Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:31

Namiq Rəssam. Yuxu kimisən















YUXU KİMİSƏN


Yuxu kimisən, yuxu

Şirin bir yuxu kimi.

Daha doğrusu,

Elə ilk yaranışdan

Qısa ömrü kimisən bir küçə şairinin.

Araq, çörək, qələm, əzik-üzük vərəqlər,

10 ildən çoxdu ki, öyrəşə bilmədiyi həyat,

nizamsız saqqal,

köhnə ,çirkli paltarlar,

12 yaşı olacaq qızının

6 yaşı tamam olarkən , ad günündə çəkdirdiyi şəkilləri ,

Bir də ki...hər gecə

Üzü üstə qucaqladığı tozlu Bakı küçələri.

Gündüzlər gözləri yorğun-yorğun yol çəkər ,

Gecələr daim qapalı

Həyatından deyil də

Yuxusundan razı,

Yuxusundan xoşhal küçə şairi.

Ömrü yuxu...

Ömrü, fəqət , çox qısa.

39-cu qış adını belə bilmədiyi

Bir Bakı küçəsi tabutu olar şairin,

və hələ dan yeri sökülməmiş

Zəngli saat çalar bir otaqda.

Adətən ,insanın gördüyü yuxular

Yadında qalmaz, deyirlər

Yuxu kimisən, yuxu

Şirin bir yuxu kimi.

Həssasam,

Min cür yozaram səni.

Şairəm,

Min vərəq yazaram səni.

Günəşi görüb qaçarsan hər səhər,

Beynimin alt qatlarında ilişib qalarsan.

Bir gecə , yenə qayıdasan deyə...

Yuxu kimisən ,yuxu

Şirin bir yuxu kimi.

Bu aralar , yuxusuzam...


QUM SAATI

Zaman gedir, əfəndim ,

Zaman gedir... dayanmaz.

Dayanmaz , diz çöksən , yalvarsan da .

Qum su kimi axır, əfəndim,

Qum su kimi...

Axır.... Axır ... Axır ...

Əvvəl-axır,

Axıb bitəcək əcəl şüşəsinin dar boğazından.

Bilmirəm , biradər

Bilmirəm , fərqindəsən, ya yox ,

Ama, dünya beşiyinin

Ağ parçasından kəfən toxumaqda sənə.

Sapı ömür , ilməsi sevgi , iynəsi ayrılıq.

Və birgün , həmin ağ kəfən isidəcək

Sənin ağ, soyumuş nəşini,

Qara daşın altında.

Dünyanın toxuduğu...elə həmin ağ kəfən.

Sapı ömür, ilməsi sevgi , iynəsi ayrılıq.

Ayağımızın altındakı yer

Çürük bir fındıq kimi yuvarlanacaq qara dəliyə.

Sənsə , beşiyində mışıl-mışıl yatırsan ,

Mışıl -mışıl...

Və kimsə yavaş-yavaş yellədir beşiyini ,

Yavaş-yavaş , körpə kabusdan ayılmasın deyə.

Sağa -sola...yavaş-yavaş...

Nəfəsin ölüm qoxuyur .

Körpə uyuyur.

Və birgün ayılacaqsan ki ,

Yaşamaqdan başqa heçnə gəlməyibmiş əlindən.

Fəqət , gec olacaq...

Oğlun qara gözlərini qapayacaq ,

Yavaş-yavaş...

Mışıl-mışıl kabusuna davam edəsən deyə.

Hələliksə , zaman gedir , əfəndim

Gedərgəlməzə...


20 YANVAR 2011 TARİXİ ƏRƏFƏSİNDƏ MAYKOVSKİYƏ GECİKMİŞ VƏ GİLEYLİ CAVAB

Mayakovski :

Alın haa ,

Baxın haa ,

Yana - yana qalın haa ,

Mən sovet vətəndaşıyam.

Namiq Rəssam :

2-3 günlük aldım ,

70 il mattım-mattım baxdım,

18-19 ildi Qarabağsız yana-yana qalmışam.

Mən zəncirli Azərbaycanın "özgür" vətəndaşıyam....

Ruhun şad olsun, Lenin baba!!
XS
SM
MD
LG