Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Hamlet İsaxanlı: «Bizdə ən ağır şey seçkidir»


Hamlet İsaxanlı
Hamlet İsaxanlı
«İşdən sonra» verilişinin qonağı Xəzər Universitetinin təsisçisi, rektoru, professor, yazıçı Hamlet İsaxanlıdır.

- Son vaxtlar alimlərimiz işləmək üçün xaricə üz tuturlar. Bu həm də beyin axınının fəsadlarından biridir. Bu barədə nə düşünürsünüz?


- Beyin axını dünyada, elmi dairələrdə ən çox müzakirə olunan məsələlərdən biridir. Və çox təbii məsələdir. Məsələn uzun müddət Avropadan Amerikaya beyin axını olub. Bu çox şiddətli dərəcədə olmasa da bu gün də var. Eləcə də Şərqi Avropadan, keçmiş sovetlərdən, Asiya – Afrika ölkələrindən Qərbə doğru alimlərin getməsi sadəcə həyat səviyyəsi və elmə münasibət, elm adamının özünü ləyaqətli hiss etməsi ilə bağlıdır. Və burda o şəxsləri qəti şəkildə günahlandırmaq və ya siz niyə gedirsiniz demək olmur. Amma beyin köçündən başqa indi belə bir anlayış da əmələ gəlib ki, beyin dövrü, beyin dəyişməsi. Bu ondan ibarətdir ki, məsələn Azərbaycan kimi ölkədən əgər xaricə gedənlərin sayı çoxdursa, Azərbaycan çalışmalıdır ki, onlardan bir qismi və digər xaricilər onlarla Azərbaycana gəlsinlər, heç olmasa onun əvəzinə Azərbaycana gəlib, Azərbaycana fayda versinlər. O gedənlərdən hamısını biz burda ciddi yerləşdirə bilməsək də, təmin edə bilməsək də, onların bir hissəsinin qayıtmasına nail olaq. Yəni beyin dövr etsin. Gedənlərin 30-u getsin, amma beşi geri gəlsin. Amma beş başqasını da biz başqa yerdən tapaq. Hindistandan, Çindən, Avropadan və s. gətirək.

- Bir problem də var: Gedənlər sonra gələndən sonra özlərini komfort hiss edirlərmi?


- Gənclər o qədər də yox. Çünki gənc gedir 2 il gedir ya Amerikaya, ya Qərbi Avropaya düşür, ya Yaponiyaya düşür, Koreyaya düşür yəni inkişaf etmiş ölkələrə. İki cəhət onu cəlb edir. Birinci yüksək intensiv elmi həyat və universitet həyatı. O elmi sahədə inkişaf perspektivlərini görür. Böyük elm adamlarını, böyük laboratoriyaları, böyük universitetlə iç dünyasının birliyini görür və gəlib burda o məsələləri zəif görəndə, burda öz elmi istiqamətlərdə inkişaf edib etməməsi ilə bağlı təhlükə görür. Digər tərəfdən müəyyən dəyərlər var ki, hansı ki, orada gedib açıq demokratik dəyərlər haqqında çox görür, bir az fərqli görür. Bura gələndə fərqli baxır. İkinci cəhət onu sıxan cəhət budur. Amma bütün bunlarla bərabər mən görürəm ki, müəyyən sayda da gənclər var ki, sadəcə onlar deyir ki, biz Azərbaycan həyatını, mühitini – urda mədəni mühitdən söhbət gedir, insani mühitdən söhbət gedir, tariximizdən, musiqimizdən, poeziyamızdan söhbət gedir, bəziləri deyir ki, bu mühiti sevirəm, ona görə gəlib çalışacağam ki, bu mühitdə işləyim və burda müəyyən şeylər edim, mən də öz töhfəmi verim. Belələri də var. mən görürəm ki belələri nisbətən də az deyil və biz universitet kimi buna çox sevinirik. Çünki belə adamları göydə axtarırıq ki, yerdə əlimizə düşürlər. biz onları cəlb edirik. O cümlədən universitetlər bu işdə rol oynamalıdırlar. Hər universitet bir 10 -15 xaricdə oxumuş qabiliyyətli gənci cəlb etsə bizim 500, 600, 700 gənc yerləşmiş olur artıq ali təhsil ocaqlarında.

- Orada olarkən insanlar müəyyən həyat standartına alışırlar. Burda yaşadığı problemi uzun bir müddət ərzində deyək ki, bir il, dörd il və yaxud iki il ərzində yaşamırlar və müəyyən həyat standartına alışmış olurlar. Bundan sonra bura gəlirlər və burda hökumətdə işləsələr müəyyən maaş həddi var. Amma yenə də o ölkələrlə müqayisədə çox aşağıdır. İstənilən adamda bəlkə də haqlı olaraq belə bir sual yaranır ki, mənim universitetimdən məzun olan amerikalının ala biləcəyi orta maaş deyək ki, bu həddirsə mənimki niyə ondan 8 dəfə aşağı olmalıdır? Belə sual doğur. Buna qarşı arqument ortaya qoymaq mümkündürmü?

Şəxsiyyətə pərəstiş edənlər həmişə xidmət edəcəklər. Onların çoxu onu məcbur etmirlər. Bu insanların təbiətindədir
- Buna qarşı tam ciddi arqument qoymaq olmur. Çünki insan bir fərddir və o yaxşı yaşaması üçün, qarşısına qoyduğu arzulara çatmaq üçün onun bir maddi təminatı olmalıdır. Minimum maddi təminatı olmalıdır. Azərbaycanda xüsusən elmi sahələrdə, hökumət dairələrində Amerikadakı, Qərbi Avropadakı, Yaponiyadakı təminatı vermək olmur. Amma məsələnin mən başqa tərəfini də vurğulamaq istəyərdim ki, Azərbaycanda da o gənclərin bir hissəsi gəlib iş qura bilərlər. Yəni gözəl məzunlar, yəni magistratura qurtarmış, ya doktorantura qurtarmış, xüsusən insanlar təkcə ondan ötrü deyil ki, onlar gedib desinlər ki bizə yaxşı iş verin. Onların, bəlkə də, əsas missiyası iş yaratmaqdır. Gəlib bir xidmət sferasında, bir qeyri dövlət təşkilatında təhsil sferasında nəsə bir iş yaradıb, o işi elə gözəl qura bilərlər ki, onlar burda da qazana bilərlər ordakına bənzər bir şeyi. Və elə misallar var. Az sayda misallar var. çünki bilirsiniz ki, Amerikada, İngiltərədə bir sahəyə girəndə rəqabət qeyri adi dərəcədə böyükdür. Çünki hər şey çoxdan başlayıb, hər şey yerində oturub. Burda isə elə bir sahəyə girəndə, yeni bir sahə görəndə, bir intuisiya, bir sezgi hissi olanda, bir biznes damarı olanda və onda insan oradakından daha sürətlə varlana bilər. Çox qazana bilər. Yəni gözüaçıq olsalar, burda da müəyyən dərəcədə iş var. Mən bununla əlaqədar başqa bir cəhəti də demək istəyirəm. Bu yaxınlarda biz qərara gəldik ki, elən edək ki, xaricdən bir dəstə çox yüksək səviyyəli mütəxəssis gətirək universitetə. Çünki universitet tək xaricdən tələbəni gətirim oxudumla beynəlxalq ola bilmir. Beynəlxalq alimlər kollektivi olmalıdır. Beynəlxalq elm cəmiyyətinin üzvü olmalısan. Dedik ki bir rektor gətirək. Dedim ki mən artıq universitetin təsisçisiyəm, onun idarə heyətinin sədriyəm. Yəni mən başçısıyam. Amma bir dənə də rektor gətirək. Konkurs elan etdik. Nə qədər insanlar verdi orada işini. Bir ucu Hindistandan, bir ucu Amerikadan. Biz artıq kontrakt imzaladıq. Amerikalı məşhur bir professor, Nyu-York universitetinin bir dekanı Con Rayder ayın 3-də bizdə işə başlayır. İrlandiyada məşhur bir professorla danışıq apardıq, texnologiya sahəsində, atom fizikasında və alternativ enerji sahəsində. O professor gəlib bizim fakültədə dekan olub və universitet sənaye münasibətlərini qurur. Təəssüf ki, doktorluğu olanlar yoxdur. Çox istedadlı bir gəncə biz rahatca 1000 manat maaş verə bilirik ki, o gəlsin bir işi irəli aparsın. Hamıya onu verə bilmirik. Amma hər universitet 10-15 adama o cür iş verə bilmirsə, o universitet inkişaf edə bilmir. Mən o baxımdan deyirəm ki bizim təşkilatların inkişafı ciddi təşkilatların, dünya standartlarına uyğun gəlməyən çalışan təşkilatlarımız nə qədər çox olsa, o tərəfdən o gedən beyinlərin bir hissəsinin gəlməsi və nəinki o özümüzünkülərin gəlməsi başqalarının, Avstraliyadan, İngiltərədən, Yaponiyadan bir professor oradan gəlsin burada işləsin. Onlar da mümkündür.

- Hansı ölkələrə getmək məsələsi bir baxımdan da maraqlıdır ki, həmin ölkələrdən qayıdıb gələndən sonra insanlar bildiklərini burda nə dərəcədə tətbiq edə bilirlər? Deyək ki, bu ədalətli ortamda biznes yaratmaq öyrədilən universitetləri bitirən məzunlar Azərbaycana gəlib xəyal qırıqlığına uğramazlarmı yəni?

- Uğrayacaqlar. Amma mən yenə deyirəm. Həyat mübarizədir. Yəni siz bu dəqiqə mübarizə aparırsınız. Bir iş görürsünüz. Ola bilər istədiyiniz səviyyədə görmürsünüz. Keçirsiz başqa müstəviyə orada görürsüz. Görməsəniz səhv edərsiniz. Mən o gəncləri də fikirləşirəm ki, həmin gənclər Amerikada, Avropada strateji menecment dərsi keçirlər. Orada onları öyrədirlər ki, ətraf-mühit qeyri-müəyyən olanda strategiya necə olmalıdır. Bir var çərçivələr məlumdur, bir də var ətraf dumanlıdır. Ətrafda qeyri-müəyyənlik var. Tez proqnoz etmək olmur. O halda necə olmalıdır. Bunun elmini öyrənirlər. Burda da gəlib onu tətbiq etmək lazımdır. Yəni burda da bizim yaşadığımız bu şəraitə uyğun necə optimal hərəkət etmək olar. Maksimum fəaliyyətimizi necə müəyyənləşdirməliyik. Yəni biz optimist olmasaq və ancaq danışmaqla məşğul olsaq, danışmaq özü bir böyük dəhşətli bir sənətdir, bu, jurnalistin sənətidir, natiqlərin sənətidir. Amma bir şey var ki, sakit oturub heç cınqırını çıxarmadan iş görmək sənətləri də var. O sənətlərlə də məşğul olanlar lazımdır. Ona görə hesab edirəm ki gəlib işləmək olur.

- Ümumiyyətlə, sözün deyilmədiyi ölkədə inkişafın mümkünlüyünə inanırsınızmı?

-Mən inanıram. Çünki bu kimi ölkələr çox olub. Bu dəqiqə də var və inkişaf ediblər. Mən sizə bir məşhur misal gətirim. Yenidənqurma deyilən sovetlərdə başımıza gələn iş. Axırıncı partiya qurultayında Baltik ölkələrinin birinin Mərkəzi komitəsinin katibi durub Qorbaçova müraciət etdi. Dedi ki siz bizə icazə verin biz yeni iqtisadi modellərlə işləyək, sərbəstlik verin bizim respublikaya. Qoy kommunist partiyasının üstünlüyü qalsın. Amma biz bazar iqtisadiyyatına daxil olaq. Qorbaçovun cavabı ona o oldu ki, yox, biz bütün siyasi reformaları qurtarmalıyıq, sonra iqtisadiyyatda sərbəstlik veriləcək. Böyük səhv. Hansı ki, Çin elə etmədi. Çində bu gündə formal Kommunist partiyası var. Amma kifayət qədər iqtisadiyyatı inkişaf edib. Və addım-addım bizdə də o söz moddur. Pillə-pillə demokratiya elementlərini verirlər. Amma müxtəlif modellər var. Hərənin bəxtinə bir model düşür. Hər şeyi biz tamam ürəyimizdən keçən kimi edə bilmirik. Gerçəklik var. Və gerçəkliklə barışmaq yox, gerçəklik şəraitində o gerçəkliyi işləyib dəyişməyə çalışmaq. Mənim dediyim budur.

- Əgər istiqamət oradırsa... Yəni o yolda olub yavaş yerimək olar. Və yaxud doğru yolda dayanıb tıxac yaratmaq olar. Və yaxud da ki, ümumiyyətlə, başqa yolda olmaq olar.

- Yəni neyləyək deyirsiz? Mən onda birdə misal gətirim. Çünki bilirsiz ki, dünyada bu Qərb metodu deyirlər, nəzəriyyələrlə yox, həyatdan götürülmüş misallarla vəziyyəti izah edir. Xəzər universiteti 91-ci ildə yarandı. Yaranan gündən onun dəyərləri mən də daxil olmaqla heç vaxt biz dəyərlərimizdə güzəştə getmədik. Yəni burda qeyri-adi dərəcədə ciddi təhsil olacaq. Ziyalı təmiz mühit olacaq. Beynəlxalq aləmdə iş olacaq və s. İnanın ki bizim əvvəllər qeyri adi dərəcədə çətinliyimiz var idi. O cümlədən hökumətlə işləyəndə. Çox çətinliyimiz vardı. Bu gündə çətinliyimiz yox olmayıb. Amma elə bil ki artıq bu mühitin belə olduğunu qəbul ediblər və hətta belə deyək ki, tərifləməyə də başlayıblar. Yəni bu mühitdə biz özümüzə bir ada yaratmışıq. Bir kiçik qurum yaratmışıq. Hansı ki, öz qanunları ilə, dəyərləri ilə hərəkət edir və get gedə də inkişaf edə bilir. Əgər bunu bir qurum edə bilirsə, insan da edə bilər. İnsanlar da birləşib, bir qurum olaraq edə bilərlər. Yenə də deyirəm ki, pessimizmə qapılaq, qışqıraq, bağıraq, cəmiyyət təbəqələşir, bir hissəsi bununla məşğul olur, jurnalistlər bununla məşğul olur. Elm adamları çalışırlar elmi, imkan daxilində elmi inkişafı irəli aparsınlar. Mədəniyyət adamları çalışır yeni bir opera yaratsın. Onun xalqın inkişafına köməyi yeni bir opera yazmaqdır.
İnsan bir xəstədirsə, əvvəlcə xəstəliyə bir diaqnoz qoyursan, müəyyən edirsən xəstəlik nədir. Sonra baxırsan ki, bunu cərrahmı kəsməlidir. Və ya bunu terapevt müalicə etməlidir. Və müalicə kursu müəyyən olunur və onu müalicə edirsən. İnsanı sağaldırsan. Cəmiyyət də bu cürdür.

- Və yaxud şəxsiyyətə pərəstişə xidmət etmək.

- Şəxsiyyətə pərəstiş edənlər həmişə xidmət edəcəklər. Mən sizə deyim. Şəxsiyyətə pərəstişə xidmətdən. Onların çoxusu onu məcbur etmirlər. Bu insanların təbiətindədir. Bir dəfə bizi bir televiziyaya çağırıblar. Mən də içində olmaqla 5-6 adam. Dedilər ki bu məsələni müzakirə edirik, xahiş ondan ibarətdir ki, siz müəyyən adamları, hökumətdəki adamların adlarını çəkməyin. Amma bu məsələdən danışın. Elmin inkişafından filan. Siz inanın dəqiqədən bir adamların adlarını çəkirdilər. Mən gördüm ki, bu adamlardan xahiş etdilər.

- Yəni xahiş etdilər ki, tənqid olunmasın, yoxsa tərif olunmasın?

- Yox tənqidi danışın. Məsələn, Azərbaycan elmində hansı nöqsanlar var. Bu nöqsanları necə aradan qaldırmaq lazımdır. Dünya elminə necə qovuşaq. Bu sahədə bilirsiz ki, hökumət düşünür, insanlar da düşünürlər. Amma siz sərbəst danışın, alim kimi danışın, siz alimlərsiniz, bir hissənizsə təşkilatçılarsınız. Üzr istəyirəm, məndən başqa hamı orada böyük adamların adlarını çəkməklə məşğul olurdu. Başlayanda sözünün əvvəlində, axırında, birdə ortasında.

- Tənqid edirdilər?

- Tənqid etmirdilər, tərifləyirdilər adamları. Deyirdilər ki sağ olsun hökumətdəki filan adam bu işi görür. Onlardan xahiş ediblər ki bunu etməyin. Bunlar etdilər. Çünki bir sıra insanların yaradıcılığı tərifləməkdən ibarətdir. Mədh etməkdən ibarətdir. Onlar bundan sadəcə ləzzət alırlar. Mən uzun müddətdir bu barədə fikirləşirəm. Uzun müddətdir bu barədə fikirləşirəm ki, niyə insanlar mədhiyyə ilə məşğul olurlar, üzr istəyirəm yaltaqlanırlar, yersiz təriflər edirlər, ifadələr işlədirlər. Çünki bu insanlar öyrəşiblər. Və bundan ləzzət alırlar. Mən sağ salamatam, öldürməyiblər ki, məni. Heç məni görmüsnüzmü ki, oturub bir vaxtlar bir adamı tərifləyim. Yox. Yəni yaxşı sözə yaxşı deyirəm ha. Yaxşıya yaxşı demək lazımdır. O özü də pis şeydir ki, yaxşı bir şey görəsən onu deməyəsən. Amma xüsusi bir adamı oturub tərifləyim, nəyimə lazımdır? Bir dəfə də televiziyada debat idi. Çoxlu təriflər gedirdi. Bir xanım oturmuşdu akademiyadan. Gözəl xanım idi. Mənim üstümə düşmüşdü ki sən niyə tənqid edirsən bizim ölkəni. Dedim ki, siz Cəlil Məmmədquluzadə ilə Sabiri tanıyırsınızmı? Dedi ki, sizdən qat-qat yaxşı tanıyıram. Belə dedi. Mən dedim ki, mən xoşbəxt olardım ki, bütün Azərbaycan xalqı qoy məndən qat-qat yaxşı bilsin Sabiri, Məmmədquluzadəni. Bilirsizsə, çox gözəl. Siz onların yaradıcılığında Azərbaycanı tərifləyən bir ifadə deyin xahiş edirəm. Sabirin, C. Məmmədquluzadənin vətəninin sevməsinə şübhə edən varmı? Yox. Azərbaycanın ən böyük vətənpərvəridirlər. Sadəcə olaraq ürəkləri o qədər yanırdı ki, yəni ölkəni inkişaf etdirmək o deməkdir ki, bu nöqsanları aradan götürək. Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz. Onların dediyi bu idi. İnkişaf istəyən adam o nöqsanların aradan qaldırılmasını istəyir və onun üçün də yollar axtarır. Öz düşündüyü yolu deyir. Bu adamlar özləri edirlərsə, deməli, o adamlar ləzzət alırlar. Yaltaqlanmaqdan ləzzət alan adamlar var.

- Yəni problemi etiraf etməsən, onu həll etmək mümkün deyil.

- Şübhəsiz. Yəni insan bir xəstədirsə əvvəlcə xəstəliyə bir diaqnoz qoyursan, müəyyən edirsən xəstəlik nədir. Sonra baxırsan ki, bunu cərrahmı kəsməlidir. Və ya bunu terapevt müalicə etməlidir. Və müalicə kursu müəyyən olunur və onu müalicə edirsən. İnsanı sağaldırsan. Cəmiyyət də bu cürdür.

- Doktor, Azərbaycanın cərraha ehtiyacı var, yoxsa terapevtə?

- İkisinə də.

- Bəzi şeyləri kəsmək lazımdır. Nəyi kəsmək lazımdır?

- Mən belə fikirləşirəm ki, rüşvəti kəsmək lazımdır. Monopoliya olan şeyləri kəsmək lazımdır. Bu ikisi də ümumiyyətlə çox şeylərlə bağlıdır. Bizə görünən hissəsi bu ikisidir .və bu ikisi çox mühümdür.

- Deyirlər ki, kəsmək mümkün deyil. Rüşvət hər yerdə var. Və heç yerdə bunu kökü kəsilməyib. Azərbaycanda da kökü kəsilmir. Belə deyirlər.


- Müxtəlif cür deyənlər var. Yəni hökumətin özünün içində də insanlar var ki, çox istəyirlər. Mən sizə bir misal gətirim. Turizm institutu deyilən bir institut açılıb. Bu dövlət institutudur. Kiçik bir institutdur. O institutda mən bilirəm ki, rüşvət yoxdur. Ən azı o institutun rəhbərləri qəti surətdə istəmirlər ki olsun. Və ona görə də orada mümkün qədər təmizdir. Yəni bunu eləmək mümkündür. Niyə eləmək mümkündür? Çünki bunu idarə edən adamlar məqsəd onu qoyublar. Hesab edirəm ki bu mümkündür. Addım-addım etmək mümkündür. Ən azı məsələn təhsil sahəsindən başlamaq olardı. Çünki əgər bizim həkim gedib Tibb Universitetində oxuyursa, oxuyanda orada bilmədiyinə pul verib qiymət alırsa, ixtisaslaşmaya pul verirsə ki məni o ixtisas yox, ona qoyun, o
Tanıyıram Adnanı. Atasını, anasını da çox yaxşı tanıyıram. Bu yaxınlarda o mövzuda sualımız da olubdur. Mən zəng edib soruşmuşam bir-iki dəfə hökumətin yüksək dairədə olan insanlarından ki, burda bir irəliləyiş varmı? Mənim heç bir şübhəm yoxdur ki, onlar bu yaxınlarda azad olacaqlar
qurtaranda gedib bir il, iki il praktika keçməlidir, orada da pul verirsə, sonra o gəlib məni müalicə edəcəksə bu işin axırı nə olacaq?

- Yeri gəlmişkən, yerli həkimlərə müraciət edirsiniz?

- Heç vaxt. Ola bilər mən özümü itirim. Xəbərim olmasın. Bax elə burda yıxılım yerə. Onda yerli həkim çağıracaqsınız. Onda mənə baxacaq. Amma şüurlu sürətdə mümkün deyil. Mən bir dəfə müraciət etmişdim. Əleyhimə bir sıra məqalələr zadlar təşkil olundu. Mən dedim ki, mənə göstərin ki hansısa nazir, hansısa zəngin adam, hansısa imkanı olan adam bir xəstəliyi olanda burda özünü müalicə etdirir. O gedir Türkiyəyə, hətta İrana, bir hissəsi hətta İsrailə, Avropaya, Amerikaya, heç olmasa Rusiyaya və düz edirlər. Mən deyirəm ki, əgər tibb fakültəsində uşaqlarınızı oxutdurmaq istəyirsinizsə göndərin xaricə. Məsələn, Türkiyəyə. Türkiyənin bir neçə tibb universiteti var ki, Avropa səviyyəsindədir. Heç şübhəsiz. Çünki onların təhsil sistemi o sistemin içindədir. Bizdəki bu qapalı var idi təhsil sistemi indi ikisinin arasında qalıb. Bundan ona keçə bilmir.

- Dinləyici yazır: Deyilənə görə Xəzər Universitetində rüşvət yoxdur. Azərbaycanda bu, necə mümkündür?


- Çox qeyri-adi bir şey yoxdur. Biz burda oturmuşuq. Sizin radioda rüşvət varmı? Yox. Mümkündür deməli. Tək Azadlıq deyil, tək Xəzər deyil, yəqin başqaları da var. Beynəlxalq təşkilatlar da var. Mümkündür. Əgər mən istəsəm ki bir universitet qurum orada rüşvət olsun, o, çox asandır. Öz –özünə gedəcək. Mən istəyirəm ki orada rüşvət olmasın, onun üçün çox çalışmalıyam. Çox şərtlər qoymalıyam orada. Və insanlar bilməlidir ki, burda bir adam rüşvət alsa, və ya rüşvətə meylli olsa, o, avtomatik oradan gedəcək. Bu şeylər olmalıdır. Buna cəhd edənlər getməlidir və sonra da bir sıra insanlar var ki, siz onları öldürsəniz də rüşvət almaq istəmirlər. Onlar xoşbəxt ola bilmirlər. O cür insanları dəvət edin işə.

- Yəqin təəccüblənirlər ki, niyə belə edirsiniz? Bu fikirləri eşidirsiniz, yəqin ki...

- Hər hansı birimiz gedib bir mağaza açsaq, orada şəkər satsaq, daha çox pul qazanarıq. Onu da edənlər çox sağ olsunlar. Çünki etməsələr, biz şəkərsiz qalarıq. Amma biz onu etmirik. Daha az qazanmaq üçün gəlib burda oturmuşuq. Çünki hərənin bir yaradıcılığı var. Yəni insan xoşbəxt olmaq üçün o nəyi isə bir şeyi qurub yaradır. Məsələn, ailənin özü yaradıcılıqdır. Biri elmlə məşğul olur. Elmi əsər yaradır. O elmi əsəri yazmaqdan ötrü ac qalır. Çünki ondan ləzzət alır.

- Amma rüşvətxor olmayanın uğursuz olması barədə hekayə var Azərbaycanda. Razısınızmı bununla?

- Bir vaxtlar elə olubdur. Sovet dövründə o gerçəklik idi. Bizim yazıçılar da yazırdı. Amma indiki dövrdəki hər halda bütün məhdudiyyətlərə, çərçivələrə baxmayaraq indi insanlar müəyyən işlər görə bilirlər. Bizneslərini qura bilirlər. Nəsə alırlar, satırlar, istehsal edirlər. Xariclə işləyirlər. Sovet hökuməti dağılanda biznes quranların çox böyük bir hissəsi alimlər idi, fiziklər, riyaziyyatçılar, kimyaçılar idi. Çünki onlar obyektiv düşünüb məsələ həll etməyə öyrəşmiş adam idilər. Fizik və riyaziyyatçı neynəyir? Oturub müəyyən bir məsələ var, çətin məsələdir, məsələni həll etmək üçün üsullar tətbiq edir. Məsələni həll edənə qədər. Biznes mühiti də o deməkdir. Məsələ qoyursan, onu həll edirsən. Ona görə o adamlar gəldilər iş dünyasına, müəyyən iş gördülər.

- Yəni razı deyilsiz ki, rüşvət verməyən, almayan, rüşvət mühiti ilə razılaşmayan, eyni zamanda yaltaqlanmayan adamlar uğursuzdurlar.


- Uğurlu ola bilərlər. Yəni çox fəal olmaq lazımdır.

- Dinləyici yazır: Azərbaycan təhsilinin bu gündə olması kimin günahıdır. Konkret ad söyləyə bilərsinizmi? Və nə etmək lazımdır?

- Həyatda təhsil qədər çox şaxəli bir iş yoxdur. Bizdə bütün ailələr təhsillə bağlıdır. Bütün nə qədər ailələr var ki, ya uşağı məktəbdə oxuyur, ya anası müəllimdir, və .s. Yəni təhsildən geniş şəbəkə yoxdur. Bütün ölkədir. Ona görə demək ki təhsili bir adam düzəldə bilərdi və ya evini yıxa bilərdi o düz deyil. Əgər mən ailəmdə öz uşağıma yaxşı tərbiyə verib, ona oxumaq mühiti yaratmıramsa o uşaq gözünü açanda kitabı, dəftəri, dil öyrənməyi etməsəm, uşağı harın böyütsəm, biganə böyüdüb desəm ki oxumaq boş şeydir, diplom boş şeydir. Hamısı bunların yalandır. O uşağı nə məktəb düzəldə biləcək, nə cəmiyyət düzəldə biləcək. Ona görə cəmiyyətimizin bütün naqisliklərində hamımızın, hərənin bir payı var. Birinin böyük payı var, birinin kiçik. Ailə uşağını yetişdirə bilmirsə deməli ailə artıq cəmiyyətə bir ziyan vurdu. Ona görə mən bunu bir adamın üzərinə qoysam özü də adamlar da dəyişir axı. Hökumət adamı dəyişir, nazirlər dəyişir, rektorlar dəyişir, məktəb direktorları dəyişir. Mən hesab edirəm ki sadəcə mümkün qədər namuslu çalışan, düzgün, enerjili, alim adamlarımız nə qədər çox olsa inkişafa müəyyən dərəcədə kömək olardı əlbəttə hökumətin siyasəti çox mühümdür. Yəni təhsil elədir ki, onu tamam özəl bölməyə vermək olmaz. Məsələn, orta məktəb sistemini hamı oxumalıdır. İndi nəinki orta məktəb, bütün dünyada çalışırlar ki, ali təhsili məcburi, icbari etməyiblər, amma Koreyada qurtaranların 90 faizi təhsil alır. Azərbaycanda 15-16 faiz. Kimsə dedi 17 faiz. Mən o işin adamıyam. Hesablayıram. Artıq hesab olunur ki, ali təhsil almayan insanlar həyatda özünə iş tapa bilmir, yaşaya bilmir. Müəyyən bir səviyyə var. İnsan səviyyəsi var. O insan səviyyəsi ali təhsillə ölçülür. Nəinki orta təhsil, ali təhsil hamısı gərək səviyyəli və keyfiyyətli olsun. Bu bir prosesdir. Müəyyən müsbət addımlar atılıbdır. Xeyli şeylər də atılmayıbdır. İndi bunu konkret adama bağlaya bilmərəm. Çünki adamlar bir-birindən asılıdır. Hökumətdə də adamlar bir birindən asılıdır. Zəncirdir. Ona görə icazə verin mən konkret adam adı çəkməyim. Mən deyim ki, çox tərəflidir. Mən bunu deyim bir başında ailə durur. Bütün Azərbaycan ailələri. Həmin ailə gedib orta məktəbdə pul verir ki, uşağı oxumasın. Digər tərəfdə dövlətdir. Ailə ilə dövlət çox mühümdür. Ortada məktəblər institutlar, nazirliklər, qeyri dövlət təşkilatları, media və s. bunların hər birinin rolu var.

- Sizin universitetinizdə pul yoxdursa, adamlar özləri pul verirlər rüşvəti təklif edənlərdədir günah kimi arqumentin əleyhinədir axı bu faktın özü. Vətəndaş övladını oxutmamaq üçün pul verməyə hazırdırsa onda pul verməyə, təhrik edirsə müəllimi rüşvət almağa deməli bu sizin də universitetdə olmalıdır.

- Mən ona görə deyirəm ki, bir tərəfi ailədirsə, o biri tərəfi dövlətdir. Yəni belədir. Əlbəttə ki insanlar zəiflik göstərir. Hətta oxuyan uşaqlar da bəzən istəyərlər ki, asan qiymət almaq üçün nəsə eləsinlər. Sadəcə mühiti elə yaratmaq lazımdır ki, söhbət ondan gedir, ali məktəbdə, orta məktəbdə mühiti elə yaratmaq lazımdır ki, o şey mümkün olmasın. Yəni Xəzərdə bir uşaq elə eləsə, bilirsiz nə olar? Həmin dəqiqə o uşaq qovulacaq. Və yaxud müəllim bir balaca işarə vursa, həmin müəllim qovulacaq. Söhbət ondan gedir. Elə şeylər var ki güzəştə getmək olar, elə şeylər var ki, heç vaxt güzəştə getmək olmaz. Çünki prinsiplər var. O mühüm prinsiplər ki var, onda heç vaxt güzəştə getmək olmaz.

- Niyə digər universitetlərin rəhbərliyinin iradəsi çatmır bunu etməyə?

- Çağırın onları soruşun da (gülür). Görünür dəli deyillər, mənim kimi. Və ya dəlilik edə bilmirlər, eləmək istəmirlər.

- Dinləyici yazır: Bu gün mütərəqqi gənclərdən biri, Richmond universiteti və Xəzər Universitetinin məzunu Adnan Hacızadə həbsdədir. Ona arzularınız?

- Tanıyıram Adnanı. Atasını, anasını da çox yaxşı tanıyıram. Bu yaxınlarda o mövzuda sualımız da olubdur. Zənglərimiz olub, görüşlərimiz olub. Mən zəng edib soruşmuşam bir-iki dəfə hökumətin yüksək dairədə olan insanlarından ki, burda bir irəliləyiş varmı? Mənim arzum odur ki, insan həmişə çətinliyə düşə bilir. Və heç vaxt ruhdan düşmək lazım deyil. Valideyni və vətəni dəyişmək olmur. Bu, bizə verilir. Ruhdan düşmək lazım deyil. Mən arzu edirəm ki, tezliklə oradan azad olsun. Bunun üçün media, ictimaiyyət, ziyalılar onlar da müəyyən addımlar atır. Mənim heç bir şübhəm yoxdur ki, onlar bu yaxınlarda azad olacaqlar. Azad olanda da güman edirəm ki, o cür uşaqlar durub tezcə başqa yerə getməyəcəklər. Azərbaycanda oturub öz işləri ilə məşğul olacaqlar.

- Bu fakt gedib gəlmək istəməyənlər üçün bir arqumentdirmi?

- Gedib gəlmək istəməyənləri mən qəti qınamıram. Qoy onların bir hissəsi də orada qalsın. Əgər bir azərbaycanlı Londonda və ya Vaşinqtonda gedib faydalı bir işlə məşğul olursa, orada bir məsələ həll edirsə, özü inkişaf edirsə bu müəyyən dərəcədə Azərbaycanın inkişafı deməkdir. Çünki bir Azərbaycan vətəndaşı inkişaf edir. Bir gün ola bilər ki 5 ildən, 10 ildən sonra o qayıdıb gələcək. Və dünyanın hər bir tərəfində bizim güclü diasporumuzun, ağıllı adamlarımızın olması da Azərbaycana xeyri var o gedib arxasınca oxutdurmağa bir adam aparacaq, bir adamın işə düzəlməsinə kömək edəcək. Oturub bu iki ölkəni müqayisə edəcək. Bir kitab yazacaq. Ona görə nə qədər bizim adamlarımız dünyanın hər tərəfində xüsusən inkişaf etmiş ölkələrində olsalar o da bizim xeyrimizədir. Sadəcə onların hamısı orada olsa yaxşı deyil, hamısı burda olsa da yaxşı deyil. Qoy səpələnsin orda və burda. Çünki Azərbaycan ərazi etibarı ilə kiçik ölkədir, əhali etibarı ilə də 9 milyondur. Dünya çox böyükdür. Bizim vətəndaşlarımız gərək o qədər ağıllı və güclü olsunlar ki, azərbaycanlı hər ölkədə gedib işləməyi bacarsın.

- Ümumiyyətlə, bu iş barədə fikirləriniz nədir? Adnan Hacızadə və Emin Milli niyə həbsdədirlər, sizcə?

- Mən belə başa düşürəm onu. Tam səmimi deyirəm. Şərq və Qərbin fərqləri var. Bunu hamı deyib. Amma doğurdan çox fərqləri var. Fərqlərdən biri də mədəniyyətlərdədir. Şərqin mədəniyyətində belə bir şey var ki, böyüyə qarşı, ümumiyyətlə böyük insanlardan söhbət getmir, böyük gedir yaşca böyük, vəzifəcə böyük, və s. müxtəlif məqsədlərə görə doğrudan da böyük olan və ya böyük hesab olunan insanlarla kiçik hesab olunan insanlar yaşca, vəzifəcə digər parametrlərlə məşğul olan insanlar xoşları gəlməyəndə Qərbdə tətbiq olunan bütün şeyləri Şərqdə tətbiq etmək alınmır. Şərqdə müəyyən münasibətlərə əməl olunsa, amma mübarizəni aparırsansa apar, amma müəyyən şeylərə toxunma. Məsələn, mənim sizdən xoşum gəlmirsə, mən sizin işiniz haqqında danışım. Amma sizin şəxsiyyətinizə toxunmayım, sizin ailənizə toxunmayım. Sizi dəhşətli dərəcədə haldan çıxardacaq şeylərə toxunmayım. Elə şeylər deyim ki, məsələn deyim ki, niyə universitetlərdə rüşvət var? Niyə monopoliya var? Mən özlüyümdə belə fikirləşirəm ki, bizim qərbdə oxuyub gələn gənclər bəzən, məsələn, Amerikada və ya İngiltərədə olanda onlar artıq bilirlər ki, müəyyən dairələri var, orada hərəkət edirlər. Mən bütün İngiltərədə görünüm, İngiltərə mənə fikir versin o anlayış olmur insanda. O uşaq Azərbaycana gələndə o dəqiqə istəyir ki, hökumət məni çağırsın, iş versin. Çünki mən xaricdə oxumuşam. O dəqiqə istəyir ki, yüksək vəzifə tutsun. Görünsün. Şöhrət hissi və s. bu hisslər olanda o narazılıq lazım gəldiyindən bir az çox olur. Yüksək həddə çatır. Yəni insan həmişə narazı olmalıdır. İnsan həmişə narahat olmalıdır. İnsan çalışmalıdır ki nöqsanları aradan qaldırsın. Amma o həddə gəlib çatmamalıdır ki, sonra aləm qarışsın, sənin özün də gözlənilmədən zərbə alasan. Ona görə bir az bizim Şərq mentalitetinə uyğun hərəkət etmək lazımdır. Mən sizə bir misal gətirim. Bir dəfə Xəzər Universitetində bizə dedilər ki Avropa Birliyindən adamlar gəlib, onlar istəyirlər ki bir dövlət, bir özəl universitetlərdə görüşlər keçirsinlər görsünlər ki, tələbəli azadlıq, demokratiya barədə nə fikirləşir? Bakı Dövlət Universiteti və özəl universitet kimi Xəzər Universiteti. Gəldilər. Mən giriş sözündə çox açıq danışdım. Sonra sual cavab başladı. Bizim diplomatiyadan dərs edən mütəxəssisimiz orda oturan 4-5 deputata durdu dedi ki, siz nə demokratiyadan danışırsız, sizin hamınız yalandan seçilibsiz bura. Deputatlar çox pis vəziyyətdə qaldılar. Biri bunun üstünə aqressiv cumdu. Biri dedi ayıb olsun. Mən hər şey bitəndən sonra həmin müəllimə dedim ki, sən diplomatiya dərsi deyirsən, uşaqlara öyrədirsən ki diplomat necə danışmalıdır. Düşmənlə necə danışmaq lazımdır. Sən bunu uşaqlara necə öyrədirsən? Mənim böyük şübhəm var buna. Sənin özün diplomatiyadan dərs deyən adam Milli Məclisin 4 üzvünə birdən birə deyirsən ki, sən seçilməmisən. Bunu deməyə ehtiyac yoxdur. Əgər onu sən bilirsən, o da bilirsə, heç onu deməyə ehtiyac yoxdur. Sən ona demokratiyadan qəşəng bir sual ver. Söhbət bundan gedir. Yəni Azərbaycanda gənclər mən istəyirəm ki, gələndə həddindən artıq çalışsınlar.

- Bəs ağa-ağ, qaraya-qara deməmək.

- Yox niyə? Mən yenə də deyirəm. Məndən çox Azərbaycanda təhsil sistemində, elmdə qaraları ortaya çıxaran adam yoxdur. Mən bunları şəxsi müstəvidə demirəm, şəxsi müstəviyə gətirmirəm. Mən bunu deyirəm ki hamı günahkardır, hökumət də başda olmaqla. Yəni bura üçün ekstremist görünən müəyyən addımlara atmaq olmaz. Hollandiya o jurnal əhvalatı bütün İslam aləmində böyük reaksiya doğurdu. Çünki demokratiya o deyil ki, sən gəlib bir dinə məxsus olan adam desin ki, bu, demokratiyadır, mən Məhəmməd Peyğəmbəri götürüb camaata təhqir olunmuş göstərəcəyəm. Olmaz. Müəyyən şeylər var. Olmaz sadəcə. Ailədə siz uşağa olmaz sözü öyrədirsinizmi? Tərbiyədə mühüm şeylərdən biri olmazdır.

- Ümid edirəm o diplomatiyadan dərs deyən müəllimi işdən çıxarmamısınız?

- Qəti yox. Bizdə elə şeylər olmur.

- Dinləyici yazır: Nəyə görə Azərbaycanda sizin kimi əsl vətənpərvər, vicdanlı ziyalılarımız millət vəkili seçilib, Milli Məclisdə Azərbaycanın inkişafına xidmət etmirlər? Sizcə, buna səbəb nədir ki, Milli Məclisdə, həqiqətən də, millətin hüquqlarını qoruyan millət vəkilləri çox məhduddur. Siz yaxın gələcəkdə millət vəkili olmaq üçün namizədliyinizi verməyi düşünürsünüzmü?

Bunu yazan şəxs diplomatiya dərsi deyə bilər, sizcə?

- Yaxşı deyə bilər. Sonundan başlayım, mən düşünmürəm. Mənim deputat olmaq fikrim yoxdur. Və iştirak etməyəcəyəm. İkincisi, hesab edirəm ki Milli Məclisdə layiqli adamlar var. Müəyyən sayda layiqli adamlar var. Heç şübhəm yoxdur. Harda hamı yaxşıdır? Müəyyən sayda var. Bir də ən ağır şey seçkidir. Ən ağır şey bizim kimi ölkələrdə, keçmiş sovet ölkələrində, Afrikada, bir sıra Asiya ölkələrində seçkidir. Yəni Türkiyədən başqa müsəlman dünyasında ciddi seçkinin getdiyi, Türkiyədə də problem var bu sahədə bilirsiniz.

- Yəni buna görə getmirsiniz?

- Səbəblərindən biri odur. İkinci də mən fikirləşirəm ki, mən hər dəqiqə işləyirəm. İndi də işləyirəm. Gəlib sizinlə işləyirik. Mən niyə rektor dəvət etmişəm xaricdən? Məsələn, buna hamı qəribə baxır. Çünki mən fikirləşirəm ki, mən bir az daha böyük işlərlə məşğul olmaq üçün, gündəlik işlərlə bir adam məşğul olsun. Mən strateji işlərlə məşğul olum.

- Gedəcəksinizmi parlament seçkilərinə?

- Getməyəcəyəm yox. Mən sadəcə elm, təhsil, bir az yaradıcılıq, 5-6 kitabım var yarımçıq qalıbdır. Ona görə seçkiyə getməyəcəyəm. İstəmirəm.

- Dinləyici soruşur: Sizcə Emin Milli və Adnan Hacızadə hökumətin nöqsanlarını vurğulamamalıydılar? Yəni bu vəzifəcə böyük, yaşca böyüyə hörmətsizlikmi olur? Məsələn onlar Neft Akademiyasında baş verən terrorda qətlə yetirilən ruhuna hörmət olaraq gül bayramına yox demişdilər. Budamı hörmətsizlikdir?

-Qəti surətdə yox. Mən çox dəqiq danışdım ki...

- İcazə verin deyim. Çox qeyri-dəqiq idi cavabınız amma.


- Mən dedim ki, bütün etirazları, bütün nöqsanları göstərmək lazımdır. İnsanları təhqir etmək lazım deyil. Şəxsi məsələlərə toxunmaq lazım deyil. Ailə məsələlərinə toxunmaq lazım deyil. Kim olur olsun. Oturub burda diskussiya aparırıq. Mənə hər şey desinlər. Desinlər ki, Hamlet müəllim filan şeyi düz demədi, filan yerdə səmimi olmadı, filan şeyi düz etmir, filan şeyi düzgün qurmur. Amma mənim şəxsiyyətim və ailəmlə heç kimin işi yoxdur. Söhbət ondan gedir. Azərbaycan tərbiyəsi var. Azərbaycanlı olmaq həmişə pis şey deyil. Mən onun əleyhinəyəm.

- Sözün düzü, anlamadım bunun bloqqerlərə nə əlaqəsi var idi?

- Bəzi şeylər ona görə olur ki, 10-20 yaxşı şey edirsən, bir dənə şeyi düz etmirsən, səni ona görə tuturlar.

- Onlar kiminsə ailəsi haqqında nəsə deyiblərmi?

- Orada bir film əhvalatı olmuşdu, orada müəyyən şeylər olmuşdu. Onu təhqir qəbul etmişdilər. Mən ona işarə vururdum. Mənim uşaqlara öyrətdiyim, tərbiyə verdiyim odur ki, əgər insan səmimi deyilsə, ya hökumətə qarşı, ya cəmiyyətə qarşı, ya insanlara qarşı nöqsanları demirsə, bu çox pis şeydir. Hamı nöqsanları deməlidir və bir alqoritm düzəltmək lazımdır ki, onu aradan qaldıraq. Amma yenə də deyirəm ki, sadəcə Şərq qaydalarına uyğun olaraq bir az bəzi şeyləri etməyək.

- Dinləyici yazır: Bloqqerlərə görə dediklərinizi bilsəydim, bu gün Azadlığa qulaq asmazdım.

- Mən onları təriflədim də. Sözlər dedim məni yaxşı başa düşmürlər. Mən deyirəm ki, sadəcə müəyyən nüanslar var. Müəyyən nüanslarda həddi keçmək lazım deyil. Müəyyən bir şəxsi təhqirlərə yol vermək lazım deyil.

- Təşəkkür edirəm, Hamlet bəy, gəldiyiniz üçün.

XS
SM
MD
LG