Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:32

Deputatlığa namizədlərə niyə təzyiqlər edirlər?


Bədrəddin Quliyev
Bədrəddin Quliyev
«Mən atamdan başqa heç kəsdən xeyir-dua almıram». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Cümhuriyyət Xalq Partiyasının sədri, Nizami rayon 2-ci Seçki Dairəsindən deputatlığa namizədliyə iddialı olan və bu yolda ona təzyiqlər edildiyini bildirən Bədrəddin Quliyev deyib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan B.Quliyev bu təzyiqləri ona gömrük orqanlarının yaratdığını bildirib. Və deyib ki, apardığı danışıqların nəticəsi olaraq belə qənaətə gəlib ki, bu, onun deputatlığa namizəd olması ilə bağlıdır. O deyir ki, hazırkı Azərbaycan mühiti ilə ayaqlaşmadığına görə ona belə problemlər yaradılır:

«Burda məsələnin mahiyyəti ondan ibarətdir ki, mənim bu sistemi bilməyim, əslinə qalsa uzun müddət hökumət işində işləməyim, seçkilərə bu cür güclü bir namizədin getməyi, özünün bir sistemi və partiyası olması, yəni heç bir kəsdən asılı olmayan bir adam çox böyük və dəhşətli vahimə yaradıb. Azərbaycan mühitində elədir ki, gəlsinlər bizdən xeyir-dua alsınlar. Mən atamdan başqa heç kəsdən xeyir-dua almıram».

Bədrəddin Quliyev ona qarşı edilən təzyiqlərlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

İNDİ NİYƏ BU MƏRHƏLƏDƏ OLUR?

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov isə namizədlərə indidən təzyiqlər edilməsini qanunvericiliklə izah edib:

«2005-ci ildə namizədlərin qeydə alınması mərhələsinə qədər belə problemlər yox idi. Ancaq namizədlər qeydə alındıqdan sonra onlara, hədə-qorxular gəlinməsi, müxtəlif formada təzyiqlər vardı. İndi niyə bu mərhələdə olur?

Hafiz Həsənov
Bir məsələ aydındır ki, 2008-ci il 2 iyunda Seçki Məcəlləsinə bir sıra dəyişikliklər olundu və onda Venesiya Komissiyasının təklifi ilə belə bir dəyişiklik olundu ki, namizədin qeydiyyatı o halda ləğv oluna bilər ki, onun barəsində ya cinayət işi üzrə məhkəmə hökmü, ya da inzibati xəta üzrə qərar olsun».

H.Həsənov deyib ki, bu təzyiqlər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır:

«Qanun nəzərdə tutur ki, bu partiya oldu, dövlət orqanı oldu, vəzifəli şəxs oldu, adi insan oldu, namizədə təzyiq varsa, seçicinin iradəsinə təzyiq varsa, seçki hüququnun həyata keçirilməsinə təzyiq varsa, qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır. Bunları vəzifəli şəxs etdikdə, artıq onun məsuliyyəti daha çoxdur. Artıq burda cinayət məsuliyyətindən söhbət gedir».

PSİXOLOJİ BİR ŞEYLƏR OLA BİLƏR

Məhkumluğu üzərində saxlanılan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə bununla seçicilərə və onun özünə psixoloji təsir edilə biləcəyini istisna etmir:

«Ola bilsin psixoloji bir şeylər ola bilər. Seçicilərə və şəxsən mənim özümə ki, bunun üzərində məhkumluq-filan var. Amma inşallah mən elə bir dairədən namizədliyimi vermişəm ki, oradan həbsdə yatmağım güman etmirəm ki, ciddi problemlər yaratsın. Bir psixoloji təzyiq ola bilər».

Qənimət Zahid
Hafiz Həsənov da Qənimət Zahidin üzərindəki məhkumluğun qanunla onun namizəd olmasına problem yarada bilməyəcəyini deyib. Seçki üzrə ekspert bildirib ki, yalnız üzərində ağır cinayətlər olan şəxs, yəni 7 ildən 12 ilədək və ondan daha artıq məsuliyyəti olan şəxs seçkilərdə namizəd kimi iştirak edə bilməz.

MƏNİMLƏ BAĞLI PLANLAR HƏLƏ BİTMƏYİB


Qənimət Zahid isə məhkumluğun ona namizəd kimi problem yaratmayacağını təsdiqləsə də, bunun neqativ nəticələrinin olacağından ehtiyyatlanır:

«Məhkumluğun üzərimdən götürülməməsinin neqativ nəticələri də ola bilər. Məsələ burasındadır ki, məhkumluq nə qədər ki, mənim üzərimdədir, yəni normal olaraq bu 3 il ərzində təkrar bir cinayətdə ittiham olunsam, bu ağırlaşdırıcı hal sayılır və iş məhkəməyə çıxarılsa, mənə müəyyənləşdirilən cəzaya əlavə gəlir. Məhkəmə bu qərarı verəndən sonra mən belə hesabladım ki, mənimlə bağlı planlar hələ bitməyib. Və yəqin bunlar hələ məni həbs etməyə hazırlaşırlar».

XS
SM
MD
LG