Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:13

İsmayıl İsmayılov "Zeytun əhvalatı" (Hekayə)


Bakının ətrafındakı kəndlər çoxdu. Bəziləri lap qədimdi, bəzilərisə nisbətən cavan. Şəhər böyüdükcə bir-bir bu kəndləri özündə əridir.

Məsələn ən hörmətli kəndlərdən biri Çəmbərəkəndin yalnız adı qalıb. Özünüsə şəhər məhv edib.

Vaxtilə bu kəndin sakinləri olanlar orada-burada özlərinin məhz çəmbərəkəndli olduqlarını xüsusilə qeyd edirlər, amma kəndin yoxluğu faktdı və bunu heç cür dəyişmək olmaz.

Bakının Yasamal, Əhmədli, Keşlə,Zıx və Binə kəndləri şəhər tərəfindən nisbətən sıxışdırılsa da azdan-çoxdan hələ ki, mövcuddular.

Bəzi kəndlərsə şəhərdən uzaqda olduqlarına görə hələ öz mikrostrukturunu saxlayırlar.

Belə kəndlərdən biri Bilgəhdi.

Əgər bu məkanın digərlərindən nəyləsə seçilməsiylə maraqlansaq, görərik ki, Bilgəh gözəl havası, zəfəran əkməyə yararlı mühiti və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin burada anadan olmasıyla seçilir. Əlbəttə yuxarıda göstərdiyimiz amillər ümumbəşər tarixi üçün elə də əhəmiyyətli olmasa da hər halda kəndi yaxşı tərəfdən qiymətləndirir.

Bizimçünsə ən vacibi Bilgəhin yerli əhalisidi. Bilgəhlilər uzun əsrlər boyu qapalı şəraitdə yaşadıqlarından, Bakının başqa kəndlərinə qatışıb-qarışmadıqlarından yalnız onlara məxsus düşüncə və həyat tərzi yaradıblar.

Deyərsiz ki, a kişi, bu da təzə xəbərdi? Bəyəm bilgəhlinin xəmiri başqa cür yoğrulub? Kəndli elə kəndlidi də!

İstər Masallıda, istər İsmayıllıda, istərsə də Bilgəhdə. Yox, elə deyil! Bakının Bilgəhini Bolqariyanın Qabrovası ilə ümumiləşdirsək yanılmarıq.

Bilgəhdə baş verən qəribəliklərin sayı-hesabı yoxdu.

Bilgəhlinin düşünsə tərzini anlamaq üçün gərək elə bilgəhli olasan.

Məsələn badımsanın ən bol vaxtı (yəni 3kq.-su yalvara-yalvara 1000 manatdan satılanda) bilgəhli öz qapısından malının 1kq.-sunu 1000m. satmaq istəmir.

Elə düşünür ki, onun badımcanı badımcan yox, əsil qızıldı. Özü zəfəran əkən bilgəhlinin demək olar ki, heç vaxt zəfəranı olmur.

Son qramına kimi ucuz qiymətdən satır. Sonra isə gedib Novruzda İran zəfəranı alır. Bilgəhli öz kəndlisindən 1-2 kisə peyin istəməz, çünki bilir ki,verməz.

Dərinə gedib peyinin nə olduğunu düşünsək, halımız xarab olar. Kəndin adətinə görə bilgəhli peyinini də qızıla bərabər tutur və bərk-bərk qoruyub saxlayır.

Çox yəqin ki, biz Bilgəh camaatının kosmik düşüncələrinin nəbzini tuta bilmirik və onları anlamırıq.

Axı bilgəhlinin 10 sotluq, içində dağılmış evi olan bom-boş həyəti satıb yerinə 3 dənə yarım hektarlıq, hasarı, gözəl evi, yam-yaşıl torpaq sahələrini almaq istəyini bizim kimi adi insanlar necə başa düşə bilərlər?

Elə bizim əhvəlat da Bilgəhdə baş verdi. Hekayətimizin qəhrəmanı çox gözəl insandı. Elə də qoca deyil.

Cəmi-cümlətani 35 yaşı var. Adı da Atamoğlandı. Əgər ondan adının mənasını soruşsaq, yəqin ki, bilməz. Nəyinə lazımdı? Atamoğlandı vəssalam-şüttamam. İki qardaşı var.

Böyüyü Ağalar, kiçiyisə Eynulladı. Atamoğlan həddən ziyadə zəhmətkeşdi. Qardaşlarının görmək istəmədiyi bütün işləri yerinə yetirir.

Çox üzüyola olduğundan həmişə yazıq insan təsiri bağışlayır. Cavan olmasına baxmayaraq başı dazlaşıb.

Üzünün saqqalını da vaxtı-vaxtında qırxa bilmir. Doğrusu ülgücdən bərk qorxduğundan tez-tez üzünü kəsir.

Odur ki, iki ayda bir dəfə əlinə pul gələndə dəlləyin yanına gedir ki, həm başını, həm də üzünü təraş eləsin.

Daha bir qorxduğu şey elektrik cərəyanıdı. Hərdən deyir ki, “ Toxdan qorxuram”. Savad cəhətdən cəmi 4 sinif bitirib.

Deyərsiz ki, ayə, necə yəni 4 sinif? Əsriimz kosmos əsridi. Atamoğlansa 4-cü sinifdən qoyun otarmağa başladı.

Sonralarsa iş onu elə basdı ki, əsrimizin kosmosluğunu da hiss etmədi. Doğrusu savadsızlığı ona baha başa oturdu.

Savadsız insanın qorxusu çox olar. Asan işlər ona çətin kimi görünər.

Həyətində 1 yaxşı zeytun ağacı var. Kim əkib heç özü də bilmir. Bir dəfə uşaqlıqda meyvəsinin dadına baxdı.

Acı zəqqutun kimi göründü. Elə o vaxtdan daha zeytuna yaxın gəlmədi. Cəmi bir dəfə bu yaxınlarda təsadüfən hansısa məclisdə bircəciyini yoxladı.

O qədər yeməliydi ki, qabın hamısını qarşısına qoyub yedi.

Elə o gündən hər gecə yuxusuna zeytun girirdi. Yuxuda yağlı iri zeytunları yedikcə elə bil gözünə işıq gəlirdi. Atamoğlan rahatlığını itirdi.

Çox götür-qoydan sonra belə qərar verdi ki, mütləq bu payızda öz həyətindəki zeytunu yığıb duza qoyacaq.

Özünün başı çıxmadığından qonşudakı əslən bilgəhli olmayan, amma bütün işlərdən anlayışı olan Seyfəddin kişiylə məsləhətləşdi. Söhbətdən sonra məlum oldu ki, elə də çətin iş deyil.

Bir qədər potaş, duz və su tələb olunur. Atamoğlan yaman həvəsləndi. Gecə-gündüz ağacının başına dolanırdı.

Deyərsiz ki, bütün Bakı zeytunla doludu. Nə ağacbazlıqdı? Atamoğlansa haramın nə olduğunu bilmirdi.

Heç bir vaxt başqasının malında gözü yoxdu. Əncir, üzüm dəyəndə başqa həyətlərə girməzdi.

Allah-taala nə veribsə ona qane olardı. Bu zeytun ağacına da buna görə böyük ümidlər bəsləyirdi.

Ədalət naminə deməliyik ki, ara-sıra Atamoğlana təmiz insan olduğuna görə bağların qarovulunu çəkməyi tapşırırdılar.

Payızda, zeytun yetişən vaxt ona bir yaxşı qarovul işi düşdü. Bağ yiyəsinin təkidli tələbi yalnız o idi ki, Atamoğlan mütləq axşam 7-dən səhər 7-yə kimi həyətin içində olmalı və ola biləcək oğruları qovmalıydı.

Bu həyətdə hər şey bahalı idi. Yerə mərmər düzülmüşdü. İmarət( bağ demək düzgün olmaz) yiyəsi Atamoğlana tüfəng alıb verdi və sifətindən zəhrimar tökülən, canavarları qorxuya salan çobanitini gətirib uzun zəncirlə həyətə bağladı.

İt əvvəlcə Atamoğlanı yamanca qorxutdu. Əlləri əsə-əsə ona yemək verirdi. Sonralar bir-birinə isinişdilər.

Qaranlıq və tənha gecələr həyəti gəzərkən oturub itlə xeyli söhbətləşirdi. Beynindən isə yalnız zeytun fikri keçirdi.

Hər səhər öz həyətinə gedib ağacı yoxlayırdı ki, görsün zeytunlar necə qaralırlar. Lap səbri tükənmişdi.

Hətta xlorsatan arvaddan 1kq. potaş da aldı. Bir sözlə hər şey zeytunun duzlanmasına hazır idi. Deyir, sən saydığını say...

Atamoğlan elə tüfəngi çiyninə salıb həyətdə gəzişirdi ki,qapı bərk-bərk döyüldü. Tələm-tələsik açanda gördü ki, kiçik qardaşının böyük oğlu Bəybaladı.

Onun sözündən məlum oldu ki, kiçik qardaşı Eynulla ata-baba mülkünün yanından keçəndə hiss edir ki, içəridən hənirti gəlir.

Atamoğlanın qarovulda, anasınınsa böyük qardaşı Ağaların yanında olduğunu bildiyindən düşünür ki, həyətə oğrular gəlib.

Oraya tək girməyə ürək etmədiyindən tez oğlunu Atamoğlanın arxasınca göndərir. Atamoğlanın ürəyi lap tez-tez döyülməyə başladı, Yox, o elə də qorxaq deyildi. Hətta əsgərliyini də kişi kimi gedib çəkib.

Sadəcə olaraq fağır insandı. Heç çiynindəki tüfəngə də güllə doldurmurdu.

Elə belə oğruları hürkütmək üçün gəzdirirdi.

Bəybalanı dinləyib nəsə etmək qərarına gəldi. Tüfəngi çiynindən çıxardıb bərk-bərk gizlətdi. İti də zəncirdən açıb buraxdı həyətə və getdi qardaşının yanına.

İki qardaş bir-birinə baxıb nə edəcəklərini bilmirdilər, çünki həyətdəki oğruların sayı çox ola bilərdi və onlara bir xətər yetirərdilər.

Uzun məsləhətdən sonra gedib Seyfəddin dayının evindən böyük qardaşları Ağalara zəng etdilər.

Gec də olsa Seyfəddin kişi onlara heç nə demədi, çünki insan adamdı, hamının xeyir-şər işinə yarayırdı.

Ağalar bir kəlmə: “ Gözləyin! İndi gəlirəm!”-dedi. Atamoğlanla Eynulla hələ Seyfəddin kişidən bəzi şeyləri də götürdülər ki, oğrunu qorxutsunlar.

Eynulla külünglə, Atamoğlan ağır dəmir linglə silahlandı.

Ağalar bir saata, özü də silahsız-zadsız gəlib çıxdı, böyük oğlu 17 yaşlı Baladadaşla birlikdə.

Qısaca məsləhətləşmədən sonra hamısı birlikdə ata-baba həyətlərinə doğru yönəldilər.

Qırıq qapını ehmalca itələyib içəri geçdilər. Tez ora bura baş vurdular. Elə bil hər şey yerindəydi. Bir də ki, oğru nə aparmalı idi ki? Evdə bir həsir vardı, bir də məmmədnəsir.

Kasıbçılıqdan artıq əmlak, qızıl, heç olmasa yemək şeyləri belə yox idi. Bircə Atamoğlan sakit deyildi. Mətbəxə keçərkən gördü ki, xlorsatan arvaddan aldığı potaş yoxdu. Ürəyi sancdı.

Elə bil kimsə ona dedi ki, tez həyətə çıx. Həyətin işıqlarını yandırıb dəhşətli mənzərənin şahidi oldu.

Evi ələk-vələk edib bir şey tapmayan oğrular əliboş getməməkçün onun zeytun ağacını yoluşdurmuşdular. Ağacın üstündə bircə dənə belə olsun zeytun dənəsi yoxuydu.

Qıraqda qardaşlar sevincək söhbətləşirdilər. Bircə Atamoğlanın halı xarabdı.

Ayaq üstə dayana bilməyib yerə oturdu. Onu soyuq tər basdı. Neçə aylardan bəri yuxusuna girən zeytun dənələrini gözünün qabağına gətirdi.

Başını zeytun ağacına dirəyib zarım-zarım ağladı.

Mediaforum
XS
SM
MD
LG