Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:43

Oqtay Rza. Mövlanə Rumi, Bu qız















MÖVLANƏ RUMİ


Sözünün bəzəyi - hikmət, gözəllik,
Dillər əzbəridir Mövlanə Rumi;
Arxada qalsa da səkkiz yüzillik,
Ölməyib, diridir Mövlanə Rumi!
İdraka dəryadan dərin deyir o,
“Gəl, gəl! Göz üstədir yerin” deyir o;
“Olduğun kimi də görün” deyir o -
Nə vaxtdan bəridir Mövlanə Rumi!
Doğmadır Konyaya, Təbrizə, Qarsa,
Türkə, yəhudiyə, ərəbə, farsa...
Tanrıya çox yaxın on dahi varsa,
Onların biridir Mövlanə Rumi!
“Eşqi də oyadıb” şeirin səsiylə,
Ruhsuza can verib pak nəfəsiylə;
Əlli min beytlik “Məsnəvi”siylə
Əbədi yol gedir Mövlanə Rumi!
Qədim müasiri bütün çağların
Uca zirvəsidir qoca dağların.
Haqqı, hürriyyəti sevən xalqların
Böyük şairidir Mövlanə Rumi!


BU QIZ

Bu qız totuq, sevimli,
Ağlamır, gülümsəyir.
Böyüyüb söyləyəcək:
- Baba, sabahın xeyir!
...Nəvəm belə olacaq.
Bu qız məktəb geyimli,
Qisməti xoş duyğular;
Sol əlində qərənfil,
Sağ əlində kitab var.
...Nəvəm belə olacaq.
Küçəni yağış yuyur,
Bu qız çətir götürüb,
Səhər - səhər özünü
İslanmaqdan qoruyur.
...Nəvəm belə olacaq.
Bu qız gəlin köçür ki
Baharın ilk ayında!
Ürəyim pıçıldadı:
“Sən o vaxt olmayanda...
Aysel belə olacaq;
İndiki bapbalaca
Aysel belə olacaq!”

11.08.2008
(Doğulmağının 60-cı günü)


“Dəryazlı rübailər” silsiləsindən

Ağacı ağaca sürtüb od aldıq,
Şamı kəşf edərək xeyli ucaldıq.
Gəldi elektrik əsri... Nəhayət
Nüvə bombasının girovu olduq.
Tikanı gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var.
Məhəmməd Füzuli eşitsin: - İndi
Salamı mükafat eləyənlər var.
Bir dayan, yadıma nə isə düşdü:
Yolum dəbdəbəli məclisə düşdü.
Bir nəfər salamı elə verdi ki,
Onun çox hissəsi rəisə düşdü.
Sözünü çox rəvan, səlis deyir o,
Nə “əla”, nə “yaxşı”, nə “pis” deyir o.
Bir zaman İliçi tərifləyirdi,
Bu gün Məhəmməddən hədis deyir o.
Vətəndən - Vətənə qonaq gələn var,
Hər gün kövrələn var, hər gün gülən var;
Vətəni ikiyə bölən zolaqda
Yenə yaralanan, yenə ölən var...
Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından özü də bezər.
...Çoxüzlü mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən həzər!
Bu adam özünü dahi sanır ki,
Bu işıq gecə yox, gündüz yanır ki...
Buludun səpdiyi kiçik damlalar
Torpağa dəyməmiş buxarlanır ki!
Hələ ayırırlar ağanı quldan,
De, nəyi əskikdir qızın oğuldan?
Kainat bəxş edib su, hava, sərvət...
Cəzası - zəlzələ, qasırğa, vulkan...
Yatır ağcaqanad duymadan heç nə,
Çovğunu qətiyyən almır vecinə;
Otuz dərəcəlik şaxtada ölmür,
Yayda qanımızı soracaq yenə.

Bakı, Günəşli qalası

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG