Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Azərbaycan kəndlərində 1.6 milyon iş yeri var?


Azər Mehtiyev
«İşsizlik müavinəti verməmək üçün hökumət insanların işsizlik statusu almasını çətinləşdirir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev deyib. O bildirib ki, ümumiyyətlə işsizliklə bağlı göstərilən rəsmi statistika reallıqdan olduqca uzaqdır:

«2005-ci ildən sonra yeni yaradılmış iş yerlərinin sayı ilə bağlı statistikaya baxsaq, bu illər ərzində haradasa 850 min yeni iş yerinin yaradılması söylənilir. Bu rəqəmlə 2005-ci ildə elan olunmuş işsizlik səviyyəsi arasında həddindən artıq böyük fərq var.

Əgər 2005-ci ildə 317 min işsiz olduğu söylənilirdisə, onda bu 850 min iş yerini doldurmaq üçün 500 min əlavə miqrant gəlməliydi ölkəyə».

CİDDİ PROBLEMLƏRDƏN BİRİ KƏND TƏSƏRRÜFATI İLƏ BAĞLIDIR

Azər Mehtiyev deyir ki, işsizlik statusu alan insanlara dövlət işsizlik müavinəti verməlidir:

«Təbii ki, bu müavinətlərdən yayınmaq üçün insanların işsizlik statusu alması da çətinləşdirilir. Bu gün statistikada çox ciddi problemlərdən biri elə kənd təsərrüfatı ilə bağlıdır. Statistikaya görə, Azərbaycanda 4 milyon məşğul əhali var.

Nazim Məmmədov
Yəni, 4,3 milyon əmək qabiliyyətli əhalinin 4 milyonu məşğul sayılır. Bunun haradasa 1,6 milyon nəfərinin kənd təsərrüfatı ilə məşğul olduğu söylənilir. Bu gün demək ki, Azərbaycan kəndlərində 1,6 milyon iş yeri var – bu, artıq gülüncdür».

İNFRASTRUKTUR YOXDUR

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Nazim Məmmədov isə deyib ki, dövlət doğru-düzgün statistika aparılmasında maraqlıdır. Deputat bildirib ki, kəndlilərin əksəriyyətinin təsərrüfatları olsa da, işləmək üçün şəhərə üz tuturlar. Buna səbəb kimi N.Məmmədov infrastrukturun olmamasını göstərir:

«Vahid Əhmədov dəfələrlə Milli Məclisdə çıxış edib və Qubanın almasını misal gətirib ki, almalar çaylara tökülür. Bütün problem ondan ibarətdir ki, infrastruktur yoxdur. Təbii ki, bu, ildən-ilə düzəlir və bunu görməmək özü düzgün deyil.

Qaldı ki, dövlətin işsiz statusu verdiyi insanlara, bu rəqəm nə qədərdir? Bu rəqəm o insanları qane edir ki, getsin işsiz statusu alsın. Və yaxud onun illik gəlirini biz hesablasaq, ev təsərrüfatından - hər bir gədəbəyliyə təqribən 277 manat düşür.
Vahid Əhmədov
Bunları işsiz saymaq olarmı?».

AZƏRBAYCAN HÖKUMƏTİ QEYRİ-NEFT SEKTORUNA DİQQƏT GÖSTƏRMİR

Digər deputat Vahid Əhmədov isə deyib ki, almaların çaylara tökülməsi doğru deyil:

«Almaların tökülməsi problemi yoxdur, almalar yığılır. Amma satılma problemi var. Azərbaycanda işsizlik problemi o vaxtadək olacaq ki, qeyri-neft sektoruna diqqət artırılmayıb. Neftdən gələn vəsait həddən artıq çox olduğundan Azərbaycan hökuməti qeyri-neft sektoruna diqqət göstərmir.

Niyə Azərbaycanda biz son illər fabriklərin, zavodların tikilməsinin şahidi olmamışıq. Hansı ki, 10-15 min insan işləyə bilər. Əhalinin 40 faizi kənd təsərrüfatındadır. Kənd təsərrüfatında isə vəziyyət ürəkaçan deyil. Bu dəqiqə bizim elə kəndlərimiz var ki, boşalmaq üzrədir. İnsanlar iş tapmadığı üçün axışıb gəlirlər».

TORPAQ SAHİBİ DƏ İŞSİZ SAYILMALIDIR

Qubad İbadoğlu
İqtisadçı Qubad İbadoğlu isə deyib ki, torpaq sahibi də işsiz hesab olunmalıdır:

«Torpaq sahibi də işsiz sayılmalıdır. Doğrudan da torpaq sahibinin gəliri çoxdursa, niyə pensiya fondunda qeydiyyata durub özünə sosial sığorta şəhadətnaməsi almır. Bu gün Azərbaycanda sosial sığorta şəhadətnaməsi alanların sayı 1,6 milyon nəfərdir. Yəni, bu o deməkdir ki, rəsmi olaraq işləyənlər, gedib pensiya fondunda qeydiyyata duranlar, gələcəkdə də sığorta pensiyasına çıxış imkanları qazananlar onlardır.

Kənd təsərrüfatında işləyənlərin heç birinin qeydiyyatı yoxdur. Nə pensiya fondunda, nə vergi ödəyicisi kimi. Vergidən azaddırlar. Ona görə nə qədər məşğul əhali varsa, onun bir neçə faizini işsiz kimi elan edirlər. Qalanları sənayedə-filanda çalışır. Qalanlarını da yazırlar kənd təsərrüfatının ayağına».

XS
SM
MD
LG