Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:59

Azərbaycanda terror təhlükəsi varmı?


Rasim Musabəyov
«Terror xəbərdarlıqları yəqin əsaslı məlumatlara söykənir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında xarici səfirliklərin Azərbaycanda terror təhlükəsi barədə xəbərdarlıqlarına münasibət bildirən Rasim Musabəyov deyib.

Deputat hesab edir ki, həmin səfirliklər hər halda kifayət qədər əsaslı məlumatlara söykənərək bu cür siqnal veriblər.

Rasim Musabəyov deyir ki, Azərbaycanın şimalında və cənubunda bu baxımdan vəziyyət ürəkaçan deyil:

«Hesab edirəm ki, ABŞ və İsrail çox peşəkar və bütün dünyanı əhatə edən şəbəkəyə malikdirlər. Yəni kəşfiyyat şəbəkəsi, elektron vasitələr, peyklərlə, cürbəcür imkanlarla bu fəaliyyəti izləyirlər. Bir təhlükə siqnalı veriblər. Bu cür siqnallara kifayət qədər ciddi yanaşmaq lazımdır».

Politoloq İlqar Məmmədov isə deyib ki, bu xəbərdarlıq Azərbaycan vətəndaşlarına da aiddir.

Politoloq sual edir ki, nədən Amerika və İsrail öz vətəndaşlarına xəbərdarlıq edir, Azərbaycan isə yox. İlqar Məmmədovun fikrincə, bu, onların vətəndaşlarına qarşı qeyri-ciddi münasibətindən xəbər verir:

«Bir hökumət iki dəfə xəbərdarlıq edir, deyir ki, vəziyyət ağırdır. Bizimkilərsə deyir ki, hər şey yaxşıdır, Azərbaycanda sabitlikdir, gözəldir. Elə gözəldir deyə-deyə Mübarək inqilab etdi öz ölkəsində».

«POLİS VƏTƏNDAŞI QORUMUR, REJİMİ VƏTƏNDAŞLARDAN QORUYUR»

Hüquq-mühafizə orqanları, xüsusən də polisin fəaliyyətinə də toxunan İlqar Məmmədov deyir ki, Azərbaycan kimi ölkələrdə polisin vəzifəsi tamam başqadır:

İlqar Məmmədov
«Azərbaycan polis dövlətidir. Polis rejimidir. Bu isə o deməkdir ki, polisin bir funksiyası var: siyasi rejimi qorumaq. Siyasi rejimi qoruyursa, əsas işini yerinə yetirirsə, onu kimsə dolandırmalıdır. Tam miqyasda bu qədər polisi dolandırmaq mümkün deyil axı... Polisin mahiyyəti Azərbaycanda vətəndaşı qorumaq deyil, rejimi vətəndaşlardan qorumaqdır».

Rasim Musabəyov isə opponentinin dedikləri ilə razılaşmır:

«Antiterror baxımından Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti heç də mənfi qiymətləndirilməməlidir. Ən azı, Azərbaycanın müttəfiqləri - ABŞ, Türkiyə bu baxımdan Azərbaycanın fəaliyyətini qənaətbəxş hesab edir...».

İlqar Məmmədov isə düşünür ki, son vaxtlar mühüm struktur obyektlərində qəzaların baş verməsi ortaya suallar qoyur:

«Terror təhlükəsi elan olunandan sonra rabitə, dəmiryolu, su nəqliyyatı və yerüstü nəqliyyat – körpüdə hadisələr baş verib. Mən bundan sonra Azərbaycan hökumətinə necə inanım?».

Rasim Musabəyov isə deyir ki, bu hadisələrin həmin xəbərdarlıqla heç bir aidiyyəti yoxdur. Çünki həmin xəbərdarlıqlarda Qərblə assosiasiya olunan obyektlər nəzərdə tutulur.

XS
SM
MD
LG