Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:09

«Azərbaycanda qurulmuş rejim Misir və Tunisdəki rejimə bənzəyir»


Eldar Namazov
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Eldar Namazov deyib. Onun fikrincə, məhz belə ölkələrdə sosial partlayışlar baş verir:

«Azərbaycanda qurulmuş rejim həmin ölkələrdə qurulmuş rejimə bənzəyir. Fərqi yoxdur bu, Latın Amerikasında qurulub, ərəb dünyasında qurulub və ya Qafqazda. Avtoritar bir rejim varsa, korrupsiya baş alıb gedirsə, insanların sosial durumu çox ağırdırsa, seçkilər daimi saxtalaşdırılırsa, insanlar artıq dövlət mexanizmləri vasitəsilə öz hüquqlarını müdafiə edə bilmirlərsə, onda təbii ki, sosial partlayış baş verir. Bu, ictimai siyasətin bir qanunudur».

Eldar Namazov düşünür ki, belə rejimlərdə olduğu kimi partlayışın baş verməməsi üçün islahatlar həyata keçirmək lazımdır:

«Azərbaycanda islahatları keçirmək üçün üç şərt lazımdır: birincisi, hakimiyyətin siyasi iradəsi olmalıdır. Gərək hakimiyyət özü anlasın, başa düşsün ki, Azərbaycana bu islahatlar lazımdır. Demokratik islahatlar, iqtisadi islahatlar, siyasi islahatlar və s. İkinci şərt: bunu keçirmək üçün komanda olmalıdır. Yəni sənin gözəl ideyaların ola bilər, ancaq sənin komandan bunu həyata keçirməyə qadir olmaya bilər... Üçüncü şərt də bu islahatların da dəqiq proqramı olmalıdır. Sən bilməlisən ki, nədən başlamalısan, bu islahat nə effekt verəcək».

Politoloq deyir ki, o, bu şərtlərdən heç birini Azərbaycanda görmür.

«HÖKUMƏT BU ADDIMLARA BAŞLAYIBSA, DEMƏLİ, UĞURLU NƏ İSƏ OLA BİLƏR»

Mehman Əliyev
«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev isə deyib ki, Misir və Tunis hökumətlərindən fərqli olaraq, Azərbaycan hakimiyyəti heç olmasa, Qərblə və demokratik institutlarla əməkdaşlıqdan boyun qaçırmır.

Mehman Əliyev yanvarın 1-dən qüvvəyə minən 4 illik proqramdan çox şey gözləyir:

«Hesab edirəm ki, yaxın bir neçə il ərzində bizdə yeni-yeni dəyişikliklər olacaq. Birinci növbədə iqtisadi azadlıqlar sahəsində. Ancaq bunların əlbəttə ki, birbaşa demokratik və başqa proseslərə də təsiri olacaq. Bunlar hamısı bir-birinə bağlı məsələlərdir».

Mehman Əliyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş iclasına da toxunub. O deyir ki, hökumət bu addımlara başlayıbsa, deməli, uğurlu nə isə ola bilər:

«Azadlıq yarımçıq ola bilməz - ya tam olur, ya olmur. Biz başlayırıqsa, deməli, bütövlükdə gedəcəyik və bu, qaçılmazdır. Yarımçıq proses yox deməkdir. Hesab edirəm ki, proses başlayıb və uğurla davam edəcək».

Eldar Namazov isə hökumətin bu addımlarını Misir və Tunis hadisələri ilə əlaqələndirib:

«Güman edirəm ki, komissiyanın bu iclası Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının təklifləri ilə yox, Misir və Tunis hadisələri ilə əlaqədardır...».

XS
SM
MD
LG