Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Dilqəm Əhməd "Milliyətçinin sevdası" (Hekayə)


Ağappaq qarla örtülmüş bir dağın zirvəsində idi.

Aşağıya baxanda gözləri qaralır, az qalırdı ki, zirvədən aşağıya doğru sürüklənsin. Gözləməyinin səbəbi vardı.

Az sonra mavi işıqlı sevgilisi gələcəkdi. Əlləri buz bağlasa da, bir azdan sevgilisinin əlləri ilə isinəcəyi üçün gözləyirdi.

Zatən gedəcək başqa bir yer yoxdu ki…Qəfildən bu dağın zirvəsində nə cür peyda olduğunu da başa düşmürdü.

Sıldırım qayalardan gələn bir səs ona gözləməsini, sevgisinə qovuşacağını pıçıldamışdı.

Onun üçün artıq başqa heç bir səbəb önəmli deyildi. –Ah bircə tez gəlsəydi…Elə bunu söyləmişdi ki, başının üstündə günəşdən də parlaq bir işığın doğduğunu gördü…Aman tanrı, bu ki Zümrüdün gözləridir….

Qəfildən zənginə Ahmet Şafakın “Karabağ” mahnısı qoyduğu telefonu çalan Səlcuq yatağından elə dik atıldı ki, elə bil az öncə yuxuda gördüyü uçurumdan aşağıya doğru yuvarlandı.

Zəng edən “Üç May Dünya Türkləri Təşkilatı”nını sədri, tələbə dostu Bəyqan Ulutürk idi:

- Səlcuq, bilirsən də, bu gün saat üçdə təşkilatın bir illik yubileyi ilə bağlı toplantısı olacaq. Bilirsən, sənin də çıxışın var. Üstəlik, bunu qardaş-qardaş etməz haaa, xəbərin olsun ki, Zümrüd də gələcək. Axşamdan dilə tutmuşam ki, heç olmasa bu dəfəki tədbirimizdə iştirak et. Başa saldım ki, onun kimi savadlı bir qız mütləq ictimai fəaliyyətlərdə bulunmalıdır. Tez ol hazırlaş ki, tədbirdə yaxşı çıxış edəsən. Həmişəki kimi konturum azdır, tədbirdə görüşərik.

- Ok Bəyqan, söz tələbə stependiyamı alanda BDU-nun yanındakı “Limuzin” kafesində sənə qonaqlıq verəcəm. Amma çox mərdiməzar adamsan ha, yuxuda Tanrı Zümrüdü mənə Tanrı dağında qovuşdururdu, imkan vermədin.

- Yaxşı, yaxşı Tanrıya çox da ümidli olma, özüm səni qovuşduracam Zümrüdə….

Günün ilk xəbəri uğurlu oldu. Demək, axırı da uğurlu olmalıdır. Son zamanlar təşkilatın maddi problemi Səlcuqu çox düşündürürdü.

Adında Türk sözü olan bir təşkilata xarici donorlar bir tərəfə, heç dövlətin özü də yardım etmirdi.

Ancaq ümidləri tələbə təqaüdünə, bir də işləyən tələbələrin azdan-çoxdan bir qədər kənara atdığı pullara idi.

Ötən bir il ərzində yetmişə yaxın tələbə təşkilata üzv olmuş, çoxlu toplantılar keçirilmiş, aylıq dərgi təsis edilmişdi.

Səlcuq özü BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin politologiya ixtisasında, Bəyqan isə fəlsəfənin ikinci kursunda təhsil alırdı. Zümrüd Bəyqanın qrup yoldaşı idi.

Bəyqanın atasının qoyduğu ad Tahir idi, amma o da milliyətçi arxadaşları kimi ad və soyad islahatı tələb edərək Tahir Abbasəliyevi Bəyqan Ulutürk ilə əvəz eləmişdi. Ortaq siyasi baxışları onu Səlcuq ilə yaxınlaşdırmış, ümumi keçirilən dərslərin birində Səlcuq Bəyqanın qrup yoldaşı Zümrüdü görmüşdü. Bununla da Səlcuqun həyatına yeni bir işıq doğmuşdu.

Ortaq keçirilən fəlsəfə tarixi dərsi onun üçün əvəzedilməz fürsət olmuşdu. Fəlsəfə müəllimi Qəmər xanım Platon idealizmindən danışarkən, o artıq hələlik ona platonik olan eşqini kəşf etmişdi.

Onu artıq Sokratın nəyisə bilib-bilməməsi, sofistlərin zəhlətökən araqarışdırmaları, Aristotelin kateqoriyaları maraqlandırmırdı, onu dərslərdə alıb uzaqlara aparan ancaq Zümrüdün mas-mavi gözləri idi…”Bax, filosof ona deyərəm ki, Zümrüdün gözlərinin sirrini mənə izah etsin”-deyə tez-tez Bəyqana söyləyir, yavaş-yavaş aşiq olmağa doğru getdiyinin fərqinə vardığını bildirirdi.

Zümrüd bütün bu olanların fərqinə varmamış deyildi. Özünə o qədər arxayın idi ki, istənilən tələbəni öz baxışları ilə arxasınca sürükləyə biləcəyini bilirdi. Amma öz qadınlığını ucuzlaşdırmaq istəmirdi.

Qadın bir kərə sevər prinsipi ilə yaşayırdı. Atsızın “Bozqurd”larındakı Almılanı öz idealı seçmişdi və Almılanın ancaq Bars kimi bir igidə qismət olmasının vacibliyini bildirirdi. Səlcuqu dəli-divanə edən də Zümrüdün məhz bu cür qız olması idi.

Özünə söz vermişdi, Bars kimi olacaqdı, sevgisi üçün savaşacağına and içmişdi.
Sonunda qərarını verdi. Zümrüdlə bilavasitə əlaqə qurmaq üçün onu təşkilatlarının toplantılarına dəvət edəcəkdi.

Burada isə sözsüz təşkilatın sədri Bəyqanın böyük rolu olacaqdı…

Mayın 3-nə az qalmışdı. Təşkilatın birillik yubileyi keçiriləcəkdi. Üzvlərdən əlavə qonaq iştirakçılar üçün dəvətnamələr hazırlanmışdı.

Sözsüz ki, bu dəvətnamələrdən ilki Zümrüd üçün idi. Dəvətnamənin üzərində: “Üç May Dünya Türkləri Təşkilatı”nın bir illik yubiley mərasimi və “Nihal Atsızın ədəbi görüşləri” adlı çıxış sözləri yazılmışdı. Dəvətnamənin altında isə sədr Bəyqan Ulutürk, məruzəçi Səlcuq Altay isimləri qeyd olunmuşdu.

Bəyqanın ilişkiləri geniş idi. Milliyətçi görüşə sahib bir partiya bazar günü onların ofisində tədbirlərini keçirə biləcəklərini bildirmişdi.

Xoşbəxtlikdən 3 may elə məhz bazar gününə düşürdü. Təşkilati məsələləri yoluna qoyduqca Səlcuqun ürəyi çırpınır, mütləq toplantıda özünü Zümrüdə isbat etməli, onun sevgisini qazanmalı idi.

Mütləq, mütləq, amma nə cür??? Suallar içində boğulur, “Bozqurdları”, “Dəli qurd”u, “Ruh adamı” tez-tez vərəqləyir, samballı çıxış üçün material hazırlayırdı.

Amma Zümrüdün mas-mavi gözləri ona heç cür rahatlıq vermirdi. “Bir yolu olmalı, mütləq, mütləq…Gök Tanrı sən özün kömək ol, lap ağlımı itirirəm deyəsən. Bəlkə şaman duası edim, bəlkə əcdadların ruhunda kömək istəyim??? “

Kompüteri birləşdirdi, Google-də Nihal Atsız yazıb Atsızın şeirlərini toplamağa başladı. Yenə də rahatlıq tapmırdı, “görəsən Bəyqan Zümrüdü toplantıya gəlməyə razı sala bilmişdimi???

Lap tutalım gəldi, onun gözləri mənə baxarkən mənim dilim tutulmayacaqdımı? Gərək çağırmayaydım..Off Tanrı. Ən yaxşısı yatmaqdır, heç olmasa səhər gözü şiş halda qızın qarşısına çıxmayım”. Yavaş-yavaş yuxuya qərq olan Səlcuq özünü Tanrı dağın zirvəsində görürdü…..

Yaxşı ki, Bəyqan onu oyatmışdı, yoxsa tədbir vaxtına qədər uyuyub qalacaqdı. Əl-üzünü yuyan kimi yenə axşamkı fikirlər beynində dolanmağa başladı. Zümrüdü mütləq ovsunlamalıydı, amma necə?

Necə etsin ki, həm mövzu ətrafında danışsın, həm də Zümrüddə ona qarşı hisslər oyatsın.

Birdən bu yaxınlarda dostlarının dərc etdiyi Nihal Atsızın şeirlər kitabı yadına düşdü. Cəld kitab rəfindən onu arayıb, bütün zalı sevgisi ilə alovlandıracaq şeir axtarmağa çalışdı…”Sonunda-sonunda tapdım….”-deyə Səlcuq otağın içərisində qəribə-qəribə bağırmağa başladı.

Konfrans otağına yüzdən artıq gənc toplanmışdı. Bəyqan 3 mayıs 1944-cü il olaylarından çılğınlıqla danışaraq, ardınca təşkilatlarının bu bir il ərzində gördüyü işlərdən söz etdi.

Bəyqanın yanında əyləşmiş Səlcuqun gözləri həyəcanlı şəkildə konfrans zalının qapısına zillənmişdi…

Söz Səlcuqa verildiyində qapı aralandı və Səlcuq üçün mas-mavi işıq doğdu zala. Gələn Zümrüd idi. Artıq Səlcuqu kimsə saxlaya bilməzdi.

Səhərdən bəri bir bəndini əzbərlədiyi şeiri bir nəfəsə söylədi.

Ruhun mu ateş,yoksa o gözler mi alevden?
Bilmem,bu yanardağ ne biçim korla tutuştu?
Pervane olan,kendini gizler mi alevden?
Sen istedin,ondan bu gönül zorla tutuştu..

Səlcuq bacarmışdı. Kimsə bilməsə də, Zümrüd bilirdi ki, bu şeir onun üçün idi..Gözləri Səlcuqun gözləri ilə toqquşdu… Artıq 3 mayıs Səlcuq üçün ikiqat bayram idi…

25.11.2010
XS
SM
MD
LG