Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:45

«Müsavat AXCP ilə danışıqları dayandırmayıb»


Arif Hacılı
Arif Hacılı
«Müsavat Partiyası Divanı Sülhəddin Əkbər və İbrahim İbrahimlinin bəyanatında deyilən qərarı qəbul etməyib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiyadaşları S. Əkbər və İ. İbrahimlinin partiyadan çıxmaları haqda verdikləri bəyanata münasibət bildirərkən deyib.

O bildirib ki, AXCP ilə Müsavat arasında danışıqlar bəyanatda deyildiyinin əksinə olaraq, davam etdirilir:

«Məsləhətləşmələrimiz davam edir. Eyni zamanda, AXCP ilə yaxın inteqrasiya prosesi bundan sonra da davam edəcək. Hesab edirik ki, nüvəsində Müsavat və Xalq Cəbhəsi Partiyasının dayandığı bir qurumun yaradılması vacibdir. Bunun hansı şəkildə, hansı müddətdə və hansı şərtlər altında həyata keçirilməsinə dair müzakirələr aparılır».

Arif Hacılı düşünür ki, hazırkı həssas dönəmdə istefalar müxalifətin inteqrasiyasına xidmət etmir.

Pənah Hüseyn
Keçmiş deputat Pənah Hüseyn isə deyib ki, Azərbaycanın tərəqqisini istəyən bütün qüvvələrin bir yerdə fəaliyyəti önəmlidir. Onun fikrincə, son dövrlər Müsavat və AXCP arasındakı münasibətlər də bu proses üçün zəruri bir şərtdir:

«Hesab edirəm ki, bu prosesin zəruri faktorlarından, aktyorlarından biri AXCP-dir. Şübhəsiz ki, AXCP-nin iştirak etdiyi proses bir prosesdir, iştirak etmədiyi proses bir qədər başqa bir proses... Azərbaycanın tərəqqisini və inkişafını istəyən bütün qüvvələrin bir yerdə fəaliyyəti önəmlidir. Bunların da içərisində şübhəsiz ki, ən önəmli təşkilatlar Xalq Cəbhəsi və Müsavat partiyalarıdır. O baxımdan, mən Müsavat və AXCP arasındakı son dövrlərdəki münasibətlərin də bu proses üçün zəruri bir şərt olmasını qəbul edənlərdən biriyəm».

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı da bu fikirdədir ki, iki partiyanın təşəbbüslərinə dəstək vermək lazımdır:

«Yaxşı olardı ki, hakimiyyətin bu proseslərdə sabah hansısa ziddiyyətli məqamlardan istifadə etməsinin qarşısını almaq üçün Xalq Cəbhəsi-Müsavata bu birlikdən yana olanlar dəstək versinlər».

XS
SM
MD
LG