Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:25

«136 istiqamətdən Azərbaycana narkotik vasitələr daxil olur»


Araz Əliquliyev
NARKOTİKLƏR AZƏRBAYCANA DAHA ÇOX İRANDAN DAXİL OLUR

«136 istiqamətdən Azərbaycana narkotik vasitələr daxil olur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev deyib. Onun sözlərinə görə, narkotik vasitələr daha çox İran ərazisindən Azərbaycana daxil olur:

«Azərbaycan daxilində müsadirə edilən narkotik vasitələrin 85 faizi demək olar ki, İranla həmsərhəd olan rayonlardan qaçaqmalçılıq yolu ilə Azərbaycana daxil olur. Onun böyük bir hissəsi tranzit yolla, yəni Azərbaycan üzərindən keçərək Türkiyə, Rusiya, Avropa ölkələrinə daşınır. Bir qismi isə ayrı-ayrı cinayətkar qruplar, şəxslər tərəfindən Azərbaycanın daxilinə daşınır. Bu istiqamətdə mübarizəni daha çox gömrük-sərhəd xidməti, Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, daxildə daha çox Daxili İşlər Nazirliyinin əməkdaşları aparır».

A.Əliquluyev deyir ki, narkotik vasitələrin Azərbaycana daxil olması üçün digər yol isə Orta Asiya respublikalarıdır. Həmin ölkələrdən narkotik vasitələr dəniz vasitəsi ilə gətirilir.

QƏSDƏN GÖNDƏRİLİR

Hüquqşünas Əlövsət Əliyev isə deyir ki, İrandan Azərbaycana narkotik vasitələr qəsdən göndərilir:

«Azərbaycana İrandan narkotik vasitələr planlı surətdə idarə olunan şəxslər tərəfindən qəsdən göndərilir. Və yaxud da İranda narkorik vasitələrin biznesinə qarşı mübarizə Azərbaycana münasibətdə kifayət qədər zəifdir. Dünya bazarının narkotik ehtiyaclarının 75 faizi Əfqanıstanda istehsal olunan narkotik hesabına təmin edilir. Həmin narkotik vasitənin isə təxminən 35 faizi Azərbaycan ərazisindən dünyanın ayrı-ayrı ölkələrinə daşınır. Bu, Azərbaycan Baş Prokurorluğunun açıqladığı bir rəqəmdir».

Ə.Əliyev deyir ki, bir neçə il bundan əvvəl narkotik vasitə gətirən dəstəni ifşa edərkən məlum olub ki, həmin narkotik vasitələri Azərbaycana göndərən İranda hakimiyyətdə olan şəxslərdir. Azərbaycanda isə onlara dəstək verən kifayət qədər nüfuzlu şəxslər olub.

Ə.Əliyev hazırda narkotik vasitələrin biznesinə qarşı aparılan mübarizədən razı qalmadığını da bildirib:

MÜBARİZƏ ADİLƏŞİB

Əlövsət Əliyev
«İndi narkomaniyaya qarşı mübarizə adiləşib. Bəzən düşünürəm ki, Azərbaycanda narkobiznesə, narkotik vasitələrin alverinə qarşı mübarizə mövcud deyil. Azərbaycanda narkotik vasitələrin asılılığında olan, narkotik vasitələrdən əziyyət çəkən insanlara qarşı mübarizə aparılır. Və o insanlar müalicəyə cəlb olunmaq əvəzinə həbsə atılırlar. Müalicə müəssisələrinə yox, həbs müəssisələrinə göndərilirlər».

Hüquqşünasın sözlərinə görə, bu mübarizədə bir boşluq da ondan ibarətdir ki, Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, sonradan İrana verilmiş şəxslər bir gün də həbsdə qalmır. Əlövsət Əliyev deyib ki, İranda cəza siyasətinə görə pulunu ödəyirlər, dərhal həbsdən azad edilirlər. Hüquqşünas bildirir ki, həmin şəxslərin təkrar bu işlə məşğul olması da rastlaşdığı faktlardandır.

BU, HÜQUQİ CƏHƏTDƏN PROBLEMDİR

Araz Əliquliyev isə deyir ki, bu biznesin başında duran şəxsləri həbs etmək həmişə hüquqi cəhətdən problemə çevrilib:

«Çünki bu insan şəxsən özü heç bir prosesdə iştirak etmir. Əməliyyat-axtarış tədbirlərində irəli çıxan adamlardan biri o casusluq sisteminin işlənməsidir. Buna maliyyə vəsaitinin ayrılmasıdır. Belə kadrların hazırlanmasıdır. Bu gün Azərbaycan gənc bir ölkə olduğu üçün hələ bu sahədə böyük bir təcrübəsi olmadığına görə sözsüz ki, burada zəiflik var. Və çox zaman bu narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha çox icraçılar cinayət məsuliyyətinə cəlb edilir. Onlara himayədarlıq edən, bu sistemi quran varsa, bunun arxasında duran adamlar çox zaman kənarda qalır».

Əlövsət Əliyevsə digər bir problemi önə çəkib:

ƏDLİYYƏ NAZİRLİYİNİN MÜƏSSİSƏLƏRİNƏ NARKOTİK VASİTƏ DAŞINIR

«Bu gün Ədliyyə Nazirliyinin ayrı-ayrı müəssisələrinə narkotik vasitə daşınılır. Və bunlar ayrı-ayrı şəxslər tərəfindən təmin olunur. Əgər həbsdə olan şəxslərin 60 faizi narkotik vasitələrin iştirakçısıdırsa və onlar orada müalicə edilmirsə, bu mütləq ehtiyacını təmin etməlidir. Deməli, həbsdə olan narkotik vasitə istifadəçilərinə hər gün bu və ya digər kanallarla narkotik vasitə çatdırılır. Təbii ki, qanunsuz yollarla».

Araz Əliquluyev isə deyib ki, narkotik vasitələr sərhəddən necə Azərbaycana daxil olursa, o cür də pentensiar xidmətlərə yol tapır.

XS
SM
MD
LG