Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:20

Sultan Mərzili "Korun dastanı" (Hekayə)


Xalqımızın dədə-babadan ən çox çox sevdiyi nəsnə dastandı.Ona görə də bir tərifə layiq olan işdəyə dastan deyirlər.

Nə roman, nə kino, nə fə teatr demirlər. Hərçəndi Şekspir dünyaya teatr deyib, biz onu dastan eləmişik.

Ola bisin baletə də oxşadırlar, çünki "mən filankəsi balet elədim, bəhmənkəsi balet elədim" deyən də olur.

İndi keçək dastanımıza. Ən böyük dastanımız hansıdır? Bilən bilsin, bilməyəni qandırmayaq.

O dastanı yarımçıq oxuyub yarımçıq da bir əlyazma kimi başa düşənlərə görə "Kitabi..." hə o, Dədəm Qorqudun söylədikləridir.

Bəs, məncə o tarixdir, kişilər onu qanlarıyla, canlarıyla o qədər gözəl yazıblar ki, sonrakı nəsillər bunu dastan hesab edib, belə tarix olmaz deyiblər.

Tarix bizdən yazılan kimi olar, deyiblər. Və hər verilən yurda ağı kimi bir anıt qoyub, dastan qoşublar.

Kim çox yurd paylasa onun anıtı hamıdan çox olur, budur ədalət, elə sazı sinəyə basmağınan deyil ki...

Məsələn, Osmanlıya gedən yurdun xatirəsinə Qərib və Şahsənəm, erməniyə qalan yurdlar Əsli və Kərəm, gürcüyə qalan yurdumuz Sənan və Xumar, farsa qalan Tahir və Zövrə, o biri də eldən ayıb olduğu üçün adını çəkmədiyim də Məmməd və Nataşa dastanı kimi yazılıb tarixdə qalıb...

Son Qarabağ dastanı da yazılıb hazırdı, amma siyasi vəziyyət üzə çıxarmağa imkan vermir, dastan qəhrəmanlarının bir qismi ölüb, bir qismi itib, bir qismi hələ də at çapır, özü də xarici cinsdən olan bahalı atlar...

İndi keçək haqqında bəhs etdiyimiz öz dastanımıza. Çox qəşəng dastandır, oxuyan kimi adamı ağlamaq turur, gözündən sel kimi su gəlir, sayğac heç nə yazmır, su pulu müftə düşür.

Amma bircə nöqsanı var, belə tarixləri ha tərifləyirsən, ha bəzəyirsən, üstünə yumurta sarısı, inək yağı, küncüt-filan da yaxırsan, yenə də təndirə yapmaq istəyəndə sıyılır, küt gedir.

Başlayırsan acından və acığından onu küllü-küllü deyinə-deyinə, "nanay-nanay" oxuya-oxuya ala-çiy yeməyə.

Olur klip kimi bir şey, bir az ərəbdən, bir az farsdan, bir az rumdan, bir az rusdan, bir az qoca bir erməni kirvədən eşitdiklərini cəmləyib qoyursan ortaya, ağzının-gözünün suyundan qatıb qaranlıq düşüb, ip-ipdən, sap-sapdan, sap da baltadan seçilməyən vaxt "bissimillah!" edib tarixi iftarını açırsan.

Bəli gah yanıb, gah sönüb öləziyən şeytan əməli olan tok işığına rəhbərlik edənin qarasına da, ağına da bir lomba tüfürcək göndərib dədə-baba qaydasında şam işığında əyləşərək başlayırsan düşünməyə.

Baş o qədər şişir ki, nəinki dastan, hətta neçə-neçə torpaq altında, su altında qalıb zay olmuş yemiş-qarpız və boranı-xiyar bostanları da da rahatca içində yerləşir, hələ bir neçə sot dükan-bazar tikmək yeri də qalır.

Amma bu zaman qədimi sufilər kimi hücrə qurbanı olmamaq üçün cihazın, yəni qafanın puçunu burub qazını azaldıb ölçüsünü reallıq boyda, yəni qapıdan, yaxud pəncərədən dışarı çıxacaq boyda kiçildivb əyləşirsən yerində. Başlayırsan bu tarixi dastanı, yaxud dastan olmuş tarixi oxumağa.

Əvvəl rastına çıxan səhifəni Rast üstündə başlayırsan, görəndə ki, ağır gəlir, keçirsən təzə səhifəyə.

Başalayırsan birincidən, o çox sadə görünür, belə olmaz, onun üstünə aşırıb mürəkkəb töküb işi mürəkkəbləşdirirsən ki, işi bitirəndə "barıəkallahın" yağlı olsun, quru necə boğazdan keçər?

Şayət, mürəkkəb tapılmasa, lüğətə baxıb bir qəliz söz tapııb, türkün məsəli, içinə qoyursan.

Əlqərəz, başlayırsan "Yekgah"dan, dalınca "Dugah", sonra "Segah" burda bir az artıq ayaq saxlamaqla keçirsən "Çahar gah"a! "Pəncgahı", "Şeşgah", "Həftgahı", "Həştgahı" və s. gahlardan da danışa bilərik, şükür Allaha, və Allahaşükür ki, savad və bilgilərimiz buna da yol verir.

Deməli, babalarıımızın Qafdan -Qafa qartal kimi uçmağınmdan yan keçib, təzə marşrutla gahdan-gaha bülbül kimi səkərək, arada bir nəfəs alıb düşünürük də. "Həştgahı" oxumağın bir çətinliyi var, bunu ancaq təcrübəli qoca xanəndələr bilir, amma cavanlara deməyəcəm, gülüb sirrini ağızlarından yad yerdə qaçırmasınlar... İndi, bilən bilir, bilməyən də bilsin:

Ən böyük dastanımız "Korun dastanı"dır. Çünki, o dastanı hələ kimsə görməyib və kimsə də oxumayıb!

Vur-tut, bir-iki ağlı, gözü, bəsirəti olanlardan başqa. Qədimlərdə oxuyanlar da ərəb əlifbasına uyub arxadan tərsinə oxuyub, qabaqdan türkün məsəli, düzünə oxuyan olmayıb.

Və bu dastana bir gözəl, hay-haraylı müzik dəxi qoşulub ki, bəlkə ordakı, nağara, zurna-balaban səsinə qulaq asıb başa düşən oldu.

Yox, onda da zurna-balabana heyran olub dastan nədən bəhs edir ona fikir verilməyib! O səbəbdən zurna-balaban və nağara-tam-tam səslərinə ara verib iki kəlmə söyləyək, yəni dağ boyda kiçik bir işarə edək, bəlkə anlayan oldu.

Dastanın hal-qəziyyəsi budur ki, qədim zamanlarda, Ala qayadan Qızıl Öküz, Qara dağdan Kəhər Yabı uçan əsrdə bir pis günə düşmüş millət var imiş.

Həmən bu millət pis günün, pis güzəranın əlindən ata minib, ulağa minib, imkansızlar ayaq yalın, pay-piyada yola düşüb hərə bir yana baş götürüb gedirmişlər.

Bir qismi az-çox elmi savadı və millətinə yanğılı qeyrət hissi olanlar düşünüblər ki, bir qəlbi dağın başına çıxıb, qədimlərdə olduğu kimi tanrılarına şikayət etsinlər, dua etsinlər, bəlkə o da bir tədbir, yaxud qardan-doludan bir şey tökə.

Ya da ildırımını şaqqıldadıb insafsız və dinsizləri qorxuda.

Bu vaxt, yəni camaat çox toplananda, ən bığı burma igidini, ozünə başçı seçmək istəyib ki, Tanrı-taladan bir səs-səda gələnə kimi qurd-quşdan, qaçaq-quldurdan onları qorusun.

Tanrı bəndələrin gözünə görünə bilməz, istəsə də görünə bilməz, çünki ona göz, ağıl davam gətirməz, hamısı həlak olar, toza-torpağa çevrilər və o əlindən qaçdıqları zülm bunun yanında muştuluq olar.

Ona görə Tanrı əvvəl bir duman göndərdi ki, hava sərinləsin, bəndələrin də gözünü bir az bağlasın.

Bu səbəbdən bura olur Çənli bel. Hə, deyəsən indi tanış gəldi! Səhv eləmirəmsə, bu dumandan da bir fayda görünmür. Amma yenə: "Alah, şükür! deyirəm. Duman yerinə od göndərməmisən."

Hər şey seçkilərdə bəlli oldu. Yəni dağlara duman gəlməmişdən öncə bu qədər başsız millətə bir başçı, sərkərdə seçilməliydi və özü də dədə-baba qaydada açıq, ədalətli.

Amma bu xalq, bu millət uzun müddət Oçiritlər İmperiyasının sümürgəsində olmuşdu, orda haqq-ədalət var idi, hər şey oçiritlə olurdu, düzdü, oçiritsiz də qabağa soxulmaq olardı, amma bu əxlaqa zidd sayılırdı.

Həmən bu dağa tərəf təzəcə səs-səda düşəndə bir kor-kar kişi eşitdi ki, camaat cümə məscidinə yığılıb elin dərdindən məşvərət edəcək.

Bəli, məscidə yığlanda day nə üçün yığılarlar, laqqırtı vurmaq üşün yığılmazlar ki?!

Amma bu kasıb, kürkü yırtıq kişi, bir az kar, bir az da kor olduğu üçün elə bildi ki, hardasa təzə məscid tikilir və durub gedib o yerdə "allah mübarək eləsin!" demək üçün yola düşdü.

Gəzə-gəzə, aza-aza gəlib çıxdı bir dağ başına. Bunun bir mehriban oğlu vardı, gördü dədəsi itib, kişini gördüm deyən də yoxdu, harda ölüb, harda itib bilən də yoxdur, tapmasa biabırçılıqdı. Ölüncə xalqın üzünə də baxa bilməz.

Atının belini qırladı mindi ki, yolda yuxu tutub yıxılmasın. Həmən bu qırlı atın üstündə soraqlaya-soraqlaya gəlib çıxıdı bu dağın başına. Beləcə aləmə hay düşdü... dallarıca millət tökülüb gəldi.

Biri dedi dağda xəzinə var, biri dedi karvan yolu var, biri dedi ditdili yoxdu, o biri dedi yaxşı otluqdu, biri dedi kababxana açmaq olar, nalox-filan da yoxdu.

Əlqərəz, milli ət əlindən tərpənmək olmurdu. Kor kişinin oğlu dədəsini tapandan sonra bir təhər atdan düşüb atı yançidar edib çəmənə buraxdı.

Şalvarnın arxasından ətinə yapışan qırı qoparmaq istəyəndə gördü qoppur.

Dədəsininin qulağına pıçıldaı ki, dədə, bəs belə-belə, bu qır məndən qoppur.

Dədəsi dedi ki, o qırı kimdən almışdın, bir tikə mənə ver görüm.

Qırın bir keçi qığından da kiçik, çəpiş qığı boyda qırığını alıb əlində həfdi, sonra iyləyib dilinə vurdu və tüpürdü.

Oğlu cavab vedi ki, bəs fialnkəsdən almışdım. Kişi başını yellədib astadan pıçıldadı:

"O Hasanın atasını yandırmaq bizə borc olsun! Hələ dönə-dönə tapşımışdım ki, uşağa yaxşı qır verərsən!

Eybi yoxdur, oğul, bu da yarayar. Bu sən düşünən qır deyil, bu mumiyadır bala, biz bundan inşallah, yaxşı var-dövlət də qazanacağıq.

Həccə də gedəcəyik, dünyanın hər yerin də gəzəcəyik. Bu elə mənim də gözümün də, qulağımın da dərmanıdır. Bu haqda heç kimə bir söz demə! Altdan-altan satıb dədə-bala dolanarıq." Oğlu:"Baş üstə!" - deyib bir daldaya keçdi ki, şalvarı birtəhər əynindən çıxartsın.

Bəli, qoca kar-kor kişi səs çıxartdı ki, Loğman elə bu özüdür, kimin nə dərdi, ağrı-acısı var, müalicə edə bilər.

Uzun müddət pay-piyda yol gəlmiş adamların ayaqları qanlı qabar bağlamışdı, dağın soyuq havasından hovlayıb şişmişdi.

At-ulaq üstündə gələnlərin də ayıb olnasın, qıçlarının arası şişib dana başı boyda olmuşdu, düşüb yerdə gəzə bilmir, heç peşav eliyə də bilmirdilər, bar-bar bağrırdılar.

Loğman oğlunun dalından, o da azalanda atın belindən qır qoparır, tüpürcəkliyib yaraya sürtür, dua oxuyub üfürür, bir hissəsini də tüpürcəyndə və suda həll edib onlara içirirdi.

Bir həftəyə hamı sağalıb qoz kimi oldu. Xalq əməlli-başlı dirçəlib gümrahlaşdı, çalıb oxuan kim, bu qayadan o qayaya hoppanıb özünü atan kim, bir-birylə kəllələşib baş-göz yaran kim...

Dedilər, iş ki, belə oldu, gəlin özümüzü respublika elan edək, padşah seçək, kimdən əskiyik ki?

Bu dəfə, biri dedi ki, Türk paşası qoymaz, biri dedi ki, Urus paşası qoymaz, biri fars, biri də erməni dığasından çəkindirdi.

Ağsaqqal seçməyi təklif edənlər də oldu. Axırda axsaqqal şah, ya da cavan şah seçmək şərtilə razı oldular ki, bunlar da inkişaf edərək padşah olsunlar.

Sonrasını komissiyalar həll etməli idi. Uzaq başı, ya ağsaqqalın saqqalı qırxılıb cavan şəklə salınmalı, ya da cavan saqqal qoyub hənalamalı idi.

Yaxud da hər ikisi bir yerdə "oçiritinən" idarə etməli idilər, biri yorulanda o birisi olmaq şərtilə. Bunu bir təhər yoluna qoydular, bəs necə seçsinlər?!

Bax bu çətin məsələ idi. Bir belə millətdən heç birinin quşu yox idi, hamısı kişi xaylağı, yaddarından çıxıb, götürməyiblər, quşsuz baş elə daşsız başdır!

Yəni, dədə-baba qaydada bir Dövlət quşları olsaydı uçurdardılar, o da kimin təpəsimə qonsaydı, uzaq başı zıl atsaydı, onu da şah seçərdilər. Amma quş yox idi, iş var idi və o da tərs kimi görülməli idi.

Görüldü də.

Oçiritlər imperatorluğunu söysələr də, orda gördüklərindən götürmüşdülər də.

Ağsaqqallar şurası qərara aldı ki, kim birinci bu yerə gəlib çıxıbsa, o da şah olsun.

Yoxlayanda gördülər ki, bir bazburutlu kasıb kişidi, özü də bir həftədən artıq dı ki, bu dağlarda loğmanlıq eləyir.

Hamıya yaxşılığı keçib, amma bir az kördü, qulağı da bir az kardı. Bunu ortalığa çəkdilər. Dedilər:

- Axsaqqal, adın nədi?

Dedi:

- Hay?

Belə deyəndə biri pıqqıldayıb güldü. Üstünə təpindilər ki, adam axsaqqala gülməz.

Ozü də bu loğman kimi şeydir, bəlkə elə bu dərdimizn də əlacı bundadı.

O birsi pıçıldadı ki, ə vallah düz deyir, bu dəəsən elə "haydı." "Musurmadımı ə, görəsən?"-. Ağsaqqallar bunu da deyənin ağzının üstündən vurdular.

Sualçı yaxına gəlib bərkdən və aydın səslə soruşdu:

- Ay ağsaqqal, adın nədi? - deyəndə, tükü-tükdən seçən dünyagörmüş, çox şeylər eşitmiş, ona görə də əsl müdriklər kimi, bir az kar, bir az da kor olan axsaqqal çəliyinə dirənib ayağa qalxdı və çox aydın, zəhmli səslə dedi:

- Adım Alıdı, özü də bir oğlum da var. - Belə deyəndə, xalq əl-ayağa düşdü, bunun oğlunu da tapıb üzə çıxartdılar.

Oğlu qayalığın dalında təzəcə şalvarıını dəyişmişdi.Gördülər vallah, bir enlikürək, alagöz, bığı burma, hündürboylu cavandır ki, iki göz istəyir ona baxsın.

Elə bir yumruğu var ki, dağın başına vursa başı, daşına vursa daşı ovulub un kimi tökülər, bundan yaxşı dəyirmançı da çıxarmış.

Amma Oçiritlər ölkəsindən qaçıb gəlmiş bu şikayətçi bəndələr oçiritə əməl etməli idi. Dedilər:

- Alı kişi, sən bizə şah olmalısan!

Kişi duruxdu, başını yellədi, bir az şirin-şirin güldü. Dedi:

- Bəs siz nə təhər xalqsınız ki, şahınız da yoxdur? - Gördülər ə, deyəsən bu hələ naz eləyir, məzələnir də. Dedilər:

- Nə bilək vallah, tanrının qəzəbinə gəlmişik, bu dağlara gəlməmişdən qabaq birini seçmişdik, qısqı bərk gələndə qaşdı, biri br az çox işdi, boş-boş danışdı, aləmi qatdı-qarışdırdı, o birsi dedi ki, əvvəl bir xəzinəyə baxım sonra bir söz deyərəm, elə xəzinə ilə bir yerdə yoxa çıxdı.

Alı kişi fikrə ketdi:

- Tay deynən ki, yetim qalmısınız də!

Millət kövrəlib ağlamsındı və xorladı:

- Bəli yetim qalmışıq, yiyəmiz yoxdur! Amandır, bizə sahib dur, atalıq elə!

Alı kişi əsl siyasətçi kimi tələsməyin və tələsməməyin nə olduğunu bilirmiş, elə bil ki, yüz ilin padşahı imliş, təqaüdə çıxıb dünya qayğılarından dincəlmək istəyirmiş, amma...

Nə fikiləşdisə, çəliyini yerə qoymadı, oğluna verib, çuxasının ətəyini ikiəlli qaldırdı və dedi:

- Mənə daş gətirin!

Bir şey başa düşməyən camaat sevindiyindən artıq sual da vermədən ona bir xeyli irili-xırdalı daş gətirdi.

Fikirdən-xəyaldan yorulmuş adamlar heç yığıb gətirdikləri daşların ağmı, qaramı, bozmu, parıltılımı olduğuna da fikir vermədilər. Alı kişi daşı ətəyinə yığıb dedi:

- Bax bu daşlar haqqı, yerimiz - yurdumuz özümüzə qayıtmayınca, mən bu daşları ətəyimdə saxlayacam!

Sizə və sözə xəyanət eləsəm, hər birinz gəlib bu daşları götürüb vurub mənim başımı yara bilərsiniz!

Mən axsaqqal adamam, bu yaşımda yalan mənə yaraşmaz!

Xalqın gözü yaşardı, elə bil bulaq qaynayırdı, kiminin gözündən qazlı su çıxırıdı, kimisininkindən isti su, kimisindən də turş su.

Mineral bulaqların gür qaynayan yerində Kimsə əlini sinəsinə çıpdı, kimsə təpəsinə. Zirəklərdən birı əlini-əlinə çırpdı, çapan ağlasığmaz alqışlara çevrildi. İranlı bir kankan tez düsərini-külüngünü götürüb qayadan kişinin heykəlini yonmağa başladı.

Turanlı şair-aşıq saz-qopuzu sinəsinə basıb dastanın finalına çıxdı. Yurdubilinməz rəssam kətanı elə gərgilədi ki, fırça dəyəndə elə bil tapança açıldı.

Hələ heç şah əməli-başlı seçilib and içib üstündən bir tikə çorəyi duza batırıb yeməmiş, olan-qalan qoyunlar kəsildi, cöngələr soyuldu, kabab-kababa söykəndi.

Millət kababı yeyib sümüyünü gəmirib dişini qurdalamağa bir çöp axtaranda, gördü ki, Alı kişinin gözünə işıq, üzünə yaraşıq gəlib və bu dağların başında elə bir dəm-dəstgahlı saray tikdirb ki, deyirsən bəs o cənnət deyilən Gülüstani-İrəmdi.

Eyvanına qızıl-gümüşdən sarmaşıqıar dolanıb, üstünə şeh kimi almazlar düzülüb!

İstədilər yüyürüşüb bunun ətəyindən tutalar, ayağna düşələr, əlindən öpələr, amma gördülər ki, sivil bir avropa kostyumunda, üstündəki yaqut qaşı xoruz başı boyda olan qırmızı qalstuqda, şax-şux bir insan qəlbi taxtda əyləşib, nə əl çatar, nə ün yetər, zəhmindən yer yarılır, göy titrəyir, ulıduzlar tökülüşür.

Qabağa yeriyəndə pəzəvəngi ayı kimi can güdənlərin bir qıçı darvazanı örtdü, göyə qaldırdığı dəyənəyinin ucu buludlara toxunub şimşək və ildırım yaratdı.

Göy elə gurladı ki, elə bil nə üçün yığılışıb bura gəldiklərini unutduqlarından Göy Tanrı onlara qəzəblənmişdi.

Camaat xoflanıb qaçdı, dağ kahalarına və mağarlara doluşdu. "Allah sən saxla!" - sədaları göylərə qalxdı. Hardansa iranlısifət, yumrubaş, toppuş, zirək bir mola irəli atılıb Saturn planetinə oxşayan əmmaməsini çıxarıb yellətdi, şeyx kimi camaatı hayladı:

- İncə biyaaa! Ay qorxmayın, gəlin namaz qılın, xüms verin, zəkat verin! Həcc, Məşhəd ziyarətlərini niyyət edin, hər şey düzələr!...

Camaat ürək edib mağaralardan çıxmırdı, amma bunun bəlası nədir ki, Kərbəlanın adını tutmadı, deyə bəziləri fikr etdi və düşündü ki, day nə şey qalıb ki, düzəlsin, ya əyri bitsin.

Bu müdrik düşüncə ilə ozonlu təmiz dağ havasında tərəkəmə kimi canıbıərk olmuş millət göz yaşlarını xatırladan yağışın nəğmələri altında şirin yuxuya getdi. Mağaraların birində vur-tut iki nəfər insan oyaq qalmışdı.

Biri o birisinə dedi:

- Gərək o daşı ətəyinə yığanda, birimiz deyəydik ki, əşi, gəl bu daşı ətəyindən tök!

O birisi adam ona dedi:
- Sən indi bir ətrafa bax, gör bircə dənə də daş qalıbmı, yoxdu! –

Sonra qəmli-qəmli ah çəkdi. - Hər tərəf güldü-çiçəkdi, ağaclıqlıq, kolluqdu, amma bircə dənə də olsun daş yoxdu!

Birinci insan ona güldü:

- Neynirsən ay bədbaxt daşı, başına vurcaqdın, ya daxma tikəcəkdin? Oturmusan də bu təbii mağaranın içində, təmiz havada. Qoyuna getmirsən, mala getmirsən, hər tərəf radiodur, televizordur, bax, qulaq as, qulaq as bax. Allaha şükür, heç baş-gözünü xarab eləyən qəzetə-kitaba da ehtiyac yoxdur, day nə dərdin olmalıdr?!

- Yox ey, daş istəyirəm!

- Kimin bostanına atacaqasan?

- Əşi bostan nədi, bağ nədri, qara nədi ağ nədi! Sən bilirsən ki, heç o daşlar nə daş imiş?

- Nə daş imiş ki? Axı nəyimə gərəkdi? - deyə müsahibi at qırından çeynədiyi saqqızı şişirdib quzu başı boyda şişirtdi.

- Çünki o Alı kişinin gözləri bizimkindən min dəfə uzağı görürmüş, qulağı da min dəfə uzağı eşidirmiş!

O birisi saqqıızının şişini ləzzətlə partladıb dedi:

- Yəni daş kömək eliyib sağaldıb?

- Bəli! Bəli! O daşlar hamısı almaz imiş, Afrikanın lap qurtaracağında bir zavod var, "De birs" zavodu, orda yondurub brilliyant ediblər, ğörmürsən hər-tərəf par-parıldayır!

Özümüz kor kimi yığıb gətirib ətəyinə qoymuşuq, indi hardan bir daş tapaq ki, başımıza salaq!

- Ax-vax! Sən bunları hardan bilirsən? - deyə müsahibi daşsız qalmış başına əllərini şappıldatdı.

- Adam qəzet kitab olmayanda arabir heç olmasa xəbərlərə qulaq asar, - deyə o da əlini həmsöhbətinin şən başına şappıldatdı. Şappıltıdan sanki mütləq sükut bürümüş dağlara əks-səda düşdü. Bu əks-sədaların gerçəkmi, ya qallüsinasiya olduğu bilinmirdi, sanki kimsə uzaqlardan yazıq-yazıq, təkrar- təkrar səsləyirdi:

"- He-he-heey! Bura gəlin, daş tapmışam! He-he-heyyy!"
XS
SM
MD
LG