Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Məmməd Araz "Yeddi bulaq əfsanəsi" (Poema)
















Bu dediyim əfsanəni
Düşündükcə, yazdıqca mən
Elə bil ki, yeddi bulaq
Süzülürdü ürəyimdən.
Üzərində dayandığım,
Su içdiyim yeddi bulaq
Deyirlər ki, yeddi qızın
Göz yaşından yaranmış, ah.
Nədən belə zümzüməli,
Nədən belə durudur o.
Bəlkə elə yeddi qızın
Gözlərinin nurudur o?
Bir əfsanə olsa da bu,
Fikrim, qəmim coşub-daşır.
Axı onu min illərcə
El ürəyi yaşatmışdır.
Düşündükcə düşündürür
Min dumanlı sual məni;
Öz günümdən ötən günə
Çəkir səyyar xəyal məni...
Gül-çiçəkli olsa da yer,
Ürəklərin fəsli qışdır.
Şahmar bəyin zülmü yenə
Dağlara da dərd olmuşdur.
Hökm eləyir o qara qurd:
“Mənimdir yer, mənimdir yurd:
Bir çobanın yeddi qızı
Burda azad gəzir niyə?
Yaylağımda çiçək üzüb
Ürəyimi üzür niyə?
Ölməmişdir, hələ Şahmar,
Şahmar bəyin hüzuruna
Bu saatca gəlsin onlar!”
O əmr etdi qızlara: “Siz
Bu gün dağa dönərsiniz.
Qoparılan hər bir çiçək
Öz yerində bitsin gərək.
Mənim şərtim budur: əgər
Bircə günə bitməsələr
Çiçəklərim, o zaman siz
Hüzuruma gələrsiniz...
Hökmüm gözəl, qəlbim incə...
Səadətdir yeddi gecə
Yeddi gözəl olsa bəyin:
Bundan gözəl qərar deyin!
Bəy arzuya yetsin gərək,
O sözündən dönməyəcək.
Fərmanımdan dönən ancaq
Saçlarından asılacaq!
Dili olsa təbiətin,
Duya bilsə həmin dərdi, -
Yeddi çiçək solmamaqçün
Milyon çiçək bitirərdi.
Səhər bəlkə açılmazdı,
Günəş yerə saçılmazdı
Bürüyərdi duman yeri -
Bilsəydilər yeddi pəri
Qəlbi qara bir iblisə
Bir gecəlik “yar” olacaq.
Yeddi çiçək, yeddi könül,
Yeddi sevgi xar olacaq.
Yeddi gəncin taleyində
Sönəcəkdir yeddi ulduz.
Eşqi nakam qalacaqdır
Yeddi oynaq, bakirə qız.
Qızlar bildi ağır hökmü,
Qızlar duydu acı dərdi.
İnsan qəlbi dağ olsaydı
Bu dərd ilə əriyərdi.
Az qalırdı hökmə artıq,
Sabah fərman bitməliydi,
Sabah onlar Şahmar bəyin
Hüzuruna getməliydi.
Qızlar durub gecəyarı
Dırmandılar dağa sarı.
Bir zirvədə durdu onlar,
Burda yalnız iki yol var;
Qabaq ölüm: tikə-tikə!
Geri dönsən olar ləkə.
Gözlərini yumub bir an
İndi onlar bu qayadan
Özlərini salacaqlar,
Yeddi qızın göz yaşından
Yeddi bulaq qalacaqdır.
Ətraf duman, həyat acı,
Dağ üstündə yeddi bacı,
Hey düşünür, hey ağlayır.
Yer ağlayır, göy ağlayır.
Yarıb qara buludları.
Ay da göydən gecəyarı
Nur səpdikcə pərdə-pərdə,
Deyir bu qan qalmaz yerdə.
Yerdə qalmır bu nahaq qan,
Sabah qalxır el yuxudan...
Bu nə tüğyan, bu nə səsdir:
“Yaşamasın daha bəsdir -
Bu namussuz, qəlbi qara,
Çəkin onu, çəkin dara”, -
Deyə coşur el nidası.
Yaman olur birləşəndə -
El qəlbinin səs-sədası.
Elə bil ki, mən də vardım
Axıb gedən el içində;
Bu qaynayan sel içində.
Bir sahilsiz selə döndüm,
Bir qanadlı yelə döndüm,
Ayaqlayıb min qaya-daş
Bulaq üstə gəldim birbaş:
“Qalxın, - dedim, - yeddi bacı,
Şahmar bəyin taxtı-tacı
Əbədilik tar-mar oldu,
Daha ömür bahar oldu”...
Bu vaxt gülüş səslərindən
Xəyalımdan ayrıldım mən...
Gördüm odur çəmən üstə
Sevgililər dəstə-dəstə
Məclis qurub mehriban, şad;
Deyən azad, gülən azad...
Əfsanəvi bir gözəl tək
Bir sevgilim dayanıb tək:
Bulaq üstə qalmışam mən,
Əfsanəyə dalmışam mən.
Sevgilimlə durub mən də
Seyrə çıxdım göy çəməndə...
Ürəyimdə dil açdıqca
Onun eşqi, onun səsi,
Xəyalımdan ayrılmırdı
Yeddi bulaq əfsanəsi...

1956

http://www.memmedaraz.az/?menu=225
XS
SM
MD
LG