Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:11

Bakıda ilaxır çərşənbə həyəcanı


Bakının ara küçələrində, binaların qarşısından çır-çırpı dalınca uşaqlar o yan- bu yana qaçırlar. Onlar ilaxır çərşənbədə tonqal qalamaq üçün tədarük görürlər. Martın 15-də Azərbaycanda ilaxır çərşənbədir. Uşaqlar təkcə tədarüklərini tonqal qalamaqla tutmurlar. Küçə-küçə gəzib, axşam hansı evlərə papaq atacaqlarını indidən qərarlaşdırırlar.

PAPAĞA PUL ATANLAR KİMLƏRDİR?

- Papaq da atacaqsınız bu gün?

- Bəs necə, artıq papaqlarımız da hazırdır.

Dərhal suala cavab verən uşaqların hər biri cibindən bir neçə papağı çıxarıb, göstərir. Düzü, bu mənzərədən təəccübümü gizlədə bilmirəm:

- Bir nəfər neçə papaq atır ki?

- Baxır da evə, elə olur 2-3 dənə, hərdən də bir papaq atır.

- Əsas hara atırsınız papağı?

- «Novostroykalara», binalara.

- Niyə?

- Çünki orda varlılar yaşayır. Əvvəlcədən öyrənirik hansı binada hansı evlərə papaq atacayıq. Ən çox pul atan evləri xoşlayırıq.

Uşaqlardan ayrılıb, qarşıdakı həyətlərdən birinə daxil oluram. İlk döydüyüm qapı açılanda içəridən gələn iy, qab-qacaq şaqqıltısı bayram hazırlığından xəbər verir. Ev sahibəsi Esmira xanım gəlişimizin səbəbini öyrənib, başlayır söhbətə:

«Bu gün evlərimi yığışdırmışam, pərdələrə kimi hər şeyi tər-təmiz yumuşam. İndi də yeməklərimi hazırlayıram. Ləvəngimi, aşımı, şəkərbura, paxlavamı artıq hazırlamışam. Axşam da çörəyimi bişirəcəm. Hər bayramda həyətimizdə tonqal qalanır. Uşaqlar papaq atırlar».

Lənkəranda böyüyüb, boya- başa çatan Esmira xanım 20 ildən artıqdır Bakıda yaşayır. Elə bu dəmdə Lənkəranda ilaxır çərşənbəni necə qeyd etdikləri yadına düşür:

«Lənkəranda bayram günü səhər tezdən gedərdik çaya, saçımızı kəsib, suda axıdardıq. Düzü bunun nə anlama gəldiyini bilmirəm, amma adət idi, bütün qızlar bunu edərdi. Axşam isə 7 tonqal qalanardı».

Esmira xanımla sağollaşıb, başqaları ilə də danışmaq üçün yola düşürəm. Əli dolu bazardan evinə tələsən İradə İsmayılova ayaqüstü danışa bilməyəcəyini bildirib, bizi evinə dəvət edir.

- Deyəsən, bazardan gəlirsiniz?

- Hə. Çox şükür bu il, ötən illə müqayisədə ucuzluqdur.

- Necə hazırlaşırsınız bayrama?

- Salatlar, şirniyyatlar hazırlamışam. Aş da bişirəcəm, fisincanla. Bizdə ilaxır çərşənbədə həmişə aşı fisincanla hazırlayırıq. Fisincana qoz, narşərab, toyuq lazımdır.

QIZLARIN QULAQ FALI

Həyətlərdən birində başa-başa verib, nə isə pıçıldaşan qızlara yaxınlaşıram.

«Bu axşam mütləq qulaq falına çıxacam. Düz 6 yaşından fala çıxıram».

Hər il qulaq falına çıxdığını deyən, 20 yaşlı Ceyran Dadaşova eşitdiklərindən danışır.

«Qulaq falında eşitdiyim ən yadda qalan fikir - bir dəfə demişdilər ki, gözlə gələcək, neçə ildir hələ də gözləyirəm».

Qızlar ilaxır çərşənbədə təkcə qulaq falına çıxmırlar. Bu axşam baxacaqları digər fallardan 11 yaşlı Xədicə danışır:

«Qulaq falından başqa, üzüklə fala baxır. Qızıl üzüyü sapdan keçirib, içi su ilə dolu fincana salıb, baxırıq».

Qədim inanclara görə, ilaxır çərşənbə ilin dəyişməsi zamanına təsadüf edir.

Folklorşünas Atəş Əhmədli deyir ki, ilaxır çərşənbədə digər çərşənbələrdən icra olunan müxtəlif ayinlərlə fərqlənir.

«Bu ayinlər qulaq fallarıdır, digər fallardır. İnsanlar yeni ilə necə qədəm qoyacaqlarını, həyatları necə keçəcəyini sınaqdan keçirirlər. İlaxır çərşənbədə şər qüvvələri kənarlaşdırmaq üçün insanlar şən əhval ruhiyyədə olurlar, yeni gələn ilin də belə ovqatda keçəcəyinə inanırlar».

Atəş Əhədli deyir ki, son illərdə nəinki Azərbaycanın müxtəlif regionlarında, hətta Bakıda ilaxır çərşənbə xüsusi coşqu ilə qeyd edilir.
XS
SM
MD
LG