Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:24

Qaçay Köçərli. Tanrım mənə nur vermişdi


TANRIM MƏNƏ NUR VERMİŞDİ


Haqdan gəldim yer üzünə haqsız oldum,
Tanrım mənə bəxt vermişdi,baxtsız oldum.
Bir sevgidən taxt vermişdi,taxtsız qaldım.
Mən bilmirdim,nələr varmış yer üzündə,
Yerdən böyük kədər varmış yer üzündə.

Tanrım mənə nur vermişdi, nurum itdi,
Yer üzündə yer vermişdi,yerim itdi,
Öz evimdə oğlum itdi, pərim itdi.
Baldan artıq zəhər varmış yer üzündə,
Yerdən artıq kədər varmış yer üzündə.

Birömürdə neçə qanlı savaş gödüm,
Haqq uğrunda topa dönən min baş gördüm,
Qardaşının qanın içən qardaş gördüm.
Qandan doğan səhər varmış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə.

Haqq gəzirdim,şərə düşdüm,böhtan tapdım,
Mən azadlıq istəyirdim,zindan tapdım.
Sağ can itdi, xəstə olan bir can tapdım.
Haqqdan güclü şər varıymış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə.

Ev tikirdim, qəbir çıxdı ev yerindən,
Mənim üçün min sirr çıxdı ev yerindən,
Baş açmadım bu sirrlərin heç birindən.
İnsandan çox gor varıymış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə.


GƏLİB GİRDİM QOCALIĞIN MÜLKÜNƏ


Gəlib girdim qocalığn mülkünə,
Ulu Tanrım,nələr varmış bu yedə.
Od günəşin od nəfəsli şəfəqi
Göy üzündən yağan qarmış bu yerdə.

Sıxır məni hər bir gündüz,hər gecə,
Sıxır məni getdiyim yol,hər küçə.
Qəm kök atır ürəyimdə gizlincə,
Geniş dünya yaman darmış bu yerdə.

Tənhalığa gecə-gündüz yeməm mən,
Özüm yoxam, indi olub naləm mən.
Yoxdur bircə harayımı eşidən,
Mənim kimi hamı karmış bu yerdə.

Salxım olub göz yaşlarım,dərən yox,
Bitib qalxır bu sinəmə girən ox.
Hamı baxır, ancaq məni görən yox,
Mənim kimi hamı kormuş bu yerdə.

Məni boğur evimdəki divarlar,
Hər divarda bir vahimə, qorxu var.
Bir tabutdu dövrəmdəki bu qubar,
Öz evim də mənə gormuş bu yerdə.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG