Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Namiq Şaman "Allellər" (Hekayə)


Gecənin bir vaxtı küçənin ortasında bir qadın qışqırırdı, dəli kimi o tərəf bu tərəfə qaçır, ağlayır, saçını yolurdu.

Polislər qadını sakitləşdirməyə çalışırdılar, qadınsa sakitləşmək bilmirdi, durmadan polislərə lənət yağdırırdı : qaytarın oğlumu, oğlumu qaytarın, necə aparıbsınız eləcə də qaytarın.

Polislər arasında ən yüksək vəzifədə olan biri asta səslə bir az gülən tərzdə qadının ittihamlarına cavab verirdi :

Ay anam, ay bacım biz sənin oğlunu görməmişik, siz asayişi pozursuz, gedək bölməyə orda aydınlaşdırarıq.

Qadını zorla maşına basıb apardılar. Uzaqdan qadının səsi eşidilirdi : De allah haqqı görməmisən oğlumu. Allaha and iç inanım.

Bir neçə küçə uzaqlıqda başqa bir səs küy dünyanı başına götürmüşdü, bir oğlan özünü yandırmaq istəyirdi, polislər ona mane olmağa çalışarkən uzaqdan dubinkaların qalxıb endiyi sezilirdi.

Həmin yerə doğru gedən insanlar yollarını dəyişdirib, sürətli addımlarla bəzən qaçarcasına ordan uzaqlaşmağa çalışırdılar.

İki nəfər bir-biriylə pıçıldaşırdı ki, yəqin bu hadisələr də son dövrlər dindarların baş qaldırması ilə bağlıdır.

Heç kimi, heç kim maraqlandırmırdı. Hamı qaçıb evlərinə doluşur, qapılarını arxadan bağlayır, divanlarına uzanıb, televizorlarını seyr edirdilər.

Polislər qapıları döyüb evlərə girir, cürbəcür silah və uyuşdurucu maddələr tapır, minlərcə dini mövzuda kitab və disklər ələ keçirirdi. Böyük polis avtobuslarında binalardan dəstə-dəstə dindar tutulub aparılırdı.

Həmin yerdən cəmi 3-4 küçə də uzaqlaşsan, düz bulvar meydanına gedib-çıxacaqsan. Sabah hansısa bayram idi və bu gündən meydanda bayram konsertləri verilirdi. Meydanın ortasında qurulmuş nəhəng, işıqlı səhnədə deputatlar növbə ilə çıxış edirdilər. Əvvəlcə gənc bir kişi deputat danışdı xalq və dövlətin bu günü, sabahı haqqında nitq söylədi, onun arxasınca bir qadın deputat danışdı, məxsus olduğu millətin qüdrətini, uzun və keçməkeşli tarixini söhbətində tez-tez vurğuladı. Onların arxasınca müğənnilər və şairlər gəldi əsas xalq qəhramanlarının adına yazılmış mahnı və şeirləri oxudular.

Bütün baş verənlərin fövqündə mən qorxudan qaranlıq otağımın bir küncünə qısılıb oturmuşdum. Otaqda televizor işləyirdi amma səsi axıra kimi kəsilmişdi, bulvar meydanında olan konsertdən canlı yayım verirdilər. Pəncərədən qaranlıq otağımın divarına düşən ağ işığı müşahidə edirdim, polis maşınlarının sirenləri divara düşəndə məni qeyri-ixtiyari olaraq titrəmə tuturdu, harda gizlənəcəyimi bilmirdim.

Telefon zəng çalırdı, mən dəstəyi götürməyə cəsarət etmirdim, ola bilər zəng edənlər evdə olub olmadığımı yoxlayıb sonra qapını qıraraq evə soxulacaqdılar. Məni tutub aparacaqdılar. Bir azdan zəng kəsildi. Mən divar dibində eləcə yuxuya getdim. Arabir qulağıma aydın siren səsləri gəlirdi.

Yuxudan oyananda televizor qarşısında yekə papaqlı bir kişinin əlində qoşalüləli tüfəng sakitcə oturub televizora baxdığını gördüm.

Bu adam mənim babam idi. Mən gəlib onun yanında oturdum və onunla birlikdə televizora baxmağa başladım.

Televizorda hərbi marşlar səslənirdi. Təyyarələr uçur, gəmilər üzür, əsgərlər sırayla keçir, sonra bir əsgər o biri ilə əlbəayaxa çıxıb döyüş hazırlığını göstərirdi.

Babam yekə ağ bığlı, kazaklara bənzəyən üzünü mənə çevirib dedi : qorxma, sənə heç kim toxuna bilməz, məndən qorxarlar, bu silahla onları dəlmə-deşik edərəm.

Mən susdum. Bilirdim ki, silahın içi boşdur, heç vaxt doldurulmayıb, babam da atəş açmağı belə bilmir.

Televizorda günahını boynuna alan uzun saqqallı terroristləri göstərirdilər. Sonra babam o biri kanalı çevirdi, iqtisadiyyat xəbərləri verildi, onun arxasınca da bayram konserti. Nə bayramı olduğunu xatırlaya bilmədim.

Mən soruşdum : heç nə vaxtsa sənin də sevgilin quşa çevrilib, uçub gedibmi ? O ağzı ilə “Çı” elədi. Bu onun dilində yox demək idi.

- Mənimki isə gedib. Dünən səhərə yaxın. Gözlərimlə gördüm. O paltarını geyindi, iki ağır çemodanını əlinə aldı, eyvanın mühəccərinə çıxıb, uçdu və bir anda gözdən itdi. Mən onu saxlaya bilərdim bəlkə.

Dəqiq deyə bilmərəm, bəlkə buna gücüm çatardı, bəlkə də yox.

O susub əlini dizinin üstündə oynatdı. Xeyli vaxtdan sonra cavab verdi : Bilirsən, sevgililər gəlir, sevgililər gedir. Bu günlərdə hamı bir-birini əvəz edir. Əvəz oluna bilməyən adam tapmaq mümkün deyil. Bu qızlar da ki, lap bezdiriblər.

İki əlimlə üzümü tutub bir neçə dəqiqə eləcə dayandım.

Polisləri düşündüm, sonra qadınları, sonra gələcəyi, ölümü, həyatı, cinsi aləmimdə olan nəhəng boşluğu yadıma saldım. Etdiyim cinayətləri yadıma salmaqdan belə qorxdum.

Adam filan öldürməmişəm, amma çoxlu pis şeylər düşünmüşəm, üzərimdə dominantlıq edən hər kəsə tüpürmüşəm, hətta özümü müdafiə etmək üçün bir silah da əldə etməyə çalışmışam.

Bu gün evdən çıxıb universitetə getməyi qərara aldım. Bizim küçənin başında həmişəki yerində oturan dilənçi kişini gördüm, iki nəfər narkoman onun üstünü kəsdirib yığdığı pulları istəyirdilər.

O xeyli mübahisə etdi sonra narkomanların yumruqlarını sıxdığını görüb, ovcundakı bütün qəpikləri yerə atdı (aciz adamların üsyanı belə olur) və ayağa qalxıb fəryad qoparmağa başladı : ay lənətə gələsiniz sizi, mən dinlənçi deyiləm, ali təhsilli tarix müəllimiyəm. İnanmırsız ?

Manna dövlətindən danışım, sonra Atropatena da var, Albaniya var, Sacilər, Səlarilər, Şəddadilər, Rəvvadilər, hamısını illəriylə deyim sizə ? Niyə inanmırsız axı mən Tarix fakültəsini bitirmişəm.

Narkomanlar adamın yerə atdığı pulları yığdı, sonra onun pencəyinin və şalvarının ciblərini yoxlayıb bütün pullarını çıxardılar, pulları götürəndən sonra ona nə isə əvvəllər eşitmədiyim bir rus söyüşü söyüb getdilər.

Adam yerində oturub çarəsizlik içində ağlayaraq alçaq səslə təkrar edirdi : Niyə inanmırsız axı, gəlin sizə Şirvanşahlardan danışım, nədən istəyirsiz danışım, gəlin.

Artıq bu mənzərəyə alışmışdım, çünki hər gün bu yolla gedib-gəlirdim.

Avtobusa minəndə yadıma düşdü ki, cibimdə hələ 15-20 manat artıq pul var və bu pulu Bakı-Sumqayıt yolu boyunca səpələnmiş kafelərin daha doğrusu fahişəxanaların birinə girib əridə bilərəm.

Burda cürbəcür kafelər var, ancaq hamısında eyni şeylərlə qarşılaşırsan.

Burda həmişə köhnə pivə və şəhərdə başqa heç yerdə rast gələ bilməyəcəyin sürtülmüş sifətli qadın və kişilər qarşına çıxır. Avtobusu böyük bir çöllüyün ortasında saxlatdırıb düşdüm, ağaclığın içinə doğru bir qədər qədəmləyib kiçik bir kafeyə rast gəldim.

Belə kafelərin yanından keçərkən bir qayda olaraq adamı turşumuş, ucuz pivə qoxusu və sidik qoxusuna bənzər qoxular vururdu. İçəri keçəndə isə artıq iyiləri unudursan.

İçəridə peçin yanında iki cavan oğlan və yaşlı bir qadın oturub qızınırdı.

Mən içəri keçib oturanlara salam verdim və onlardan bir qədər aralıda müştərilər üçün nəzərdə tutulmuş stolda oturub gözləməyə başladım. Belə yerlərdə idarəçilik sistemi eynilə arı ailəsinində olduğu kimidir. Bir təcrübəli və yaşlı qadın (ona ya roza ya da mamaroza deyirdilər) çoxlu müxtəlif yaşlardan olan qadınları və bir neçə kişini idarə edirdi.

Hər belə kafeni himayə edən bir polis nəfəri isə onların hamısınından üstün idi. Burda həmişə cavan oğlanlardan ya da qadınlardan heç olmasa birinin gözünün göyərmiş olduğunu görmək mümkün idi.

Bu polis nəfərinin “arı ailə” si daxilində nizam-intizam yaratmaq cəhdlərini göstərirdi. Cavan oğlanlar adətən polis nəfərinin kəndçiləri və ya uzaq qohumları olurdu və bura gələn müştərilər özlərini yaxşı aparmayanda onlara doğru yolu başa salırdılar.

Həmişə bu kafedə olan qızların heç birisi indi gözə dəymirdi, mən yaşlı qadına tərəf çevrilib, qiymətlər və qızlar barəsində soruşdum. Başını və belini şalla bərk-bərk sarımış qadın yorğun, bir qədər də gərləşmiş, həyasız bir səslə dilləndi :

Offf mən özüm səhərdən kişi axtarıram, tapa bilmirəm, sən də durub qız soruşursan məndən ?

Mən son dərəcə ciddi bir sifətlə durub kafedən çıxmaq istəyəndə oğlanlardan biri məni saxladı:

- Qaqaş dayan afisantkanı çağırım bəlkə xoşuna gəldi.

Oğlan içəri gedib, iki dəqiqə sonra 15-16 yaşlı, hələ həddi buluğa çatmamış bir qızla qayıtdı. Mən qızı görən kimi tanıdım, bundan əvvəlki dəfələrdə onun qəbulunda olmuşdum, xeyli utancaq təcrübəsiz birisi olduğundan onu heç bəyənməmişdim.

Mən ona yaşına, utancaqlığına görə acıyırdım, belə işlərdə isə acıma hissi oldusa heç nə alınmırdı. Bu doğrudur ki, Bakının özündə bu yaşda belə ucuz qiymətə bir qız tapmaq olmazdı.

Mən bu adsız kafedən çıxıb yaxınlıqdakı böyük və məhşur “Mavi Yelkən” kafesinə doğru getdim. “Mavi Yelkən” üç yanı bataqlıqla əhatə olunmuş, gözdən uzaq bir yerdə idi. Belə yol kənarı kafelərin müştəriləri adətən ya mənim kimi kasıb oğlanlar, ya da burdan ötən türk yük maşınlarının sürücüləri idi.

Babam deyirdi ki, varlılar belə yerlərə gəlmirlər, onların şəhərin mərkəzində o qədər sevgililəri olurdu ki, heç belə yerlər yadlarına belə düşmürdü. Mən babamın hər sözünə inanırdım, o cümələdən bu sözünə də.

“Mavi Yelkən” kafesi mənim hələ çox gənc olarkən belə yerlərlə ilk tanışlığım olmuşdu. Bakirəliyimi bu kafenin natəmiz otaqlarından birində itirmişdim.

İçəri girəndə tanıdığım bir qızı soruşdum, dedilər ki o hal-hazırda iş başındadır və az sonra işini qurtarıb çıxacaq. Bir küncdə oturub məndən azca aralıda toplaşan qadınların (qadına fahişə deməyi heç vaxt etik qaydalara sığdırmamışam) danışığına qulaq asırdım.

Belə yerlərdə gördüyüm bütün qadınlar söyüşlə danışırdılar, öz adları və müəyyən bir yaşları olmurdu.

Bir az gənc görünənlər qiyməti artırmaq üçün həmişə yaşlarını 18 deyirdi, daha yaşlıların isə heç şansı yox idi çünki insafsız müştərilər yaşlı və keyfiyyətsiz sifəti görən kimi dərhal qiyməti aşağı salmağa çalışırdılar.

Az sonra mənim gözlədiyim qadın içəridən çıxıb gəldi. Onun uzun ayaqları, yaraşıqlı əndamı, lakin sürtülmüş, iyrənc bir sifəti var idi. Paltarları xeyli köhnə idi.

Dar-darkeş, açıq-saçıq geyməyinə baxmayaraq, bədəninin çoxlu çapıqlar, zədələr, selulit topaları ilə dolu olduğunu yalnız mən bilirdim.

O içəri girəndə qızlardan biri kobud kənd ləhcəsiylə ona söz atdı : Aazz yenə yapdılar səniii ?

Sonra orda olan bütün qızlar bir ağızdan gülüşdü. Ona məni göstərib, bayaqdan onu gözlədiyimi deyəndə, o utancaq bir ev qızına xas ədayla yanıma gəlib, hörmətlə mənə əlini uzatdı, sonra üzbəüz oturub söhbət etməyə başladıq.

Bu dəfə nisbətən yaşlı qadınlardan birisi yenidən söz atdı : “Ay Gülü bu gün müştərilərin yaman çoxdu ha, sağ əlin bizim başımıza”.

O heç nəyə əhəmiyyət vermədən söhbətinə davam etdi. Onun taxma adı Gülnar idi, əsl adını bilmirdim. Bu heç mühüm deyildi, çünki burdakı qadınların heç birinin pasportu olmurdu, daha doğrusu pasportları özlərində olmurdu.

Mən ondan bir neçə il əvvəl elə burda tanış olduğum rəfiqəsi Nərgiz haqqında soruşdum. Hər dəfə gələndə mütləq soruşuram, o da bildiyi hər şeyi mənə danışırdı. Mənsə sakitcə ona qulaq asarkən, bir yandan da Nərgizi elə bu otaqda keçmiş günlərdəki kimi gözümdə canlandırırdım.

Nərgizlə tanışlığım 4-5 il əvvələ gedib çıxırdı. O burdakı bütün qızlardan fərqlənirdi. Məsəlçün o siqaret çəkmirdi, içki içmirdi, söyüş söymürdü, özünü alçaltmırdı. Üstəlik o hətta ali təhsilli ingilis dili müəlliməsi idi.

Daima elə bu stolda mənimlə üzbəüz oturub krossvord həll edərdi. Onun istənilən kişini ömürlük özünə heyran qoyacaq bir gözəlliyi var idi. Üzdən bir mələk qədər saf və təmiz birisinə bənzəyirdi. Mən saatlarla sakitcə oturub ona baxırdım, gülüşünə, göz süzüşnə, əl və ayaq hərəkətlərinə diqqət verirdim.

Onun haqqında çox az şey bilirdim, əvvəllər mənə maraqlıydı ki, bir qadın bura düşməzdən əvvəl hansı hadisələrlə qarşılaşır, keçmişdə kim olur və onun qohumları, ata-anası varmı və s.

Sonradan öyrəndim ki, onlar arasındakı davranış kodeksinə görə onlardan keçmişini soruşmaq gülünc, hətta absurd bir şey kimi qəbul olunur. Bunu etməyə çalışan müştəriləri öz aralarında bir növ təcrübəsiz və duyğusal axmaqlar hesab edirdilər.

Nərgiz haqqında yeganə bildiyim həqiqət o idi ki, o bakirəliyini öz doğmaca dayısı ilə pozmuşdu, mənsə onunla pozmuşdum, qurtardı getdi.

Bura gəlməzdən əvvəl isə o beynində keçmişlə bağlı olan bütün informasiyaları silmişdi.

Mən onun davranışlarında qəribə bir çarəsizlik və bu çarəsizliyin yaratdığı məcburi davranışları tez-tez müşahidə edirdim.

Məsəlçün Kafeyə təzə bir müştəri gələndə o istəmədən də olsa durub onun stoluna gedir və bunu edərkən onun üzündəki, çarəsizlik ifadəsini dərhal hiss edirdim. Bütün gözəl qadınlar kimi, o da keçmişdə kişilərə qarşı çox amansız, eqoist olmuşdusa da indi həmin sərt eqoist xasiyyətin onda ancaq kiçik izləri qalmışdı.

Nə olur olsun mənim ondan xoşum gəlirdi.

Hər şeydən əvvəl o yaxşı insan idi və öz davranışlarıyla mənim o vaxtadək beynimdə olan fahişə anlayışını alt-üst etmişdi. Özüm üçün dərk etmişdim ki, heç bir qadın öz istəyilə fahişə olmur və bu işin sirrlərini onlara təbiətində güclü bir fahişəlik meyli olan kişilər öyrədirdi.

Nərgizin də bütün qızlardakı kimi bir keçmişi olmuşdu hər halda. O aradabir qız vaxtlarında dəlicə sevdiyi bir oğlandan danışır, sonra isə onun özünü dəlicəsinə sevən, illərcə arxasınca sürünən bir neçə oğlanı anırdı (qadınlar belə söhbətləri danışmağı sevirlər).

Mən ona deyirdim ki, bu ölkədən, bu kirli şəhərdən çıxıb gedə bilər, hətta istəsə mən də onunla gələ bilərdim, o isə daim susub başını aşağı salırdı.

Zamanla aramızda olan qəlb yaxınlığını nəzərə alıb o məni öz evində qəbul edirdi, özü də buna görə məndən heç pul da almırdı. Onun bir oğlu var idi və mən qaydalara uyğun olaraq oğlunun atası haqqında heç vaxt soruşmamışdım.
Bildiyimə görə hansısa rayon polis idarəsi rəisinin müavini Nərgizi görüb bəyənmişdi və fahişəlikdən əl çəkməsini ancaq onunla yaşamasını tələb etmişdi, Nərgiz də razı olmuşdu. Bundan sonra onun evinə gedib gəlmək təhlükəli olmağa başlamışdı. Rəis müavini, yekə qarınlı, bığlı, kobud və amansız birisi idi. Bəzən qəzəblənib Nərgizi döyürdü, onunla üzləşsəm məni də döyərdi hər halda. Mən ondan qorxurdum amma hər dəfə risk edirdim. Hardansa eşitmişdim ki, təhlükəli vaxtlarda insanlar daha ehtiraslı ola bilirlər. Biz heç nəyə fikir vermədən saatlarca sevişirdik.

Hər yerdə gözlərimə dubinka, təpik, qandal, polis xəyalları görünürdü, lakin bizim şəhərə bombalar yağarkən belə biz dayanmadan sevişə bilərdik. Bəzən bədənlərimiz arasında fərqi unudub eyni bir insana çevrilirdik, mən öz bədənimi axtarırdım, o isə öz bədənimi.

Bu qəribə hissdir, mən bədənimin içində başqa bir bədən də olduğunu hiss edirdim, özümün isə başqa bir bədənin içində yaşadığımı dərk edirdim. Hər dəfə ayılıb özümə gələndə qorxu hissləri yenidən ikimizi də bürüyürdü. Öz-özümə deyrdim :

Ya cibimdə narkotika tutulacaq, ya evimdə silah, ya hansısa terrorçu dəstəyə üzv ediləcəm, ya illər əvvəl törədilmiş hansısa bağlı qalan cinayəti boynuma almalı olacam belə getsə.

Qarşıda məni elektroşok, qandallar ya da ən pis halda butulkalar gözləyirdi.

Üç ay aralıqsız keçirdiyim qorxulardan sonra nəhayət ki hər şey sona çatdı. Axır ki, polis rəisinin müavinini kimisə döyüb öldürdüyünə görə işdən çıxardılar, az sonra barəsində cinayət işi açıldı. Lakin rəis müavini həbs olunmadı. Onu buraxdılar, o şərtlə ki, çoxlu rüşvət versin və ölkəni tərk etsin.

Günlərin bir günü həmişəki kimi Nərgizin evinə gəlib qapını döyəndə, qapını açan olmadı. Sonradan öyrəndim ki, rəsi müavini ölkədən çıxıb gedib və gedəndə Nərgizi də özüylə aparıb. Artıq Nərgiz yox idi, amma mən anlamışdım ki, onu sevimişəm. Hamını sevmək olar fahişəni də, hətta və hətta təmiz və maraqsız bir ev qızını da sevə bilirlər (belə şeylər az olub məgər ?).

Onun getməyi düz bizim şəhərə payızın yenicə gəlməsinə təsadüf etmişdi, qara rəngli buludlar və yağış özümü xoşbəxt hiss etməyə heç imkan verməmişdi, mən günlərcə yatağımda ölü kimi eləcə uzanıb qalmışdım. İsrarla yağışın kəsməsini, günəşli günlərin gəlməsini gözləmişdim.

Əvvəllər Nərgiz yadıma tez-tez düşürdü, onu xatırlamamaq üçün hətta uzunca bir müddət “Mavi Yelkən” kafesindən uzaq qaçırdım. Sonra tamah mənə güc gəldi, yenidən buranın sakininə çevrildim.

Bir dəfə hətta burdakı qızların ağzından eşitmişdim ki, rəis müavini Nərgizi Rusiyada varlı bir adam satıb, nə az nə çox düz yüz min dollara. Bəlkə bu qədər pulum olsa onu mən ala bilərdim deyə öz-özümə düşünmüşdüm. Həmin gün uzun-uzun susmuşdum.

Susmaq mənim aləmimdə baş verənlərlə razılaşmaq üçün bir ayin idi. İndi isə o yadıma nadirən düşür, ayda ildə bir. Əsasən bu kafeyə gələndə. Hərdən mənə elə gəlir ki, o indicə bu kafenin qapısını açıb “mən gəldim” deyəcək. Gülərək üstümə qaçacaq, boynumu qucaqlayıb məni öpəcək.

Mən öz aləmimdə ləzzətli xəyallar aləminə baş vurarkən, qarşımda oturan qadın, bu yaxınlarda bir icra başçısının ad günündə təşkil edilmiş ziyafətdə iştirak etməsindən, orda tanış olduğu vəzifəli adamlardan danışırdı.

Ziyafəti və özünün ordakı yerini elə təsvir edirdi ki, sanki onu bu ziyafətə şərəfli qonaq kimi çağırıblar.

Onun beynində yüzlərlə vəzifə adamının cinsi həyatı haqqında gülünc məlumatlar var idi.

Az sonra biz durub içəridəki otaqlardan birinə keçdik. O çox danışırdı. Pulu əvvəlcədən alırdı. Vaxtı ötürmək üçün gec soyunur və gec də geyinirdi. Bu onlar arasında qəbul edilmiş bir hiyləgərlik idi. Onun ləng tərpəndiyini görüb, bərkdən üstünə qışqırdım : Tez ol, bir saat səni gözləyəcəm ?

Otaq bumbuz idi. O soyunub yanımda eləcə uzandı. Əlləri və bütün bədəni buz kimi idi. Mənim heç onunla sevişməyə həvəsim yox idi. Nədənsə Nərgiz yenidən yadıma düşmüşdü, bu otaq, bu çapayı mənə Nərgizi xatırladırdı.

Bu adi insan darıxmasıdır deyə düşündüm. Belə anlarda çoxlu susmaq və eləcə ölü kimi uzanmaq lazım idi. Biz heç nə danışmadan eləcə uzandıq. Aradabir o barmağı ilə qollarımı, çiynimi sığallayır dodağının altında nə isə bir xalq mahnısı mızıldanırdı.

Mənim fikrimdə çoxlu qəzəbli arzularım, bununla birlikdə qorxularım var idi.

Məncə insan qəzəbin və sevginin gücü ilə bir gün geriyə, keçmişə qayıdıb, yarımçıq qalan arzularını yerinə yetirə bilərdi. Bəli, qəzəbin və sevginin gücü və insan lazım idi, özü də “üstün insan” olmalıydı həmin kəs. İndi yanımda uzanan qadınsa məni zərrəcə də maraqlandırmırdı .

Bu onun da könlündən idi əslində, oturduğu yerdə pul qazanırdı.

Mənə ayrılan 30 dəqiqə bitdikdən sonra sakitcə paltarlarımı geyinib, otaqdan çıxdım, gedəndə heç kimlə sağollaşmadım.

Avtobusla universitetə gələrkən xatırladım ki, üç gün sonra Nərgizin ad günüdür. Ünvanını bilsəydim ona bir açıqca göndərərdim əlbəttə, amma onun harda olduğu, heç olmasa ölü ya da diri olduğu haqqında məlumatım yox idi.

Universitetə çatanda dərs artıq başlamışdı.

Mən tələsik içəri girib oturmaq üçün icazə istədim. Ən arxa sıraya keçib adətim üzrə, əgər dərs maraqsızsa yatmağa hazırlaşırdım. Genetika dərsi idi, müəllim allel genlər haqqında danışırdı.

Lövhədən böyük bir xromosom şəkli asılmışdı. İki xromosom teli bir-birinə şövqlə sarılıb, sevişən iki insanı xatırladırdı. Mənim beynimdə hələ də keçmiş hadisələr dövr edirdi.

Bəzi yerlərdə müəllimin fikirləriylə mənim fikirlərim bir-birinə qarışıb, müdhiş bir sinxron düşüncə yaradırdı. Belə sinxron düşüncə zamanı bəzən özün də bilmədən yeni şeylər kəşf edə bilərsən. Müəllim yüksək səslə deyirdi :

Genetikada yaxşı və pis anlayışları yoxdur uşaqlar. Bir xromosomda orqanizmin xəstə və normal, yaxşı və pis, yararlı və yararsız xarakterlərini təyin edəcək genlər qoşa mövcud olurlar.

Məsəlçün gələcəkdə hansısa anormallığa və ya xəstəliyə səbəb olacaq gen, həmin anormallığın olmamasını təmin edəcək genlə eyni yerdə, özü də ayrılmaz dostlar kimi mövcud olurlar.

Belə genlər allel genlər adlanır.

Bütün insanlıq allellərdən ibarətdir. Hamı bir-birini əvəz etməklə məşğuldur bu dünyada. Polis cinayətkarlığın başında dura bilər, müəllimsə savadsızlığı himayə edər, hakimlər ədalətsizliyin mənbəyi ola bilər, deputatlar xalqa qarşı mübarizə apara bilər, fahişələr kişilərə sevgi və əxlaq hissləri bəxş edə bilər. Hamı nəyinsə allelinə çevrilə bilər. Heç kim yaxşı ya da pis deyil, sadəcə allelldir, hər iki əks keyfiyyət onun təbiətində var.

Mən çoxlu suallar verəndə : dünya anlamaq üçün xeyli mürəkkəbdir - demişdi babam, əgər onu anlaya bilmədinsə sadəcə yuxuya getməyə çalış və daha bu mövzuda düşünmə.

İnsan bəzən təsəvvür edə bildiklərindən uzaqlara gedir, oralarda ola biləcək aləmlər haqqında da düşünməyə çalışır.

Genetika müəllimi get-gedə daha dərin mövzulara keçirdi, getikcə onu anlamaq çətinləşirdi.

Təmiz bir beyinlə oyanmaq üzrə mən asta-asta yuxuya getməyə çalışdım.

26-01-2010
Dokkuziklim
XS
SM
MD
LG