Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:46

Elxan Şükürlü: «MSK-ya düşmək üçün Məzahir Pənahov rəy verməlidir»


Hafiz Həsənov, Akif Qurbanov və Elxan Şükürlü
Hafiz Həsənov, Akif Qurbanov və Elxan Şükürlü
«Qurultayda partiya rəhbərliyinin dəyişdirilməsi tələbini qoya bilərəm».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibində təmsil olunmayan Ədalət Partiyasının komissiya üzvlüyünə namizədi, həmin partiyanın sədr müavini Elxan Şükürlü belə deyib.

MSK –nın yeni tərkibinə münasibət bildirən «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyib ki, bir neçə seçki yola verən bu komissiyanın bu tərkibdə işləməsi məntiqi baxımdan düzgün deyil:

MSK TAM TƏRKİBDƏ İSTEFAYA GETMƏLİDİR

«Bu seçki komissiyasının bu tərkibdə artıq keçirdiyi seçkilər beynəlxalq təşkilatlar tərəfindən demokratik və qanuni hesab edilməyib. Nəzər alsaq ki, 2009-cu il referendumunda da həmin seçki komissiyası olub, belə çıxır ki, bu seçki komissiyasının indiki tərkibi bütövlükdə istefaya getməlidir. Keçirdikləri 3 seçki beynəlxalq standartlara uyğun gəlməyibsə, bu komissiyanın ümumiyyətlə, bu tərkibdə işləməsi məntiqi baxımdan düzgün olmazdı».

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə deyib ki, komissiyanın formalaşdırılmasında saxtakarlığa yol verilib:

SAXTAKARLIQ FAKTI

«Seçki Məcəlləsində MSK-nın təşkili formaları göstərilib. Həmin məcəllənin tələbinə görə, hazırda MSK-nın 18 üzvünün 6-sı parlamentdə çoxluq təşkil edən partiyanın təmsilçisi olmalıdır, 6-sı bitərəf deputatları, 6-sı da azlıqda qalan partiyaları təmsil etməlidir. Ancaq bu tərkib necə müəyyənləşməlidir - bu barədə qanunvericilikdə konkret müddəa olmadığından, bu işi MSK və Milli Məclis aparatı öz üzərinə götürüb. Konkret mənim məsələm böyük bir saxtakarlıq faktının üstünün açılması idi».

Elxan Şükürlü deyir ki, fevralın 9-u Ədalət Partiyasının siyasi şurasının qərarı ilə onun namizədliyi irəli sürülüb. Sənədlər Milli Məclisə təqdim olunub. Sonradan məlum olub ki, bir namizəd kimi onun məsələsi məclisin müzakirəsinə çıxarılmayıb. Elxan Şükürlü iddia edir ki, işin başında duran MSK sədri Məzahir Pənahov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev onu namizədliyini təsdiqləməyiblər.

Ümid Partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanov deyir ki, bu, qanunvericilikdə olan boşluqların nəticəsidir:

«Qanunvericilik bazası baxımından kifayət qədər ciddi bir problemli məsələdir. O baxımdan ki, komissiyalar nə dərəcədə cəmiyyətdə təmsil olunan qüvvələrin maraqlarını ifadə edir və cəmiyyətdə o quruma qarşı etimad var, ya yox. Eyni zamanda, mövcud qanunvericilik çərçivəsində partiyaların komissiyaların formalaşmasında iştirakı məsələsi də əslində qanunvericiliyə uyğun
Hafiz Həsənov və Akif Qurbanov
aparılmır».

«MƏZAHİR PƏNAHOV HAKİMİYYƏTİ İFŞA EDİR»


Akif Qurbanov deyir ki, Ədalət Partiyasına komissiyada yer verilməməsinin Elxan Şükürlünün dediyi formada olmasına inanmır:

«Ola bilsin ki, parlament rəhbərliyi və yaxud da bu komissiyanın formalaşmasında iştirak edən ölkə rəhbərliyi MSK-dan rəy soruşa bilər, kimlərləsə bağlı rəy öyrənə bilər».

Elxan Şükürlü isə bildirib ki, Məzahir Pənahovun ona rəy verməsi düzgün deyil:

«Niyə rəy verməlidir. Haradan bilir ki, yenidən sədr seçiləcək. Məzahir müəllim bu addımı ilə hakimiyyətin özünü ifşa edib».

Elxan Şükürlü bildirir ki, MSK sədri onun ünvanına deyib ki, bu adam idarəolunmaz adamdır. O deyir ki, bunu kimin yanında nə vaxt və nə üçün dediyi barədə əlində faktlar var.

Hafiz Həsənov isə deyir ki, Elxan Şükürlünün dediklərində səlahiyyət həddini aşma kimi məsələlər var. Ədalət Partiyası prokurorluğa müraciət edə bilər, məsələni Konstitusiya Məhkəməsi qarşısında qaldıra bilər. Hüquqşünas deyir ki, bu, Seçki Məcəlləsinin 24-cü maddəsinin pozulmasıdır.

«QURULTAYDA PARTİYA RƏHBƏRLİYİNİN DƏYİŞDİRİLMƏSİ TƏLƏBİNİ QOYA BİLƏRƏM»

MSK üzvü Akif Qurbanov bildirib ki, MSK-nın tərkibinin formalaşdırılmasına dair keçirilən Milli Məclisin iclasında Ədalət Partiyasının sədri İlyas İsmayılov bu barədə hər hansı bir mövqe bildirməyib.

Elxan Şükürlü isə deyib ki, bu, İlyas müəllimin özü üçün bir prinsip, qürur məsələsidir:

«Mən özüm onun yerinə olsaydım, mandatımı qoyardım. Çünki bu, hər şeydən əvvəl partiyanın özünə bağlı məsələdir. Belə çıxır ki, korrupsioner, bulaşıq bir məmurun iradəsi bizim partiyanın iradəsindən üstündür».

Elxan Şükürlü deyib ki, hələlik bu məsələdə təkdir. Partiyanın hələ bununla bağlı qərarı yoxdur:

«İlyas müəllim bu məsələlərdə olmasa, mən bir fərd kimi qurultay məsələsində partiya rəhbərliyinin dəyişdirilməsi tələbini qoyacam. Çünki partiya rəhbərliyi partiyanın maraqlarını təmin etməlidir...».

XS
SM
MD
LG