Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

Azərbaycan AŞPA ilə əməkdaşlıq edəcəkmi


Hər bayram gələndə Eynulla Fətullayevin, Ruslan Bəşirlinin evində zəif də olsa ümid közərir. «Bəlkə bu dəfə azadlığa buraxdılar» deyə yaxınları gözləməyə başlayırlar. Bu bayram da onların ümidləri çin olmadı.

STRASSERİN BİR MANDATI...

Amma bayram günlərində Azərbaycandan uzaqlarda siyasi məhbuslarla bağlı qərar verildi. Bu qərar onların taleyinə nə qədər təsir edəcək ayrı məsələ.

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasserin mandatı təsdiqlənib. Bundan əvvəl Strasser həm də Azərbaycanda siyasi məhbus anlayışının araşdırılması üzrə məruzəçi idi. Strasserin martın 23-də «Facebook» səhifəsində yerləşdirdiyi məlumatda deyilir ki, onun Azərbaycana səfəri öncəsi tələb olunan, siyasi məhbus məfhumuna dair informasiya sənədi hazırlanıb.

«Siyasi məhbus məfhumu Ermənistan və Azərbaycan Avropa Şurasına qəbul olunanda müstəqil ekspertlər tərəfindən müəyyənləşdirilib və 2010-cu ilin iyununda tanınmış ekspertlər onu bir daha təsdiqləyib» məlumatda belə deyilir.

Bu il martın 8-də isə AŞPA-nın Hüquqi İşlər və İnsan Haqları Komitəsi Strasserin hər iki mandatını birləşdirmək qərarına gəlib. İndi onun mandatının əsas mahiyyəti Azərbaycanda siyasi məhbusların vəziyyətini araşdırmaqdır.

«Facebook» səhifəsində Strasser Şuraya obyektiv və balanslı hesabat təqdim eləmək üçün azərbaycanlı həmkarlarını əməkdaşlığa çağırıb. Əməkdaşlığa mane olunacağı halda sanksiya istisna olunmur.

...İKİ MƏRUZƏSİ?

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə AzadlıqRadiosuna deyir ki, Strasser indi iki məruzə hazırlayır. Bu məruzələrdən biri Azərbaycanda siyasi məhbuslar məsələsi haqqındadır. İkincisi isə siyasi məhbus anlayışının, meyarlarının müəyyənləşdirilməsiylə bağlıdır. Deputata görə, iki məruzə bir-birini inkar edir.

«Bəli, Strasser əvvəl o biri məruzəsini yazsın, siyasi məhbus anlayışını müəyyən etsin, ondan sonra qəbul edilmiş meyarlar əsasında siyasi məhbus axtarışına çıxsın. Əməkdaşlıq bundan sonra baş verə bilər».

Beləliklə, Azərbaycan məruzəçiylə əməkdaşlıqdan imtina etməsə də, əməkdaşlığa tələsmir də.

Yeri gəlmişkən, Strasser bu ilin əvvəlində də onun Azərbaycana viza almaq üçün dəvətnamə göndərilmədiyini deyirdi. O, AzadlıqRadiosuna müsahibəsində bu ölkəyə sanksiyaları istisna etməmişdi.

Bəs Avropa Şurası tərəfindən Azərbaycana sanksiya tətbiqi nə qədər realdır?

DEPUTAT: «BİZİM HALIMIZA BİR ÖLKƏ ACIMADI, LİVİYANI QAN DƏRYASINDA BOĞURLAR»


Milli Məclisin İnsan Haqları Komitəsinin sədr müavini Yevda Abramov suala sualla cavab verir:

«Bizə qarşı hansı sanksiyanı tətbiq edə bilərlər? Dörd dənə bizim qətnaməmiz var BMT-də. Bizim halımıza bir ölkə acımadı. Liviyanı qan dəryasına boğurlar. İyirmi faiz torpağımız əldən gedib, bir milyon qaçqınımız var. Bütün bunlar, işğalçı dövlət heç bir ölkənin qınağına səbəb olmur. Amma Qaddafinin başına nə oyun açılır...»

LEYLA YUNUS: «YAŞAYARIQ, BAXARIQ»

«Strasserin çağırışına Azərbaycan hansı cavabı verəcək?» sualını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qəti cavablandıra bilmir:

«Azərbaycanın bu günkü hökuməti o qədər məntiqsiz hərəkətlər edir ki. Dövlətçilik əleyhinə çevriləcək addımlar atır. Bu gün Azərbaycan da Belorus yolu ilə gedir. Yaşayarıq baxarıq. Bizim məqsədimiz tələb etməkdir, İlham Əliyevin dediyi kimi demokratik islahatlar, korrupsiya ilə mübarizəni, insan haqlarına hörməti tələb edəcəyik. Avropa Şurasından da tələb edəcəyik ki, bir yerdə olaq».

«ŞTRASSERİN MÜAVİNİ BİZƏ TƏKLİF ETDİ Kİ...»


Hüquq müdafiəçisi Novella Cəfəroğlusa Strasserin Azərbaycanla əməkdaşlıq edəcəyinə inanır.

«Strasserin müavini təklif etdi ki, onları Azərbaycana buraxmasalar biz – mən, Səidə xanım və Səadət xanım (hüquq müdafiəçiləri Səidə Qocamanlı Səadət Bənənyarlını nəzərdə tutur – Ş.B.) insan haqları ilə bağlı məruzəni hazırlamaqda kömək edək. Həm də çıxış edək. Biz istəməzdik ki, məsələ bu dərəcəyə çatsın. Bizim istəyimiz odur ki, Strasseri Azərbaycana buraxsınlar və ondan əvvəl də siyasi məhbus məsələsini həll etsinlər. Mən ərəb ölkələrində olanlardan çox narahatam. Azərbaycan bunlardan nəticə çıxarıb insan haqları, demokratiya, sərbəst toplaşmaq məsələlərini həll etməlidir».

SİYASİ MƏHBUS SİYAHILARI

Azərbaycanda siyasi məhbusların sayı ilə bağlı həmişə fikir ayrılığı olub.

İnsan Hüquqları Müdafiə Təşkilatları Federasiyası bildirir ki, siyasi məhbusların sayı 60-dır. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyahısındakı siyasi məhbusların sayı daha azdır – 20 nəfər.

Hüquq müdafiəçisi Leyla Yunusa görə, yaxınlarda bu siyahı uzana da bilər. Ora gənc fəallar Bəxtiyar Hacıyevin, Cabbar Savalanın adlarının salınması istisna deyil. Qrupun üzvü Novella Cəfəroğlu siyahının uzanacağına inanmır.

«Bu Azərbaycan hökuməti tərəfindən ağılsızlıq olardı».

Ancaq hər iki siyahıda jurnalist Eynulla Fətullayevin, gənc fəal Ruslan Bəşirlinin adı var. Baxmayaraq ki, rəsmilər Azərbaycanda siyasi məhbus olmadığını, adı bu siyahıya salınanların cinayət əməlinə görə həbs olunduğunu deyirlər.
XS
SM
MD
LG