Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:21

«Hökumət seçki pozuntularını tanıyıb»


İntiqam Əliyev
İntiqam Əliyev
«Hökumət siyasi opponentlərinin seçki pozuntusunu tanıdı».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev deyib. Hüquqşünasın sözlərinə görə, onlar bu qərarları seçkidən öncə gözləyirdilər. O deyir ki, həmin qərarların 2010-cu il parlament seçkiləri baxımından çox böyük əhəmiyyəti olacağını hesab edirmişlər:

«Hökumət Avropa Məhkəməsinə şikayətçilərlə barışıq sazişi bağlamaq barədə təklif verdi. Belə bir rəsmi müraciət göndərdi ki, hökumət şikayətçilərlə barışıq bağlamağa hazırdır. Barışıq bağlaması üçün şərtlərdən biri kimi onlara 8 min avro məbləğində kompensasiya ödənilməsi barədə öhdəlik götürdü üzərinə. Eyni zamanda həmin o barışıq sazişində qeyd edilirdi ki, Azərbaycan hökuməti Venesiya komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq edir. Seçki Məcəlləsinə əhəmiyyətli, müsbət dəyişikliklər edilib. Bu dəyişikliklər seçki komissiyalarında şikayətlərin ədalətli araşdırılması ilə bağlıdır».

QƏRARLA RAZILAŞMAYIBLAR

İntiqam Əliyev deyir ki, şikayətçilərin böyük əksəriyyəti bu qərarla razılaşmayıb.

«Bir nəfər barışıq sazişi imzalamağa razılıq verdi. Qalanları isə hökumətin bu şərtləri ilə razı olmadıqlarını bildirdilər. Onlar dedilər ki, əvvəla barışıq sazişi imzalamaq üçün hökumət bu pozuntuları tanımalıdır. Hökumət isə öz barışıq sazişi təklifində yazırdı ki, mənim şikayətçilərə kompensasiya ödəməyim o anlama gəlmir ki, mən pozuntuları tanıyıram. Yəni hökumət birmənalı şəkildə pozuntuları tanımadığını qeyd edirdi».

İntiqam Əliyev bildirib ki, bundan sonra onlar yenidən etiraz göndəriblər Avropa Məhkəməsinə. Şikayətçilər bildiriblər ki, əgər hökumət pozuntuları tanımırsa, hər hansı bir razılaşmadan söhbət gedə bilməz:

Avropa Məhkəməsi
«Oktyabr ayında hökumətin sonuncu barışıq təklifi gəldi. Orada kompensasiyanın məbləği 9100 avroya qaldırıldı. Hökumət yazdı ki, mən bu adamların 2005-ci il parlament seçkilərində seçki dairələrində şikayətlərində göstərilən pozuntularını tanıyıram. Həmin şikayətlər üzrə seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində səylərimi davam etdirəcəyəm. Və Avropa Şurasının qarşısında üzərimə götürdüyüm öhdəlikləri Avropa Şurası Nazirlər Komitəsinin nəzarətini qəbul edirəm».

AVROPA MƏHKƏMƏSİ QƏRARINDA SİYASİ AMİL?

İntiqam Əliyev deyir ki, bundan sonra da şikayətçilər arasında bəzi narazılıqlar qalmaqda idi. Bu da Avropa Məhkəməsinin hamıya eyni cür, eyni məbləğdə kompensasiya ödənilməsi ilə bağlı tələb idi. O deyir ki, bu qərarı da ədalətsiz hesab ediblər. Hüquqşünasın sözlərinə görə, onlar bu parlament seçkilərindən sonra da Avropa Məhkəməsinə yazıblar ki, hökumət seçki pozuntuları ilə bağlı heç bir müsbət addım atmayıb.

«Təəssüf ki, bizi ən çox narahat edən bu oldu ki, Avropa Məhkəməsi bütün hallarda hesab etdi ki, indiki halda o, hökumətə inanmalıdır. Ona görə işi siyahıdan çıxardı. Ona görə bu cəmiyyətdə bir qədər suallar doğurur. Nə dərəcədə siyasi konyunktura, siyasi amillər rol oynayır belə qərarlarda?»

DAHA HÖKUMƏT DEYƏ BİLMƏZ Kİ...

Hüquqşünas deyir ki, hökumət bu barışıq sazişini Avropa Məhkəməsi vasitəsi ilə şikayətçilərə ünvanlamaqla seçki pozuntularını tanımış oldu. Bundan sonra heç kimin Azərbaycanda seçkilərin normal keçməsi barədə deməsinin əsası yoxdur:

«Sabah DSK-nın sədri, MSK-nın sədri, baş nazir, ölkə prezidenti desə ki, seçkilərdə pozuntular olmur, biz deyəcəyik, bax bu hökumətin rəsmi rəyi. Bunu kimin imzalamasından asılı olmayaraq hökumətin rəsmi rəyi kimi qəbul olunur. Hökumət pozuntuların olmasını bu işlərdə tanıyıb. Və ona görə demək olmaz ki, burda hər şey qaydasındadır».

XS
SM
MD
LG