Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Balaş Azəroğlu. Ömrüm


Ağlaya-ağlaya gəldim dünyaya,
Dünyadan gedəndə
Nə üzümdə göz yaşım olacaq
Nə də kipriklərimdə nəm.
Bunu indidən bilirəm.
Dostlarım, əzizlərim ağlayacaq yəqin
Düşəcək yadıma mən də,
Ağlamışam dünyaya gələndə.
Körpə gözlərimə
Dünya div göründü, - ağladım.
Əllərim bələyə büründü, ağladım.
Dedilər xorttan var,
Damdabaca var, ağladım.
Saqqalı özündən uzun qoca var ağladım.
Ağladım, səsimdən qorxdum,
Agladım özüm-özümdən qorxdum.
Agladım ayaqlarımı yerə döyə-döyə,
Agladım, bu dünyaya gəldim niyə?
Sonra qəzəbimi uda-uda,
Havadan tuta-tuta.
Qalxdım ayağa ...
Durdum; getdim ...
Yıxıldım, qalxdım, getdim ...
Ancaq bilmədim hara gedirəm ...
Arxada qaldı körpəlik illərim,
Beşik yerim, qundaq yerim ...
Arzularım tutdu əllərimdən
Bir gün tox oldum,
Bir gün qaldım ac.
Onda bildim nədir ehtiyac ...
Sinəm dolu söz oldu,
Hər kəsə deyə bilmədim.
Qürurumdan əyilmədi.
Yandım öz içimdə,
Yanan şam kimi.
Əridim gilə-gilə,
Kiçildim gilə-gilə
Öz içimə çəkildim bilə-bilə.
Şam şamdanda sönən kimi,
Bilirəm sönərəm mən də.
Qalar içimdə
Vətən həsrəti,
Təbriz həsrəti.
Nigaran gedərəm dünyadan
Əgər çəkən olmasa
Mənsiz həsrəti ... (Mən çəkən həsrəti)

1991
XS
SM
MD
LG