayıb. Ancaq onu deyib ki, ölkədə söz azadlığına görə həbsdə olan yoxdur. Hazırda Azərbaycanda bir jurnalist və iki bloqqer həbsdədir. Müstəqil ekspertlər deyirlər ki, mətbuat günündə onlar azad olunmalı idi, nəinki mükafatlar, fəxri adlar paylanılmalıydı.
XS
SM
MD
LG