Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Sevinc Pərvanə. Adım Həvva, Aldanma bu qara hicablı qadına


















Adım Həvva

doğuş vaxtına yaxın
bir ağrı uydururlar özlərindən
hamilə qadınlar…
azad olmağa tələsdiklərindən
sevgini də elə beləcə uydurarlar
itirmək qorxusundan doğan ağrıya dönər
sevgi qadınlar üçün…
əri ölən dullar bu qorxudan azad olub
o qədər rahat yaşarlar ki…
ölənədək,
və həm də sevərək
quruca bir şəkili ağlayarlar cümə axşamları
sonra da rahatca yuxuya gedərlər ki
o şəkil yuxularına girsin
on yeddi yaşdan sonra hər gecə yuxusuna
can atsa da üzünü görə bilmədiyi
bir oğlan gələr, qızların
ilk önünə çıxan birisini də o zənn edər
ilk dəfə yuxuda öpüşərlər səhəri gün…
səhəri gün öpülmək istəklərini gizləyə bilməzlər də…
həmən də öpüşündən tanıyıb onları
o oğlanın olmadığına əmin olar
iyrənərlər ilk öpüşdəcə…
hər gecə
küt bir ağrı kimi hiss etməkdəyəm içimdə səni –
səbəbsiz yerə oyanıb yuxudən gecəyarısı
düşünürəm ki
Svetayeva yuxusuzluğu ilə sevişərmiş səhərə qədər
və bəlkə də fransızlar
Canna Darkı uydurublar sadəcə
bütün qəhrəmanlar kimi
çünki qadın hər yerdə və həmişə qadındır…
Canna bütün əsgərlərin sevgilisiydi
və onun uğrunda ölməyə hazır idi hamısı
Fransanın deyil!
Boş yerə vətənə «ana» demir ki kişilər
qadın uğrunda mübarizə etmək onların ən sevimli işi…
kəşf edərək qadının böyük qüvvə olduğunu
amma bütün qadınların
fühuşa dalmaq ehtimalının yüzdə-yüz olduğundan
ana vətən də
bir küçə qadınına çevrilə bilər
odur ki kişilərin vətənə ana deməyi yanlış…
anası fahişə olan kişiləri
qeyrət hissi yalnız uzaqdan yaxar…
əli çatmayan şeylərdən imtina etməyə vərdişlidir insanlar
qadın xəyanət etmirsə özünü zorlayacaq
özüylə sevişən nə qadınlar var…
bunu ərlərinə xəyanət belə saymazlar
xəyalında başqasının olan qadın
sevişərkən onun adını pıçıldamaqdan qorxar
onsuz da sevdiyi kişinin başını
gecələr döşlərinə sıxarkən
dodaqlarının arasından «ilahi» kəlməsi qopar
bütün adlardan qabaq…
hər qadının içində Məryəm ana olmaq
nə bilim İsalar doğmaq
Adəmə xəyanət etmək istəyi yatar
öpüşərkən gözlərini yumarsa
bu təkcə həzz aldığı üçün deyil
çox zaman
dodaqlarından ibarət olur qadınlar sevişərkən…
bütün bədənini təslim edib
dodaqlarını sevgilisi üçün qoruyarlar…
və həm də sadəcə
ana olmaq istəyi təhrik edir qadını sevməyə bəzən
doğmaq zamanı çatana yaxın…


Aldanma bu qara hicablı qadına

qara hicablı qadının
açıq baldırından gələn işartı kimi
çəkər ay səni ardınca…
bu yolun ucun tutub gedərsən
mənsiz yaşamağa…
və qəfil
buludların ətəyində itirdiyin ayın
dənizdə boğulmuş ölüsünü tapınca
sən də özünü bu dənizə atarsan.
getmə,
aldanma bu qara hicablı qadına
sabahın şərini gözlə
yoxsa …
…mən də gedəcəyəm səninlə
mənsiz yaşamanın dalınca.

Alatoran, 2004
XS
SM
MD
LG