Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:31

Cavid Zeynallı "Günəşi gözləyənlər" (Romandan parça)


...Günortadan xeyli keçmiş Şaman arvadın yaşadığı yerə çatdıq. Ətrafda bomboz, çılpaq dağlar görünürdü.

Torpağı yabanı, zəhərli otlar bitirən dağların ətəyindən zirvəsinəcən uzanan yarğanlara baxanda mənə elə gəldi ki, nə vaxtsa buralarda əjdaha adamlar yaşayıb və istəkli sevgililəri kimi dağların üz-gözünü, boyun–boğazını oxşayarkən, barmaqlarının izi hələ də boz torpaqların simasında yadigar qalıb.

Bizdən bir qədər aralıda qoyun sürüsü, mal-heyvan görünürdü.

Bir ağızdan mahnı oxuyan çobanlar səslərini mehə qarışdırıb bizə salam göndərirdilər.

– Sürücünü yola sal getsin. Bizimlə gəlməsə, yaxşıdır, – Yasəmən astadan qulağıma pıçıldadı.

– Niyə? Geri nə ilə qayıdacağıq?

– Maşın tapılar, bizim bura nədən ötrü gəldiyimizi bilməsin.

İstəyimi sürücüyə deyəndə, qaşqabağını töküb donquldandı. Başa düşmürdüm, bütün günü bizimlə burda avaralanmaq onun nəyinə lazım idi?

Görünür, yolboyu eyhamlı danışığımızdan duyuq düşüb hər şeyi yerli-yataqlı bilmək istəyirdi.

Küçükləri maşının yük yerindən düşürən kimi yol pulunu verib onu yola salanda, Qaragözün dünyadan köçənlərinin ruhuna dua oxuyub özünə arzuladığı əri, daha doğrusu, ağ atlı oğlanı qismət eləməyi allahdan istədim.

Onun pulu olmasa idi, mən nə edərdim ?

Qutunu cırmaqlayan küçüklərin zingiltisini eşidəndə Əqrəb sual dolu baxışlarını üzümə zillədi.

Barmağımı dodağıma aparıb susmağını işarə elədim.

Günəş göy üzünə parça-parça səpələnən buludların arxasından boylananda, kölgəmizi qabağımıza qatıb, Yasəmənin səmt verdiyi dağa tərəf addımladıq. Qarşıda uzun, əyri-üyrü, bir az da nahamar yol görünürdü.

– Sürücünün gəlməyinə niyə razı olmadınız? – Əqrəb birdən-birə dilləndi.

– Şaman nənənin burda yaşadığını çox az adam bilir. Tanışlıqla gələnlərə də tapşırırıq ki, heç kimə heç nə danışmasınlar.

– Siz deyirdiniz ki, hamı ondan istifadə etmək istəyir...

– Hə, elədir. Amma hər halda sürücünün bilməməyi məsləhətdir.Yolboyu maraqdan az qala ağlı başından çıxacaqdı.

Yasəmən addımlarını yeyinlədib bizdən aralandı. Onun “ Mariya” corabı hələ də ayağındaydı. Qaloşu mən gördüyüm deyildi, az geyilmişə oxşayırdı. Bəlkə də, xeyir-şər yerləri üçün ehtiyata saxlayırdı...

Əqrəb qoluma girib nigarançılıq tökülən səsiylə pıçıldadı:

– Üzeyir, qurban olum gizlətmə, küçükləri niyə aparırsan ?

– Şaman arvad tapşırıb, Yasəməndən soruşdum, demək istəmədi.

Əqrəb titrəməyə başladı. Getdikcə rəngi ağardı, dişlərini bir-birinə sıxıb sakitlik tapmağa çalışsa da, alınmırdı. Bizdən xeyli qabaqda gedən Yasəməni səsləmək istəyəndə, razı olmadı.

Bilmirəm, o, niyə bizdən qabaqda gedirdi, elə bil ki, yolun ortasında sevişəcəkdik, bizə mane olmaq istəmirdi. Qolumu qızın belinə dolayıb onu sakitləşdirməyə çalışdım.

– Özünü darıxdırma, quzum, az qalırıq, bir az da səbr elə. Bu gün bizim ən xoşbəxt günümüz olacaq.

Əqrəb kəsik-kəsik nəfəs alıb təngənəfəs adamlar sayağı tövşüyürdü. Yasəmən ləngidiyimizi görüb geri baxdı. Deyəsən, nəsə hiss etmişdi, şübhəli nəzərlərlə bizi süzüb sakit, qayğıkeş səslə, amma ciddi tərzdə dönə-dönə tapşırdı:

– Şaman nənə hər kəslə acıqlı danışır. Bəzən yersiz qəzəblənir, hirsini-hikkəsini tökməyə adam gəzir.

Özünüzü onun yanında sakit aparın, artıq heç nə soruşmayın.

Çalışın ona çoxlu alqış edin, insanlara şəfa verdiyinə, pis adamları cəzalandırdığına görə allahın nəzərinin üstündə olduğunu deyin.

Ruhlar ona çox əziyyət verir, yorulur, bəzən əsəbləri pozulduğundan özündən çıxıb qarşıdakı adama hücum edir.

Mənə tez gəlməyi tapşırmışdı, gecikmişik. Bəlkə bir az acıqlı ola, amma bunu sizi qorxutmaq üçün demədim. Bir də içəridəki əşyalara toxunmayın, xoşu gəlmir.

Onun ürək-dirək verməyi ilə nə düzəlirdi ki? İçimə dolan xofu canımdan çıxarmağın geri qayıtmaqdan başqa çarəsi yox idi.

Necə yəni heç nə soruşmayın? Bu nə demək idi? Şaman arvadın saqqızını oğurlayıb suallarıma cavab almağı bacarmazdımmı ?

Bacarardım, bacarardım! Lazım olsa idi, Əqrəbi Yasəmənə qatıb ikisini də bayıra çıxarar və diz atıb yalvarmaq bahasına olsa belə, istədiklərimi ondan qoparardım.

Ətəyində qaratikan kolları, biyan, dəvədabanı bitən çılpaq dağa qalxdıqca mənə elə gəlirdi ki, hansısa xarici filmin qəhrəmanlarıyıq və idbar cadugərdən kömək istəmək üçün min bir əziyyətə qatlaşıb onun ilan-qurbağa, cin-şeytanla dolu mağarasına gedirik.

Çobanların qoyun-quzu otardığı bu çöllü-biyabanda yaşamaq, ruhlarla əlləşmək, ömrünü əsəb, qəzəb içində keçirməkdən dəhşətə gəldim.

Bu da Şaman nənənin balaca, kasıb və miskin daxması. Hə, hə, daxma, mən fikirləşdiyim kimi, o, kol-kos arasında itib-batan, qapısına doğru dar cığır aparan, hörümçək torları ilə hörülən mağara deyildi.

Adi palçıq kərpicdən tikilmişdi, işıq düşmək üçün iki yerdən balaca, sınıq-salxaq pəncərəsi vardı.

Divarının suvağı uçub-tökülmüşdü, həyət-bacadan kimsəsizlik, yalqızlıq və ümidsizlik yağırdı.

Boz dağların arasında qaralan bu miskin daxma, ürəyimdə sonu görünməyən uçuruma, bəlkə qaranlıq, dərin quyuya tuşlanan qərib duyğular oyatdı.

Daxmanın qaralmış şifer örtüklərindən boy verib görünən iki çuqun soba tütkəşi, elə bil Şaman nənənin allaha doğru uzatdığı əlləri idi ki, yaradandan insanlar üçün şəfa, imdad diləyirdi.

Biz həyətə girmək istəyəndə daxmanın qapısı cırıltıyla açıldı.

İçəridən qosqoca, beli donqarlaşmış, üz-gözündən qəzəb tökülən arvad çıxıb, əlini gözünün üstünə apardı və donuq nəzərlərlə bizə sarı baxdı. Aramız heç beş metr olmazdı, qapqara nimdaş paltarı, qırış tutmuş sifətindəki vahiməli ifadələrdən səksənib, yerimdə quruyub qalmışdım.

Əlindəki ağacdan bərk-bərk yapışıb toxtaqlıq tapmağa çalışsa da, bədəninin müvazinətini saxlamağı bacarmırdı. Başı, əlləri əsirdi.

Yasəmən gülümsəyib irəli durdu. Deyəsən, onun qəzəbləndiyindən duyuq düşmüşdü. Şaman arvad gözləmədiyimiz halda əlağacını elə cəldliklə onun üstünə tolazladı ki, çeviklik edib geri çəkilməsəydi, qabırğaları qırılacaqdı.

– Sənə demədim gecikməyin, qancıq... – qosqoca vahiməli səslə bağırdı.

Əqrəb içini çəkib mənə sığındı.

Yasəmən özünü itirmədi, görünür, belə hallara öyrəncəli idi. Bizim başa düşmədiyimiz dildə ona nəsə deyib sakitləşdirməyə çalışdı.

– Rədd olun burdan, rədd olun!

Yasəmənin qucağında çırpınıb boğula-boğula qışqırır, əllərilə onun kürəklərinə döyəcləyirdi. Daxmanın qapısı yenidən cırıldadı və şaman arvadın əsəbi səsi içəridən eşidildi.

Əqrəbin halı yenə pisləşdi, gözündən yaş sel kimi axırdı. Başını sinəmə söykəyib içini çəkə-çəkə hıçqırır, titrək səslə yalvarırdı:

– Gedək, Üzeyir, gedək burdan, qurban olum, gedək.

– Sakit ol, əzizim, geriyə yolumuz yoxdur. Səbr elə, hər şey yaxşı olacaq. Qoca arvaddır, bizi çox gözləyib, ona görə belə əsəbidir.

– Yox, heç nə istəmirəm. Xahiş edirəm, apar məni, küçüklər də yazıqdırlar. Onların günahı yoxdur, bizə görə ...- sözünün gerisini uddu, – mən heç vaxt sağalmayacağam, öləcəm, tezliklə öləcəm. Gedək, Üzeyir, nolar gedək...

Elə bu vaxt Şaman arvadın yenidən bağırtısı eşidildi. Bunun dalınca divara dəyər-dəyməz yerə düşüb diyirlənən dəmir qabın səsindən diksindim.

Bir dəfə, iki dəfə, üç dəfə... Çox keçmədi, daxmanın şüşəsi çiliklənib yerə töküldü və yumurta boyda tərəzi daşı diyirlənə-diyirlənə bizim beş addımlığımızda dayandı. Ürəyimə gəldi ki, bəlkə Yasəmənin bizə danışdıqlarından xəbər tutub?

Bəlkə biz gələnə qədər ruhlar onu incidiblər? “İlahi, bura qədər gəlmişik, bizi peşiman eləmə. Şaman arvadın qəlbinə mərhəmət, Əqrəbin canına sakitlik ver”.

Qızı qucaqlayıb var qüvvəmlə özümə sıxdım, boyun-boğazını, saçlarını öpüb-oxşamağımdan sanki diksinib sinəmi yumruqlamağa, üz-gözümü cırmaqlamağa başladı.

Qollarım arasından çıxıb üzü aşağı qaçdığını görəndə, özümü birtəhər yetirib qolundan tutdum.

Dəfələrlə dediyim sözləri yenidən təkrarladım, qucaqlayıb öpdüm, istəsə idi, qarşısında diz çöküb yalvarardım. Qəbiristanlıqda mənə dediyi sözləri yenidən xatırladım.

“Günahkar ruh bədənimdən çıxmaq təhlükəsi hiss edəndə mənə verdiyi əziyyəti daha da şiddətləndirir”.

Hiss etdim ki, Əqrəbin bədəni taqətsizləşdi, əvvəlki müqavimət gücünü itirməsilə qollarının yanına düşməsi, dizlərinin bükülməsi bir oldu. Başımı itirdim, nə edəcəyimi bilmirdim. Su tapsaydım üz-gözünə səpib ayıldardım.

Yasəməni başımın üstündə görəndə ürəkləndim, gözləri nəmliydi. Yazıq arvad, yəqin Şaman nənəni razı salmaq üçün ağlayıb, allah bilir nə qədər yalvarıb. Hələ utanmaz-utanmaz bu qoca kaftara ağızdolusu nənə də deyirəm.

Nənə adı onun gözündən gəlsin, bu qozbel arvada, daha doğrusu, zəhər tuluğuna nəvə olmağı qutuda acından zingildəşən küçüklərə də rəva bilməzdim. Allah bilir, bizim başımıza bundan sonra hansı oyunları açacaqdı.

Əqrəbi ayıltmaq üçün Yasəmənin plastmast qabda gətirdiyi su da kömək eləmədi. Qız huşunu itirib qollarım üstdə hərəkətsiz qalmışdı.

Daxmanın qapısından eşidilən cırıltının ardınca Şaman arvadın qırış tutmuş vahiməli sifəti kandarda göründü.

Qosqoca səsini çıxarıb xəsisliklə bircə söz dedi: “gətirin!”

Daxma səliqəsiz, törtöküntülü idi. Yerə atılan nimdaş xalçanın üstündə yanıq izləri aydın görünürdü.

Şaman arvad acıqlı-acıqlı üzümə baxıb çımxırdı :
– Ora apar! – əlini evin giriş qapısından sağdakı qaranlıq aralığa tuşlayıb əmr etdi.

Dediyi kimi də elədim, lal-dinməz qabağına düşüb getdim. Göz-gözü görməyən qaranlıq otağa gəldik.

İçəridən üzərlik qoxusu duydum. Gözlərim qaranlığa alışandan sonra üzbəüz divarda, otağın baş tərəfində yuxarıdan asılan qoç buynuzu, qoç sümüklərini gördüm.

Buynuzun yanında qara qarğanın cəsədi asılmışdı. Bir az da diqqətlə baxanda, qarğanın yanındakı bayquş cəsədini gözüm alan kimi qorxub-üşəndim.

Yasəmənin nəfəsini kürəyimdə hiss edəndə özümə gəldim. Həyəcanımı hiss edib qoluma toxundu ki, cəsarətli olum!
Deyəsən, üzərliyin xoş ətri getdikcə tündləşdi.

Qaranlıqda ora-bura vurnuxan Şaman arvadın ayaq səsləri beynimə işləyirdi, sinirlərim gərilmişdi. Başım gicəlləndi, gözlərim yumulurdu.

Qollarım üstdə uyuyan Əqrəbi bərk-bərk sinəmə sıxıb dişlərimi qıcadım, möhkəm olmaq lazım idi, nəyin bahasına olur olsun, dözməliydim.

Həyatımın yeddi illik parçası olan bu bəxtsiz qız üçün hər şeyə tablaşmağa hazır idim, təki o, cəhənnəm kimi vahiməli olan bu daxmada şəfa tapsın, ilahi!

Şaman mərasim üçün lazım olan hər şeyi yerbəyer edəndən sonra kibrit çəkib ortalıqdakı böyük şamdanda olan yeddi şamın ikisini yandırdı. İçəri işıqlaşanda məni yenidən vahimə bürüdü.

Otağın tən ortasında yerə salınan və baş tərəfi üzü güneyə tərəf olan boz at dərisi hazır olan kimi Əqrəbi onun üstünə uzatmağı əmr elədi.

Mən sonradan biləcəkdim ki, Yakutlarda boz at dərisi mübarək üzlü sayılır.

– Çıx bayıra... – Mənim üstümə bağırıb yenidən acığını tökdü.

– Şaman nənə...- udqundum.

– Dedim, çıx bayıra, tərbiyəsiz!..

"525"
XS
SM
MD
LG