Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:43

Bakıdakı 50 bina nəyə görə təhlükəli elan edilir


“Gənc alim” yaşayış binası
“Gənc alim” yaşayış binası
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən 50-yə yaxın yeni bina aşkar edib. Bu barədə jurnalistlərə bu günlərdə nazirliyin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov məlumat verib.

O bildirib ki, hazırda həmin binalar istismardadır. Özü də Fövqəladə Hallar Nazirliyinin rəsmi qərarını almadan sakinlərin istifadəsinə verilib.

Xalid Nəcəfovun sözlərinə görə, bu binalarda qurğuların möhkəmləndirilməsi üzrə işlər aparılmalıdır. Ona görə də binaların sakinləri müvəqqəti olaraq köçürüləcək. Təhlükəsizlik tələblərinə tamamilə cavab verməyən binalar isə söküləcək.

“GƏNC ALİM”DƏ ZƏİFLƏMƏLƏR VAR?

FHN yetkilisinin adını çəkdiyi binalardan biri də Bakının Yeni Yasamal qəsəbəsində artıq bir neçə ildir istismarda olan “Gənc alim” yaşayış binasıdır.

Xalid Nəcəfov deyir ki, bu binada artıq indidən zəifləmələr müşahidə olunur: “Hazırda bu zəifləmələrin aradan qaldırılması üçün işlər aparılır. Ola bilsin ki, sakinlərin müəyyən hissəsi müvəqqəti olaraq köçürülsün. Binada aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan və binanın keyfiyyəti yenidən yoxlanıldıqdan sonra köçürülən sakinlər mənzillərinə qayıda biləcək”.

8 bloklu 9 mərtəbəli həmin binanın sakinləri isə deyilənlərlə razılaşmırlar. Onlar hesab edirlər ki, bina yaşayış üçün yararlıdır. Söhbətə təxminən 25-30 yaşlarında olan Vahid başlayır:

“GÜL KİMİ BİNADI”


“3 ildi yaşayırıq. Başqa sakinlərdən də hər hansı narazılıq eşitməmişik. Bina yaşamaq üçün yararlıdır. Özləri də tam yararsız olduğunu demirlər. Deyirlər sadəcə nəsə problemlər var. Amma biz heç nə hiss etməmişik. Hər şey qaydasındadır. Lifti işləyir, isti-soyuq suyu da daimidir. Bircə qaz yoxdur, onu da hər il qışqabağı söz verirlər ki, çəkəcəklər, amma hələlik bir şey yoxdur. Amma sayğacları artıq gətirib quraşdırıblar.”

“Gül kimi binadı. Başqa binalardan heç bir fərqi yoxdur. Özülünü sovet hökuməti dövründə töküblər. Hələ bu o birisi binalardan da möhkəmdir. Başqa sakinlərdən də bir şey eşitməmişəm...”.

KORROZİYA VAR

Elşən Quliyev
Binanın komendantı Elşən Quliyev isə deyir ki, 2004-cü ildən başlayaraq burada tam yaşayış var. Və hazırda binanın heç bir problemi yoxdur. Sadəcə vaxtı ilə bina təhvil veriləndə baxış zamanı FHN-ın tikinti şöbəsi bir neçə qüsur müəyyən edib. Həmin qüsurların aradan qaldırılması üçün nazirlik tərəfindən layihə-smeta tutulub. Qüsurlar aradan qaldırılmaqla binanın təhvili nəzərdə tutulur:

“Binanın bir neçə sütununda korroziya var. Onlara qüvvətləndirmə verilməlidir. Edilən tələb qanunidir. Biz də o tələbləri yerinə yetirməliyik”.

Komendant sakinlərin binadan köçürülməsindən söhbət belə getmədiyini deyir.

“GÜNDƏLİK AZƏRBAYCAN”IN YERLƏŞDİYİ BİNA...

2007-ci ildə FHN İnşaatçılar prospekti 20-də yerləşən 17 mərtəbəli binanın da qəzalı vəziyyətdə olduğunu bildirmişdi. Həmin binada indi həbsdə olan jurnalist Eynulla Fətullayevin baş redaktoru olduğu “Gündəlik Azərbaycan” qəzetinin redaksiyası yerləşirdi.

Nazirliyin əməkdaşları bərkitmə işlərinə başlamaq üçün hətta binanın qarşısına bir qədər armatur, qum və sement də tökmüşdülər. Amma həmin binanın sakinləri deyirlər ki, sonradan heç bir bərkitmə, tikinti işləri aparmadan bina təhvil götürüldü və qanuni sənədlə təmin edildi.

Binanın sakinlərinin bəziləri o vaxt qəza barədə deyilənlərə inanmadıqlarını bildirirlər. Onların sözlərinə görə, binanın layihəsini Azərbaycan Dövlət Layihə İnstitutu verib və tikintidə də bu qurumun mühəndisləri iştirak edib. Məhz bu faktor da onlarda binanın etibarlı olması barədə əminlik yaradıb.

SƏNƏD TƏLƏB OLUNMASI BƏHANƏDİR


Məhəmməd Talıblı
İqtisadçı ekspert Məhəmməd Talıblıya görə isə əslində artıq istismarda olan binaların sonradan dövlət qurumları tərəfindən qəzalı, yaxud yararsız elan edilməsi daha çox korrupsiya və ya siyasi mahiyyət daşıyır. Yəni bu halda ya bina sahibi sənəd almaq üçün həmin qurumun tələb etdiyi rüşvəti vermiş olmur, ya da binada hakimiyyətə opponent olan KİV, QHT, siyasi partiyanın qərargahı yerləşdiyi üçün bu addım atılır:

“Əslində, sənədin tələb olunması, binanın təhlükəli vəziyyətdə olması ciddi səbəb yox, sadəcə bəhanədir. Yerli KİV-lər, QHT-lər, siyasi partiyalar - bir sözlə opponentlik institutları belə vəziyyətlə daha çox rastlaşıblar. Ümumilikdə bina sahibləri həm rüşvət verirlər, həm də hər hansı adminstrativ, siyasi tapşırığa görə öz binalarını qəzalı elan etmək məcburiyyətində qalırlar. Bu yolla bütün bina sahiblərinə maddi və ya siyasi təpki göstərilməsi artıq Azərbaycanda ənənə halını alıb”.

Ekspert deyir ki, dövlət qurumlarının bu hərəkətləri həm daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər yüksəlməsinə, həm də istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Məhəmməd Talıblı hazırda Avropa İnsan Haqları Məhkəməsinə də Azərbaycandan daha çox mülkiyyət hüququnun pozulması ilə bağlı müraciətlərin olunduğunu da təsadüfi saymır.
XS
SM
MD
LG