Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:30

İntellektual sistem, yoxsa milyonların yuyulması?


Cəfər Cabbarlı küçəsində tıxac
Cəfər Cabbarlı küçəsində tıxac
- Nəqliyyatda intellektual sistem? O nə deməkdir?
- Nəqliyyat budu da, basabas, tıxac...
- Bilmirəm nədir.
- Yəqin ki, bu, məmurların biznes maraqlarına xidmət edəcək. Onlara xeyir gəlməsə, monitor qoymazlar. Bax, dövlət nişanı qoyublar, saxlamaq olmaz, amma fikir verən yoxdur. Odu polis qıraqdan baxır, elə durub elə bil tələ qurub, dovşan tutacaq.

Bakıda bir neçə avtobus dayanacağında keçirdiyimiz sorğu zamanı məlum olur ki, gələn ildən işə düşəcək nəqliyyatda intellektual sistemdən çoxu xəbərsizdir.

Yeni intellektual sistem haqda bizim öyrəndiklərimiz isə bunlardır: dayanacaqlarda quraşdırılacaq 6 milyonluq monitorlar, «Baykanur» kosmik sistemini geridə qoyan idarəetmə mərkəzi, 77 milyon manatlıq büdcə və yenə də nazirliyin bir çox layihələrini gerçəkləşdirmiş «ZQAN» Holdinqlə əməkdaşlıq.

Azərbaycan hökumətinin son zamanlar «analoqu olmayan» layihələr silsiləsinə biri də əlavə edilir. Hər halda, nəqliyyatda intellektual idarəetməyə keçid layihəsinin rəhbərinin dönə-dönə «Dünyada bundan yoxdur! Bunu ancaq biz edəcəyik. Bu sistem bizim əlavələrimizlə təkmilləşdirilib, ən son modeli tətbiq edəcəyik» deməsindən belə başa düşmək olar.

YENƏ DƏ «ZQAN» HOLDİNQ

Növbəti ilin avqustunda işə düşməli sistem Heydər Əliyev prospekti 105 ünvanında yerləşən mərkəzdən idarə olunacaq.
Nəqliyyat Vasitələrinin İntellektual İdarəetmə Mərkəzini də «ZQAN» Holdinq, daha düzü, bu quruma daxil olan «ZQAN Construction» tikəcək.
Holdinqin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusluğu bildirilir.

«ZQAN» Holdinq nazirliyin bir çox layihələrində iştirak edib. Məsələn, Bakı Avtovağzal Kompleksini tikib, Ucar avtovağzalını bərpa edib. Paytaxtın Füzuli meydanındakı keçidi təmir edib. Elə nazirliyin Heydər Əliyev prospektindəki yeni binasını da «ZQAN» Holdinqin tikəcəyi deyilir.

Bəs necə olur ki, nazirliyin bir çox layihələrini məhz «ZQAN» Holdinq yerinə yetirir?
«Yeni avtovağzalın tikilməsi ilə bağlı tenderi də məhz nazirin oğluna məxsus şirkət udmuşdu. Bu da artıq nazirlikdəki inhisarçılıqdan və korrupsiyadan xəbər verir»


Sualın bu cür qoyuluşu Bakıda nəqliyyatda intellektual sistemə keçid layihəsinin rəhbəri, Nəqliyyat Nazirliyində nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədovun xoşuna gəlmir.

«Qəribə sual qoyursunuz. Burda nə var ki?»

Amma dərhal da əlavə edir ki, bu seçimi nazirlik yox, intellektual idarəetmə sistemini quran, tenderi udmuş Koreyanın «SK C&C» şirkəti edib.

«Bu, tender deyildi. Bir neçə şirkət «SK C&C»-ə İdarəetmə Mərkəzi ilə bağlı təklif vermişdi. Amma layihələr uğurlu alınmadı, mən də baxdım onlara, biri yanğınsöndürənə bənzəyirdi, biri nə bilim nəyə. Ən uğurlusunu «ZQAN» təklif etmişdi və tikinti də onlara həvalə edildi».

«SK C&C» şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Pyun Donq Hyun seçimin necə aparılmasından və ümumiyyətlə, layihə haqda başqa suallarımızı cavablandırmaqdan imtina edir. O, bu haqda nazirlik rəsmilərinin danışa biləcəyini söyləyir.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, Nəqliyyat Nazirliyinin fəaliyyəti, onun inhisarçı olmasıyla bağlı həmişə şübhələr doğurub.
Natiq Cəfərli


«Məsələn, yeni avtovağzalın tikilməsi ilə bağlı tenderi də məhz nazirin oğluna məxsus şirkət udmuşdu. Bu da artıq nazirlikdəki inhisarçılıqdan və korrupsiyadan xəbər verir».

«Avanqard görünüşlü mərkəz neçəyə tikilib» sualına isə nazirlik rəsmisi Sədrəddin Məmmədov cavab vermir. Deyir ki, onun işi rəqəmlərlə işləmək deyil, bütünlükdə layihəyə cavabdehlikdir. Amma bu məbləğ layihəyə bütünlükdə ayrılmış 77 milyona daxildir. Detallı rəqəmlərisə gələn il açıqlayacaqlar.

«BU İSƏ PUL APARAN İŞDİR»

Layihə rəhbəri deyir ki, sistemin qurulması üçün indiyədək 23 milyon manata yaxın avans, təxminən 10 milyon manat da sonradan ödənib:

«Amma sözsüz ki, hələ ödənməlidir, avadanlıqlar quraşdırıldıqca... Eyni zamanda, Bakıda fiberoptik kabel çəkilməlidir. Bu isə çox böyük, həcmli və vəsait aparan işdir. Eləcə də svetofor sistemini dəyişdiririk».

Sədrəddin Məmmədov svetofor sisteminin və ya «vəsait aparan işin» - fiberoptik kabelin çəkilişinin neçəyə başa gəlməsi haqda da danışmadı.
Eləcə də layihənin yubanmasına səbəb - təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə terminallarda quraşdırılacaq kameraların qiymətini də demir.

KİYEVDƏ 30, BAKIDA 77 MİLYONA

Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə niyə 77 milyon manat xərclənir?
Mütəxəssislərin iddia etdiyi kimi bu layihənin dəyəri şişirdilməyib ki? Sualımıza Açıq Cəmiyyətə Yadım – Soros fondunun dəstəyi ilə cavab axtarmağa çalışdıq.

Sədrəddin Məmmədov
Sədrəddin Məmmədovsa bununla razılaşmır və deyir ki, ayrılan vəsait çox deyil, tək bir monitor 10 min dollara başa gələcək.

Monitorun bahalığı onun çoxfunksiyalı olması ilə izah olunur. Sədrəddin Məmmədovun dediyinə görə, bu, monitordan daha çox kompüterdir. Sərnişinə nəinki dayanacağa gələn marşrutların vaxtını və adlarını, hətta şəhərdəki bütün avtobusların siyahısını təqdim etməklə yanaşı, paytaxtın xəritəsini əks etdirir.
Eləcə də həmin monitorda sərnişinlər kartlarını yoxlayacaqlar. Bayram və ya mühüm dövlət tədbirləri canlı yayımlanacaq, axtarışda olan cinayətkarların fotoları yerləşdiriləcək, adi vaxtlardasa reklam yayımlayacaq...

«Bakıda isə 664 ədəd dayanacaq var, deməli tək bu avadanlığa 6 milyondan çox vəsait sərf olunacaq. Bu kompüterlərdə Bakının xəritəsi də çıxacaq. Bahalı xəritədir. Biz onu koreyalılara düzəltdirmək istədik, 8-10 milyon dollar pul istədilər. Ordan mütəxəssisləri cəlb etdik və xəritəni Xəritəçəkmə Komitəsinin mütəxəssisləriylə birgə 1 milyon 200 min manata hazırladıq».

«BAYKANUR» KOSMİK MƏRKƏZİ BUNUN YANINDA HEÇ NƏDİR»

Sədrəddin Məmmədovun dediyinə görə, yeni sistemin bağlanacağı mərkəzi monitorun da dünyada tayı-bərabəri yoxdur:

«Hələ dünyada tətbiq olunmayan barko sistemidir. Dünyada sənaye və dövlət əhəmiyyətli idarəetmə mərkəzləri üçün nəzərdə tutulan «plozkiy ekran»lar arasında ən müasiri budur. «Baykanur» kosmik mərkəzi bunun yanında heç nədir. Müqayisədə bahalı deyil, amma ümumən bahalıdır. Axı bunu gələcək nəsillərə yaradırıq. Ən axırıncını tətbiq etməliyik ki, tez köhnəlməsin».

«77 MİLYON NƏ MƏBLƏĞDİR Kİ…»
Nəqliyyat Vasitələri İntellektual İdarəetmə Mərkəzinin monitorlarından izlənəcək


Sədrəddin Məmmədovun sözlərinə görə, bu, hələ başlanğıcdır. İntellektual idarəetmə sistemi əvvəlcə Bakıda, sonra Abşeronda, daha sonra bütün ölkədə quracaqlar. Ona görə, bütün bu işlər üçün 77 milyon manat o qədər də böyük məbləğ deyil:

«Yox, bu nə məbləğdir ki. Bu sistem qurulandan sonra növbəti mərhələ gəlir. Bunun ən bahalısı proqram təminatıdır».

«AVROPANIN İNTELLEKTUAL SİSTEMİ YOXDUR»

Sədrəddin Məmmədov deyir ki, Avropanın «mənəm-mənəm» deyən Fransa, İngiltərə kimi ölkələri də bu monitorlardan istifadə etmir.
- Sovetin dövründəki kimi tabloda boya ilə avtobusların nömrəsi yazılıb. Bircə dənə avtobusun neçə dəqiqəyə gələcəyini göstərən rəqəm elektrondur.
- Bəlkə, avropalılar bunu artıq xərc sayırlar?
-Xeyr! Xeyr! Onların intellektual sistemi yoxdur. Onlar sadəcə avtobus sistemini qurublar. Çoxdan qurublar. Ona xərc çəkiblər axı. Söküb atsınlar indi?

«ŞOU YARATMAQ NƏYƏ LAZIM»

Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmovun fikrincə, hökumət dəbdəbəyə qaçır və şou yaradır:

«Bakıda körpülər, yollar inşa olunanda da həmişə ilkin olaraq 7- 9 milyon manat qiymət qoyulurdu. Amma qiymətlər 25 milyona qədər qalxırdı. «77 milyon və bu hələ başlanğıcdır» deyirlər. Bu nədən ötrü xərclənəcək? Lövhəciklərdə kimlərinsə reklamları gedəcək? Vətəndaşa nə verəcək? Mən yaşadığım yerə hansı avtobus gedir bilirəm. Elə şəhərə gələn də bunu asanca öyrənə bilir. Bura Moskva, Los-Anceles deyil axı, Bakı böyük şəhər deyil. Belə şeylərə milyonlar tökmək düzgün deyil. Şou yaratmaq nəyə lazım? Daha sadə variant seçmək də olar. 77 milyona 77 milyon dayanacaq qurmaq
Kənan Aslanlı
olardı. Bu, daha vacibdir».

DUBAY SİNDROMU

İqtisadçı Kənan Aslanlı da deyir ki, hökumət bu layihənin smetası ilə bağlı detallı məlumat vermir deyə onun real qiymətini təxmin etmək olmur:

«Sonucda tıxaclar və parklama ilə bağlı monitorlar, köməkçi elektron lövhələr görəcəyik. Doğrudanmı, bunların qiyməti 77 milyondur? Azərbaycanda investisiya xərcləri uzun müddət 4-5 milyard civarında oldu. Milyardlar artıq elə psixoloji miqyas əmələ gətirib ki, 77 milyona bir qədər az vəsait kimi baxırıq. Amma az deyil».

Kənan Aslanlıya görə, Azərbaycan hakimiyyəti indi analoqu olmayan sistemləri və layihələri tətbiq etməyə çalışır. Buna iqtisadiyyatda «Dubay sindromu» deyirlər:

«Yəni pullar analoqu olmayan layihələrə qoyulur. Və bu da daha çox tikinti-quraşdırma, infrastrukturla bağlıdır. Bu layihələr Azərbaycan iqtisadiyyatına nə verəcək? Mən əminəm ki, yeni, modern kitabxana daha çox fayda verərdi».

TIXACLAR V Ə MONİTORLAR

Layihə rəhbəri Sədrəddin Məmmədov əmin edir ki, nəqliyyatda intellektual sistem ilk növbədə tıxacları aradan qaldıracaq. Avtomobillərin intensiv hərəkətinə imkan verəcək.
Onun sözlərinə görə, tıxacı tənzimləməkdən ötrü şəhərin girəcəklərində - Biləcəridə, Əzizbəyov metro stansiyasının yaxınlığında, Aeroportda, Zığ şosesində, eləcə də şəhərin mərkəzi küçələrində iri monitorlar yerləşdiriləcək:

«Məsələn, mən Sumqayıtdan öz avtomobilimdə gəlirəm. Monitorda yazılacaq ki, filan küçədə tıxac var, filan küçələrdən istifadə edin. Və ya təmirdirsə, yol bağlıdırsa, qəza baş veribsə yazılacaq ki, filan yerə getməyin. Bundan əlavə nəqliyyat vasitələrinə izləyici sistemlər yerləşdiriləcək. Ard-arda bir neçə avtomobil düzüləndə «SOS» siqnalı kimi mərkəzə xəbər ötürəcək ki, tıxac yarana bilər. O zaman yolboyu svetofor siqnal sistemi öz özünə tənzimlənəcək. Tutaq ki, İnqilabda nəqliyyat yoxdur, Tbilisidə tıxac var. Burda qırmızı yanır, yaşılı İnqilaba verir. Svetoforda bir dəqiqə itir. Ancaq onda belə
Nəqliyyat vasitələri üçün vahid kart 2013-2014-cü ildə istifadəyə veriləcək
olmayacaq. Tələbat yoxdursa, yaşıl niyə yansın ki...»

YENƏ EVAKUATOR, YENƏ CƏRİMƏ...

Sədrəddin Məmmədovun dediyinə görə, avtomobillərin parklanması da xüsusi diqqətdə saxlanacaq. Avtomobilin saxlanması qadağan yerlərdə xüsusi izləmə kameraları işləyəcək, amma bu layihə çərçivəsində avtoparkların tikilməsi nəzərdə tutulmur. Ancaq Bakının baş planına görə gələcəkdə yerüstü və yeraltı dayanacaqlar tikilməlidir. Üstəlik də yeni tikilən bütün biznes mərkəzlərində və binalarda dayanacaqların tikintisi şərt kimi qoyulub:

«Biznes mərkəzlər və ya binalar bu dayanacaqları özləri üçün tikirlər. Ondan şəhərin mərkəzinə tutalım, alış-verişə, gəzintiyə gəlmiş adi sürücüyə nə?»
Sualı ekspert Məzahir Rüstəmov verir.

«BU, PUL TƏLƏSİDİR»

«Bakı şəhərinin hər yeri sarı zolaqla boyanıb: «saxlamaq qadağandır!» Sual olunur: mən bu maşını cibimə qoymalıyam? Maşınlara nəzarəti həyata keçirməyə tələsirsən, amma unudursan ki, prezidentin sərəncamı ilə 12-13 yeraltı-yerüstü dayanacaq tikilməliydi. Bəs niyə tikilmədi? Dayanacaq tikmək əvəzinə, qaçdın evakuator aldın. Niyə? Sən birinci avtopark tikəydin. Tikilməyibsə, birinci tapşırığı qoyub, ikinci tapşırığın dalınca qaçıb evakuator alım, 1 litr boya götürüb hər yanı rəngləyim, dayananları da cərimə eləyim, bu çıxış yolu deyil. Bu, pul tələsidir».

İqtisadçı Kənan Aslanlı da tıxacları aradan qaldırmaq üçün xüsusi izləmə kamerasına ehtiyac duymur. Onun dediyinə görə, tıxacların yarandığı saat və küçələr bəllidir, onu aradan qaldırmaq üçün addım atılmalıdır.

Heydər Əliyev prospektində “ZQAN” Holdinqin tikdiyi İntellektual İdarəetmə Mərkəzi
«DAHA «SAXLA BURDA» DEYƏ BİLMƏYƏCƏKLƏR»

Bunu da Nəqliyyat Nazirliyində şöbə müdiri Sədrəddin Məmmədov deyir. Onun sözlərinə görə, sürücülərin dayanacaq olmayan yerlərdə saxlamaması ilə bağlı indiyədək nazir neçə adamı işdən çıxarsa da, effekt yoxdur:

«Amma daha belə olmayacaq. İntellektual idarəetmə zamanı bütün avtobuslarda displey sistemlər quraşdırılacaq. Ortadakı avtobus öndəkini və arxadakını görəcək, məcburən 5 dəqiqəlik intervalı poza bilməyəcək. Bu həm də mərkəzdən idarə olunur deyə sürücü istəsə də, avtobusu saxlaya bilməyəcək. Beləcə, «saxla demirəm» qışqıran da başa düşəcək ki, sürücü neyləsin? İntellektual sistemdir də. Qanunu pozan sürücüsə iki dəfə xəbərdar olunacaq, üçüncü də sürücülükdən məhrum olunacaq, bir də ictimai nəqliyyatda işləyə bilməyəcək».

«GƏRƏK HƏRƏMİZİN YANINDA POLİS OTURA»

Sürücülərsə Sədrəddin Məmmədov qədər nikbin deyillər.

- Gərək onda hərəmizin yanında bir polis otura. Başımı yardırası deyiləm. Camaatı yaxşı tanıyıram...
- Kresloda oturmaqla idarə etmək olmaz. Camaatın içində oturmaq lazımdır. Nəqliyyat işçilərindən heç kim sürücü döyüləndə arxasında durub dərdi ilə maraqlanmayıb.

SƏRNİŞİN DƏ NARAZIDIR

Pediatriya İnstitutunun həkimi Solmaz Məmmədova deyir ki, həmişə dayanacaqda minib-düşür və avtobusun dayanacaq olmayan yerdə sərnişin götürməsinin əleyhinədir.

Yaxşı xidmət arzusunda olan sərnişin sürprizlə də qarşılaşa bilər. İntellektual sistemdə
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Koreyada təşkil olunmuş sərgisi
sərnişin sürücüyə pul verməyəcək. Avtobusda, metroda, elektrik qatarında və hətta taksidə işləyəcək vahid kartdan istifadə olunacaq. Bu sistemə keçiddən sonrasa qiymətlər arta bilər. İqtisadçılar buna əmindirlər.
Solmaz Məmmədova isə qiymət artımını aldığı maaşa uyğun saymır…

KART ÜÇ-DÖRD İLƏ GƏLƏCƏK

Yeni sistem işə düşəndən sonra avtobuslarda basabas olmayacaq. Amma əvəzində intervallar uzana bilər. Sədrəddin Məmmədov belə söyləyir:

«Avtobusun heç olmasa yarısı dolmalıdır ki, tərpənsin. Sərnişin niyə gözləməsin ki. Lap elə Koreyada 15 dəqiqə gözləyən var. Biz öyrəşmişik, «tez elə» deməyə».

Mütəxəssilərsə bu qənaətdədirlər ki, yeni sistem birbaşa sərnişinin keyfiyyətli daşınmasına xidmət etməlidir. O üzdən intervalların uzanmasından yox, qısalmasından söhbət getməlidir.

Qaldı ki kartlara, Sədrəddin Məmmədovun sözlərinə görə, vahid kart ən yaxşı halda 2013-2014-cü ildə istifadəyə veriləcək. Çünki bunun üçün sistem tam oturuşmalı, bir sıra texniki problemlər həll olunmalıdır.

Odur ki, layihə rəhbəri kartın neçəyə satılacağı, nəqliyyatda xərclərin artıb-azalacağı bəlli deyil.

VERGİ ARTSA, DOTASİYA İSTƏNƏCƏK

Məzahir Rüstəmova görə, karta keçid gələcəkdə hökumətin nəqliyyata dotasiyalar verməsinə gətirə bilər:

«Avtobus dayanacağa gedəndə postterminalında oxunacaq ki, məsələn, bir gündə 1765 kart qeydə düşüb. Sahibkar da daha gəliri gizləyə bilməyəcək. Məcburən qazancdan vergi ödəyəcək. Bu sistemə keçəndən sonra nazirlik və ya sahibkar dotasiya istəsə, təəccüblənmərəm. Xərclər artacaq çünki. Sürücü daha deməyəcək ki, plandan artıq nə qalacaq mənimdir, konkret maaşa oturacaq və artıq onu 300 manata işlətmək olmayacaq. Elə inkişaf etmiş ölkələrdə də bəzi xətlər dövlətdən maliyyələşir».

Yeri gəlmişkən, İstanbul bələdiyyə başqanı Kadir Topbaşı bizimlə söhbətdə deyir ki, avtobus, tramvay, metro, tunel, metrobus qiymətlərinin artmaması üçün hər il bələdiyyənin ictimai nəqliyyat idarəsinə 100 milyon dollar dəstək verirlər.

«AXIRDA TÜRMƏYƏ GİRMƏLİYƏM…»

Sahibkarlar isə yeni sistem haqda ümumiyyətlə danışmaq istəmirlər. Bir neçə günlük cəhddən sonra yalnız bir sahibkar, adının çəkilməməsi şərtiylə danışır:

«Bizi də başa düşün. Keçid dövrüdür. Bir yandan marşrutlar ləğv olunur, bir yandan yeni sistem gəlir. Qalmışıq belə. Ordan sürücü öz haqqını istəyir, burdan camaat, nazirlik də gündə bir qanun-qayda çıxardır. Gah balacaları ləğv edirlər, gah orta tutumluları… İşləmək çətindir. Bizə dedilər ki, təzə avtobus alın, aldıq. Borca girdik. Banka borc qurtarmayıb, indi də deyirlər ki, bizim marşrutlar bağlana bilər. Onda neynirdim borca girirdim, avtobus alırdım, ziyana işləyirdim? Yeni sistem necə olacaq, tələb nə olacaq onu da bilmirik».

Nəqliyyat Nazirli paytaxtda 100-dək marşrutu ləğv edəcəyini deyir.
Bir-birini təkrarlayan marşrutlar ya ləğv edilməli, ya da bir marşrutda birləşdirilməli, kiçik tutumlu avtobuslar iri və orta tutumlu avtobuslarla əvəzlənməlidir.

Ekspert Məzahir Rüstəmov deyir ki, nazirliyin bu addımı sərnişinləri də, sürücüləri də çaş-baş salıb.

«Ortatutumlu avtobusların bir qismi yığışdırılır. Nazirliyin vasitəsilə böyüktutumlu avtobuslar gətirilir. Bir il qabaq həmin sahibkarlara şərt qoydunuz ki, ortatutumlu avtobus gətirin sizi xəttə buraxaq. O avtobuslar beş manat deyil, üç manat deyil. Neçə min pul töküblər, kredit götürüblər, avtobuslar banklarda girovluqdadır. Həmin sahibkarlar tam ziyana işləyirlər».

«NAZİRLİK İNHİSARÇIYA ÇEVRİLİR»

Mütəxəssislərin fikrincə, marşrutların ləğvi və iritutumlu avtobusların gətirilməsinin arxasında başqa niyyət durur.

Nəqliyyatçılar İctimai Birliyinin rəhbəri Natiq Ələkbərovun sözlərinə görə, indi marşrutların bir və ya bir neçə əldə cəmləşməsindən söhbət gedir.
Namiq Həsənov

Məzahir Rüstəmov yada salır ki, 2010-cu ilin sonuna kimi Bakıya 3000-dən artıq taksi gətirilməlidir və bu layihəni Nəqliyyat Nazirliyi dəstəkləyir. Yeni taksilərdə də avtobuslardakı kimi ödəmə terminalları quraşdırılacaq. Onun fikrincə, intellektual sistemin də bircə məqsədi var: «Nazirlik inhisarçıya çevrilir».

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov inhisarçılıqla bağlı fikirləri qəbul etmir. O deyir ki, azad bazar iqtisadiyyatıdır:

«Hansı şirkət real, səmərəli təklif verirsə, onlar bazarda önə çıxırlar. Burda inhisarçılıqdan söhbət gedə bilməz. Bəzən yazırlar ki, kimlərəsə yaxınlığı ilə seçilən şirkətlər var. Bu məsələni araşdırmadan deyirlər».

BƏLƏDİYYƏLƏRƏ YOL

Bir çox iqtisadçılar, o cümlədən Natiq Cəfərli hesab edir ki, nəqliyyat sektoru Nəqliyyat Nazirliyinin nəzarətindən çıxarılmalı, başqa ölkələrdə olduğu kimi bələdiyyələrə verilməlidir.

Məsələn, Türkiyədəki kimi. Bu ölkədə avtopark, svetofor, yolların çəkilişi və başqa işlərin hamısını bələdiyyələr görür. Elektron izləmə sistemlərinisə polis idarələri qurur. İstanbul bələdiyyəsinin avtoparklarla məşğul olan «İspark» şirkəti özəlləşdirilərək satılıb.

Bu haqda İstanbul metropol bələdiyyə başqanı Kadir Topbaşı AzadlıqRadiosuna bildirir ki, Azərbaycanda da səlahiyyətlər icra qurumlarından alınıb yerli özünü idarəetmə orqanlarına verilməlidir:

«Bu prosesdə nə qədər geciksəniz, o qədər geridə qalacaqsınız. İnanıram ki, yerli özünü idarə etmə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılması və onların işinə müdaxilə yaxın gələcəkdə yerini daha demokratik metodlara verəcək. Bu prosesləri nə qədər erkən tərk etsəniz, o qədər yaxşı olar. Buna məcbursunuz».

«YOL YOXDUR»

Pediatriya İnstitutunun həkimi Solmaz Məmmədova ilə Cəfər Cabbarlı küçəsində qarşılaşdıq. Həmişə tıxac olan bu küçədə son həftələrdə təmir üzündən hərəkət daha da çətinləşib. Bir yandan təmirin hay-küyü, qaldırdığı tozanaq, o biri yandan daralmış yollarda dönməkdə-dayanmaqda çətinlik çəkən iri avtobuslar, yolu keçə, nəqliyyata minə bilməyən piyada və sərnişinlərin gərginliyi, əsəbiliyi. Elə həmsöhbətimizin də əsəbləri tarıma çəkilmişdi, bu ətrafa yaxşı bələd olan xanım indi elə bil labirintə düşmüşdü:

«Bizim üçün, piyada üçün gəzməyə, yeriməyə bir tikə yol yoxdur. Bir addım yol yoxdur. Nəqliyyat Nazirliyi qəti qərar qəbul etməlidir. Belə getsə, biz iki-üç saata evimizə çata bilməyəcəyik».

Sürücü Fuad Quluzadə:

«İki-üç aydan bir yolları qazır, elə eyni yerdə təmir aparırlar. Heç bir işarə də qoymurlar ki, sürücülər həmin marşrutu seçməsinlər. Vaxt, əsəb itkisidir hamısı da».
İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, yolları daim təmirdə olan Bakıda yeni sistem çətin özünü doğrultsun.

«İntellektual idarəetmə odur ki, nəqliyyat sistemi saat mexanizmi kimi işləsin. Vaxtında təyin olunmuş yerə çatasan. Amma təmir işləri, bunun nəticəsində əlavə tıxacların yaranması sistemə mane olacaq».

TƏMİR HƏLƏ DAVAM EDƏCƏK

Amma Sədrəddin Məmmədov bu fikirlə qəti razılaşmır. Təmiri də sistemə keçidin hazırlıq hissəsi sayır:

«Çox bahalı bir paltar alanda aksessuarı da almağa məcbursan ki, onu daha da gözəl göstərsin. Küçə və prospektləri də yeni sistemə uyğunlaşdırırıq».

Cənab Məmmədov təmirin Bakıda nə zaman yekunlaşacağı haqda suala dəqiq cavab vermir. Bir onu deyir ki, iş hələ uzundur. Gələn il Ziya Bünyadov prospekti, daha sonra Babək prospekti təmirə dayanacaq.

İntellektual sistem gələn ilin fevralında işə düşməliydi, amma indi avqusta gözlənir. Hərçənd Sədrəddin Məmmədovun sözlərinə görə, ola bilsin, gələn ilin fevralında bu sistem qismən işə düşsün.

NEFT PULLARININ AĞILLA İDARƏ EDİLMƏSİNƏ EHTİYAC VAR

Mütəxəssislər isə deyir ki, məsələ təkcə heç də nəqliyyat sektorunda intellektual idarəetməyə keçidlə bitməməlidir. Neft pullarının və bütünlükdə ölkənin intellektlə idarə edilməsinə ehtiyac var. Əks halda, belə layihələr həm səmərəsiz qalacaq, həm də ölkəyə gələn böyük pulların yuyulmasında istifadə ediləcək.
XS
SM
MD
LG