Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:37

ANAR "Gürcü familiyası" (Hekayə)


Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir.

Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil.

Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir.

Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.

Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?

Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim.

Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər mənzərələri fikirlərimi yayındırırdı və mən naməlum teleqramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim.

Şəhərə sübh obaşdandan baxasan. Ancaq o vaxt şəhərin əsl simasını, daş simasını, daş varlığını görə bilərsən.

Bu zaman şəhər çılpaq, adamsız, hərəkətsizdir, yalxıdır Bəzək-düzəksizdir, səssiz-səmirsiz, danışıqsız, neon reklamsızdır. Vitrinlər də sükuta qərq olub, afişalar da. Daşlar donub, susub, uyuyub.

Tək-tənha bir piyadanın boş, adamsız, meydana damcılayan addımları. Asfaltı naxış-naxış bəzəyən narın yağış - səhər yağışı.

Moskvada və ölkənin başqa şəhərlərində yaşayan bütün dostlarımı, tanışlarımı xəyalıma gətirirdim - yenə bir şey çıxmırdı.

Müxtəlif səbəblərə körə - heç biri ola bilməzdi. Bəlkə mənim Bakı tanışlarımdan, dostlarımdan biridir, Moskvadan gəlir, yox ki, yox. Heç biri ola bilməz, bircə Ceyhundan başqa.

Ceyhun kiçik qardaşımdır. Moskvada memarlıq institutunda oxuyur.

Vaxtilə mən də oranı bitirmişəm. Bəlkə gələn Ceyhundur. Yox, ola bilməz, əvvəla srağagün onunla telefonla danışmışam, ovqatının təlx olmasından bildim ki, pulu yoxdur. Onun halını yaxşı başa düşürdüm.

Özüm də belə vəziyyətə az düşməmişəm. Moskvada, evdən uzaqda pulun qurtara, illah da bayramqabağı. Ceyhuna dedim ki, darıxmasın, pul göndərərəm ona. Çox da olmasa, hər halda bayram xərcliyi üçün kifayət edər.

Odur ki, çətin ağlım kəsir, bu söhbətdən sonra Ceyhun lapdan dura gələ Bakıya. Bir də axı gəlsə, daha adını niyə gizlədir?

Ağlıma bir fikir də gəldi. Amma bu fikir - xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi.

Nə isə, gümanlar, fərziyyələr içində vurnuxurdum ki, bir də gördüm bizim avtobus aeroportun təzə binasına yan alır.

Bir memar kimi bu bina məni heç açmır. Mən, necə deyərlər, kənc və yenilikçi bir memar kimi var qəlbimlə hiss edirəm ki, binanın layihəsini çəkməyi mənə tapşırsaydılar, elə bir şey tikərdim ki, hamının ağzı açıq qalardı.

Sərnişinlər bu binanı görən kimi qəşş edib trapdan yıxılardılar.

Bir neçə dəqiqədən sonra açıq eyvanda dayanıb indicə enmiş təyyarəyə sarı baxırdım. Təyyarənin qapısına trap çəkmişdilər, trapın başında hələlik tək bircə stüardessa durmuşdu. Mavi kostyumlu stüardessa.

Sonra qapının haşiyəsində kök bir kişi göründü, yaşıl şlyapası vardı. Onun arxasınca cavan əsgər göründü, sonra uşaqlı arvad, başqa bir qadın, kişi, qadın...

Aman allah! Xam xəyal. Qeyri-mümkün olan şey. «Ola bilməz». Bəli, odur ki, var. Ağlıma gələn və ağlımdan qovduğum fikir. Trapla hündür bir qadın enirdi.

Yaraşıqlı və əzəmətli. Cavan və gözəl. Saçının qəribə burumu, paltarının qeyri-adiliyi dərhal onu başqalarından ayırırdı. Mən onu bir an içində - günəşlik, qara eynəklərini geyənə qədər tanıdım.

Bəlkə bu geyimdə, bu qiyafədə üstəlik qara eynəyi də gözündə olsaydı, heç tanımayaydım da. Amma tanıdım - gözlərindən tanıdım.

Hər ehtimala qarşı bütün sərnişinlərə göz gəzdirirdim, amma artıq yüz faiz əmin idim ki, teleqram ondandır və ipdi ora-bura döyükərək məni axtarır.

- Salam, - dedim.

- Oqtay, ay allah, mən də dedim, bəlkə teleqramımı almamısan.

- Şeylərin hardadır?

- Heç nəyim yoxdur. əzizim, tez məni bir yerdə gizlət. Tez taksi tapa bilərik?

- Bu saat taparıq. Gedək. Xanım xarici kəşfiyyatdan gizlənir?

- Taksidə hamısını danışaram. Heç inana bilmirəm ki, Bakıdayam. Əzizim, amma sən heç dəyişməmisən.

Taksinin arxa yerində oturmuşduq, o, geri qaçan aeroport binasına, yola, hündür çıraqlara hərisliklə baxırdı.

-Əcəb qiyamət aeroportdur. Lal Beyrutdakı aeroporta oxşayır. Çoxdan tikiblər bunu?

— Üç il olar, - dedim. - Bəlkə bir deyəsən görüm axı...

— Bu saat, bu saat, hirslənmə. Bilirsən səni görməyimə necə şadam. Elə səni görməkçün gəlmişəm də...

«Belə alsaydı nə vardı ki - deyə düşündüm, - bu cür xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?»

- Çox gözəl,- dedim. Yaxşı, bəs niyə belə gizlin, sirli?

- Əcəb işdir, - deyə, təəccübləndi və pıçıltıya keçdi. - Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs heç bir sirr-zad olmasın?

Əsmər mənim uşaqlıq dostum idi. On il bir sinifdə oxumuşduq. Mənim qabağımdakı partada oturardı.

Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan...

Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox...

- Necə başa salım? Bu yaxında Bolqarıstandan qayıtmışıq. Camalı Yaxın Şərq ölkələrindən birinə göndərirlər.

Camal onun əridir. Böyük diplomatdır. Doğrudan, məcazi yox, hərfi mənada.

Yalançılar sözü, Avropanın bütün ölkələrində işləyib. Az qala səfirdi, attaşedi nədi. Yox, əlbəttə, səfir yox, amma axır vaxtlar deyəsən, doğrudan da attaşe işləyirdi.

Adamlarda qəribə bir xasiyyət var - bir-biriylə əlaqələrini dramatik şablon üzrə qururlar. Məsələn, əvvəl mən filankəs haqqında çox yaxşı fikirdə idim, sonra onu tanıdım, gördüm nə yuvanın quşudur.

Və yaxud: əvvəl o məni açmadı, amma sonra gördüm ki, qızıl kimi adamdır.

Bu şablonun, bu sxemin səbəbi, məncə, ondadır ki, hər adam sövqi-təbii bir dramaturqdur. Hər adamda dramatik inkişaf ehtiyacı, xarakteri açmaq, sücet hərəkəti yaratmaq, nə bilim daha nə ehtiyacı var.

O ki, qaldı Camalla mənim münasibətlərimə - burda heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı.

Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və həmişə, daima gəlmirdi... Yəni sözün düzü, axır vaxtlar son yeddi-səkkiz ildə heç onunla görüşməmişdik də.

Bir dəfə ötəri, Moskvada ona rast gəldim. Dedi ki, Əsmər doğum evindədir. Vəliəhd gözləyirik. Yadımdadır, elə beləcə dedi: vəliəhd gözləyirik.

Sonralar Bakıda bildim ki, qızları olub.

Əsmər Bakı torpağına düşəndə üzündə həyəcan, bir qədər süni, bir qadər qeyri-təbii çılğınlıq vardı, amma indi yavaş-yavaş bu həyəçan, bu çılğınlıq qrim təkin onun üzündan yuyulub-silinir, yerinə: azacıq əsəbi nigaranlıq ifadəsi gəlirdi.

Amma, kim bilir, bəlkə bu da onun maskalarından biri idi. Sənin neçə maskan var, - deyə vaxtilə mən ondan xəbər alardım.

O vaxtlar, mənim belə suallar vermək yaşım çatmışdı, amma bu suallara özüm cavab tapmaq vaxtı hələ qarşıda idi.

- Bura bax, - deyə o, həvəslə sükutu, pozdu, amma bu həvəs özü bir qədər saxta idi, - bilirsən, hamıdan qaçmışam. Ərimdən, qızımdan, dostlarımdan, hətta dərzimdən - bu gün gərək onun yanına gedəydim.

Düzdü, tamam, qaçmamışam, bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü təbrik edəm, amma görürəm sən çox da elə sevinmirsən.

- Boşla görək, həddindən artıq şadam ki, gəlmisən. Fədakarlığını da lazımınca qiymətləndirirəm, həm də ki, hadisələri qabaqlayırsan. Mənim bu fani dünyaya qədəm basdığım gün bu gün deyil, sabahdır.

- Necə yəni sabah? Bu gün 29-u deyil?

- Elədir. Amma mən 30-da anadan olmuşam. 1 May bayramına hədiyyə kimi.

- Yox, - bu sözü elə qəti dedi ki, az qala məni də şübhəyə saldı, mənim lap yaxşı yadımdadır ki, sizə ayın 29-da gəlmişdim.

«İlahi, gör nəyi yadında saxlayıb? - deyə düşündüm və hiss etdim ki, qəhərlənirəm.

Qəhərlənirdim ki, bu qadın, indi mənə tamamilə yad olan bu qadın, Diorun geyimlərilə bəzənmiş bu qranddama mənim baş tutmamış ilk sevdam - uzaq və unudulmuş uşaqlıq rəfiqəm o axşamı, 29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır.

Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam - rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir. O il biz məktəbi bitirirdik, anam icazə verdi ki, bütün sinfimizi qonaq çağırım.

Ad günümü də 30-dan 29-a, şənbə gününə keçirtdik. İndi neçə illərdən sonra o axşam burada taksidə bizim aramızda - Əsmərlə mənim aramda idi. O axşam Əsmərin mənə gətirdiyi nərgizlər, bir də onun qısa vurulmuş saçları. Məhz o axşam Əsmər uşaqlıq illərinin uzun hörüklərini kəsdirmişdi.

Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev lövhənin qabağında bizə teoremi izah edərkən qəfilcən susardı, fikrə gedərdi, sonra əzbərdən Ömər Xəyyamın, ya Füzulinin bir beytini deyərdi.

O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin uzun hörüklərinə o, - Şəbi Yelda deyərdi Sonra da bizə başa salardı ki, Şəbi Yelda ilin ən uzun kecəsi - 22 dekabr kecəsidir.

Əsmərin saçlarını qısa kəsilmiş görəndə kişinin az qaldı dili tutulsun. Düz bir həftə dərsdə ancaq riyaziyyatla məşğul olduq. Babayev indi ancaq teoremlər isbat edir, həll etdiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi.

Bir həftə sonra lövhə qarşısında yenə bir teoremi izah edərkən. O, birdən dayandı, bizə tərəf çevrildi və Əsmərə baxdı: - İndi sənin saçların 22 iyun gecəsidir, - dedi.

Bu obrazın Şərq poeziyasına heç bir dəxli yox idi. Onu bizim riyaziyyat müəllimimiz icad etmişdi.

Əntiqə kişi idi Babayev. Kök, yekəpər, ürəyiaçıq, gah hirsli, üzünü görmə, gah xoş, mehriban, gah acıqlı, gah şən. Həmişə də səsli-küylü. Amma öləndə sakit öldü. Sakit və səs-küysüz.

Səssiz-səmirsiz dayanan saat kimi. Çoxumuz onun ölümünü neçə ay keçəndən sonra bildik. Belə uzun müddətdən sonra başsağlığına getmək gülünc çıxardı. Getmədim.

- Sən bildin ki, Babayev ölüb?!

O, qəmlənmədi, elə belə - üzünə kədər maskası taxdı.

- Hə, yazıq. Camal dedi mənə.

- Camal da bizim müəllimimiz idi. O bizim məktəbə gələndə biz doqquzuncu sinifdə idik. Camal bizdən vur-tut yeddi-səkkiz yaş böyük idi. Bizə ingilis dili dərsi deyirdi.

- Yaxşı, bir danış görüm nə var, nə yox. Necə keçir ömrün?

- Belə də, - deyə həvəssiz cavab verdim və hiss etdim ki, cavabımın soyuqluğu ona toxundu, odur ki, dərhal soruşdum:

- Sən danış. Sən necə yaşayırsan?

- Əla - dedi. - Əladan da əla. Əsas etibarilə xaricdə ömür keçiririk. Amma Moskvada da həyatımız əla keçir. Yeni evdə üç otaqlı mənzil. Telefonu, altında qaracı, vannada qara kafel, döşəməsi plastik...

- Sənə nə olub? Niyə özündən çıxmısan. Məgər mən sənə bir şey dedim?

- Ah, nə qədər həssassınız. Qəlbiniz nə qədər incədir. Bir şey dedim? Daha nə deyəcəksən? Dur bir söy də məni. Bir buna bax, sən allah. Mən atıla-atıla ordan durub gəlmişəm bura, elə bilirsən asan məsələ idi mənimüun?

Gəlmişəm ki, o uzaq axşamı qaytarım, o axşam ömrümun ən xoş günlərindən biri idi. Bu cənab isə özünü çəkib oturub, qoyub özünü dağ başına, heç bu gün ad günü də deyil.

Mən güldüm.

- Əzizim, - dedim, - inan ki, sənin gəlməyinə dünyalarca sevinirəm. Bu mənimçün bayramdır, ən gözəl hədiyyədir. Səmimi deyirəm. Amma mən yazıq, mən biçarə neyləyim ki, dünyaya bu gün yox, sabah gəlmişəm.

Əşi, bunun nə əhəmiyyəti var? Əsas odur ki, sən gəlmisən. Bir şey danışmırsan axı, elə sirli görkəmin var ki, mən də qorxuram bir şey soruşum.

- Yaxşı, qulaq - Bu, yeni bir maska idi. Qayğısızlıq, şən, oğlanvari şıltaqlıq maskası. - Moskvadakı, bolqar attaşesinin arvadı çoxdandır mənə təklif edirdi ki, Zaqorska gedək. Mən də razılıq verdim, sonra bir rəfiqəmi ona qoşdum, özüm də gəldim bura.

- Allah, sən saxla, bircə diplomatik əngəllər çatmırdı.

- Heç bir əngəl-flan yoxdur. Biz Camalla çoxdan Bakıya gəlməyə hazırlaşırıq. Bilirsən neçə ildir burdan çıxanıq. Bura gələndə də gərək azı bir ay qohumlara-tanışlara qonaq gedək. Bir də axı neçə il xaricdə yaşayandan sonra gəlirik, adı böyükdür.

Dünyanın yarısını gəzmişik. Hədiyyə-flan, özün bilirsən də...

Mən daha bu illər ərzində hamıyçün hədiyyə alıb hazırlamışam, amma heç macal eləyib gələ bilmirik. Yəqin bu il də gələ bilməyəcəyik. Bir aya yenə gedirik xaricə. Amma mənim... - birdən o lap uşaq kimi dodaqlarını büzdü, - İçəri şəhər yaman düşmüşdü könlümə.

Onlar İçəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli pəncərəsi yox idi.

Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq, qış aylarında Əsmərin anası kerosinkanı gətirərdi otağa - bir az qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu otağın divarını deşib küçəyə pəncərə açmaq olardı. Belə pəncərədən dəniz görünərdi.

Müharibə çağının başqa uşaqları kimi, Əsmərin də uşaqlığı çətin olub.

- Bəs niyə deməmisən Camala?

- Qəribə sual verirsən. Camalı tanımırsan? Yadından çıxıb? O heç dəyişməyib.

Yox, mənim yadımdan çıxmamışdı. Əsmər məktəbi bitirən kimi Camalla nişanlandı. Camal Əsmərə köhnə sinif yoldaşlarıyla görüşməyi qadağan etmişdi.

Hətta sinifdə oxuyan vaxtda da mən hərdən Camalın acıqlı baxışlarını tuturdum.

Əsmər yoldaşlarıyla çox deyib güləndə. Bizim yaşımız - bizim ümumi vətənimiz idi və bu vətəndə Camal qərib idi. O bunu duyurdu. Ancaq mən bunu sonralar başa düşdüm.

Əsmər Xarici dillər institutuna daxil oldu Camal orda dərs deyirdi, bir ildən sonra evləndilər, Camal ailəsindən ayrı, tək yaşayırdı, Əsmər də onun evinə köçdü. Bir gün Əsmər bizə zəng elədi və hamımızı qonaq çağırdı. - Ancaq düz 12-də ha»

Biz hamımız gəldik - oğlanlar, qızlar, bir yerdə böyümüş, bir-biriylə qapaz-qapaz oynayan uşaqlar. İndi də gözümün qabağındadır, ö gün.

Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeydi-adi idi və Əsmər də bu aləmin bir əşyası idi.

Amma nigaran, öz yerini tapa bilməmiş, narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası.

Əsmər Camalın adını belə çəkmədən: «Leksiyadadır, - dedi, - ikiyə qədər leksiyada olacaq. İki saat vaxtımız var», Bu sözlərdən hamı özunü daha da pərt, narahat hiss etdi. Ən çox da Əsmər özü.

Əsmər qızlara mənzili göstərirdi. Biz oğlanlar isə otaqda qalmışdıq, eşidirdik ki, hardasa siyirtmələr çəkilir, cürbəcür mexanizmlər və cihazlar quruldayır, hardasa su axıdılır.

Biz özümüz də ağzımızı açıb servantın içinə tamaşa edirdik. Servantın içi növbənöv ekzotik içkilərlə və çeşid-çeşid xarici markalı siqaretlərlə dolu idi.

Sonra Əsmər hamımızı masanın arxasında oturtdu. Özü mətbəxə keçib, bir boşqab gətirdi. Boşqabda isə... İndi də bunu xatırlayanda boğazım qəhərlənir - boşqabda yeddi dənə ucuz kağıza bükülmüş dondurma var idi - hərəmizə biri.

Əsmər düşüb, onları bizimçün almış və buz dolabının bir güncündə gizlətmişdi. O bizi bircə buna qonaq edə bilərdi.

O an ömrümdə ilk dəfə mənə elə gəldi ki, Əsməri sevirəm və birdən istədim onu götürüb burdan qaçam, heç bilmirəm hara, bəlkə yenə İçəri şəhərə.

Bundan sonra onu görmədim, bəlkə də təsadüfən bir-iki dəfə küçədə rastlaşmışdıq, bilmirəm, hər halda yadımda qalmayıb. Bir qədər sonra onlar Bakıdan köçüb getdilər.

- Bax deyəsən şəhərə çatmışıq. Evləri görürsən, bu lap təzə rayondur.

- Biz hara gedəcəyik?

- Bizə, əlbəttə, bizə.

- Yox, yox, nə danışırsan? Evdə anan, qardaşın.

- Bacım, - dedim, - qardaşım Moskvadadır. Oxuyur.

- Harda?

- Memarlıq institutunda.

- Sənin kimi, hə? Yaxşı, de görüm işindən razısan?

- Necə deyim, ümumiyyətlə razıyam. Bilirsən illər keçdikcə adamın ağlı gəlir başına.

Daha özünü bəşəriyyətin dahisi hesab eləmirsən, Dərk eləyəndə ki, sən də başqaları kimi sən, başqalarından birisən, rahatlaşırsan. Əsəbiləşmirsən, hövsələdən çıxmırsan.

- Gözəl fəlsəfədir. hansı dinə tapınmısan? Zaqorska gərək sən gedəydin.

- Bax, bu təzə şeydir. Məni indiyəcən bir çox şeylərdə ittiham ediblər - köhnəpərəstlikdə və yalançı novatorluqda, konservatizmdə və modernizmdə, ənənələrin əsiri olmaqda və ənənəyə xor baxmaqda, moda dalınca qaçmaqda və modadan geri qalmaqda və sairə və sairə.

Amma dindarlıqda hələ ki, ittiham olunmamışdım. Ağıllarına gəlməyib yəqin.

- Belə de. Harda belə səni ittiham ediblər. Deməli, sən böyük mübahisələr doğuran bir sənətkarsan, hə? Məsələn Pikasso kimi.

- Yox, yox, ağlın ora getməsin. Bütün bu qızğın mübahisələr bizim şöbənin daxilində cərəyan edir. Şöbəmizdə də cəmi-cümlətanı səkkiz adam var. Bəndənizin şəxsiyyəti və işi də orda müzakirə olunur.

- Yaxşı, axı sənin işin nədən ibarətdir?

- Rayon mehmanxanalarının layihələrini çəkirəm.

- Oy, Oqtay, əgər bilsəydin dünyada necə mehmanxanalar var. Bir mehmanxanalarda yaşamışıq, iki göz istəyir baxasan.

Bolqarıstanda bilirsən necə otellər tikiblər, Zolotıye peski, Solneçniy bereq - adamın ağlı başından çıxır. Sən gərək görəsən onları. Camalnan mən...

«Camalnan mən» ifadəsi məni xeyli əsəbiləşdirdi və odur ki, mən onun sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım.

- Yaxşı, nə deyirsən, bizə gedəcəyik?

- Yox, yox, mən bura gizli gəlmişəm. Məni gərək səndən başqa bir kimsə görməsin. Tanış-bilişi nəzərdə tuturam. Gəl elə belə şəhəri gəzək, göstər mənə Bakını, kecə də uçub kedəcəm. Geriyə bilet də almışam. Yaxşımı?

- Bəs şəhəri necə gəzəcəksən ki, istəmirsən səni görən olsun?

- Budey, bax, - deyə o, qara eynəyini gözünə keçirdi, - kim məni tanıyacaq? Kim tanıyacaq ki, mən həmin o Əsmərəm? Tanısalar da qoy isbat eləsinlər ki, mənəm, görək neçə isbat edəcəklər.

Sürücü mənə tərəf döndü:

- Yaxşı, xalaoğlu, - dedi. - Hara gedəcəyik.

- Bax, burda saxla, - dedim. - Gəlib çatdıq. Çox sağ ol.

Biz Dağüstü parka getdik, açıq yay kafesində yemək yedik. Bütün şəhər ayaqlarımız altında idi. Bütün şəhər. Göy dəniz, gömgöy dəniz, bir də ağ, ağappaq gəmi. Krasnovodska gedən «Qırğızıstan» gəmisi.

Bütün oğlan uşaqları kimi, biz də dəniz sərgüzəştləri haqqında düşünür, Xəzərə baxıb uzaq limanlar, fırtınalar və okeanları arzulayardıq. Belə vaxtlarda coğrafiyanı da unudurduq. Unudurduq. Unudurduq ki, Xəzər ancaq böyük bir göldür.

Dünyanın başqa dənizlərindən və okeanlarından ayrılmış qərib bir göl - təbiətin əcaib eksperimenti. Dünyanın ən böyük gölü. Ən böyük hovuzu. Ən böyük akvariumu.

«Qırğızıstan» açıq dənizə tərəf yönələrək uzun-uzadı fit verdi və bu fit səsi aramla şəhərin, dənizin üzərinə axıb əriyirdi.

- O adanın adı nədir? - Əsmər əlini üfüqə tərəf uzatdı.

- Nərgiz.

- Nərgiz?

- Əsil adı Nargindir. Amma mən ona Nərgiz deyirəm.

- Hə, hə, Nargin. Yadıma düşdü. Uşaqlıqda o mənə çox sirli və əfsanəvi görünürdü. Elə istəyirdim ki, bir ora gedim. Ora getmək olar?

- İstəyirsən dəniz gəzintisinə çıxarıq. Adaya çıxmayacağıq, amma onu lap yaxından görəcəksən.

- Nə yaxşı, gedək də onda.

- Axşam gedərik. Daha romantik olsun. - Hiss elədim ki, istehza ona toxundu.

- Gedək, - dedi.

- Gedək. Ya bəlkə bir şey istəyirsən?

- Yox, yox, nə danışırsan? Bilmirsən arıqlamaqçün nə müsibət çəkmişəm. İndi, deyəsən, normadayam. Elədir?

- Yüz faiz.

- Mən yoq sistemiylə arıqlayırdım. Bilirsən yoq sistemi nədir?

«Yoq sistemi». İndi o, fransız xalçalarından, Kafkadan və Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman allah, bu həmin o Əsmərdirmi? Həmin o Əsmər ki, səkkizinci sinifdə oxuyanda oğlanların tualetində bizim sinif curnalını yandırmışdı. Ədəbiyyat müəllimi ona üç qoymuşdu.

Bu Əsmərin həyatında birinci «üç» idi. O, bütün dərslərdən əla alırdı. Xətti də sinifdə hamıdan yaxşı idi. Ədəbiyyat müəlliminin bu «namərdliyi» Əsmərə elə yer eləmişdi ki, curnalı yandırmaqla onun ürəyi soyumadı.

Ədəbiyyat müəllimindən dəhşətli intiqam aldı. Nədisə bu müəllimdən heç birimizin xoşu gəlmirdi, özü də bilirdik ki, o, arvadından oddan qorxan kimi qorxur. Eşitmişdik ki, arvadı ona göz verir, işıq vermir, həm də yaman qısqancdır.

Əsmər də bunu bilirdi. Bir gün - o gün ədəbiyyat müəllimi səhərdən ikinci növbənin axırına qədər məktəbdə dərsdə olurdu - Əsmər kişinin evinə gedib yazıq bir görkəmlə (masqa taxmağı uşaqlıqdan bacarırdı) müəllimin arvadından soruşub: «Müəllimə nə olub, nigaran qalmışıq, xəstə deyil ki? Bu gün məktəbə gəlməyib».

Bir fısqırıq qopmuşdu, gəl görəsən. Əsməri məktəbdən qovacaqdılar. Babayev birtəhər girdi qanının arasına. Ədəbiyyat müəllimi isə bir neçə gün özünə gələ bilmədi. Gözlərinin altında qapqara dairələr vardı.

- Əsmər, yadındadı ədəbiyyat müəlliminin başına nə oyun açardıq? Ocaqçının əhvalatı yadında?

Dedim ki, ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi, hər dəfə o, sinfə girən kimi, ayaqlarımızla yeri döyərdik, soruşanda da bu nədir, cavab verirdik ki, biz nə bilək, yəqin aşağıda ocaqçı işləyir. O, bizi başqa sinif otağına keçirtdi və biz hər şeyi təzədən başladıq. «Bu nədir, ocaqçı da bizim dalımızca gəzir», deyə o, təəccüblənirdi.

Əsmər:

-Yox, - dedi. - Ocaqçı kimdir?

Ancaq mən onun yadına salmadım. Belə əhvalatları unutmusansa, danışmağın heç bir mənası yoxdur. Bütün təfərrüatıyla xəyalında yaşamırlarsa, indi onları danışarkən sənə nə gülməli gələcək, nə maraqlı, nə məzəli. Başa düşməyəcəksən ki, bunun duzu nədədir.

Dənizə tərəf çıxdıq. Səhərin bu çağında dəniz bağı qoca qarıların, qucağı körpəli anaların, uşaqların ixtiyarında idi. Bir azdan sonra bura pensionerlər gələcək, təsbehli qoca kişilər. Əyinlərində köhnə pencəklər, əllərində təzə qəzetlər, arxalarında ötüb getmiş ömürləri. Sonsuz söhbətlər İldən-ilə, gündən-günə davam edən söhbətlər.

Bəlkə də söhbətlər heç dəyişmirdi, söhbət edənlər dəyişirdi. Hər gün bura gələn qocalardan biri günlərin bir günündə gəlmir. Sonra başqa birisinin yeri boşalır.

Bu yeri təzələri tutur. Təzə qocalar. «Yenibaşlayan» pensionerlər. Kimsə gəlir. Kimsə gedir.

Sonra axşam düşür. Bulvar orta yaşlıların olur. İş günündən sonra faydalı gəzintiyə - terrenkura çıxmış adamlar. Dəniz havasıyla ciyər dolusu nəfəs alan mötəbər kişilər, qadınlar... Ala-qaranlıq gizli xiyabanlarda isə cavanlar - sevişənlər skamyaların üzünü o biri tərəfə çevirib öpüşürlər.

Sonra kecə düşür. Gecənin bir yarısında tamamilə boş, adamsız bulvarda milisionerin addımları aydın eşidilir. O tərəfdən halay-valay vuran bir kefcil uzun çəkmiş məclisdən qayıdır. Sayıq milisioner diqqətlə onu izləyir. Amma kefcil kecəquşunun heç kəslə işi yoxdur. O heç bir qanunu pozmur. Özü üçün pəsdən oxuya-oxuya yoluyla gedir.

Amma indi səhərdir. Açıq, aydın bir səhər. Uzaq, seyrək ağ buludlar göy üzünə pərən-pərən dağılıb, günəşi tutmurlar, işığı gizlətmirlər. Bulvar da uşaqların ixtiyarındadır. Uşaqlar oynayırlar.

Koslarını, oyuncaqlarını bir-biriylə bölüşürlər, Qoğallarını, bulkalarını bir-biriylə bölüşürlər. Bir də ötən gün ərzində dünya haqqında öyrəndikləri təzə xəbərləri, məlumatları bir-biriylə bölüşürlər.

Müəyyən lövhələr müxtəlif adamlarda bir-birinə bənzər düşüncələr oyadır, odur ki, Əsmər sualını verəndə fikirlərimizin eyni mənzilə gəlib çatmasına təəccüblənmədim.

- Sən niyə evlənmirsən?

Gülümsündüm və çiynimi çəkdim. Nə mənzil şəraitimdən söz açmaq istəyirdim, nə də ailə vəziyyətimdən. İstəmirdim deyəm ki, evin böyük kişisi mənəm, anam qocadır, bacım Çimnaz Bakıda oxuyur, qardaşım Ceyhun Moskvada. Həm də bütün bunlar səbəb deyildi. həqiqətin ancaq bir hissəsi, bir çərəyi idi. Tam həqiqət deyildi.

- Yoxsa and içmisən ki, subay qalacaqsan?

Bəlkə də haqlıdır. Mənim xasiyyətim ailə həyatıyla, uşaqla, arvadla çətin uyuşa. Amma birdən istədim Əsmərə danışım ki, bir may günü, işıqlı, aydın bir may günü küçədə bir «Moskviç» gördüm.

ARDINI BURDA OXU
XS
SM
MD
LG