Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:12

Barat Vüsal. Qana qan, Könülə de sözünü


QARA QAN


Salam, axşamlara qarışan kişi,
Salam, gecə kimi qaralan adam!
Mən kişi görəndə, adam görəndə
Təzədən anadan oluram, atam,
Salam, gecə kimi qaralan adam!

Taleyin nəfəsi üstümdə imiş,
Başımın üstündən Yaradan baxır.
Dünyanın nə xoşbəxt adamıyammış,
Mənim ürəyimdən qara qan axır.

Mənim ürəyimdən qara qan axır,
Nəsimi ordadı, Füzuli orda.
Allahın izniylə kişi alnını
Təzədən mən özüm yazıram orda.

Döyüşdə çıxmalı kişinin canı,
Kişi döyüşlərdə yer almalıdır.
Heç vaxt durulammaz kişinin qanı,
Daim kişi qanı qaralmalıdır.

Baxtımı ağaran bənizimdə gör,
Necə baş-başayam Təbrizimlə, gör!
Əgər kor deyilsən, gəl gözünlə gör,
Qanım milyon illik yaradan axır,
Mənim ürəyimdən qara qan axır.

Ay bazar içində bazarı açan,
Donmayıb, donmaz da damarında qan.
Nəsimi, Füzuli məzarınacan,
Dərbəndə, Hələbə, Xoyacan axır,
Mənim ürəyimdən qara qan axır.

Namərdin, nakəsin işi bitəcək,
Daş üstdə qalmayıb daşı, itəcək.
Kişi göyərəcək, kişi bitəcək,
Mənim ürəyimdən hara qan axır...
Mənim ürəyimdən qara qan axır!


KÖNÜLƏ DE SÖZÜNÜ

Gəlib xəbər gətirdi
Çapa-çapa atlılar.
“Allaha sözün olsa,
Könülə de, çatdırar!”

Biləsən gərək, bilə,
Gələsən gərək dilə...
Çatanlar könlü ilə
Hər məqama çatdılar.

Çox oldular az halda,
Qəm azalda-azalda.
Yatdılar hər məzarda,
Hər azarı atdılar.

Getdilər içib badə,
Haqqın yolunda bada.
Itdilər bu dünyada,
Yeri-göyü tutdular.

Atlılar tapıb yolu,
Atlılar öpüb yolu,
Atı könülə doğru
Çapdılar, hey çapdılar!


VƏTƏN MƏNDƏ YAŞAYIR

Mənə elə-belə yaşamaq olmaz,
İçdiyim bu zəhər qəndə oxşayır.
Bir ayağım üstə dayanmışam mən,
Qəlbim həm yaşamır, həm də yaşayır.

Bəlalar dolanır bu dərdli başda,
Mənə, nə görürəm, dərddi bu yaşda.
Ağlasam, qorxuram, hər damla yaş da,
Verilən şəhərə, kəndə oxşayır.

Demirəm bu boyda göydə mənimdi,
Deyirəm bu yer də, göy də mənimdi.
Sərhəddi olmağa növbə mənimdi,
Bu Vətən bu saat məndə yaşayır.

www.dgtyb.org
XS
SM
MD
LG