Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:16

İqbal Ağazadə: «Hökumətin hesabatı real həyatı əks etdirmir»


İqbal Ağazadə
İqbal Ağazadə
«Hökumətin hesabatı Azərbaycanın real həyatını əks etdirmir».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında hökumətin hesabatına münasibət bildirən deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə belə deyib. Onun fikrincə, bu hesabatla Azərbaycan reallıqları arasında ziddiyyət var:

«Bu hesabat Azərbaycanın real həyatını əks etdirmir. Hesabat sadəcə, rəqəmlərdir və O RƏQƏMLƏRİN ARXASINDA CANLI İNSAN HƏYATI DAYANMIR. Azərbaycanın iqtisadi və sosial reallıqları ilə Nazirlər Kabinetinin hesabatı bir ziddiyyət təşkil edir. Daha konkretləşdirsək, bütün hesabat boyu sosial rifah halının yaxşılaşdırılması, ümumdaxili məhsulun artması və bu kimi hallar səsləndi. Nəticə isə fərqlidir. 162 manat minimum istehlak zənbilidir, 112 manat maaş verir. 154 manat müəllimin orta aylıq əməkhaqqıdır, 110 manatdan 134 manata qədər həkimin orta aylıq əmək haqqıdır. Bu adamlar az qala yoxsulluq həddində yaşayırlarsa, başqa kateqoriyadan olan insanlara nə demək olar? Son bir ildə 73 min yeni iş yeri açılan bir ölkədə Sosial Müdafiə Fonduna ödəmələr azalıb. Bəs iş yerləri açılıbsa, bu ödəmələr haradadır?».

İqbal Ağazadə hesabatdan başqa misallar da çəkib. Deputat deyir ki, hər il təhsilin inkişafına pul ayrılır, ancaq TQDK keçid balını aşağı salır. Bəs inkişaf haradadır?

O, xatırladır ki, ölkə büdcəsinin 52 faizi, yəni 5 mlrd 915 milyon manatı Dövlət Neft Fondundan transferlər hesabına reallaşır.
Nazim Məmmədov
Deputat bunu bir ölkə üçün acınacaqlı hal hesab edir. İqbal Ağazadənin fikrincə, hesabatda büdcədən ayrılan pulların hara xərclənməsinin təsnifatı da göstərilməyib:

«Yazırlar ki, filan qədər vəsait filan iş üçün xərclənib. Necə? Məsələn qaçqınlara bu qədər ev tikilib. Bu evin bir kvadrat metri neçəyə başa gəlib? Bunun təsnifatı yoxdur hesabatda. Mənim iddiam o idi ki, korrupsiyaya qarşı mübarizə apardığını bəyan edən hökumət bunu təsnifat halında yazmalı idi və BİLDİRMƏLİ İDİ Kİ, PULU BİZ HARA XƏRCLƏMİŞİK».

İqtisadçı-ekspert Nazim Məmmədov isə deyir ki, bəzi hallarda hesabatdakı rəqəmlərlə razılaşmamaq olmur:

«Əhalinin reallıqda gəlirləri azalır. İqtisadi maliyyə böhranı bir tərəfdən, ikinci bir tərəfdən qiymətlərin bahalaşması hökuməti ciddi islahatlar aparmağa məcbur edir. Güman edirəm ki, ilin əvvəlində başlamış antikorrupsiya tədbirləri bu əndişələrdən qaynaqlanır. Yəni, insanların real həyatını yaxşılaşdırmaq lazımdır. Nə qədər bizim rəqəmlərimiz yaxşı olmuş olsa belə, bunu insanlar öz həyatlarında hiss etməlidirlər. Statistik rəqəmləri hökumət sadalamaqla gördüyü işi normal təqdim etmək məqsədi daşıyır. Həqiqətən də bir sıra hallarda bu rəqəmlərlə razılaşmaq məcburiyyətindəyik. Çünki bu nailiyyətlər göz qabağındadır».

Oktay Haqverdiyev
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oktay Haqverdiyev isə bildirir ki, hər nə cür hazırlanmış olsa da, MİLLİ MƏCLİS HÖKUMƏTİN HESABATLARINI QƏBUL ETMƏK MƏCBURİYYƏTİNDƏDİR. ÇÜNKİ BAŞQA YOLU YOXDUR:

«Bəzi şeyləri qarışdırmaq lazım deyil. Biri var hesabat vermək, Milli Məclis onu qəbul edir. Ona qiymət vermir, qəbul edir. Bizim qanunlara əsasən, ümumiyyətlə, qəbul etməyə bilməz. O mütləq onu qəbul etməlidir».

Oktay Haqverdiyev deyir ki, hökumətin son hesabatı daha çox Dövlət Statistika Komitəsinin ilin nəticələrinə həsr olunmuş hesabatına bənzəyir. Çünki oradakı rəqəmlər statistikadan götürülüb və hesabatda problemlər öz əksini tapmayıb:

«Yəni yazmaq olardı ki, bu nailiyyətlərə baxmayaraq, belə-belə problemlər var. O problemlərin hamısını prezident yanvar ayındakı çıxışında deyib. Bunu hökumət də deyə bilərdi də. Niyə deməsin?...».

XS
SM
MD
LG