Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:59

Yanan ailəyə təzyiqlər var?


üç gündür ki, Hakimə Hüseynova izahat verir
- Bu izahatı imzaladaq, sonra...
- Axı xəstənin halı yoxdur, görmürsüz nə vəziyyətdədir?
- İndi izahat almışıq, imzalatmalıyıq…
- Dünəndən izahat alırsız...

HƏKİMLƏ MÜSTƏNTİQ ÜZ-ÜZƏ...

5 saylı xəstəxananın yanıq şöbəsinin 3 saylı palatasının qarşısında həkim müstəntiqin qabağını kəsib. Hər ikisi öz işini görmək istəyir...

Söhbət son günlər mətbuatın diqqətindən düşməyən, ailəsi içində ola-ola evinə od vurduğu deyilən Ədalət Hüseynovun həyat yoldaşı Hakimə Hüseynovanın yanvarın 27-də başlayıb 28-də bitən izahatından gedir.

Daha doğrusu, üç gündür ki, Hakimə Hüseynova izahat verir. Qohumu Yeganə Əmiraslanova AzadlıqRadiosuna bildirib ki, birinci gün Hakimə Hüseynovadan izahat alınsa da, sonrakı gün müstəntiq izahatı imzalatmaq üçün ona oxuyanda, qadın imzalamaqdan imtina edib.

MÜSTƏNTİQ İFADƏNİ TƏHRİF EDİB?

Səbəbi də bu olub ki, dedikləri ilə yazılanlar arasında yerdən-göyə fərq var. Ona görə də onlar Hakimə Hüseynovanın rəsmi nümayəndələrinin iştirakı ilə yenidən izahat verməsini tələb edirdilər.

Yeganə Əmiraslanova
Yeganə Əmiraslanova deyir ki, Hakimə Hüseynovanın rayondakı qohum-əqrəbasına təzyiq olunur ki, o, izahatında ərinin polislər tərəfindən incidildiyini söyləməsin.

Elə bizim söhbətimiz ərəfəsində də Yeganə Əmiraslanovaya zənglər gəlirdi:

«ZƏNG-ZƏNG DALINCA GƏLİR Kİ, SƏN BU İŞDƏN KƏNARA ÇƏKİL»

- Rayon rəhbərliyi sözünü eşidə biləcəyim qohumlarımı üstümə salıblar. Zəng-zəng dalınca gəlir ki, sən bu işdən kənara çəkil.

Biz içəri girəndə, Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov və Respublika Prokurorluğunun əməkdaşı (o özünü bizə təqdim etmədi) Hakimə Hüseynovadan yanvarın 27-də günortadan sonra aldığı izahatı yekunlaşdırırdı.

Emin Abbasov ondan ərinin içib-içmədiyini, ailədə münaqişə olub-olmadığını soruşurdu. Hakimə Hüseynova da bildirdi ki, kasıb ailə olsalar da, əri ilə dolanıb, içməyinə gəlincə, mərhum ərinin toydan toya içdiyini söylədi.

Emin Abbasov
Gədəbəy rayon Polis İdarəsinin rəhbərliyi AzadlıqRadiosuna bu ehtimalı səsləndirib ki, Ədalət Hüseynov həyat yoldaşı ilə yola getmədiyi üçün evinə od vurub.

Müstəntiq izahatını alandan sonra onu kompüterdən çıxarmağa, Hakimə Hüseynovanın isə sarğılarını dəyişməyə apardılar. İzahatın imzalanması da onun sarğısını dəyişəndən sonraya təsadüf etdi.

Müstəntiq Emin Abbasovdan nəyə görə Hakimə Hüseynovanın birinci izahatı imzalamaqdan imtina etdiyini soruşmaq istəsək də, o, sualımızı cavablandırmaq istəmədi.

HAKİMƏ HÜSEYNOVA GÜNAHKARLARIN CƏZALANMASINI İSTƏYİR...

Hakimə Hüseynovanın nümayəndəsi Qurban Məmmədov AzadlıqRadiosuna bildirdi ki, onun iştirakı ilə verilən izahatda qadın polislərin ərindən əl çəkmədiyini bildirib:

- Hakimə bildirdi ki, əri ona «polislərin əlindən bezmişəm, sizi də, evi də yandırıb hamımızı onların əlindən qurtaracam» deyib.

Qurban Məmmədov
- Hakimə xanım izahatında ərinə təzyiq edən polisləri tanıyıb-tanımadığını bildirdimi?

- Adlarını çəkdi. Beş nəfər polis olub, adını da çəkdi, dedi ki, üzdən də tanıyıram.

Sarğıları dəyişəndən sonra palataya qaytarılan Hakimə Hüseynova izahatını imzalayıb və ora əlavə edib ki, onun bu günə düşməsinə, ərinin özünü öldürməyə çatdırmasına səbəbkar olan polis əməkdaşlarının cəzalandırılmasını istəyir.

Gədəbəy rayon Prokurorluğunun köməkçisi Salman Quliyev isə AzadlıqRadiosuna bildirir ki, Hakimə Hüseynovanın izahatında polislərin adını çəkməsi heç də onların dərhal istintaqa cəlb olunacağı demək deyil. Çünki polislərin ailəyə təzyiqi hələ sübut edilməlidir:

- Qonşular dindirilib, deyiblər ki, onlara polis gəlib-eləməyib. Araşdırma göstərir ki, Ədalət Hüseynov evi təsadüfən yandırıb.

MÜSTƏNTİQİN YOL XƏRCLİYİ…

Salman Quliyev deyir ki, Ədalət Hüseynov meşədən qanunsuz ağac kəsdiyi üçün barəsində cinayət işi qaldırılıb, amma polislər onu incitməyib, hətta istintaqa gəlib-gedəndə də müstəntiq ona yol xərcliyi verib.

Hakimə Hüseynova nədən polislərə böhtan atsın? Salman Quliyev deyir ki, o, bununla bağlı qəti bir söz deyə bilməyəcək və müstəntiqin Bakıdan geri qayıtmasını gözləyirlər.

Müstəntiq izahatı bitirəndən sonra Hakimə Hüseynovadan hansısa xahişi olub-olmadığını soruşdu. O bildirdi ki, «böyüklər»dən ona evinin yenidən tikilməsini, uşaqlarına isə ünvanlı sosial yardım verilməsini istəyir.
XS
SM
MD
LG