Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:23

Vəkil: «Bəxtiyar Hacıyev işgəncələrə məruz qalıb»


Elçin Namazov
Elçin Namazov
«Bəxtiyar Hacıyev həm polis idarəsində, həm də istintaq təcridxanasında işgəncələrə məruz qalıb».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında B.Hacıyevin vəkili Elçin Namazov deyib.

Vəkil bildirib ki, B. Hacıyevin saxlanıldığı ilk gün onunla görüşə imkan verilməməsi onlarda şübhə yaradıb. Buna baxmayaraq, sonradan onunla görüşməyə nail olub.

E. Namazov deyib ki, B. Hacıyevlə görüşərkən onun bədəninin müxtəlif nahiyələrində aşkar görünən xəsarətlərə rast gəliblər. Sonradan isə B. Hacıyev ilə söhbət zamanı xəsarətləri harada alması barədə özü vəkili məlumatlandırıb. Vəkil deyir ki, işgəncələr B. Hacıyevə iki müxtəlif orqanda verilib:

«Bəxtiyar Hacıyev vəkil tələb etdikdən sonra polislərin aqressiv münasibəti ilə rastlaşıb. Rütbələri polkovnik-leytenant və mayor olan Nizami rayon Polis İdarəsinin Vüsal və Hidayət adlı əməkdaşları Bəxtiyar Hacıyevə vəkil gətirməyəcəklərini və Bəxtiyara istədikləri sənədə imza etdirəcəklərini bildiriblər. Bəxtiyar etiraz edərkən ona qarşı fiziki işgəncələr başlayıb».

Vəkil deyir ki, B. Hacıyevin hər iki qolu tutulub. Arxadan kürək hissəsinə yumruqla və dirsək hissəsi ilə zərbələr endirilib. Onun başını aşağı basaraq ayaq hissəsinə qədər endirməyə məcbur ediblər. ONA QARŞI NALAYİQ İFADƏLƏR İŞLƏDİLİB. Bütün bunlar sırf onun vəkil istəməsi ilə əlaqələndirilib.

Vəkil B. Hacıyevin sözlərinə istinad edərək bildirir ki, bundan sonra otağa Nizami rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov gəlib. B. Hacıyev xahiş edib ki, onu döyən polislərə qarşı ciddi ölçülər götürsün. Lakin A. Məmmədov B. Hacıyevin qoluna kip formada qandal vurulmasına göstəriş verib.
Bəxtiyar Hacıyev
Vəkil deyir ki, bundan sonra B. Hacıyevin hər iki qolunda qan işləməyib, o, beynində, ürəyində şiddətli ağrılar hiss edib və haldan düşüb. Bunu onun dövlət tərəfindən təyin olunmuş vəkili Səadət Seyidli də görüb və buna qarşı heç bir tədbir görülməyib.

E. Namazov deyir ki, məhkəmədən sonra B. Hacıyev Gəncə şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Burda B. Hacıyevə barmaq izlərinin götürüləcəyini deyiblər və o, etiraz edib, vəkil tələb edib. Bundan sonra təcridxananın rəisi Nizami Mehdiyev kameradan çıxararaq onu öz otağına aparıb. Burda isə B. Hacıyevin yaxasından yapışaraq, sürüyə-sürüyə barmaq izlərinin götürüləcəyi otağa aparıb:

«Ayaqqabılarının altı ilə baş hissəsini basıb, BAŞINI YERƏ DİRƏYƏRƏK BARMAĞINI ZORLA APARATIN ÜZƏRİNƏ QOYUBLAR. Boyun hissəsinin həddən artıq sıxıblar, dərisi qopub. Hər iki gözünün altına zərbələr vurulub, göyərdilib. Burnunun üstünə zərbə vurulub. Çənəsi sıxılıb və dodağı partladılıb».

Vəkil deyir ki, B. Hacıyevi gördükdən sonra ərizə ilə müraciət edib. Xahiş edib ki, ən azı gözlə görünən xəsarətlərin müəyyən olunması üçün 2 saylı təcridxananın tibbi hissəsinin baş həkimi ayrılsın. Elçin Namazov deyir ki, bu xahişə müsbət cavab verilib və vəkil işgəncə faktı ilə bağlı akt tərtib edib:

«Müəyyən olundu xəsarətlərin hamısı. Həm tibbi hissənin rəisi, həm də istintaq təcridxanasının bir əməkdaşı xəsarətlərə dair tərtib olunmuş akta imza etdilər».

E. Namazov deyir ki, aktı Gəncə şəhər Prokurorluğuna göndərdikdən sonra vəziyyət dəyişib və ona davamlı zənglər başlayıb. Bunlara baxmayaraq, prokurorluq tərəfindən təcili ekspertiza təyin olunub.

Elçin Behbudov
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə deyir ki, mütləq Gəncə istintaq təcridxanasına gedəcək və B. Hacıyevlə şəxsən görüşəcək. O, ekspertizanın düzgün rəy verəcəyinə də ümid etmir:

«Mən əminəm ki, EKSPERTİZA ORADA DÜZGÜN RƏY VERMƏYƏCƏK. Çünki çalışacaqlar ki, işgəncə olubsa, onu ört-basdır etsinlər. Mən buna əminəm...».

Elçin Behbudov son vaxtlar həbs olunma proseduralarına da münasibət bildirib:

«Prosessual qanunvericiliyə əsasən, bir nəfər həbs olunursa, dərhal o vəkillə təmin olunmalıdır. Onun həbsi barəsində ailə üzvlərinə xəbər verilməlidir. Belə hallarla biz son vaxtlar tez-tez üzləşirik. Görürük ki, həbs olunmuş şəxsi bir həftədir həbs ediblər, ailəsinə xəbər vermirlər. Yaxud da dövlət tərəfindən vəkillə təmin edirlər. Dövlət tərəfindən olan vəkil də onların tam hüquqlarının müdafiəsini təmin etmir. Elə də olur ki, istədikləri ifadəni almaqdan ötrü ümumiyyətlə, heç dindirmə zamanı vəkili yaxına buraxmırlar».

Vəkil Elçin Namazov məhbuslara edilən başqa bir işgəncədən də söz açıb. O deyib ki, son 15-16 ildə həbsxanalarda yer qıtlığı yaranıb. Bu istiqamətdə bir çox işlər görülsə də, hələ də yer problemi qalmaqdadır:

«10 yerlik yerdə 12, 14, bəzən 18 nəfərin saxlanılması halları var. Müdafiə etdiyim şəxslərlə söhbətimdə məlum olur ki, bunu da işgəncənin bir növü hesab etmək olar. Gündüz vaxtı istirahət etməyə icazə verilmir. Təsəvvür edin, 10 nəfərlik yerdə 18 nəfər saxlanılırsa, 8 nəfər gecə növbəlilik qaydasında yatırlar...».

XS
SM
MD
LG