Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:33

Latviya qəzeti İlham Əliyev haqda nələr yazdı?


Yanvarın 17-də Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya ikigünlük rəsmi səfəri başlayıb. “Dövlətlərarası münasibətlər yaxşıdır” diplomatik ifadəsi bəzən fikir ayrılıqlarını pərdələmək üçün istifadə olunsa da, konkret Azərbaycan-Latviya üçün bu doğrudur. Azərbaycan prezidentinin Latviyaya rəsmi səfəri bu münasibətlərin möhkəmlənməsinə kömək edəcək.

Latviyada çıxan “Latvijas Avize” qəzeti yazır ki, Qafqaz ənənəsinə uyğun olaraq Azərbaycan nümayəndə heyəti sahibkarlar və siyasətçilər də daxil olmaqla çox geniş tərkibə malikdir.

Nümayəndə heyəti təxminən 100 nəfərdən ibarətdir. Onların arasında 5 nazir də var - xarici işlər naziri Elmar Məmmədyarov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov.

ATANIN KÖLGƏSİ

Azərbaycan prezidenti İlham Əliyevin atası Heydər Əliyev sayəsində bu vəzifəyə yiyələndiyini yəqin ki, heç kim inkar etmir. H.Əliyev Azərbaycanda 30 ildən çox müddətdə birinci şəxs olub. O Dövlət Təhlükəsizlik Komitəsinin işçisindən birinci şəxsinə kimi yüksəlib.

Brejnevin dəstəyi ilə siyasi hakimiyyətdə yüksəlməyə başlayıb. 1969-cu ildə Azərbaycanda birinci katib olub. Ölkədə korrupsiyaya qarşı geniş miqyaslı mübarizəyə başlayıb. Nəticədə bir çox tanınmış adam həbsxana çörəyini dadıb.

Ancaq Heydər Əliyev birinci katiblikdən gedəndən sonra korrupsiyanın səviyyəsi nəinki azalıb, əksinə artıb. Hətta H.Əliyevin tənqidçiləri belə etiraf edirlər ki, o, böyük xarizmaya, təcrübəyə, yüksək intellektə və nüfuza sahib istedadlı siyasətçi olub. Ancaq onun oğlunda bu keyfiyyətlər çatışmır.

Heydər Əliyev Brejnevin dəstəyi ilə siyasi hakimiyyətdə yüksəlməyə başlayıb
İlham Əliyev beynəlxalq mətbuatın diqqətini 2003-cü ildə cəlb edib. O vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İ.Əliyev Azərbaycan prezidenti seçilib. Müşahidəçilər həmin seçkilərin demokratik keçirilmədiyini bildirmişdilər.

İlham Əliyevin prezident olması keçmiş SSRİ məkanında hakimiyyətin atadan oğula keçməsi ilə bağlı ilk hal oldu. O vaxt BBC bu hadisəni şərh edəndə belə bir fikir səsləndirmişdi ki, “hələ bəlli deyil, klan Əlieyevi idarə edəcək, yoxsa Əliyev klanı”.

SİYASİ VARİS

Aydındır ki, İlham Əliyevi siyasi varis kimi çoxdan hazırlayırdılar. O əvvəllər diplomat olmaq istəyirmiş. Ancaq SSRİ-nin dağılması buna imkan vermədi. Media onun çatışmayan xüsusiyyətləri arasında dəbdəbəli həyat tərzinə aludəçiliyi göstərir.

90-cı illərin sonlarında H.Əliyev bütün kazinoların bağlanması haqqında göstəriş verəndə belə deyirdilər ki, İlham Əliyevin qumarda hansısa türk maqnatına böyük borcu olub. Belə görünür ki, İ.Əliyev bədxərcliyini tərgitməyib. Yaxınlarda mətbuat yazıb ki, guya onun 11 yaşlı oğlu Heydər Əliyev Dubayda villa sahibdir.

“Washington Post” qəzeti isə yazıb ki, kiçik Heydər Əliyevin adına olan əmlakın dəyəri 44 milyon dollara yaxındır. İlham Əliyevin prezident kimi illik maaşı isə 228 min dollardır.

KRAL DEYİL, ANCAQ...

İlham Əliyevin “Euronews”a müsahibəsi də maraqlıdır
2009-cu ildə iki dəfədən artıq prezident seçilməklə bağlı Konstitusiyaya dəyişiklik edildi. İlham Əliyevin “Euronews”a müsahibəsi də maraqlıdır. Jurnalist soruşurdu ki, məhdudiyyətlərin götürülməsi onun hakimiyyətdə qalmasına xidmət edir?

İlham Əliyev cavab vermişdi ki, “Qəsdən edilməyib. Belə təcrübə bir çox ölkədə var. Məsələn, dövlətin başçısının nominal kral olduğu ölkələrdə baş naziri 5-6 dəfə dalbadal seçmək olar. Bu situasiya bizimkindən o qədər də fərqlənmir”.

Jurnalistin “Məgər Əliyev özünü kral sayır” sualına cavabında isə demişdi ki, “Yox, yox. Mən özümü icra hakimiyyətinin başçısı sayıram. Sizin dövlətlərdə bu baş nazirdir ki, onu bir neçə dəfə seçmək olar. Nəyə görə xalqı bu imkandan məhrum edək. Azərbaycan Avropa Birliyini tənqid etmir. Hərçənd baxışlarımızda kifayət qədər fərqlilik var”.

Prezident onu da demişdi ki, “əgər kimsə, öz məqsədinə çatmaq üçün demokratiya kriteryasından istifadə etmək istəsə, biz buna yol verməyəcəyik”.

Latviyada çıxan “Vesti Segodniya” (Fenster), “Chas” (Petits), “Telegraf” (Telegraf) qəzetləri İlham Əliyevin Latviyaya səfəri, bunun iki ölkə arasındakı münasibətlərə müsbət təsiri barədə yazıblar.

Latviya qəzetləri prezident Valdis Zatlersin dəvəti ilə ilə baş tutan səfərdə ikitərəfli münasibətlərin inkişafı, “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi kontekstində Azərbaycan-Avropa Birliyi əməkdaşlığı məsələlərinin müzakirəsi, həmçinin enerji resurslarının Xəzər regionundan Avropaya nəqli üzrə layihələrinin də diqqət mərkəzində olacağını yazıblar.

/Sayta hazırladı Kəbiran Dilavərli/
XS
SM
MD
LG