Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:08

Neftlə çəkən rəssam


Neft, barmaqlar və dırnaqlar – rəssam Sabir Çopurovun əsərləri bunlar sayəsində ərsəyə gəlir. O deyir ki, dünya rəssamlıq tarixində neftdən istifadə olunsa da, əsərlərini sırf neftlə işləyən ilk rəssamdır.

Sabir Çopurovun emalatxanasına girən adamın ağlına gələn ilk fikir odur ki, iki siçan dalaşsa, biri təndirə düşər. Özü də deyir ki, böyük işləri bu darısqal otaqda çəkə bilmir, blokun koridoruna çıxmalı olur.

«BU BARMAĞIMLA ÇƏKİRDİM»

«Mənim özüməməxsus, öz çəkmə üslubum var. Həm barmaqlarım, həm də dırnaqlarımla işləyirəm. Bu barmağımla çəkirdim və dırnaq saxlayırdım bu barmağımda, çünki incə xətləri dırnaqlarımla edirdim. Sonra başqa bir detal da fikirləşmişdim. Rezinlə. Onunla da çox gözəl işləmək olur».

Sabir Çopurov 1956-cı ildə Gürcüstanın Borçalı mahalında anadan olub. Gürcüstanda Tbilisi Rəssamlıq Akademiyasının hazırlıq kursunda dərs alıb. Yaradıcılığının ilk dövrü elə Tbilisidə keçib.

Rəssam deyir ki, neftlə ilk işi Gürcüstanda olub, uşaq vaxtı əlinə Naftalan nefti düşüb və başlayıb evlərinin divarlarında çəkməyə.

BOYA ALMAĞA İMKANI OLMAYIB...

Peşəkar fəaliyyəti zamanı bir müddət maliyyə sıxıntıları keçirib və boya almağa imkanı olmayıb. Belə olanda da Bakı nefti onun köməyinə çatıb:

«Birdən fikirləşdim ki, neft var Bakıda. Nəsə istifadə edim. Bu fikirlə gəldim Bakıya. Bayıla getdim, orda neft gölməçələri var idi, gölməçələrdən neft gətirdim emalatxanama. Bunlardan eksperiment kimi elədim. Bunu boya halına gətirmək üçün fikirləşdim. İşlədim, uzun müddət, 7-8 il əsərlərimi heç kəsə göstərmədim. Sonra yavaş-yavaş satışa çıxartdım».

Sabir Çopurov çəkmək üçün nefti əsasən gölməçələrdən toplayır. Bəzən tanış-biliş də pay verir. O, neftlə rəsm çəkmə texnikasını Dövlət Standartlaşdırma və Patent agentliyində patentləşdirib.

Çopurov sənətdə olduğu 15 il ərzində 700-ə yaxın əsər çəkib, 300-ə yaxınını satıb. Əsərlərinə maraq daha çox xaricdən gəlir. Rəssamın ABŞ-da, Fransada, Almaniyada, Qazaxıstanda sərgiləri də təşkil olunub.

«BİR ƏSƏRİM 3.000 AVROYA SATILDI»

«Əsərlər yaxşı satılır. Demirəm çox da yüksək səviyyədə. Azərbaycanda rəssamlığa meyl aşağı səviyyədədir. Baha almırlar burda. O işi 5-6 dəfə baha satmaq olar xaricdə. Burda 100 dollara satdığın əsəri orda 500-ə, 1000-ə sata bilərsən. İş bahalıdır, amma işi o qiymətə almırlar. Xaricdə 60x90 ölçülü bir əsərim 3000 avroya satıldı. Sonra 5000-ə də, 4000-ə də satmışam».

Sabir Çopurov Azərbaycanda sənətə münasibətdən razı deyil. Deyir ki, ölkədə yaxşı rəssamlar var, amma onlara əngəllər törədənlər də az deyil:

«Bunlar yuxarıda oturan mədəniyyət, incəsənət adamlarıdır. Elə rəssam var ki, elə işləyir ki... Gəlib bir dəfə onun işiylə maraqlanmırlar. O da ağız açmır heç kimə ki, gəl işimə bax. Rəssam azaddır, biz heç kəsdən asılı deyilik. Başqa adamlar mənim işimi alırlar, onlardan da yaxşı qiymətə. Onların çoxunu maraqlandırmır sənət, çünki sənəti gərək anlayan adam ola. Dövlət vəzifələrində elə adamlar işləyir ki, sənətdən başı çıxmır. Heç öz işlədiyi işdən başı çıxmır».

Sabir Çopurov deyir ki, rəssamlıq texnikasını Tbilisi Rəssamlıq Akademiyasının rektoru elə bəyənib ki, akademiyada ayrıca kafedra açıb ona dərs deməyi də təklif edib. Azərbaycanda müəllimlik etmək üçünsə icazə verilməyib, səbəb isə Sabir Çopurovun ali təhsilini tam başa vurub diplom əldə etməməyidir.
XS
SM
MD
LG