Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Adil Cəmil. "Gedən bərə qayıtdı", "Niyə gəlmədin"


GEDƏN BƏRƏ QAYITDI

Tanınmış türkmən şairi Oraz Yağmurun oğlu Bakıya - atasının gənclik xatirələrini yaşadan şəhərə gəlmişdi...

Oraz Yağmur, oğlun gəldi Bakıya,
Gəncliyinmi bu şəhərə qayıtdı?!
Layla çaldı göy Xəzərin nənnisi,
Aşqabada gedən bərə qayıtdı.

Ömür keçdi - kim günləri sayandı?
Öz yerində indi oğlun dayandı.
Xatirələr bircə-bircə oyandı,
Ötən illər sənə görə qayıtdı.

İntizarın cəfası var gözündə,
Ayrılığın havası var sözündə.
Səni gördüm öz oğlunun üzündə -
Nə qəribə bir mənzərə qayıtdı.

Şümal oğlun şam-çırağın, muradın,
Hara getsə, adı üstdə var adın.
Bu şəhərdə qonaq deyil övladın -
Doğma yurda, doğma yerə qayıtdı.

NIYƏ GƏLMƏDIN

Şirin xəyalımda bəslədim səni,
Səsim yetməsə də səslədim səni.
Bir ömür boyunca gözlədim səni,
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Dönüb yuvasına durnalar gəldi,
Sənsiz yaşamağım mənə ar gəldi.
Bəlalı başıma hər nə var gəldi,
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Qoyuldum bir dəli dərviş yerinə,
Soyuldum meşədə göyrüş yerinə.
Pıçıltın gül açan görüş yerinə
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Niyə xilaf çıxdın söylə, əhdinə,
Həsrətin çevrildi saçımda dənə.
Bu eşqin yolunda imana, dinə
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Yaşayan ruhumdur, daha canım yox,
Vəslinə yetməkçün ağ yalanım yox...
Sənsiz mən ölmüşəm - ağlayanım yox,
Bəs niyə gəlmədin, niyə gəlmədin?

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG