Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:20

Xaricdə «hörmətlə» təhsil


2010-2011-ci tədris ilində xarici universitetlərə qəbul olan, lakin dövlətdən təqaüd ala bilməyən yüzə yaxın gənc Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə təhsil ala bilmələri üçün əlavə vəsaitin ayrılması xahiş olunur.

Bu il 200 gəncin xaricdə təhsilini nəzərdə tutan müsabiqəyə 900 nəfər qatılıb. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2006-cı il tarixli sərəncamına uyğun olaraq «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində keçirilib.

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan və fərdi şəkildə universitetlərə qəbul olan tələbələrə xaricdə təhsil almaq imkanı yaradılır. Onların təhsili üçün bütün xərcləri dövlət maliyyələşdirir. Ümumilikdə proqram çərçivəsində 8 il ərzində 5 min gəncin xaricdə təhsili nəzərdə tutulub. İndiyədək 800-dən çox gənc təhsilin müxtəlif pillələri üzrə dünyanın 20-yə yaxın ölkələrinə göndəriliblər.

DÖVLƏT HESABINA XARİCDƏ TƏHSİL ALANLARIN SAYI AZALIB

Səbuhi Rzayev dövlət proqramı çərçivəsində İngiltərənin York Universitetinin dövlət idarəçiliyi və ictimai siyasət ixtisası üzrə magistr təhsili alıb. Dövlət ona 1850 manat aylıq təqaüd, 12 min 500 manat illik təhsil haqqı və ayrıca təyyarə xərci üçün vəsait ayırıb. Müsabiqədə heç bir çətinliklə rastlaşmamağı hətta onu təəccübləndirib.

Səbuhi Rzayev


«Mən və mənim onlarla dostum 2009-cu ildə dövlət proqramına görə müraciət edəndə gözləmədiyim bir situasiya ilə rastlaşdım. Proqram çox şəffaf şəkildə keçirildi. Bu il isə dövlət proqramına mindən çox gənc müraciət etdi. Amma nədənsə daha az tələbənin maliyyələşməsinə vəsait ayrıldı. Məsələn, 2009-cu ildə 450 nəfərin maliyyələşməsinə vəsait ayrılmışdısa, bu il bu göstərici 200 nəfər olub».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təklifi ilə xaricdə təhsil almaq üçün tələbələrin seçimi 2010-cu ildən Təhsil Nazirliyi ilə yanaşı həm də Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən həyata keçirilir.

Səbuhi Rzayevlə bir qrupda müxtəlif ölkələrdən olan tələbələr də təhsil alıb. O, Azərbaycanın bir çox ölkələrdən geri qaldığını deyir. Səbuhi Qazaxıstanla Azərbaycanda keçirilən proqramın icrasını müqayisə edir.

QAZAXISTAN AZƏRBAYCANI QABAQLAYIR

«Məsələn, Azərbaycanla müqayisə edəndə Qazaxıstanda daha çox gənc bu proqramdan keçir. Çünki onların büdcəsi, maliyyəsi daha çoxdur. Onlar bir ilə 5 min tələbənin xaricdə təhsilini təmin edirlər. Azərbaycanda isə 8 ildə 5 min tələbənin təhsili nəzərdə tutulur».

Dövlət Neft Fondunun rəsmi internet səhifəsində bu fondun xaricdə təhsillə bağlı dövlət proqramının maliyyələşdirilməsi məqsədi ilə 2008-2010-cu illərdə 12 milyon 974 min 400 manat ayırdığı göstərilib. Bu ilin ilk 6 ayı ərzində isə fond 2 milyon 764 min 700 manat məbləğində vəsait ayırıb. Bu vəsaitin 61 faizi yaşayış və yataqxana, 33,3 faiz təhsil haqqına, qalanı isə yol, tibbi sığorta, viza və qeydiyyat və digər xərclərə sərf olunub.

Dövlət proqramı çərçivəsində gənclərin əksəriyyəti, yəni 24,1 faizi Böyük Britaniya, 15,2 faiz Türkiyə, 13,2 faiz Almaniya və 12,6 faizi Fransanın universitetlərində təhsil alırlar.

İqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, bir çox inkişaf etmiş ölkələrdə vəsaitlər insan resursuna yönəldildiyi halda Azərbaycanda bu vəsaitlər ideoloji xarakterli layihələrə sərf olunur.

SİYASİ BÜTPƏRƏSTLİK TƏHSİLİN ÖNÜNÜ KƏSİB

İslam İslamov


«Buna misal olaraq bir bayrağın ucaldılması ilə bir neçə il gənclərin xaricdə təhsilinə ayrılan vəsait arasında elə də bir fərq yoxdur. Yaxud da ki, H. Əliyev mərkəzlərinin tikintisinə yüz milyonlarla vəsait nəzərdə tutulur, 150-180 milyonu keçir. Xaricdə təhsil alan tələbələrə isə bundan 15-20 dəfə daha az vəsait ayrılır. Bu onu göstərir ki, ölkənin gələcəyi ilə bağlı layihələrlə müqayisədə siyasi bütpərəstliyə xidmət edən layihələrə daha çox üstünlük verilir».

22 yaşlı İslam İslamov fikirləşir ki, bir çox dövlət proqramları kimi Xaricdə Təhsil haqda dövlət proqramının da yalnız adı var. İslam Fransanın Nace Geologiya Universitetinin lay mühəndisliyi fakültəsinə qəbul olunub. Amma Təhsil Nazirliyindən təqaüd ala bilməyib. Niyəsini özü də bilmir.

«ONLARA SAY, KƏMİYYƏT LAZIMDIR»

«Müsabiqənin nəticələri barədə heç bir məlumat verilmədi. Sonradan min bir əziyyətlə Təhsil Nazirliyində çalışan bir tanış vasitəsilə öyrəndim ki, sənədlərim qəbul olunmayıb. Onlara say, kəmiyyət lazımdır ki, limiti doldursunlar. Qəbul olduğum ixtisasın illik təhsil haqqı o qədər çox deyildi, 2 min avro. Üstəlik müsabiqənin şərtlərində də göstərilmişdi ki, texniki, xüsusilə də neft sahəsi üzrə ixtisaslara üstünlük veriləcək. Qəbul olduğum fakültə lay mühəndisliyi idi. Azərbaycan üçün yeni və zəruri bir ixtisas. Niyə seçilmədiyimi hələ də anlaya bilmirəm».

İslam İslamov Azərbaycan Dövlət Neft Akademiyasında magistr pilləsi üzrə təhsil alır. Onun fikrincə, Azərbaycanda verilən təhsillə sahəsi üzrə mütəxəssis olması mümkün deyil.

Qiyas Hüseynov isə Belçika Dövlət Universitetinin menecment fakültəsinə qəbul olunub. O, dövlətdən təqaüd ala bilməsə də, öz vəsaiti hesabına təhsilini xaricdə davam etdirib. Qiyas Hüseynov iddia edir ki, müsabiqə qeyri-şəffaf keçirilib. O, bu fikrini müsabiqədə seçimin hansı şərtlərlə, kim tərəfindən aparılmasının ictimaiyyətdən eləcə də, müsabiqə iştirakçılarından gizlədilməsi ilə izah edir.

«HÖRMƏTLƏ» SEÇİM…

«İki illik təhsillə Belçika universitetinə daxil olmuşdum. İyulun ortalarında Təhsil Nazirliyinin xaricdə təhsillə bağlı elan etdiyi müsabiqəyə sənədlərimi verdim,

Qiyas Hüseynov

avqustun ortalarında cavab gəldi ki, seçilənlərin siyahısında adım yoxdur. Başqa heç bir izahat, heç nə verilmədi. Hamı necə mən də elə, qapalı yerdir heç bir məlumat yoxdur. Öyrənmək isə mümkün deyil. Ona görə də şayiələr gəzir ki, qaliblər əvvəlcədən tapşırılıb, «hörmətlə» seçiliblər. Keçən il mənim bir neçə tanışlarım heç bir tapşırıq, tanışlıq olmadan təqaüd ala bildilər və xaricdə təhsil alırlar. Amma bu il heç kimdən bu barədə eşitmədim».

Hər bir normal keçirilən müsabiqənin nəticələri ictimaiyyətə açıqlanmalıdır. Bunu isə XXI əsr təhsil mərkəzinin sədri Etibar Əliyev deyir.

QEYRİ-ŞƏFFAFLIQ

«Bu il xaricə gedənlərlə bağlı avqustun sonlarında tədbir oldu. Tədbir əvvəldən sona kimi mədhiyyələrlə yadda qaldı. Əslində ictimaiyyətə tərif yox, bu müsabiqənin qaliblərini kimlər seçməsi, o şəxslərin bu sahədə təcrübəsinin olub-olmaması, ayrılan vəsaitlər, hansı ixtisaslara və nəyə görə üstünlük verilməsi və digər vacib məsələlər barədə məlumatlar vacibdir. Bu cür vacib məlumatların açıqlanmamağının nəticəsidir ki, müsabiqədə tapşırıq və digər məsələlərin rol oynadığı haqda çoxsaylı məlumatlar yayılır».

Etibar Əliyev deyir ki, 3-cü dəfə keçirilən müsabiqədə xüsusilə də 2010-2011-ci tədris ilində ciddi pozuntulara yol verilib. O, bu vəziyyəti bir neçə il əvvəl Türkiyə universitetlərinə magistr təhsili üçün tələbələrin göndərilməsi ilə müqayisə edir.

«Təhsil Nazirliyi bir neçə il Türkiyə universitetlərinin magistraturasına müsabiqəsiz, elansız tələbə göndərirdi. Prosesdə korrupsiyadan, yerlərin satılmasından ancaq və ancaq söhbət gedə bilərdi. Xaricdə təhsil prosesini onun davamı kimi qiymətləndirirəm. Hökumət ümumiyyətlə belə ciddi məsələlərlə bağlı dövlət başçısı səviyyəsində qərarlar qəbul edir, amma nəzarəti həyata keçirmir».

Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Əli-Paşa Zeynalov dövlət proqramının icrası ilə bağlı səslənən iddialarla razılaşmır.

«2010-2011-ci tədris ili ərzində proqramda yalnız 200 tələbənin təhsili nəzərdə tutulub. Lakin 900 nəfər müraciət edib. Demək, müsabiqədən keçməyən 700 nəfər narazı qalacaq».

Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrin VII forumu


CAVABSIZ SUALLAR

Respublikanın kadrlara olan tələbatı nəzərə alınaraq builki tədris ilindən etibarən gənclər xarici ölkələrə göndərilərkən informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və kimya ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına üstünlük verilib. Əli-Paşa Zeynalov bu ixtisasların kim tərəfindən, necə müəyyənləşdirildiyini, müsabiqə qaliblərinin hansı şərtlərlə seçilməsini, xaricdə təhsil üçün ayrılan yerlərin sayının azalmasının səbəbləri və başqa məsələlərlə bağlı sualları cavablandırmaqdan imtina etdi.

«Xaricdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycanı təmsil edən xalq diplomatiyasının nümayəndələridir», – bu sözləri isə Təhsil Nazirinin müavini Elmar Qasımov Xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VII beynəlxalq forumunda deyib.

Nazir müavini dövlət proqramına seçimlərin əvvəlcədən müəyyənləşdirilmiş qaydalara əsasən xarici ekspertlər tərəfindən aparıldığını vurğulayıb. Bildirib ki, Azərbaycanda tələb olunan mütəxəssislərin hazırlanması üçün ekspert qrupu tərəfindən ixtisaslar müəyyənləşdirib. Gənclər bu ixtisaslar üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində olan ali məktəblərdə dövlət hesabına təhsil almağa göndəriliblər.

«FAR» Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə Nazirlik rəsmisinin sualları cavablandırmamağını təbii qarşılayır.

«Qeyri-şəffaflıq qeyri-demokratiyanın göstəricisidir. Yuxarıdan bu cür şərtləri buraxıblar, Təhsil Nazirliyi də icra edir. Azərbaycana savadlı gənclər lazımdır. Amma çox savadlı gənclərdən qorxurlar ki, onlar «demaqoqluq» edəcəklər».

Erkin Qədirli


Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, hər bir hakimiyyətə savadlı gənclər lazım olduğu kimi Azərbaycanda da savadlı gənclərə ehtiyac var. Onun sözlərinə görə, hökuməti daha çox xaricdə təhsil alan gənclərin ideoloji təsir altına düşməsi çəkindirir.

İDEOLOJİ NARAHATLIQ

«Mən anlaya bilərəm ki, hökumət məsələn islam ölkələrinə hüquqşünas təhsili üçün niyə tələbə göndərmir. Bunu məhdudlaşdıra bilər, çünki bizim ölkəmiz dünyəvi hüquq sistemidir. Siyasi elmləri bir tərəfə qoyaq. Gənclərin hətta texniki peşələr üçün nədən qərb universitetlərinə göndərilməməsi şübhəlidir. Özü də qərbdə təhsilin güclü olduğunu bilə-bilə. Bu o demək deyil ki, hakimiyyət peşəkar kadrların yetişməsini istəmir. Söhbət ideoloji təsirindən gedə bilər ki, Təhsil Naziri çıxışlarının birində Azərbaycanlı gənclərin başını xaricdə lazımsız şeylərlə doldurulmasına toxunmuşdu».

Erkin Qədirli Təhsil Nazirliyinin xaricdə təhsillə bağlı elan etdiyi müsabiqənin bakalavr pilləsi üzrə hissəsindəki xəbərdarlığa diqqəti cəlb edir.

«Nazirlər kabinetinin qərarı ilə bu proqramdan yararlanaraq gənclər aşağıdakı ölkələrin universitetlərində təhsil ala bilərlər: Almaniya, Avstraliya, Avstriya, Böyük Britaniya, Belçika, Çin, İrlandiya, İspaniya, İtaliya, İsveçrə, İsveç, Cənubi Koreya, Kanada, Malayziya, Norveç, Hollandiya, Hindistan, Rusiya, Sinqapur, Türkiyə, Fransa, Finlandiya, Yaponiya, Yeni Zelandiya».

Milli Məclisin Elm və Təhsil Komissiyasının keçmiş sədri Şahlar Əsgərov yalnız bakalavr pilləsi üzrə qoyulan bu məhdudiyyəti 16-20 yaş arasında olan gənclərin beynini daha çox dəyişməyin mümkünlüyü ilə izah edir.

ABŞ İNQİLABÇI YETİŞDİRİR?

«Təhsil Naziri Qərb, ABŞ və ya İslam ölkələrində təhsilin gənclərin beynini dəyişdirdiyi ilə bağlı ideyası var idi. Guya həmin gənclər ölkəyə qayıtdıqdan sonra inqilabçı olurlar. Təbii ki, mən bununla razı deyiləm. Görünür ona görə də 16-20 yaş arasında olan gənclərə daha çox təsir edildiyini düşünürlər ona görə də bakalavrları ABŞ-a göndərmirlər. Amma magistr, aspirant pilləsi üzrə öz ölkəsində kamilləşmiş gəncləri isə göndərirlər».

Şahlar Əsgərov


Şahlar Əsgərov xaricdə gənclərin daha çox texniki ixtisaslar üzrə təhsilinə yer verilməsini də düzgün hesab etmir.

«Azərbaycan öz təbiətinə, maddi-mənəvi dəyərlərinə uyğun elm sahələri ilə məşğul olmalıdır. Kənd təsərrüfatına güclü fikir verməlidir. Çünki torpağımız münbitdir, neft sahəsinə fikir verməlidir, çünki, neft, qaz bizdə çıxır. İqtisadiyyata hüquqa fikir verməlidir. Amma bu o demək deyil ki, dövlət quruculuğu sahəsində ixtisaslar kənarda qalmalıdır. Siyasi dövlət quruculuğu, dövlət quruculuğunun fəaliyyətləri humanizm, ədalət prinsipləri üzərində qurulub. Bu prinsipləri öyrənib və tətbiq etmək zəruridir».

Təhsil Nazirliyi 2009-cu ilin yekunları ilə bağlı verdiyi məlumatında göstərib ki, Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsində təhsil alan azərbaycanlı gənclərin 32 faizi tibb, 30 faizi iqtisadiyyat, 10 faizi İKT, 8 faizi elm, 10 faizi sənaye, 4 faizi incəsənət, 3 faizi hüquq sahəsi üzrə təhsil alır.

Şahlar Əsgərov arzu edir ki, ildə cəmi 200 yox minlərlə tələbə xaricə göndərilsin. Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Lalə Abbasova isə sabiq millət vəkili ilə razılaşmır.

AYAQ VƏ YORĞAN MƏSƏLİ…

«Azərbaycanda hər il 5 min, 1 milyon nəfər əlaçı olur. Onların hamısı xaricdə oxumalıdır? Heç mən uzağa getmirəm. Mən də öz uşaqlarımı xaricdə oxutmaq istəyirəm, amma oxuda bilmirəm. Ona görə də onlar Azərbaycanda təhsil alırlar. Hamı çox şey istəyə bilər. Amma gərək yorğanımıza görə ayağımızı uzadaq. Əgər Azərbaycanın ildə 200 tələbini xaricə göndərmək imkanı varsa, deməli, büdcədən 200 tələbənin təhsilini maliyyələşdirmək üçün vəsait ayrılacaq. Bəlkə, Azərbaycanın elə bu qədər mütəxəssisə ehtiyacı var».

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu millət vəkilinin bu fikirlərindən təəccüblənmir. O, millət vəkilinin bu mövqeyini Azərbaycan hakimiyyətinə savadlı kadrların lazım olmamasına sübut kimi dəyərləndirir.

«NƏ QƏDƏR AZ ADAM TƏHSİLLİ OLSA, BIR O QƏDƏR DƏ HÜQUQLARINI AZ BİLƏR»

«Mən sizi tam əmin edirəm ki, Azərbaycan hakimiyyəti təhsildə insanların elmli-savadlı olmasında maraqlı deyillər. Onlar maraqlıdırlar ki, cüzi bir hissəsi təhsil alsın, qalan hissəsi sadəcə olaraq deyilənləri yerinə yetirsin. Çünki nə qədər az adam təhsilli olsa bir o qədər də öz hüquqlarını az başa düşərlər».

Rəşad Şirin


Nabatəli Qulamoğlu deyir ki, daha az gəncin təhsilli olması üçün də xaricə göndərilən tələbələrin sayı azaldılıb. O, düşünür ki, həmin gənclərin əksəriyyəti də elə məmur uşaqlarıdır.

«Azərbaycanda bir telefon zəngi ilə hər şeyi həll etmək olur. Bu qədər məmurların, vəzifədə olanların qohumları, övladları var. Şübhəsiz onlardan bəzilərinin rolu var bu işdə. Amma mən bunu yüz faiz iddia edə bilmərəm. Amma iddiamın yox olması üçün açıqlama versinlər, şəffaflıq olsa cəmiyyət belə fikirlər yayılmaz, iddialar irəli sürülməz».

ABŞ Dövlət Departamentinin 2009-cu ilə olan illik insan haqları hesabatının Azərbaycana aid hissəsində deyilir ki, bəzi yerli müşahidəçilər dövlət xəttiylə xaricdə oxumağa göndərilənlərin seçimindən narahatdır.

«Mən özüm ABŞ-da təhsil almışam. Universitetdə mənimlə 15 nəfər Qazax tələbə təhsil alırdı. Onların hamısı Qazaxıstan hökumətinin dəstəyi ilə təhsil alırdılar. Onlar mənə çox maraqlı bir fakt haqda məlumat verdilər».

Bunu AN şəbəkəsinin üzvü Rəşad Şirin danışır:

«Müəyyən bir mərhələdə Qazaxıstan hökumətinin məmurları öz uşaqlarını, qohumlarını dövlətin hesabına oxutmaq istədilər. Dolayısı ilə başqa Qazax gənclərinin şanslarını əllərindən alırdılar. Nazarbayev bu haqda eşitdikdən sonra dərhal nazirlərə, başqa məmurlara ciddi xəbərdarlıq etdi. Ondan sonra heç bir məmur bu proqrama müdaxilə edə bilmədi».

İDEYA MÜƏLLİFİ HƏBSXANADA

Xaricdə Təhsil Dövlət proqramı azərbaycanlı gənclərin Prezident İlham Əliyevə ünvanladıqları müraciətdən bir müddət sonra qəbul olundu. Bu işdə iştirak edən Rəşad Şirin Azərbaycanda proqramın yaranmasından danışır:

«Azərbaycanda bu ideyanı irəli sürən insan indi həbsdədir. Doğurdan da, çox ciddi ironiya var bu məsələdə. İdeyanın əsas aparıcı Emin Milli idi. Azərbaycanda çox təəssüf ki, bir çox yaxşı başlanğıclar, güclü ideyalar çox ciddi əngəllərlə rastlaşır. Bu, proqramın da başına bu gəldi. Mən bu proqramla bağlı çox iyrənc şeylər eşidirəm. Azərbaycanı idarə edən insanlar çox fərqli yol seçiblər. Və ya bürokratiya fərqli yol seçib».

Təhsil Nazirliyinə müraciət edən gənclərə isə hələ də cavab verilməyib. Onlar ümid edirlər ki, daim gənclərə dövlət qayğısından danışan hökumət bunu reallıqda icra edəcək.

XS
SM
MD
LG