Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Daşkəsən işində işgəncə ittihamları


Avqustun 26-da prokuror Toğrul Hüseynov ittiham aktını elan edib
Avqustun 26-da prokuror Toğrul Hüseynov ittiham aktını elan edib
Avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Daşkəsəndəki «N» saylı hərbi hissəsinin zabitlərinin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Rəşid Hüseynov sədrlik edir. Müttəhimlər kürsüsündə oturanlar mayor Vələd Qurbanov, mayor Vazeh Babayev (hadisə vaxtı yaralanmış), kapitan Fuad Mütəllimov, baş leytenant Rüstəm Əhmədov və kiçik çavuş Əli İmanovdur.

Hərbi qulluqçular bu il yanvarın 28-də həmin hərbi hissədə baş vermiş qanlı olaydan sonra həbs olunublar. Həmin gün Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissədə əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov hərbi hissənin divizion komandiri, polkovnik-leytenant Yusif Gümayevi, qərargah rəisi, kapitan Vasif Sadıxovu, baş leytenant Anar Quliyevi və baş gizir Elgün Səmədovu qətlə yetirib, zabitlər Vazeh Babayevi və Samir Abbasovu yaralayandan sonra özlərini öldürmüşdülər.

Avqustun 26-da prokuror Toğrul Hüseynov ittiham aktını elan edib.

RÜŞVƏT, İŞGƏNCƏ, HAKİMİYYƏTDƏN SUİ-İSTİFADƏ

İstintaqı Respublika Hərbi Prokurorluğu aparıb. Zabitlər Cinayət Məcəlləsinin rüşvət almaq, tabeliyindəki çoxsaylı əsgərləri təhqir etmək, döymək və işgəncə vermək, hakimiyyətdən sui-istifadə etmək kimi maddələri ilə təqsirləndirilirlər.

Artilleriya divizionunun komandir müavini mayor Vələd Qurbanova verilən ittihama görə, o, tabeliyindəki bir neçə əsgərin qohumundan rüşvət alaraq həmin əsgərlərin başqa taborlara keçirilməsini təşkil edib. O, həmçinin tabeliyindəki əsgərlərə işgəncələr verməkdə ittiham olunur.

Məsələn, epizodlardan birində göstərilir ki, 2009-cu il avqustun əvvəlində Vələd Qurbanov əsgər Asiman Allahverdiyev onun otağa çağırışına gec gəldiyinə görə Allahverdiyevə «əsgər, sən öldün» deyərək əsgəri yumruq və təpiklə döyüb, ailəsinin ünvanına küçə söyüşləri söyüb.

Ayrı-ayrı tarixlərdə batareyanın gün növbətçiləri təyin olunmuş əsgərlər Babək Məmmədovu və Xəyal Mikayılovu da eyni səbəbə görə - yəni onun çağırışına otağa gec gəldiklərinə görə təhqir edərək döyüb.

YEMƏYƏ YERKÖKÜ QATMAYAN ƏSGƏRLƏRİN AQİBƏTİ

İttiham aktında deyilir ki, Vələd Qurbanov ötən ilin sentyabr ayında divizionun yeməkxanasında sobaçı əsgər Elnur Hümmətov qazanın altını yanacaqla deyil, odunla yandırdığına görə əsgəri cəzalandırıb. Əvvəlcə əsgəri yumruqla, təpiklə döyərək yerə yıxıb, sonra yerdən qaldıraraq divara çırpıb və təpikləməkdə davam edib.

Oktyabr ayının əvvəllərində divizionun yeməkxanasına daxil olarkən aşpaz əsgərlər Şahin Yumuxovun, Rauf Şükürovun və Pərviz Namazovun yeməyə yerkökü qatmamalarını bəhanə gətirərək onları əsgərlərin qarşısına gətirərək təpik və yumruqla döyüb, ailələrinin ünvanına təhqirlər deyib.

Oktyabrın sonlarında qərargah binasının pilləkənləri ilə aşağı düşərkən onunla qarşı-qarşıya gələn əsgər Asiman Allahverdiyevin yaxasından yapışaraq məhəccərə çırpıb, «məni tapdalayacaqsan?» deyərək əsgərə boynundan yumruqlar ilişdirib və onu təpikləyə-təpikləyə pilləkənlərdən aşağı itələyib.

Vələd Qurbanovun ötən il dekabrın 15-də divizionun yeməkxanasında aşpaz əsgər Kazım Vəliyevin keyfiyyətsiz yemək bişirməsini bəhanə gətirərək onu əsgərlərin gözü qarşısında təhqir edərək başına yumruqlar vurmaqda ittiham olunur.

ƏSGƏRİN BAŞINDA SINAN KÜLQABI

Elxan Əzizov
Dekabr ayının ortalarında isə əsgər Azər Babayev sıraya gecikdiyinə görə Vələd Qurbanov əsgərlərin gözü qarşısında onun sifətini yumruqlayıb.

Dekabrın 20-də xidməti otağına daxil olarkən stolun üstünün yığışdırılmamasından qəzəblənərək əsgər Elvin Əliyevə təmizlik işi aparmamasını irad tutub. Stolun üstündəki külqabını əsgərə tərəf tullayıb, külqabı əsgərin başına dəyərək yerə düşüb və çilik-çilik olub. Əsgər əyilərək yerdən külqabı çiliklərini yığmaq istəyib, Vələd Qurbanov əsgərə yaxınlaşaraq boyun nahiyəsindən tutmaqla onu döşəməyə sıxıb və onu yumruqlayıb.

Həmin gün əsgər Bəxtiyar Əliyevə ayaqqabılarını təmizləmək üçün ayaqqabı fırçası və krem gətirməsini tapşırıb, əsgər tapşırığı gec yerinə yetirdiyindən əsgəri döyüb.

Dekabr ayının sonlarında yeməkxanaya daxil olaraq bişmiş yumurtaların içində sınmış yumurta görərək əsəbiləşib, aşpaz əsgərlər Şahin Yumuxovu, Rauf Şükürovu, Pərviz Namazovu növbəti dəfə şillələyib. Dekabr ayının sonlarında əsgər Araz Musayevi divizionun yeməkxanasında sobanın üstündə çörək qızartdığına görə əsgərlərin gözü qarşısında söyərək başına yumruqlar vurub və təpikləyib.

Bu il yanvar ayının əvvəlində əsgər Araz Musayev qərargah binasının giriş pilləkənini bellə palçıqdan təmizləyərkən belin səsinin otaqda eşidilməsini bəhanə gətirərək əsgərin sifətinə yumruq zərbələri vurub.

YATAĞA AYAQQABIYLA KİM ÇIXIB?

İttiham aktına görə, Vələd Qurbanov yanvarın 7-də səhər saat 6 radələrində «qalx!» komandasından sonra əsgərlərin yataqxanasına daxil olarkən əsgərlər Pərviz Namazovun və Azər Babayevin yataqda paltarlı vəziyyətdə uzandıqlarını görərək əsəbiləşib. Hər iki əsgəri yerə yıxaraq döyüb.

Yanvarın 12-də səhər saatlarında xidməti otağındakı çarpayıda yataqda ayaqqabı izləri görərək əsgər Elvin Əliyevi otağa çağırıb, ondan yatağın kimin çirkləndirdiyini soruşub. Əsgər xəbərsiz olduğunu deyəndə «deməli elə sən eləmisən» deyərək əsgərin sol gicgahına yumruq ilişdirib, əsgər səndələyərək yerə yıxılıb. Vələd Qurbanov yerə yıxılmış əsgəri təpikləməklə ürəyini soyudub.

QƏTL NECƏ TÖRƏDİLDİ?

Vələd Qurbanova verilmiş oxşar ittihamların siyahısı uzundur. İttihamlarla bağlı son epizod əsgərlərin hərbi qulluqçuları və özlərini güllələməsi ilə bağlıdır. İttihama görə, o, bu il yanvarın 28-də gündüz saat 4 radələrində artilleriya divizionunun komandiri polkovnik-leytenant Yusif Cumayevdən Daşkəsəndə kirayələdiyi evə getmək üçün icazə alıb. Divizionun idarəetmə taqımının komandiri baş leytenant Rüstəm Əhmədovdan onu komandirin xidməti maşını ilə Daşkəsən şəhərinə aparmasını xahiş edib. Həmin vaxt Rüstəm Əhmədov silah saxlama otağından silahların əsgər yataqxanasına aparılaraq təmizlənməsinə və geri qaytarılmasına nəzarət etməli imiş. O, silahları nəzarətsiz buraxaq Vələd Qurbanovla hərbi hissədən çıxıb.

Manqa komandiri kiçik çavuş Elxan Əzizov və əsgər Sadiq Məmmədov nəzarətsiz olduqlarından istifadə edərək təmizləmək üçün silah otağından aldıqları avtomat silahlarla qisas almaq fikrinə düşüblər. Saat 5 radələrində silah otağından oğurladıqları patronları daraqlara dolduraraq əsgərləri kazarmadan çıxarıblar. Sadiq Məmmədov zabitlər otağına girərək baş leytenant Anar Quliyevi, Vasif Sadıqovu, Elgün Səmədovu güllələyib. Eyni vaxtda Elxan Əzizovsa artilleriya divizionunun komandiri Yusif Cumayevin otağına girərək komandiri qətlə yetirib. Sonra mayor Vazeh Babayevin və kiçik çavuş Samir Abbasovun olduğu xidməti otağa girərək onlara atəş açmaqla hər ikisini yaralayıb. Daha sonra əlisilahlı əsgərlər binadan çıxaraq divizionun ərazisində qarşı-qarşıya dayanıblar, silahları bir-birinin ürəyinə tuşlayaraq atəş açıblar. Hər ikisi hadisə yerində ölüb. İttiham aktında belə deyilir.

DİVİZİON KOMANDİRİNİN SEVİMLİ MƏŞĞULİYYƏTİ

Sadiq Məmmədovun meyitində zorakılıqlar aşkarlanıb
Divizion komandiri Rüstəm Əhmədova qarşı irəli sürülən ittihamlar da kifayət qədər ağırdır. O da tabeliyindəki əsgərlərə işgəncələr verməkdə, əsgərlərdən rüşvət almaqda təqsirləndirilir. Divizion komandirinin əsas işgəncə metodları əsgərləri jim vəziyyətdə saxlayaraq onlara bu vəziyyətdə rabitə dərslərini oxumağı əmr etmək, əsgərləri belə vəziyyətdə saxlayaraq taxta parçası ilə döymək və s. daxildir.

Məsələn, komandir birdəfəlik şampun qablarının bir neçəsini itirdiyinə görə əsgər Talıb Abbasovu yerə yıxaraq təpiklə sinəsinə və mədəsinə çoxlu zərbələr vurub. Özü də eyni səbəbə görə döyülmə hadisəsi ayrı-ayrı tarixlərdə bir neçə dəfə təkrar olunub.

Divizion komandirinin sevimli məşğuliyyətlərindən biri də əsgərlərin yerlə sürünməsinə tamaşa etmək olub. Məsələn, ittihama görə, Elşən Babayevi, Vüqar Əsgərovu və Xəyal Babayevi cəzalandırmaq üçün «döyüşə!» əmri ilə yerə uzandırıb və onları yerdə sürünməyə məcbur edib.

2009-cu ilin dekabr ayının ortalarında səhər düzülüşündə əsgər Bəxtiyar Əliyevi də eyni qaydada cəzalandırıb. Onu yumruqla vurandan sonra «döyüşə!» əmri verərək onu əsgərlərin gözü qarşısında yerə uzandırıb və sürünməyi əmr edib. Əsgər divizion həyəti boyu sürünməli olub.

ƏSGƏR YATAQXANASINDAKI NARALAR NƏ ÜÇÜNDÜR?

Həmin ərəfədə əsgər yataqxanasında əsgərlər Elnur Hümmətov, Azər Babayev silahlarının nömrələrini əzbərdən bilmədiklərinə görə, Vüqar Seyidzadə Xankəndiyə Stepanakert deməsinə görə, Bəxtiyar Əliyev yazıları səliqəsiz yazmasına görə, Fətulla Fətullayev xidməti otağında ona çayı gec süzməsinə görə divizion komandirinin əmri ilə yataqxananın döşəməsində sürünməli olublar. Sonra komandir onları yataqxanadakı naraların altına girib orada uzanmaqla cəzalandırıb.

Əsgərlər Pərviz Namazov, Cavid Allahverdiyev, kəməri boş bağladığına görə Elvin Abdulov, buşlatında rütbəsini bildirən işarə olmadığına görə Mənəf Əliyev, papağında kakarda olmadığına görə Zamin Əhmədov, əsgər geyimi çirkli olduğuna görə Şahin Yumuxov, Elşən Babayev, Faiq Atakişiyev və Coşğun Xəlilov da müxtəlif bəhanələrlə digər əsgər yoldaşlarının gözü qarşısında divizion komandiri tərəfindən döyülüblər və cəza olaraq divizion həyətinin yerində «döyüşə!» əmri ilə uzun müddət sürünməli olublar.

Digər iki hərbçi Vazeh Babayevlə Əli İmanov da eyni əməllərdə ittiham olunurlar.

Hadisədə yaralanan Samir Abbasov prosesdə zərərçəkən kimi dindiriləcək.

Prokuror gün ərzində ittiham aktını elan edib başa çatdırandan sonra hakim məhkəmə iclasını avqustun 27-si saat 11.00-a təyin edib. Təqsirləndirilən şəxslərin sərbəst ifadələri dinləniləcək.
XS
SM
MD
LG