Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

"Təhsil alver predmetinə çevrilib"


Rövşən Ağayev
Rövşən Ağayev
“Azərbaycanda orta təhsilin vəziyyəti faciəlidir”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında iqtisadçı - ekspert Rövşən Ağayev apardığı təhqiqatlara söykənərək deyib. Onun sözlərinə görə, orta təhsilin aşağı səviyyədə olmasını hətta sadə vətəndaşlar da anlamaqdadır.

“Azərbaycanda son illər orta təhsil sisteminin keyfiyyəti son dərəcə sürətli şəkildə aşağı düşür... Bunu öz evindən orta təhsilə övlad göndərən, hətta peşəkar olmayan insanlar da müşahidə edə bilirlər. Çünki orta təhsil bir institut olaraq öz funksiyasını itirməkdə və hər bir ailə daha çox uşaqlarının normal bilik alması üçün böyük həcmdə vəsaitlər xərcləyirlər. Kiminsə imkanı yoxdursa, keyfiyyətsiz orta təhsil almaq riski ilə üzləşir. TQDK-nın açıqladığı məlumatların da analitik təhlili onu göstərir ki, bizim orta təhsilin vəziyyəti olduqca ağırdır”.

REPETİTOR ZƏRBƏSİ


Ekspert bunun həllini ictimai fəallığın artırılmasında görür.

Sabiq deputat və Milli Məclisin Elm və Təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərov da ildən – ilə təhsilin səviyyəsinin aşağı düşdüyünü təsdiqləyir. O deyir ki, bu iqtidar və ya müxalifət cəbhəsində olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını narahat etməlidir. Təhsil üzrə mütəxəssis təhsilə ən böyük zərbəni repetitor tədrisini hesab edir.
Şahlar Əsgərov


“Repetitor təhsilinin vüsət alması bütün təhsilə arxadan vurulan zərbədir. Çünki repetitor təhsilində heç cür dövlət siyasətini yürüdüb, vətənpərvər vətəndaş, ağıllı vətəndaş, dövlətin, millətin qeydinə qalan vətəndaş sən yetişdirə bilməzsən. Bu təhsillə sən ancaq müəyyən bir fənni öyrədə bilərsən”.

Şahlar Əsgərov deyir ki, vəzifəli insanlar təhsilə daha çox maraq göstərməlidir. Ekspert orta məktəb dərsliklərində də xeyli qüsurların olduğunu bildirir:

TƏHSİL ALVER PREDMETİ OLUB

“Təhsil çox incə, çox mürəkkəb məsələdir. Kim təhsili orta məktəbə gedib gördüyü kimi təsəvvür edirsə, onun görünməz qatından xəbəri yoxdur. Burda ən vacib məsələ təhsilin məzmunudur. Təhsilin məzmununda isə ən vacib məsələ isə 1-ci və 10-cu sinif arasında inkişafa uyğun bölüşdürülməsidir. Mən də eşitmişəm ki, düz xətti keçməmiş, çevrədən, dairədən orta təhsil müəssisələrində söhbət gedir. Bu ondan irəli gəlir ki, dərslik yazılmasından törəyən qüsurlardır”.

İqtisadçı-ekspert Rövşən Ağayev isə dərslik sisteminin qüsurlu olmasını həmin sistemin tamamilə alver predmetinə çevrilməsində görür. O deyir ki, dərsliklərin hazırlanması və çap edilməsi tamam inhisarlaşmış bir prosesə çevrilib.

Təhsil üzrə mütəxəssis Şahlar Əsgərov dinləyicilərdən birinin təhsilin səviyyəsinin artırılmasında dövlət və dövlət başçısı maraqlı olmaması barədə fikri ilə razılaşmadığını bildirib. O deyib ki, millət nə qədər savadlı olsa, dövlət o qədər güclü olar.

“Dünyada elə bir dövlət başçısı tapa bilməzsən ki, bu ideya daşıyıcısı olsun ki, nə qədər mənim millətim savadsız olsa, mənə asan olar. Heç bir dövlət öz xalqının təhsilsiz olmasına maraqlı ola bilməz. çünki ÜDM-in yaranmasının əsas səbəblərindən biri əhalinin nə dərəcədə savadlı olmasından asılıdır. Toplum nə qədər savadlı olsa, dövlət də bir o qədər varlı və qüdrətli olar”.
XS
SM
MD
LG