Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Vəfa Quluzadə: «Əl-Baradeyi necə gəlibsə, elə də gedəcək»


Vəfa Quluzadə
Vəfa Quluzadə
«Misirdə olduqca mürəkkəb proseslər gedir».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında Misirdə baş verənləri şərh edən politoloq Vəfa Quluzadə belə deyir. Onun fikrincə, demokratiya yalnız bəzi Avropa ölkələrinə və Amerikaya aiddir. Misir kimi ölkələrdə isə demokratiya indikator rolunu oynayır:

«Demokratiyanın əsas məqsədi ondan ibarətdir ki, varlı təbəqənin mənafeyini qorusun. Varlı təbəqə rahat yaşasın. Kasıblara da o qədər maliyyə çatsın ki, onlar üsyan etməsin. Yəni demokratiyada insan hüquqları, öz fikrini ifadə etmək, nümayiş etmək - bunların hamısı var. Çox gözəl. Bu nəyə lazımdır? Bu, indikatordur. Yuxarılar yolunu azanda, aşağılar küçələrə çıxırlar. Yuxarılar o dəqiqə konkret tədbirlər görürlər və aşağıları yenidən sakitləşdirirlər».

Misirin tarixinə nəzər salan politoloq deyib ki, Hüsnü Mübarək hakimiyyətə gələndən sonra ABŞ onun hakimiyyətini dəstəkləyib:

«Səbəb ondan ibarətdir ki, Misirdə «Müsəlman qardaşları» var. Bunun da obrazını dünyada səhv yayıblar. Bu təşkilat ziyalılar təşkilatıdır. Lakin bunun bir radikal qanadı da var. Ona görə bütün «Müsəlman qardaşları»nı radikal, terrorçu kimi dünyaya təqdim ediblər. 30 ildir Hüsnü Mübarək onları əzib».

MİSİR XALQININ PROBLEMİ - KİMİ HAKİMİYYƏTƏ GƏTİRSİN?


Vəfa Quluzadə deyir ki, artıq Misir xalqı Hüsnü Mübarəki hakimiyyətdən uzaqlaşdırıb. O, hakimiyyətdən getməsə belə, artıq prezident deyil. Artıq xalq onu tanımır. Misirdə baş verənlərsə sosial partlayışdır.
Hazırda hakimiyyəti ələ ala biləcək qüvvə «Müsəlman qardaşlığı»dır
Amma indi xalq da pis vəziyyətdə qalıb:

«Misirdə xalqın vəziyyəti, qiymətlərin yüksək olması, yuxarı təbəqənin azğınlığı, qızıl-gümüş içində üzməsi - bunların hamısı sosial bir partlayışa gətirib çıxardı. Bu sosial partlayış Misir xalqının özü üçün böyük bir problemə çevrilib - kimi hakimiyyətə gətirsin? Çünki 30 il diktatura zamanı Misirin bütün siyasi liderləri yoxa çıxdı. İndi elə bir siyasi lider yoxdur ki, gəlib Misirin başında dursun».

Politoloqun fikrincə, əl-Baradeyinin Amerika tərəfindən Misirə gətirilib lider kimi təqdim olunması gülüncdür. O deyir ki, əl-Baradeyi necə gəlibsə elə də gedəcək. Hazırda hakimiyyəti ələ ala biləcək qüvvə «Müsəlman qardaşlığı»dır. Amma bu təşkilatın Misirdə dini dövlət qurmaq ideyası olmasa da, İsrail və ABŞ onlara hakimiyyətə gəlməyə imkan verməyəcək:

«Əsas məqsəd odur ki, elə bil hakimiyyət formalaşdırmaq lazımdır ki, mahiyyətcə Hüsnü Mübarək olsun. Amma onun dərsini versinlər ki, özünü belə aparma. Xalqa bir balaca azadlıq ver. Xalqa bir balaca rifah ver. Qiymətləri bir balaca aşağı sal ki, bu xalq getsin işləsin, inqilabla məşğul olmasın».

İNQİLAB AZƏRBAYCANI GERİ SALA BİLƏR

Vəfa Quluzadə deyir ki, Hüsnü Mübarəkin getməyə Amerikadan və İsraildən başqa yeri yoxdur. Onu heç bir ərəb dövləti qəbul edə bilməz.

Misir və Tunis xalqlarının əzmkarlığı, bu xalqların cəsarəti bizə də xeyir gətirir
«Azərbaycanda analoji hadisələr ola bilərmi» sualına politoloq bildirib ki, Azərbaycanda milli azadlıq hərəkatının olmasını istəyənlər çox olsa da, bunun dalınca gedə bilən yoxdur. Eyni zamanda, Azərbaycan başqa ölkələrdən asılı olduğuna görə burada demokratiyaya nail olmaq mümkün deyil. Ancaq Vəfa Quluzadə bildirib ki, bu inqilablar bütün Şərq aləminə xeyir gətirəcək:

«Gəlin, gözləyək görək bu inqilablar Misir xalqı ilə Tunis xalqının vəziyyətini nə cür yaxşılaşdıracaq. Bu xalqların əzmkarlığı, bu xalqların cəsarəti bizə də xeyir gətirir. Bütün Şərqdə artıq başa düşürlər ki, islahatlar keçirmək lazımdır. Bizdə də bu islahatlar başlayır. Bəlkə bunun xeyri bizə o olacaq ki, biz bu partlayış olmasın deyə, onu qabaqlayaq».

Politoloq deyib ki, o, Azərbaycanda Misirdəki kimi, sosial partlayışın olmasını arzulamır. İnqilab ölkəni geri sala bilər:

«Bizdə belə bir partlayış olsa, görün biz nə qədər geri qalacağıq. Misir gündə neçə min avro itirir. Misirin maddi vəziyyəti inqilabdan əvvəlki vəziyyətindən qat-qat pisdir...».

XS
SM
MD
LG