Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:56

«Elmlə mütəmadi məşğul olanlar daha uzun ömür yaşayırlar»


Paşa Qəlbinur
Paşa Qəlbinur
AzadlıqRadiosunun “İşdən sonra” verilişinin qonağı şair, həkim Paşa Qəlbinurdur. Onunla müsahibəni təqdim edirik:

- Paşa bəy, son illər pasiyentlərin sayı artıb. Eləmi?

- Belə demək olar ki, artıb. Çox da fövqəladə yox, elmin-texnikanın inkişafı, ekologiyanın bütün şəhərlərdə geriləməsi insanın səhhətinə və görmə qabiliyyətinə təsir edir.

- Deyirlər kitab oxuyanların sayı azalıb. Əgər adamlar kitab oxumurlarsa gözləri harda korlanır?

ELMLƏ MÜTƏMADİ MƏŞĞUL OLAN İNSANLAR DAHA UZUN ÖMÜR YAŞAYIRLAR

- Mən heç də o fikirlə razı deyiləm ki, insan kitab oxuyanda gözləri korlanır. Əksinə insan kitab oxuyanda həm ağlı artır, həm də görmə qabiliyyəti daim fəaliyyətdə olduğu üçün yaxşı görür. Statistikadan məlumdur ki, elmlə mütəmadi məşğul olan insanlar daha uzun ömür yaşayırlar.

- İnsanın bu ölkədə gözü açıq yaşaması üçün şərait varmı? Azərbaycanlı gözüaçıq yaşaya bilirmi bu gün?

- İstər Azərbaycanda, istərsə də dünyanın harasında olur-olsun, insanın gözüaçıq yaşaması üçün mütləq onun mütaliəsi, savadı olmalıdır. Bütün dünyada insanlar nəqliyyatda kitab oxuyurlar. Azərbaycanda bu azdır. Onun da təsiri təbii ki, görünür.

- Nədə görünür?


- İnsanın kitabla ünsiyyəti az olanda ətraf mühiti qavrama dairəsi azalır, hadisələrə münasibəti kütləşir, nəticə çıxarmaq qabiliyyəti azalır.

- Sizin gözünüz görüb, diliniz danışırmı?

- Bəli.

- Haqsızlığa son dəfə nə vaxt etiraz etmisiniz?

SONUNCU DƏFƏ BİR NEÇƏ GÜN ƏVVƏL ETİRAZIMI BİLDİRMİŞƏM

- Mən elə hər gün kiçik məişət misalından tutmuş, ta böyük olan, o şeylə ki razı deyiləm, ona öz ziyalı fikrimi bildirirəm. Sonuncu dəfə bir neçə gün əvvəl DAK-ın qurultayında bizdən ayrı yaşayan 40 milyon soydaşımızın öz dillərində məktəblərinin, universitetlərinin olmamasına etirazımı bildirmişəm.

- Bəs siz Arazın bu tayında olan azərbaycanlıların haqqının pozulmasına etiraz edirsinizmi? Azərbaycanda insanlar söz azadlığının, toplaşmaq azadlığının, seçim hüququnun pozulmasından, seçkinin saxtalaşdırılmasından narahatdırlar. Bunları görürsünüzmü?

GÖRƏVİM YOXDUR

- Mən bu son seçkilərdə iddiaçı olaraq iştirak etməmişəm. Amma öz yaşadığım ərazidə seçkiyə gedib, səs verib, qayıdıb, gəlmişəm. Eşitmişəm ki, kimlərsə narazılıq edirlər, kimlərsə razı qalıb. Təbii ki, seçilənlər razı qalıb, seçilməyənlərin içərisində narazı qalanlar çox olub. Mən onlara nə deyə bilərəm? Mənim o barədə görəvim yoxdur. Görmüşəm ki, hardasa haqsızlıq olub, hardasa layiqli bir namizəd seçilib.

- Nikbin insansız. Nədir sizi belə nikbin saxlayan? Azərbaycan xoş günlərini yaşayır?

- Tam mənada xoş günlərini yaşayır demək düzgün olmaz. Amma mən sabaha optimist baxıram. Yaxın keçmişdə başlayıb bizim müstəqilliyimiz. Sabahı daha yaxşı görürəm. Mən az şeyə qane olub, sabahı daha işıqlı görən insanam.

- Həyat səviyyəsini ölçən beynəlxalq hesabatlar var. Həmin hesabatlarda qeyd olunur ki, bəzi ölkələrdə insanların səhiyyəyə əlçatımlığı çoxdur. Bəzi ölkələrdə isə yalnız bir qisim insanların əli səhiyyəyə çatır. Azərbaycanda durum necədir?

XƏSTƏLİYİN HEÇ DƏ HAMISI AXIRA QƏDƏR MÜALİCƏ OLUNMUR

- Elə şeylər var ki, təbabətin ona gücü çatmır. Qaldı həkim-xəstə münasibətləri bütün dünyada neçə əsrlərdən bəridir davam edir. Burda da müəyyən məqamlar var. Pasiyentlər mütaliəli olanda onların vəziyyəti anlaşıqlı dildə izah olunur. O da ondan nəticə çıxarır. Xəstəliyin heç də hamısı axıra qədər müalicə olunmur. Qaldı siz deyən məsələyə, olmalıdır həm sığorta səhiyyəsi, həm özəl sektor, həm də bu ikisinin arasında olan formalar. Ürəyi istəyən adam özəl sektorda müalicə almalıdır. İmkanı məhdud olan sığorta xəstəxanalarında müalicə almalıdır. Xalq təbabəti ilə qarışıq olan klinikalar da ayrı. Bunlar hələ oturuşmayıb. Ona görə müəyyən narazılıqlar olur. Ancaq bu narazılıqlar dünyanın ən inkişaf etmiş ölkələrində də olur. Onlar da xüsusi qaydada, məhkəmə qaydasında ekspertlərin iştirakı ilə həll olunur.

- Azərbaycanda 3 ildir sığorta sisteminə keçidlə bağlı rəsmi qərar qəbul olunub. Amma keçid baş vermir. Niyə?

- Mən Azərbaycan səhiyyəsinin rəhbərliyində təmsil olunmuram. Düzünü desəm dəqiq bilmirəm. Mən bir sahənin mütəxəssisiyəm. Mənə belə gəlir ki, bu ən yaxın vaxtlarda həll olunmalıdır. Olacaq, olmayacaq - onu mən deyə bilmərəm. Ona mən məsul deyiləm. Ancaq olsa yaxşı olar.

- Aktiv vətəndaş beləmi cavab verir?

HƏR ŞEYDƏN DANIŞAN ADAMLAR HEÇ NƏ BİLMƏYƏN ADAMLARDIR

Hər şeydən danışan adamlar heç nə bilməyən adamlardır
- Hər şeydən danışan adamlar heç nə bilməyən adamlardır. Mən bildiyim sahələrdən cavab verə bilərəm.

- Parlamentin tərkibi sizin gözləntilərinizi necə doğruldur? Sizcə Azərbaycanın parlamenti bu cürmü olmalıdır?

- Azərbaycan parlamentinə seçilən millət vəkillərinin bir hissəsini mən tanıyıram. Onlar haqqında fikir deyə bilərəm. Bir hissəsinə isə heç salamım yoxdur. Yəni, məsafə uzaqdır. Mən səs verdiyim dairədən iqtisadçı Ziyad Səmədzadə seçilib. Mən onu iqtisadiyyatı bilən məqbul bir mütəxəssis kimi qəbul edirəm. Bir–iki dəfə təmasda olmuşam. Onun gözəl tarçalma bacarığı var. Yaxşı danışığı var. Qızı gözəl bəstəkardır. Hətta mənim şeirlərimə mahnı bəstələmək istəyib. Onu mən qəbul edirəm. Amma kimsə ki var, kimlərsə deyir ki, o layiq deyil. Mənsə düzü tanımıram. Ancaq bu yaşımda elə olur ki, bir insan haqqında müsbət fikirdəyəm, ona yaxınlaşıram mənfi olur. Və ya əksinə. Mütləq bir adam haqqında yaxşı-pis demək də düzgün deyil.

- Azərbaycan parlamentində müxalifət partiyalarının təmsil olunmamasına münasibətiniz necədir?


MÜXALİFƏT PARLAMENTDƏ MÜTLƏQ OLMALIDIR

- Bu, düzgün deyil. Gərək mütləq müxalifət partiyaları təmsil olunsunlar. Bir neçə nəfər var belə müxalifət kimi fəaliyyət göstərən indiyə kimi. Onları da cəmiyyətin bir hissəsi tam müxalifət hesab edir, bir hissəsi mətbuatdan mənim oxuduğuma görə müxalifət hesab etmir. Yarımçıq hesab edir. Təbiidir, müxalifət parlamentdə mütləq olmalıdır.

- Dinləyici yazır: Ruslar harda imkan oldu qəzet-jurnal, kitab çıxarıb mütaliə edirlər. Bizdə nə vaxt belə olacaq?

- Mən çağırıram ki, harda imkan düşdü mütləq mütaliə edin. Çünki mütaliə edəndə insanın danışığı gözəl olur, üzü nurlu olur əsl din xadimləri kimi, qəlbi işıqlı olur, ömrü uzun olur. Hətta bir dəfə mənə sual verdilər ki, gözəl olmaq üçün neyləmək lazımdır? Dedim mütaliə etmək - gülüşdülər. Sonra mən dedim ciddi deyirəm. Əgər bir adamın üz cizgiləri nə qədər gözəl olsa da danışanda yaxşı danışmasa, mən onu gözəl hesab etmirəm.

- Müəllimlər və həkimlərin maaşları niyə artırılmır? Neft var, pul var. Niyə müəllim və həkim yaxşı maaş almasın?


MAAŞLARI MƏN ARTIRMIRAM

- Müəllimlər və həkimlər yüksək maaş alsa yaxşı olar. Maaşları mən artırmıram. Kim artırırsa ondan soruşun.

- Bilirik siz artırmırsınız. Amma siz parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadəyə səs vermisiniz. Bax burda sizin məsuliyyətiniz var.


- Ziyad müəllimdən mən soruşmuşam, deyib ki, mən də çalışıram ki, artsın.

- Dinləyici yazır: Suyu-üfürə-üfürə içmək misalı sizin siyasətə yönəlik suallara verdiyiniz cavablara şamil edilə bilər. Axı azad olmayan insanın yaradıcılığı heç vaxt cəzbedici olmayıb.

- Azad olmaq gözəl şeydir. Azadlıq da gözəl şeydir. Yaradıcılığa qalanda konkret kimdən söhbət gedirsə, onu oxumaq lazımdır. Oxuyandan sonra konkret mühakimə yürütmək lazımdır. Bir adam bir əsəri oxumayıbsa, onun haqqında fikir deyə bilməz.

XS
SM
MD
LG