Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:46

“Göləqarğısancan” və digər vacib məsələlər


Tənqidçi Nərmin Kamal bu yazısı ilə Azadlıq Radiosunun "Oxu zalı"nda Aqşin Yeniseyin "Göləqarğısancan" romanı ilə bağlı keçirilən müzakirəyə qoşulur.


“GÖLƏQARĞISANCAN”
VƏ DİGƏR VACİB MƏSƏLƏLƏR


Tənqidçi oxucu üçün maarifçi olmalıdır,
rəssam tənqidçi üçün maarifçi olmalıdır.

Oscar Wilde

Əvvəlcə əlimizə ağ vərəq və qələm götürək. Bəyəndiyimiz hər hansı klassik romanı yada salaq.

Baş qəhrəmanı kim idi? Tutalım, mən Theodore Dreiserin “Cenni Herhard”-nı, siz hər hansı digər romanın baş qəhrəmanını nəzərdə tuta bilərsiniz.

Bütün yuxarıda yazılanlar o demək deyil ki, “Göləqarğısancan” yaxşı romandır və ya çox yaxşı romandır, bütün bunlar o deməkdir ki, “Göləqarğısancan” - başqa növ romandır. “Göləqarğısancan”ı oxucu insan həyatları bir-birindən fərqləndiyi qədər rəsmin, filmin, romanın da çoxnövlü janr olduğunu bilirsə, əlinə götürməlidir.


Azərbaycanda çoxlu xətti əsərlər yazılır, onların arasında nonlinear, qeyri-xətti əsərlərin bir rəfini yaratsaq, ora qoyulacaq azsaylı kitablardan biri “Göləqarğısancan”dır. Odur ki, gəlin “Göləqarğısancan”-ı postmodern roman müstəvisində təhll edək.
Kağızın tən ortasına uzaqdan diqqəti cəlb edəcək qədər iri bir nöqtə qoyuruq.

Bu nöqtə baş qəhrəmanı simolizə edir. Sonra Cenninin ətrafındakı insanları – anasını, qardaşını, sevgilisini, uşağını yada salıb hərərsinin adına həmin tünd nöqtənin ətraflarında ondan bir az kiçik nöqtələr qoyuruq.

Əsərdə hansı obraz Cenniyə lap yaxındırsa, onun simvolu olan nöqtəni baş nöqtəyə daha yaxın, hansı obrazlar əsərdə üçüncü, beşinci dərəcəlidirsə, onları baş nöqtədən daha aralı və daha kiçik qoyuruq.

Pərgar vasitəsilə bütün bu nöqtələri böyük bir çevrənin içərisinə alırıq.

Bu çevrə - müəllifin qurduğu topdağıtmaz sistemdir və eynilə əsərin strukturu kimi bu çevrədə də kənaraçıxma, açıq hissə olmamalıdır.

Əvvəlki romanlarda aləmdən təcridolunmuşluq vardı, sırf öz süjetini dünyadakı xaotik hadisələr və fikirlər içərisindən seçdirərək düzənlə qurur, üstünə qalın cild vururdu.

İndi gəlin bu sxemi hər hansı siyasətçiyə, politoloqa göstərək, lakin bunun bədii əsər sxemi olduğunu deməyək və belə bir sual qoyaq: “Sizin sahənizin gözülə baxanda bu, nəyin sxemidir?”

Politoloq baxıb deyəcək: “Ortada kraldır, şahdır və ya diktator prezidentdir, kənarlarda onun hakimiyyətinin köməkçiləri, əyanları, nazirləri.

Bu qapalı çevrə isə onun qapalı dövlətidir.” Kağızı bir sahibkara göstərək, onun sahəsində bu, nəyə uyğun gəlir: “Ortada monopoliyaçı sahibkardır, bu qapalı çevrə, məsələn, papiros monopoliyasıdır.”

Kilsə xadimi deyəcək: “Ortada Papadır, kənarlarda patriarxlar, kardinallar, pastorlar... Bu çevrə isə müqəddəs kilsə sistemi.”

Ənənəvi roman qanunlarına tabe olan, “barmaq qoymağa yeri” olmayan, yaddaşlarımızda əsl roman kimi qalmış belə romanlar – şaquli düzəni, qapalı cəmiyyəti, ierarxiyalı mütləqiyyətçi dövlət idarəetməsini, siyasi, iqtisadi və ya dini diktaturanı ifadə edir.

Bunun əksinə, cəmiyyətlər açıq cəmiyyətlərə çevrildikcə, idarəetmələrdəki şaqulilik üfüqiliklə əvəzləndikcə, bir şəxsin, bir ideyanın hakimi-mütləqliyi yerini bərabərhüquqlu çoxlu şəxslərə və ideyalara verdikcə həyatın hər bir sahəsinin, həmçinin ədəbiyyatın hakim modelləri dəyişilir.

Qərbdə bu proses artıq oturuşub, cəmiyyətlər azad və açıqdır, hakimiyyətlərin əzici xarakteri yumşalıb və bu, Qərb ədəbiyyatında, incəsənətində də əks olunub.

Baş qəhrəman diktaturası, müəllifin son dərəcə rasional şəkildə ölçüb-biçib qurduğu aləm, əsərə oxucunun ağlına gəlmək üçün qabaqcadan yüklədiyi fikirlər, təəssürat və məna, mənfi və müsbət qəhrəmanlar, qəhrəmanlar vasitəsilə pislənən və təqdir olunan məsələlərin yönləndirici hakimiyyətinə son qoyulub.

Necə ki, jurnalistika tamaşaçıya öz materialını göstərərkən sovet dövründən fərqli olaraq, yönləndirici, hökmçü, təbliğatçı olmamalıdır, bitərəfliyi gözləməlidir, eləcə də yazıçı (və tənqidçi).

Yeni romanlarda pərgarla çəkdiyimiz çevrənin bir tərəfi açıq qoyulur, dünyamızdakı xaos, beynimizdəki fikir axını, dolanbaclıq, xaos, mərkəzsizlik o açıq yerdən romanlara daxil olur, müəllif onu bağlamağa çalışmır.

Hökmdarlar öz hökmranlıqlarında, müqəddəslər və sərhədlər öz yerlədində necə möhkəm idilərsə, ədəbiyyatda da hər janr öz yerində möhkəm durmuşdu.

Transmillilik, ortaq mədəniyyətlər, ikili, üçlü vətəndaşlıqlar, mühacirətlər, virtual şəbəkələr yeni dünyasında isə ədəbiyyatda da janrlar-arasılıq, janrlar sinkretizmi aktuallaşır.

Pritça, hekayə, esse, məqalə, roman, poetik proza əl-ələ yeni romanların içində oxucunun qarşısına çıxır.

Azərbaycanda isə mərkəzə, qapalı sisteməmələgətirici çevrəyə, iri tünd nöqtələrə tabelik əhval-ruhiyyəsi keçməyib, getməyib.

Bu, insanlarımızın ədəbiyyat və incəsənət zövqlərində də, baxışlarında da özünü göstərir. “Göləqarğısancan”a da bu baxımdan tutulan ən populyar irad budur: “Bu, roman deyil”:

- “bu, böyük bir köşə yazısıdır”,

- “süjetsizlik”,

- “müəllifin istedadı buna yetmədiyindən, əsərə birbaşa qəhrəmana aid olmayan problemlər artırır, üstəlik bunlar publisistik dillə ifadə olunduğundan romanın, hekayənin axıcılığını pozur, əsəri ağırlaşdırır. Bir də ki, belə publisistik yerlər əsərdə çox lazımsız və bədiilikdən uzaq görünür”,

- “müəllif Leş Əlini əsərin əsas aparıcı qəhrəmanına çevirə bilməyib”

- “qəhrəman obrazı yarı-yarımçıq yapılıb”, “qəhrəmansız isə roman olmur” və s.

“Göləqarğısancan”a tutulan bütün iradları oxuyan gənc yazar:

- “Aqşinin qəhrəmanı fəsillərdən birində atasının ölümündən sonra doğulan uşaqdır, bir başqa fəsildə isə həmin qəhrəmanı atası həkimə aparır. Bir fəsildə ölən qəhrəman o biri fəsildə qonaq qəbul eləyir. İlk fəsillərdə «evləndirilən» qəhrəman növbəti fəsillərdə subaydır, tək anası ilə yaşayır”,

- “qəhrəman gah ölür, gah dirilirsə bu, “müəllif amneziyasıdır”, “məntiqsizlikdir”,

- “Aqşinin vulqarizmdən yararlanması yazıçı məsuliyyətsizliyi və səliqəsizliyinin adına bağlamaq olar” və s.

- “ən ciddi məsələlər barədə bir qayda olaraq sadə, bayağı sonuclara varır”,

Paralel olaraq, Fransa Yeni Roman məktəbinin görkəmli nümayəndələri A.Robbe-Grillet, Claude Simon, Marguerite Duras, Michel Butor, Natalie Sarrautun (onlar bəzən süjetsiz, bəzən qəhrəmansız romanlar yazır, ictimai məsələlər və ədəbiyyat haqda baxışlarını öz romanlarındakı hadisələrlə Aqşinin etdiyi kimi, növbələşdirərək yazırdılar), ABŞ-da John Barth, İtaliyada Luigi Pareyson əsərlərini, bunların timsalında çağdaş ədəbiyyatı oxuyan, artıq kütləvi telekanallarda da göstərilən Akutaqavanın, Jim Jarmuschun, Tarantinonun filmlərinə baxan gənc yazar üçün çətin ki, yuxarıdakı tənqidi qeydlər dəyərli olsun.
Gənc yazar görür ki, onlar üçün bu, qüsur yox, məziyyət sayılır, onlarda səhvlərin, qeyri-müəyyənliklərin, kənaraçıxmaların kultu əsərin postmodern əlamətləri kimi qiymətləndirilir, müəllifin individuallığı kimi toxunulmaz sayılır, bizdə isə “istedadsızlıq” kimi.

Gənc yazar sual verə bilər, sizimi dinləyim, hər an gəlişməkdə olan dünya ədəbiyyatının səsinimi?! Tənqidçinin biləyən, yazıçının bilməyən olduğuna dair bölgü buradaca iflasa uğrayır.

Patrik Züskindin bir “Dərinlik” hekayəsi var, orada tənqidçi gəncə deyir ki, əsərində hər şey yaxşıdır, bircə dərinlik çatmır, gənc də hey çalışır ki, dərin yazsın. 20-ci əsrin birinci yarısında, belə bir roman növü olub. “Jurnalist romanları”. Postmodern romanın iki əcdadından biridir.

Sadə tarixçələr, məişət təfərrüatları, simasız surətlər, dünyanın daxilinə nüfuz etmədən yalnız zahiri, hadisəli tərəfindən bəhs edən jurnalist romanlarında qəhrəmanlar, hadisələr əriyir, sonadək qurulmamış faktların dağına çevrilir.

Təhkiyə və reallıq abzasları bir-birini növbələyir.

(Əlimə ilk gələn bir mənbə: http://www.liveinternet.ru/users/1150469/post21983773/ sondan ikinci abzasda jurnalist romanları haqda kiçik ensiklopedik məlumat var).

Dərinlik artıq çoxdandır ki, roman tələbi, sadə, bayağı sonuclar isə qüsur deyil, romanın növ müxtəlifliyidir.

Sərxoş məntiqsizlik, müəllifin qəhrəmanlarına ardıcıl məntiqli sxem üzrə deyil, unutqan, səliqəsiz yanaşması bütün əvvəlki rasional qurulmuş süjetlərə qarşı postmodern saymazlıqdır, xalis postmodern əhval-ruhiyyədir.

Bunları oxuyarkən “onda postmodernizm basməmmədi bir şeydir, çünki heç bir səhvə səhv demir, postmodern yazanlardan uzaq olmaq lazımdı” qənaəti yarana bilər.

Lakin Postmodernliyin digər axınlardan fərqi ondadır ki, biz özümüz istəmədən də, Postmodernizmdən zəhləmiz də getsə, bu termindən xəbərimiz olmasa da, postmodern əlamətlərə malikik.

Hətta dünyanın 300 televiziya kanalını pultda sürətlə çevirərək hər gördüyü səhnəyə kinayəylə ağız büzüb gülən, heç bir dəyərə, heç bir marağa lövbər sala bilməyən, dəyərləri dəyərsizləşən, lakin yaşamağa çalışan qadın da postmodern əhval-ruhiyyəyə malikdir.

Biz hamımız postmodern suyun içərisində üzən balıqlarıq.

Bu mənada “Göləqarğısancan”a bu gün dünyamıza və Azərbaycana xas olan mənəvi vəziyyətin ifadəsi kimi baxmalıyıq.

Bütün yuxarıda yazılanlar o demək deyil ki, “Göləqarğısancan” yaxşı romandır və ya çox yaxşı romandır, bütün bunlar o deməkdir ki, “Göləqarğısancan” - başqa növ romandır. “Göləqarğısancan”ı oxucu insan həyatları bir-birindən fərqləndiyi qədər rəsmin, filmin, romanın da çoxnövlü janr olduğunu bilirsə, əlinə götürməlidir.

Bu romanın da öz qüsurları var, lakin hər bir əsər onun öz növünün terminləri, estetik dəyərləri və meyarları baxımından təhlil olunmalıdır.

Başqa növün, ənənəvi romanların terminologiyası və estetik dəyərləri ilə yeni (Azərbaycanda yeni) romanlara qiymət vermək olarmı? Olmaz.

Azərbaycanda çoxlu xətti əsərlər yazılır, onların arasında nonlinear, qeyri-xətti əsərlərin bir rəfini yaratsaq, ora qoyulacaq azsaylı kitablardan biri “Göləqarğısancan”dır.

Odur ki, gəlin “Göləqarğısancan”-ı postmodern roman müstəvisində təhll edək.

Əsər başlanan kimi başqa bir mətnə - Şərq rəvayətinə göndərmə verilir.

Bəzi oxucuların fikrincə, rəvayət məzmuna uyğun gəlmir, bəzilərinin fikrincə, uyğun gəlir.

Belə ki, buradan söhbətin təxminən nədən gedəcəyinə şər bəndəlik haqda hazır əfsanəvi qənaətlərin üzərində gəzişiləcəyinə, yenidən dəyərləndiriləcəyinə köklənirsən.

Postmodern nəzəriyyəçi U.Eco belə məqamları nəzərdə tutaraq deyir: əsərin adı, əsərə giriş fikirləri qarışdırmalıdır, nizamlamamalıdır.

Nizamdan söz düşmüşkən, Azərbaycandakı bugünkü xaos ilk cümlələrdən lap ənənəvi romanlarda rast gəlinən, təəssüratyaradıcı atmosferlə onu oxuyanın ətrafını bürüyür.

Lakin Azərbaycan hər nə qədər xaos içərisində olsa da, milli mif, nağıl və dastanlarımızdan yazılı ədəbiyyatımıza qədər milli varlığımıza xaos ideyası yaddır.

Biz həmişə varlığı alt dünya-üst dünya, ağ at-qara at, işıqlı dünya-qaranlıq dünya, Hörmüz-Əhrimən kimi nizam əmələgətirici vasitələrlə ikiyə bölmüşük, M.Ə.Rəsulzadənin “nizampərvərlik” anlayışı isə ədəbiyyatşünaslığımızın istiqamətvericisi olub.

Aqşin Yenisey
Xaos sözü bizdə hələ də mənfi assossasiyalar doğurur, xaosu idarə etmək elmi olan sinergetika bizim dünyagörüşümüzdəki dialektikanı əvəz edə bilmir.

Bu mənada xaos estetikasına (Nekroloq, Göləqarğısancan və s.) söykənən əsərlər Azərbaycanda yumşaq desəm, çətinliklə bəraət alır.

Ədəbi tənqid əsəri şaqqalayaraq başını, ayağını, nəhayət, mərkəzini - göbəyini ayırd etmək, səliqəylə əti ətin yanına, sümüyü sümüyün yanına qoymağa, nizama can atır.

Bədii xaosdan zövq almaq üçün yerli oxucu ilk növbədə başındakı anadangəlmə nizamı bir müddətlik bir tərəfə qoymalı, sonra özünü leş əlilərin, saxta qəzetçilərin, sərxoş şairlərin burulğanına, Dağlı məhəlləsinin çıxışsız labirintlərinə - “Göləqarğısancan”ın 66-cı səhifəsinə vurmalıdır.

Əsəri oxuduqca ikinci nəzərə çarpan və əksər oxucuları valeh edən cəhət müəllifin cümlələrə postmodern estetikada bir qayda olaraq, rastlanmayan qədər ciddi yanaşması, hər birinin üzərindəki aforizm yaradıcılığıdır.

Bu cümlələrin bir neçəsində Həmid Herisçinin dili yada düşür. Lakin postmodernizm bunu da qüsur saymır və postmodern estetikada bunun adı belədir: “Təqlidin gerçəkdən güclü olmağa can atması” (J.Bodriyar).

Avropadakı orta əsrlər qalalarının surətlərini indi ABŞ-da tikirlər və ikincilər birincilərdən daha çox turist toplayır, oyuncaq heyvanlar küçədəki əsl heyvanların yerini tutmağa çalışır.

“Göləqarğısancan” çoxqapılı romandır. Tez-tez qarşımıza göndərmələr, interpretasiyalar çıxır (Engelsin kitabı, Məlikməmməd nağılı və s.), intuitiv yozumlar, ritorika, kolleydoskopiklik, xaos, fraqmentarlıq, avtoritetsizlik, güclü ironiya, immanentlik, müəllifin müxtəlif ictimai məsələlər haqda tələsik, qeyri-elmi qeydləri, irrasional fəlsəfi esseləri bir-birini əvəzləyir, obyetivlik susur, subyektivlik onun qarşısına keçib danışmağa başlayır.

Bütün bunlar xalis postmodern əlamətlərdir və bir çox postmodern romanların ortaq nöqtəsidir.

Əsərdə real həyat materialı var, məhəllələr, yataqxanalar, kənd, öz ölkəsində azıb qalmış insanlar, hər kəsin jurnalist, partiya sədri, şair ola bilməsinin asanlığı - iki nəsl sonrakı göydələnlər Bakısında bu materialın bədii arxiv kimi qiymətli olacağını düşünmək olar.

Azərbaycan düşüncəsində yaxşı adlandırılmağa alışılan zəhmətkeş ana, nənə obrazları kimi bir çox daşlaşmış obrazlar burada karnaval əksliklər estetikasıyla baş-ayaq qoyulur, başqalarının pis saydıqları isə bu əsərə görə, əslində yaxşıdır, məsələn, dağlı məhəlləsindəki sərxoş ev yiyəsi-kişiyə simpatiya yaratmaq, onun əzabkeş arvadına isə antipatiya yaratmaq niyyəti gözə çarpır.

Əsərdə çoxlu postmodern əlamətlər var.

Lakin bu əlamətlər yalnız sıravi Azərbaycan oxucusu üçün yenidir, Postmodernizm nəzəriyyəsinin özünün zənginləşdirilməsinə yeni heç nə vermir. Bu əsər postmodern ədəbiyyatdan töhfələr götürüb, ona yeni töhfə verməyib.

Müəllif Postmodernizmin dekonstruksiya, simulakra, hiperreallıq kimi hazır, məlum anlayışlarını götürərək, Azərbaycan gerçəkliklərinə tətbiq edib.

Bunların bəzilərini (məs., Məlikməmmədin dekonstukriyası) şüurlu şəkildə, bir çoxlarını isə (fraqmentarlıq, xaos və s.) məqsədli şəkildə deyil, şüuraltıdan gələn postmodern dünyaduyumu ilə edib.

Postmodern estetika XX əsrdə iki mərhələdən keçib: 1970-ci illərə qədərki I - erkən postmodern mərhələ eynilə Azərbaycanın bugününə bənzər bir mərhələ idi, müharibənin, əvvəlki quruluşun xarabalıqlarından çıxmış, düşünmək üçün bu quruluşun xarabalıqlarnı yağmalayan yazıçılar əvvəlki kültürdən təsadüfi seçilmiş motivlərlə ironik, stereotipləri dağıdan əsərlər yazırdılar.

Həmin dövrə postmodern dünyaduyumu dövrü deyilir.

Postmodernizmin II - yetkin mərhələsi isə konstruktiv idi, nə istədiyini bilirdi, postmodern dünyaduyumu postmodern dünyagörüşə çevrilmişdi, bu mərhələ intellektual postmodernizm də adlanır.

Fərqliliyə tolerantlıq, qütblərin barışdırılmasına cəhd, şübhə, çözələmək kimi humanist meyllər insanın dünyaya ironik və tənqidi yanaşmasına əlavə olunmuşdu II mərhələdə (“Arzum budur, elə bir kitab yazım ki, hər cümləsi bəlkə sözü ilə başlasın” J.Bodriyar).

“Göləqarğısancan” - I mərhələnin əlamətlərinə malikdir.

Onun II mərhələ nümunəsi olmamasının bir səbəbi də qəti hökmlər və ümumiləşdirmələr etməsidir. Aqşinin özünün bir yazıçı kimi ənənəvi dövrü – öz həqiqətlərinə qəti əminliklər, hökmlər, aforistik təfəkkür dövrü olub, onları özülə bu romana da gətirib.

Romanın postmodern əhvalının ortasında qəfildən elə passajlar var ki, klassik yazıçıların oxucunu yönləndirmələrini xatırladır, belə ki, müəllif bəzi məsələlərdə metadiskurs, metakod (kodlar kodu) axtarır (bu belədir, o isə elə olmalıdır).

Romanın bəzi hissələrində Aqşin modernist (dəyərlərin qəti inkarı, zəkanın gücünə inam) kimi, bəzi hissələrində, yuxarıda sxemini çəkdiyimiz yazıçılar kimi, bir çox hissələrində isə postmodernist kimi çıxış edir.

Sonda birmənalı cavabı olan yeganə sual:

- “Göləqarğısancan”ı oxumağa dəyərmi?

- Bəli.

Həmçinin oxu
Kənan Hacı. “Göləqarğısancan” və Allahın yanından qayıtmayan Musa
Tənqidçi Əsəd Cahangir "Göləqarğısancan"ı leş-roman sayır
Elnarə Tofiqqızı. Ədəbi dalğada «Göləqarğısancan»
Tehran Əlişanoğlu Aqşinin "Göləqarğısancan" romanını tənqid edir
XS
SM
MD
LG