Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:49

Azərbaycanın milli “facebook”ları...


Rəşad Hümbətov
Rəşad Hümbətov
Artıq 5 aydır ki, Azərbaycanda sosial şəbəkə adına iddialı olan sayt fəaliyyətə başlayıb. Park.Az sosial şəbəkəsi bu müddətdə 5700-ə yaxın üzv toplaya bilib. Bu, yerli sosial şəbəkələrdən ilki deyil. Dream.az, birge.az, yalli.az kimi saytlar da milli “Facebook”lardandır.

Park.Az-ın yaradıcısı 23 yaşlı Rəşad Hümbətovdur. O deyir ki, bu şəbəkəni yaratmaq istəyi dünyadakı bütün azərbaycanlıları bir yerə toplamaqdan irəli gəlir. Bu məqsədlə də 4000-5000 manat civarında pul xərclədiyini deyir:

MƏQSƏDİMİZ BAŞQADIR

“Mənim fikrim yoxdur ki, bizim istifadəçiləri “Facebook”dan, ya da digər sosial şəbəkələrdən özümüzə çəkək. Əslində bizim məqsədimiz başqadır. Azərbaycanlılar bilsin ki, onların yerli sosial şəbəkəsində sırf yerli istifadəçilərdir və milli mentalitetin və milli maraqların qorunmasıdır”.

Rəşad Hümbətov deyir ki, “Park” üzvləri özləri-özlərinin ağasıdır. Amma bu sosial şəbəkənin də öz qadağaları var. Məsələn, şəbəkədə yaradılan “Fan-klub”lar moderatorun senzurasından sonra aktivləşib istifadəyə verilir:

“Bizdə əsas məqsəd odur ki, Park.Az-da nə dini baxış ayrılığı olsun, nə siyasi baxış ayrılığı olsun, nə də ki zövqlər fərqlənsin. “Facebook”da, məsələn, dini baxışlara hərə bir cür baxır. Məsələn, orda “Anti-Muxammed”, “Anti-İslam” fan-klubları var. Bu tip şeylər istər-istəməz insanın psixologiyasına təsir edir. İstifadəçilərin daha yaxşı tərbiyə və milli mentalitetin qorunması üçün Park.Az daha səmərəlidir”.

“Facebook”da, məsələn, dini baxışlara hərə bir cür baxır”
Rəşad Hümbətovun fikrincə, Azərbaycanda sosial şəbəkə anlayışı hələ də öz yerini tutmayıb, ona görə də “Park”çıların əksəriyyəti əyləncə məqsədilə bu şəbəkəyə qoşulub:

ŞƏRH SAYI 2-3-DƏN ARTIQ OLMAYACAQ

“Kafe” adlı bir bölmə mövcuddur. Həmin bölmədən forum kimi istifadə etmək mümkündür. İstifadəçilər hər hansı mövzu yarada və onun ətrafında öz fikirlərini bölüşə bilərlər. İstifadəçiləri əyləncə yönümlü mövzular daha çox maraqlandırır. Siyasi, texniki, elmi mövzu ora qeyd etsək, şərh sayı 2-3-dən artıq olmayacaq”.

Sosial şəbəkələrin aktiv istifadəçisi Rəşad Əliyev isə deyir ki, o beynəlmiləlçi olduğu üçün lokal xarakterli şəbəkələrə marağı yoxdur. Amma hər hansı yaradıcı layihələrin çoxalmağını müsbət qiymətləndirir:

“Bizdə “başqaları olmasın, ancaq özümüz olaq” fikrilə keyfiyyətsiz insanların ortaya gəlib nəsə etməsi ancaq keyfiyyətsiz iş əmələ gətirəcək. Mən ona görə qloballaşmanın tərəfdarıyam. Wordpress-dəki bloqqerlərə baxın, Azərbaycanda yaradılan bloq saytlarındakı bloqqerlərə baxın. Keyfiyyət fərqi o dəqiqə hiss olunur. Eyni keyfiyyətdə adamları görüb eyni keyfiyyətdə də məhsul buraxacaqsan. Dünyanın müxtəlif yerlərindən ən yaxşı istifadəçilər üzə çıxırlar. Sən baxırsan, onlardan nümunə götürürsən”.

Əli Novruzov
Bloqqer Əli Novruzovun fikrincə, yerli şəbəkələr bu bazarı əlinə ala bilər, amma:

RƏQABƏT APARMAQ ÇƏTİNDİR


“Facebook” artıq Azərbaycanda möhkəm kök salıb. Ondan da əlavə, “Odnoklassniki” kimi güclü bir sosial şəbəkə var. Bu iki şəbəkə ilə rəqabət aparmaq çətindir, ona görə ki, bunlar çox funksionaldırlar, çox tanınıblar, hamı artıq burda “oturub”. Amma eyni zamanda Yaponiya təcrübəsi də var, harda ki, “Facebook”dan istifadə etmirlər. Yaponiyada “Facebook”un nüfuzu çox aşağıdır. Çünki orda bazar olanda birinci öz yerli sosial şəbəkələri girib. İkinci gələnlər də götürə bilərlər bazarı”.

Bir müddət əvvəl “Facebook” ölkələr üzrə rəsmi statistikasını açıqlamışdı. Azərbaycan bu hesabatda 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir.
XS
SM
MD
LG