Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:19

Adil Şirin. Portret, Alın yazısı, Son şeirini yazan adam...


Portret


Şerləri quş edib
uçurtdu sabahlarına
bir gün gəldi
ağlaya bilmədi
günahlarına.
İntiqam almaq istəyirdi
arılıqdan
ölümdən
ulduzlar arasında
ruh olub yaşamaq keçirdi
könlündən.


Alın yazısı

Ruzgarlara qoşulub uçar
Axar suların aydınlığına
Ömrün qızıl çağlarında
Bəyaz sularda yarpaqlar

Yelkənsiz qayıqlar kimi
Üzər qərq olar
Axar bəyaz suların aydınlığı
Qara ruzgarla dolar

Yelkənsiz yarpaq qayıqda
Mənim taleyim üzər bu gün
Göz yaşını göstərmədən
Axıb gedər bəyaz sular…


Son şerini yazan adam

Çarpayıda uzanıb
Sonşenini yazan adam,
Bu dünyadan əl üzüb
Yuxusunu yozan adam.

Hər tərəfin dörd divar,
Sağ divarda pəncərə,
Bayırda dəli ruzgar.
Yoxmu bu ömrə çarə?

Yuxusunu yozan adam
Son şerini yazan adam
Bu dörd divar, bu yastı dam
Qeyb olacaq bir azdan.

Alatoran
XS
SM
MD
LG