Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:25

7 əsgər nədən öldü?


Fevralın 20-də 7 Azərbaycan hərbçisi həlak olub. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə yaydığı məlumata görə, hadisə hərbi hissələrin birində ağır cinayət törədilməsi nəticəsində baş verib. Ölənlər 1991 və 1992-ci il təvəllüdlü hərbiçilərdir.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat üçün hadisə yerinə ezam ediliblər. Artıq hərbi prokurorluqda Cinayət Məcəlləsinin iki və daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddəsi ilə cinayət işi başlanılıb.

«EŞİTMİŞİK Kİ, ORA HÜCUM OLUB»

Ölənlərdən birinin –Ağcabədi rayonu Hindarx qəsəbə sakini 1992-ci il təvəllüdlü Əhməd Hüseynovun əmisi Ehtiram Hüseynov AzadlıqRadiosuna bildirib ki, onun eşitdiyinə görə hadisə hücum nəticəsində baş verib.

«Biz ancaq onu eşitmişik ki, ora hücum olunub, 7 əsgər şəhid olub. Atışmada bizim uşaq da ölüb. Başqa heç nə bilmirik».

Ehtiram Hüseynovla danışanda mərhumun cənazəsi hələ qəsəbəyə gətirilməmişdi. O deyirdi ki, dövlət bütün işləri özü həll edir, xəbər veriblər ki, cənazə artıq yola salınıb, gözləsinlər.

Hərbi hissədən adının çəkilməsini istəməyən bir zabit isə AzadlıqRadiosuna baş verənlərə səbəb kimi zorlanma amilini göstərib. Zabitin deməsinə görə, əsgərlər yığışıb öz yoldaşlarından birini zorlayıblar. O da silah əlinə keçən kimi əvvəl onları oldürüb, sonra da özünü vurub.

Ancaq hüquq mühafizə orqanlarının yaydıgı ilkin açıqlamalarda hadisənİn səbəbi kimi hər hansı versiyadan bəhs edilməyib.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, orduya ictimai nəzarət komitəsinin üzvü Aydın Mirzəzadə isə «Media forum» saytına deyib ki, orduda belə hadisələr ara-sıra olur. Hərbçilər döyüş postunda üzbəüz dayanıblar. Baş verən bu hadisənin yeganə səbəbi də psixoloji gərginlikdir.

«BİLDİYİMİZ BƏZİ ŞEYLƏR VAR»

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli isə deyr ki, onlar əllərində olan məlumatları dəqiqləşdirmək üçün hazırda hadisə yerində araşdırmalar aparırlar.

«
Bildiyimiz bəzi şeylər var. Amma dəqiq olmadığı ücün hələlik informasiya yaymaq istəmirik. Bu gün çatdırmasaq da sabah araşdırıb məlumat yayacağıq».

Keçmiş hərbiçi Üzeyir Cəfərov isə güman edir ki, hadisə əsgərlər arasında qarşılıqlı nizamnamə tələblərinin pozulması nəticəsində baş verib. Onun fikrincə, bütün bunların səbəbi isə orduda cəzasızlıq mühitinin hökm sürməsi və baş verən hadisələrlə bağlı aparılan araşdırmaların həqiqi nəticələrinin cəmiyyətdən gizlədilməsidir.

«Bu hadisə baş verən hərbi birləşmədə bir müddət əvvəl də analoji hadisə baş vermişdi. Daşkəsəndə və ondan da əvvəl Seyfəli poliqonunda. Eyni vaxtda bir neçə ailə belə itkilərə məruz qalmışdı. Həmin vaxt o hərbi birləşmənin komandiri vaxtında cəzalandırılsaydı bu gün 7 əsgər itirməzdi. Sadəcə olaraq bu dünyasını dəyişmiş əsgərlərin çağırış tarixlərinə və təvəllüdlərinə baxdıqda aydın görünür ki, hadisə 1991 və 1992-ci illərdə doğulmuş, 2010-cu ildə hərbi xidmətə çağırılmış əsgərlər arasında münasibətlərin pozulması nəticəsində baş verib».

ORDUDA ÖLÜM HALLARININ SƏBƏBLƏRİ

Üzeyir Cəfərov hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsi barədə cəmiyyətə düzgün məlumat veriləcəyinə inanmır. O yada salır ki, General Rail Rzayevin qətli, «MİQ-29» hərbi təyyarəsinin qəzaya uğraması, Naxçıvanda piyadaların döyüş maşınının partlaması və digər faktlarla bağlı hələ də heç bir konkret açıqlama yoxdur. Müdafiə Nazirliyindən ya heç nə demirlər, ya da arada bir istintaq getdiyini xatırladırlar.

Ekspert hesab edir ki, nə qədər ki, məsuliyyətsiz yanaşma nəticəsində baş verən belə hadisələrə hansısa rütbə və yaxud kimlərinsə qohumluğuna görə lazımi qiymət verilməyəcək, bu cür bəlalar qaçılmazdır. Ona görə də ölkə başçısı bu məsələyə münasibət bildirməlidir.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlinin məlumatına görə, bu il Azərbaycan ordusunun döyüş itkiləri 3 nəfər olduğu halda, döyüşdən kənar itkiləri 18 nəfərə çatıb. Səbəblərsə müxtəlifdir- qar uçqunu, dəm qazından boğulma, silahla ehtiyatsız davranış və intihar. Amma onun deməsinə görə ölüm hallarının baş vermə səbəbləri arasında üstünlüyü nizamnamə tələblərinin pozulması təşkil edir.
XS
SM
MD
LG