Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:30

«Armen Smbatyanın Bakıya gəlməsindən QAT-ın xəbəri olmayıb»


Akif Nağı
Akif Nağı
«Tərkibində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyanın da olduğu bir qrup MDB musiqiçisinin Bakıya gəlməsindən QAT-ın xəbəri olmayıb».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

«Bizi xalq diplomatiyasına qarşı çıxmaqda ittiham edirlər. Hamı bilməlidir ki, prinsip etibarilə QAT və mən özüm də xalq diplomatiyasının əleyhinə deyiləm. Amma onun hansı zamanda, hansı məqamda həyata keçirilməsi məsələsi var...».

A. Nağı düşünür ki, Azərbaycan torpaqları işğal altında olduğu bir dövrdə ermənilərin bura gəlib mədəni tədbirlərdə iştirak etməsi Azərbaycan xalqına başucalığı gətirmir:

«Hakimiyyət də, o görüşü təşkil edənlər də başa düşürlər ki, millət qarşısında, cəmiyyət qarşısında xəta edirlər. Yanlış bir iş görürlər. Ona görə gizlin edirlər. Hesab etsəydilər ki, yaxşı bir işdir, onu açıq şəkildə edərdilər...».

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov da
Əvəz Həsənov
deyir ki, bunun cəmiyyətdən xəlvəti edilməsi onu təəccübləndirib:

«Hakimiyyət maraqlı deyil ki, bu diplomatiyaya mane olunsun. Kimsə buna mane olsa, hakimiyyət məcbur olub zor tətbiq edəcək. Zor tətbiq edəndə də hakimiyyətin planları puça çıxacaq. Nəticə alınmayacaq...».

Əvəz Həsənovun fikrincə, təkcə hakimiyyət deyil, cəmiyyətin bütün təbəqələri münaqişənin həllinə dəstək verməlidir:

«Niyə bizim ziyalılarımız, bizim sənət adamlarımız, bizim şairlərimiz, musiqiçilərimiz yoxdurlar bu meydanda? Niyə bunlar xalqın çatdıra biləcəyi, deyə biləcəyi sözləri ədəbiyyatla demirlər, şerlə demirlər, musiqi ilə demirlər?..».

QAT sədri Akif Nağı isə hesab edir ki, ermənilərin bura gəlib-getməsinin qarşısı alınmazsa, bu, Azərbaycan xalqında ruh düşkünlüyünə səbəb olacaq:

«Bakıda, Yerevanda ermənilərlə azərbaycanlılar bir yerdə konsert verirlər. Bakının küçələrində gəzirlər. Bundan sonra Azərbaycandan kim gedəcək müharibəyə?..»

XS
SM
MD
LG