Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Bəxtiyar Hidayət "Lider" (Hekayə)


Səhər çantasına para xamralı , bir az pendir və iki soyutma yumurta qoyub moruq yığmağa getmiş Əlövsət axşam evə ovuqanlı qayıtmışdı .

Hətta əlavə qazancı da vardı-təkcə evə qazanc kimi gətirdiyi 10 kq moruq deyildi.

Çantasını da çəyirtkə ilə doldurmuşdu ki bu da sabaha toyuq - cücənin yemi demək idi.

Bu o demək idi ki hardasa səhərdən günortayacan moruq dərmişdi- sonra kəndə enəndə köşənlikdə çəyirtkə tutmaqla məşğul olmuşdu.

Arvad da bu çəyirtkə tutmağın nə qədər çətin olduğunu bildiyindən kişinin üstündə əsirdi.

Əl-ayağını moruq didim-etmişdi Əlövsətin. Özgə vaxt oyy öldüm, qoyma gedirəm o dünyaya deyib haray qoparardı.

Amma qəribə idi ki Əlövsət sanki Şüşaya bayraq taxmaqdan gəlmişdi-üzündə gözündə elə bir sevinc vardı.

Arvad da bu gün qazancda olmuşdu-aşağı məhlədə ölən qadını o yumuşdu və demək yas yerinə kəsiləcək inəyin dırnaqları ona çatacaqdı. Həmçinin ölən arvadın köhnə-köşkürü də çatacaqdı ona.

Ölü yumaq pulu da bir ayrı. Həmçinin elə mərhumun üç mərasimində də gedib qazanın yanını kəsəcəkdi və demək qabaqdan qayıdan yeməklərdən yığıb gətirəcəkdi evə ki bu da bir həftələrinin yeməyi demək idi.

Sabah isə boşluqdu-və demək moruq satacaqdı.

Həmçinin bir şad xəbər də vardı ki qonşu Nəsib 10 manat göndərmişdi ki sabah mənim mal nobatıma getsin Əlövsət.

Amma bu qazanc yerlərinin bolluğu deyildi Əlövsətin üzünə sevinc ifadəsini yamayan. Arvad da bunu bildiyindən soruşmağı lazım bildi. Cavabında:
- Arvad, kiri arvad, bu gün ürəyim dağa dönüb.

Andır xəstəlik imkan vermirdi yerimdən qalxım mal otarmağa gedim. Bu gün nə görsəm yaxşıdı-bizim Qaragöz inək bütün malların qabağını çəkib aparır. Hələ Qarabulağa mal töküləndə görəydin.

Qaragöz inək malın hamısından qabaqda gəldi , suyun lap gözündən içdi. Sonra da elə ordaca dayandı-bir inəyi də qoymadı suyun gözündən içməyə.

Mal yellənəndə yenə qabağı çəkib apardı. Ürəyim dağa döndü. Liderlik edirdi Qaragöz bir naxır inəyə.

- Həə ay Əlövsət yaxşı ki onu satmadıq.

- Hələ bu nədi . Məşədini qancığı kürsəyə gəlir sən demə. Bizim Topuş da kürsəkdədi. Qancığın yanını kəsib liderlik edir Topuş.

Qalan itlər ona quyruq bulayırdı. Ürəyim dağa döndü , arvad. Ölü yerindən xeyli sür-sümük yığ gətir ona. Düşmən gözü çıxardandı o it.

- Ona görə kopolu İmran dəqiqədə şikayət edir ki itiniz çəpərimin altını oyuq edir. Paxıllıqdandı hamısı. Hələ o bürüşük Məhətə nə deyirsən? Deyir- itiniz hürüb məni yatmağa qoymur.

-Qoy partlasınlar. Bir o televizoru aç görək təzə nə xəbər var

***

Aləm dəymişdi bir-birinə. Televizor açılan kimi Xəbərlər proqramında onların tələbə oğlunu göstərmişdilər.

Hansısa piketdə tutulub –sonra da sərbəst buraxılmışdı uşaq.

Hətta adı belə çəkilmişdi - Yeni Gənclər Hərakatının sədri Ruslan Əlövsət oğlu Məmmədov (Ruslan Bəyturan) qeyri qanunu piketdə iştirak etdiyinə görə saxlanmışdır və şəhəri tərk etməmək haqqında iltizama qol çəkdikdən sonra sərbəst buraxılmışdır.

Əlövsəti sanki ildırım vurmuşdu:

- Getdi oxşadı demoqoq dayılarına. Deyəsən a köpəkoğlu nə istəyirsən axı sən.

Toy toğlusu kimi nə araya düşmüsən. Vay, vay , vay- uşağı pozdular , yoldan çıxartdılar. Az a qancıq o telefonu mənə ver.

***

- Bala, əl çək bu yoldan. Bax mikrofona qoymuşam telefonu- sən danışdıqca anan zülüm-zülüm ağlayır. A bala gül kimi familiyamız var, Bəyturan nədi? İndi vedrə bağlasın camaat bizə?

Deməzlərmi kasıb itinin adını Gümüş qoyan kimi bunlar da bəy adı götürüblər?

- Ata bu rejim bizi çəyirtkə kimi əzir. Mənim daha geriyə yolum yoxdu. O boyda hərəkatın lideriyəm. Ya məni qəbul etməlisən ya da başımdan keç. Mən öz yolumu seçmişəm. Bəli mən Bəyturanam – fəxr edirəm bununla.

- Sənin yoluna da tüpürüm , təzə famılıyana da qancıq oğlu qancıq. Batırdın adımızı sən, batırdın.

- Ata elə ona görə bu gündəyik. Dəstəyini zadı istəmirəm sadəcə mane olma mənə.

Beləcə kontur qurtaranacan Əlövsət uşağın beynini dəng elədi. Sonra isə belə qərara gəldilər ki o 10 manata Əlövsət sabah yox birisi gün bilet alıb getsin Bakıya uşağın başına ağıl qoymağa.

Çünki sabah mal nobatına gedəsi idi. özü də bu söhbət telefonda həll olunası deyildi. Telefonla ağsaqqal söhbəti etmək olmazdı.

Əlövsətin arvadı hələ də zülüm–zülüm ağlayırdı:

-Yazıq balam, səni kim çıxartdı yolundan? Allah baisin evini yıxsın.

Bəxtiyar Hidayət
Qazax
XS
SM
MD
LG