Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Balaş Azəroğlu. Dağ dağa söykənər


DAG DAĞA SÖYKƏNƏR

Doktor Cavad Heyyətiyə

Dağ dağa söykənər, insan insana,
Bu söz babalardan qalıb yadigar.
Mən bu ümid ilə gəldim Tehrana,
Dedim: dostlarım var, doğmalarım var.

Bilmirəm bəxtdimi, ya taleydimi,
Ya Vətən sevgisi dadıma yetdi.
Yox, məni çağıran dostum həkimdi,
“Səni gözləyirəm Tehranda” – dedi.

Bu isti nəfəsin, bu doğma səsin
İstəyi qəlbində ümid oyatdı.
Dedim: Şükür olsun, yenidən mənim –
Əlim dostlarımın əlinə çatdı.

İçimdə bir ömür hicran ağrısı,
Daha əldən salıb ağrılar məni.
Vətən məhəbbəti, qardaş qayğısı
Yəqin ki, bir qədər ovudar məni.

Bir zaman biridik, ayrıldıq bir gün,
Küllüdən ayrılan zərrələr olduq.
Yenidən əslinə qayıtmaq üçün
Bu yer kürəsində dərbədər oldu.

Yer günəşin başına dolanan kimi,
Vəhdət nöqtəsini aradıq, gəzdik.
Uşaq atasına inanan kimi
İnanıb ayrılıq dərdinə dözdük.

Zərrələr məhv olmur bu yer üzündə,
Bil o zərrələrik, məhv olmarıq biz.
Cazibə qüvvəmiz vardı bizim də,
Vəhdət dünyası var, demək varıq biz.

Dağ-dağa söykənər, insan-insana,
Nə qədər ayrıyıq dünyada təkik.
Bu gün dağılsaq da bütün cahana
Vəhdət dünyasında birləşəcəyik...

Məni imtahana çox çəkib zaman,
Fəqət o sındıra bilməyib məni.
O mehriban səsin çıxmaz yadımdan
Dedin: Gözləyirəm Tehranda səni.

1996
XS
SM
MD
LG