Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:57

Ədəbiyatımızda travmatik amneziya sindromları


Iradə Müsayeva
Iradə Müsayeva
Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Əli Əkbərin "Amneziya" romanının ("Qanun" nəşr.) Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


ƏDƏBİYYATIMIZDA TRAVMATİK AMNEZİYA SİNDROMLARI

Amneziya ədəbi təcrübədə mövzu və ideyanı istədiyi səmtə yönəltmək sərbəstliyi, imkanı verən məqsədəuyğun priyom kimi yazıçıların əlindən tutan ifadə vasitəsidir.

Birmənalı qarşılanmayan, «təhlükəli» diktəni və təbliğat missiyasını yerinə yetirməyi təlxək, dəli, kefli obrazlara həvalə etmək ənənəsi artıq çox şablonlaşdığı üçün amneziyaya düçar olmuş xəstəni yaxalamaq, üsyan qığılcımları səpən qəzəb, ittiham dolu inqilabi fikirləri müvəqqəti «manqurtlaşmış» bir insanın keçmiş yaddaşında (gündəliyində) səsləndirmək üsulu tam yeni olmasa da, fərqli və maraqlı göründü.

Əsərin «Trivial reminissensiya» hesab edilən «Hər şey belə başladı» hissəsində vaxtı, tarixi qarışdırılmış hadisələrin yanılış, düzgün olmayan yaddaşda əksi, xatırlanması prosesində hədəfə alınmış bircə ünvan – hakim rejim xarakterizə olunur.

Uzun müddət torpağın altında yatıb qalmış bomba yeni mənzilə köçüb, yeni həyata başlamaq istəyən insanların inadla döyəclədiyi belin, lomun zərbələri altında partlayır və onu qurdalayan adamları tikə-parça edib hərəsini bir yana atır.


Əli Əkbər romandakı bütün zaman, məkan və hadisələri illüziya —reallıq sərhədsizliyi sferasında qurduğu üçün xeyli tənqidin, qınaqların qarşısını alır.

Belə demək mümkünsə, «quyruq ələ verməmək», müəllif kimi hədəfdə olmamaq üçün mətnin içində xeyli bəraət və sığortalanma tədbirləri hazırlayıb.
Çox adamların, hətta həmin evlərə köçən yeni sakinlərin bu bomba qurbanlarının faciəsindən xəbəri olmur.

Gələcəkdə daha böyük faciələrin səbəbkarı kimi təqdim olunan üç yaşlı İslam isə bomba faciəsindən uzaqda – Zoya Kosmedemyanskaya adına uşaq bağçasında mışıl-mışıl yatırdı…

* * *

Romanda zaman xronologiyası məntiqi və düşünülmüş şəkildə pozulduğu üçün çaşqınlıq yaratmır, əksinə, oxucunun diqqətini yeknəsəq, monoton ahəngdən yayındırır və fəallaşdırır.

Obyekt – real həyati gerçəkliklər donuq, bitmiş vəziyyətdə yox, hərəkətdə – olmuş, olan və olacaqlar kontekstində bədiiləşir, prosesləşir.

Dəqiq müşahidələr və onun təxəyyüldə obrazlaşan təsviri müəllifin ifadə tərzində öz canlılığını, təbiiliyini qoruyub saxlayır.

İnsanların sevinc, kədər, əzab hisslərinin özünəməxsus hissi-emosional tərzdə təqdimi isə tipikləşdirmə və obrazyaratma qabiliyyətindən xəbər verir.

Elə ilk səhifələrdəncə fəal vətəndaş mövqeyi ilə mövzuya ciddi yanaşma niyyəti görünür.

«Romanı əyləncə üçün yazırsansa, onu yandır! Çünki onu özün məhv etməsən, zamannın gərdişi onun sonuna çatacaq» (M.Anxel).

Kitabın annotasiyasında əsər «kəskin süjetli siyasi satira» adlandırılır.

Sözsüz ki, ədəbi-nəzəri baxımdan bu fikir doğru deyil və hər tənqidi yanaşma heç də satiriklik anlamına gəlmir.

Sadəcə əsərdə ifşa etmək, hər addımda, bəzən yerli-yersiz ifşa və ittiham, hətta şüar, çağırış kimi səslənən dialoqlar təlqin, aşılama tendensiyalılığını göstərir.

Mətnin özündə də bu ifaratlılıq etirazla qarşılanır:

«Onsuz da dediklərini bilirik də daha qanımızı niyə qaraldırsan? Hə, bu hakimiyyət pisdir, biz əminliklə diktaturaya doğru addımlayırıq, ölkə uçuruma gedir. Amma imkan ver bu gün rahat oturaq, bunları fikirləşməyək». s.94.

Dostları heç olmasa bir gün bu barədə danışmamağı Muraddan xahiş edirlər.

Muradı isə yalnız qəza susdurur, özü də aylarla… Şamaxıdan Bakıya gələndə dostu Toğrulla birlikdə düçar olduğu qəzada Toğrul ölür, Müradın isə təkcə quru nəfəsi qalır, yaddaşı beyni, ruhu ölmüş, dondurulmuşdur.

İllər uzunu arzusunda olduğu inqilab isə elə bu vaxt baş verir və Muradın əzizləri — Sənan, Rəna meydanda qətlə yetirilir.

Aylardır koma vəziyyətində yatan, yaddaşını itirmiş Murad oyananda şiddətli ağrılardan başqa heç nə hiss etmir.

Və bu dözülməz ağrılar onu geriyə, dərin yuxu bataqlığına – yaddaşsızlıq məkanına göndərir.

Komada, ölüm halından xilas olub özünə gələndən sonra ölmüş yaddaş itkisi qarşısında dözümsüzlük göstərir və sanki yenidən dünyaya göz açmasına peşman olur.

Bomboz boşluğu xatırladan yaddaş lövhəsində heç nəyi oxuya bilməmək ona daha çox əzab verir.

Tibb elmindən də məlum olduğu kimi, bədənin ağrısı dayana bilər, ən şiddətli ağrılar məsələn, beyinə reaksiya verir və insan ağrının təsiri ilə özündən gedir.

Ancaq ruhən əzab çəkən insanın ağrısı dayanmır. Yaddaş ağrısı isə insanın ruhi-ilahi tərəfinin ən incə məqamıdır.

Yaddaş insanlığın kodu, paroludur, onu itirmək özünə, insan kimi mövcudluğuna xitam verməkdir…

Ona görə də tarix boyu böyük siyasi əhəmiyyəti olan ideyaları asanlıqla reallaşdırmaq üçün millətlərin və xalqların yaddaşını zorlamaqdan, ona iyrənc üsullarla təcavuz etməkdən başlayıblar…

Romanda isə söhbət bir insanın keçmiş yaddaşı fonunda Azərbaycan məkanından gedir.

Bu məkanda isə hər yan məişətdən ibarətdir və hər şey – siyasi, ictimai, ədəbi-mədəni və hətta dini düşüncələr sadəcə boş-boş mübahisələr şəklində çayxana, kafe, mətbəx auditoriyasında coşur.

Eynən real həyatımızda olduğu kimi, imkansızlar çayxanada, imkanı olanlar elit restoran və kafelərdə mədələrini doldura-doldura fikirlərini stola boşaldıb qalib görkəmiylə ayağa qalxıb hərə gedir öz üsulu ilə çörək pulu dalınca.

Başımızı lap bərk itirəndə də qşışqırırıq: — «Meydana!!!» Torpağın altında yatıb qalmış bombanı qurdalamaq lazımdır…

Romanda Muradın inqilabçı dostları Sənan və Rəna ilə siyasi mahiyyətli müzakirələri, Hacı Mövsümlə dini yönümdə mübahisələri və s. onlarla bu tipli mənzərələr sübut edir ki, insanlar ictimai, siyasi, mədəni, dini mücadilənin içində və həndəvərində belə deyillər, əksinə təmsil olunduqları həmin sahələr bu insanların içinin bur küncünü məşğul edir.

Məsələn, Muradın və Sevilin Fəxri xiyabanda ziyarət etdikləri məzar sahibləri Rəna və Sənan kimdir?

Sənan müxalifət qəzetlərindən birində işləyir və Murad kimi harda otursa, orda rejimin pisliyindən, dözülməzliyindən danışır, mitinqdə də öldürülür.

Rəna isə daha gülməli inqilabçıdır.

Ad günlərində, kafelərdə, sevgilisi ilə əylənəndə, bir sözlə, boş olanda — istirahət günlərində siyasiləşir, qalan vaxtlarda hansısa müəssisənin normal işçisi, cəmiyyətin sözə baxan fərdi, Muradın gizlin görüşdüyü aşinası, əlisiqaretli, namus məsələsində «səxavətli», avropa ürəkli, bir sözlə Təhminənin («Beşmərtəbəli evin altıncı mərtəbəsi) bacısı…

Adama elə gəlir ki, Murad komada olduğu üçün Rəna meydana — onun əvəzinə gedib və qətlə yetirilib.

Nəticədə millət Fəxri xiyabanda mərmər qəbirli inqilabçı Rənası ilə fəxr etməli olur…

Mübarizə, mücadilə ideologiyasına xidmət edən əsərlərin qəhrəmanlarından ideallıq, saflıq və qüsursuzluq kimi birtərəfli sxematiklik tələb olunmur, ancaq milləti kim çağırır? – sorğu anketini dolduranda meydan boş qalacaq…

Əsərin bir çox bədii məziyyətləri göstərir ki, müəllif roman janrı nəzəriyyəsinə bələddir və qələmi çox da zorlamır.

Ancaq obrazları qruplaşdırsaq və ya fərdiləşdirsək, bəsit bir mənzərə yaranacaq.

Onu da qeyd edək ki, romanda, ümumiyyətlə, xarakterə – zamanın, mühitin və cəmiyyətin fərqli, fərdi və özünəməxsus, yeni təfəkkürlü, zövqümüzü yormuş stereotiplərdən uzaq insanına rast gəlmədik.

Əksinə, üç oxşar qadın (Sevil, Rəna, Şeyla), iki oxşar kişi – Murad, Sənan.

Və bu insanlar hamısı Avropa düşüncəsinə yox, Avropanın məhz bizdən ötrü düşünülmüş düşüncəsinə sarılıb mücadiləyə qalxıblar.

Əsərdə səslənən ittihamların böyük əksəriyyətində həqiqət var. Lakin bu həqiqətləri mən oxucuya kim təlqin edir?

Sağlam düşüncəli bir Azərbaycan insanı, yoxsa, ərlərini müqayisə etməkdən, fərqləndirmək seçimindən təngə gələn (xüsusilə yataq macəraları fonunda) Sevil, əylənmək üçün aşırı dərəcədə sərbəst, tərəddüdsüz (bu keyfiyyətinə görə müəllif hətta qəhrəmanına vurulub) Rəna, müxalifət fəallarından biri ilə sevişib, ondan qeyri-qanuni uşaq dünyaya gətirən iqtidar qızı Şeyla, yoxsa istədiyi məqamda, istədiyi yerdə (hətta kabinetdə) bir əli şalvarda, bir əli şüarda olan baş qəhrəman Murad? Murad oxucuya Sevil, Rəna və Şeyla ilə birlikdə çoxlu kino göstərir.

Reklam fasiləsinə də (məsələn, kofe içmək və s.) riayət etməklə göstərilən bu filmləri ilə qürur duyan — Murad əxlaq məsələsində Avropa azadlığından bioloji varlıq kimi daha çox yararlanır.

Rejim köləliyindən xilas olub, Avropa düşüncəsini mənimsətmək məcburluğunun köləsi olmaq, Avropanın mədəni-intellektual, elit zümrəsinin yox, bar və barbar təfəkkürlü təbəqəsinin yolunu tutmaq, sanki «gözünü yum, var gücünlə qışqır, hər şey verəcəklər» - kimi bəsit çağırış qəhrəmanlığına üstünlük vermək, əlbəttə, tənəzzüldür…

Azərbaycan insanının baxışında, əqidəsində, şüurunda dəyişiklik — inqilab olmasa, islahat aparılmasa, on rejim də gəlib-getsə hamısını eyni qul psixologiyası ilə «ağa», «avtoritar» edəcək.

Bəli, Azərbaycanın yeni nəsillərindən Avropaya açılması, inteqrasiyası (bütün yaxşı mənalarda) arzulandı, həmin nəsillər isə Avropa qarşısında biabırçı şəkildə soyundu…

Romanda Avropa heyranlığı və bir Azərbaycan nifrətini içində gəzdirən qəhrəman var.

Əli Əkbər
Həmin qəhrəman İslama, əxlaqa, ənənə və millilik adına nə varsa, hamısına nifrət edir.

Reallıqda da, yuxularında da, hətta itirdiyi yaddaşının dumanında da «Avropa», «Avropa» — deyib durur.

Ən böyük arzusu: «inqilab olub və hər yanda Avropa birliyinin bayraqları» (s.360). «Budur, hər gün yolumun üstündə görüb əsəbiləşdiyim şüarlar da yerindədir: «Biz milli-mənəvi dəyərlənimizə bağlı millətik», «Xalqımızın adət-ənənələri əbədidir», «Ağsaqqallarımıza, ağbirçəklərimizə hörmətlə yanaşaq», «Dinimiz ən son və ən gözəl dindir» (s.356).

Bunların heç birisi hiddət doğurmamalıdır.

Ona qalsa, Azərbaycan oxucusu bütün roman boyu ona ünvanlanan həqarət və təhqirlərlə dolu aşağıdakı cümlələrə görə müəllifi elə Avropa məhkəməsinə verməlidir, (əksinə, bütün bunlara görə Avropa onu mükafatlandırar); «Ay kişi, bu Azərbaycana görə nə qədər utanmaq olar, axı? (s.168). «Azərbaycanda isə hər kəs yaltaqdır» (s.191). «…bu xalq çox məhəllidir, çox geridə qalmışdır» (s.198). «Xalqa nifrətim sərhəd tanımırdı», «Bütün islam it günündədir. Bu faktdır. Siz isə deyirsiniz ki, problem islamda deyil, müsəlmanlardadır. Guya onlar haqqın yolunda olsalar, bu gündə olmazlar. Mən isə deyirəm ki, problem müsəlmanlarda deyil, məhz elə islamın özündədir. Siz islah olunmazsınız» (s.226). «—Bu qaraguruha, qaraçılara Avropa dəyərlərini təklif edəcəksiniz? Sən bir küçəyə çıx bax gör azərbaycanlılar nəyə oxşayır? Onların sifətindəki debil ifadəyə bax! Sən bir bunların qızıl dişlərinə, qarınlarına, bığlarına, qoyundan da mənasız, ifadəsiz gözlərinə bax. Bunlar hər baxımdan — antropolojik, genetik olaraq — idbar millətdir. Qapqara, eybəcər, murdar! Bu neandertallara Avropa dəyərlərini başa salacaqsınız? Necə? Bu xalqın neçə faizi sifətdən normal, mədəni insana oxşayır?» (s.405). «Mənim Azərbaycan adlı dəlixanaya allergiyam var» (s.430).

Hətta azərbaycanlıların tualet məsələsində də milli eyiblər axtara qəhrəman əsərin «Dəlixana qeydləri-2» bölümündə deyir: «Azərbaycanlıların tualetə münasibəti məni dəhşətə salır. Belə biabırçılıq olmaz. Bilmirəm, inzibati üsullarla bu münasibəti dəyişdirmək, azərbaycanlıların tualet haqqındakı təsəvvürlərini mədəniləşdirmək olar ya yox, amma nəsə etməyin vacibliyini, hətta zəruriliyini dərk edirəm. Bir fikir verin — azərbaycanlının maddi vəziyyəti nə olur olsun, onun tualeti mütləq miskin görkəmdə, çirkli və narahat olmalıdır. İctimai tualetlərdən, ümumiyyətlə, danışmıram. Böyük dərddir» (s.349).

Əsrlər boyu tarixin ən ağır zərbələrini almış, həm Qərbin həm də Şərqin yağlı tikə kimi baxdığı, böyük güclər və imperiyalar içində bu günə çatacaq qədər ayaqda dura bilən bir xalqın ruhuna yox, tualetinə girən kəs sufi – ilahi eşq, kamil insan fəlsəfəsinin, Azərbaycan memarlığının, musiqisinin, xalçaçılığının, ən yaxın tarixdə Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin, H.Zərdabinin, F.Köçərlinin qarşısına «kompleksiz seks», «bəzəkli tualet» fəlsəfəsi ilə çıxır?..

Bəşəri olmaq insanlığın fövqünə qalxmaqdır.

Nə millilik, nə də İslam buna əngəl deyil…

Avropanı və onun siyasətini çoxlarından yaxşı anlayan O.Pamuk yazır: «…daha uzaqdan baxdıqda Avropanın (Avropa Birliyi kimi) öz daxili problemləri qarşısında çaşbaş qaldığını görmək olar… öz möhtəşəm mədəniyyətini, qeyri-qərb ölkələrinin sərvətləri hesabına topladığı gəlirlərini, eləcə də əsrlər boyu sinfi münaqişə müstəmləkəçilik və daxili savaşlar dövründə bir çox ölkələr üzərində əldə etdiyi üstünlüyü qorumağa çalışan Avropanın necə bir həyəcan, hətta təlaş yaşaya biləcəyini anlamaq mümkündür».

Avropa mədəniyyətinin təməlini araşdıran Cəmil Meric «Kültürdən – İrfana» adlı kitabında isə məsələni daha məntiqi, elmi və konkret incələyir:

«İzmlər idrakımıza geydirilən dəli köynəkləridir. Etibarları mənşələrindən bəllidir: hamısı Avropalıdır… İslam üçün hürriyyət fəlsəfi deyil, hüquqi bir məfhumdur.

Qərb hürriyyəti insana suç işləmək haqqı tanıyır. Müsəlmanın isə belə bir haqqı yoxdur. Çünki o əbədi həqiqətin, yeganə həqiqətin, cahanşumul həqiqətin əmrindədir.

İslamyyət bir qanun, nizam hakimiyyətidir»

C.Meric daha sonra yazır ki, Qərb kültürün vətənidir, şərq-irfanın. İrfan həm elm, həm iman, həm ədəb deməkdir. Kültür – homo – ekonimikusun qanlı səhifələrini gizlətməyə yarayan bir şaldır.

Düşüncənin bütün qatlarını özündə əks etdirən İrfan insanın özünü tanıması ilə başlar, ağılı maddi dünyaya təslim etməz və ədəbi bir nəfs tərbiyəsidir.

Bu cür qənaətləri qərb ünvanlı mütəfəkkirlərin fikirləri ilə də davam etdirmək olar…

Bir də ki biz xəstəxanada və ya dəlixanada ruhi əzab çəkən xəstə qəhrəmanımızdan inciməməliyik, məsələni çox böyütdük…

Əli Əkbərin romanında maraqlı və başqa yazarların çoxunda görmədiyimiz fərqlilik bir də ondadır ki, o arxasında durduğu fikirləri nə qədər inam, qətiyyətlə sübut etməyə çalışsa da, ona müqabil, zidd, anti fikir və ideyalar da səsləndirir.

Bu həm Şeyla, Mövsüm, həm də digər obrazlarla baş verir.

Məsələn, Mövzumlə Sənanın mübahisəsində Sənanı dəstəklədiyi hiss olunsa da, Mövsümün düşüncələrini təbii, real cizgiləri ilə verdiyi üçün oxucu Mövsümə haqq qazandırır və ya Şeyla ilə iqtidar-müxalifət mübahisəsində Şeyla deyir:

«Hansı müxalifətdən danışırsan? Kimdir müxalifət? Görməmiş çuşkalar! Əllərində imkan olsa, Qənirədən də betər soyarlar ölkəni. Elə bilirsən bunlar iqtidara gəlsə hər şey düzələcək? Bundan da pis olacaq! Yüz dəfə indikindən pis olacaq» (s.401).

Sənan Mövsumu dinindən döndərmək istədiyini — «Bir az da yoldaş olsaq, beynini təmiz dəyişdirəcəm, necə deyərlər, virus salacam ona» (s.218). — deyəndə isə fikirləşməli olduq: bu nə missiyadır belə?

Əli Əkbər
Eyni zamanda iki həyat yaşayan qəhrəman yuxu-reallıq, xəstəlik – sağlamlıq, iqtidar – müxalifət, Rəna – Sevil paradoksallığında əzab çəkir.

Narkolepsiya xəstəliyinə düçar olmuş Murad hallüsinasiya vəziyyətində yox, oyaq vaxtı oğlunun oxuduğu məktəbə gedib dava salır, direktoru, keçmiş hakimiyyəti söyüb hədələyir və onun üçün çağırılan polis, tibbi yardım maşınının müşayiəti ilə dəlixanaya gətirilir.

Doktor onun üzünə: «bu psixoloji vəziyyətdə cəmiyyət üçün təhlükə mənbəyisiniz» — hökmünü oxuyur.

Murad dəlixanada «azad seks», «təmiz tualet» fəlsəfəsini bir az da genişləndirir: insan öldürmək sərbəstliyi!

«Böyük dövlətlər müharibələr başlayıb, bir bombayla minlərlə adamı öldürəndə yaxşıdır, mən bir mənasız adamı o dünyalıq eləyəndə pis?».

Müəllif Muradın dəlixana həyatındakı mənəvi-ruhi sıxıntı və sarsıntılarını çox təbii, bütün spesifikası ilə canlandırır.

Muradın həkim, inqilabçı, ata, ər, sevgili, dost məqamlarından daha çox dəlilik məqamında ona yaxınlaşırıq, onu anlayırıq: Murad bədbəxtdir.

Və bu bədbəxtliyi bütün varlığıyla dərk etdiyi üçün daha çox bədbəxtdir. Axır ki, başa düşdü:

«İnadla işlədiyim o qədər səhvim, günahım var ki, etiraf etməyə qorxuram. Əgər şeytan varsa, o həmişə mənimlə çiyin-çiyinə olub. Bu da sonu»: (s.430.)

Bütün aqressiyasını, kinini, nifrətini, yanılış və bayağı çıxışlarını Murada yükləyib onu qaranlıq palatada, sonra isə həbsdə çürüdən Muradın müəllifi sonda onu qoyub qaçır.

«Murad azadlıq mübarizəsində öz rolunu çox böyüdüb.

Əlbəttə, müxalifətçi idi, rejimin dəyişməsini arzulayırdı, nə bilim hər fürsətdə həqiqəti dilə gətirirdi. Amma faktlar da göstərir ki, heç də özü haqqında yaratdığı əzabkeş obrazına uyğun həyat tərzi keçirməyib» (s.443).

Əli Əkbər romandakı bütün zaman, məkan və hadisələri illüziya —reallıq sərhədsizliyi sferasında qurduğu üçün xeyli tənqidin, qınaqların qarşısını alır.

Belə demək mümkünsə, «quyruq ələ verməmək», müəllif kimi hədəfdə olmamaq üçün mətnin içində xeyli bəraət və sığortalanma tədbirləri hazırlayıb.

Hücum və müdafiə taktikasını eyni intensivliklə işləyib və doğulacaq suallara cavabı da elə mətnin özünə yerləşdirib…

Son illər nəsrimizin roman qışqırtısı Azərbaycan ədəbiyyatı, tənqidi və hətta ictimai düşüncəsi qarşısında çoxlu suallar yaradır.

Bədii-estetik, mövzu-ideya baxımından ömrü, taleyi bəlli olmayan, zamana buraxılan romanlar onlara sərf olunan vaxtın müqabilində bizə nəsə verirmi? Verir.

Heç olmasa bizi-tənqidi dilləndirir və düşündürür…

«Amneziya» romanında əvvəldə də qeyd etdiyimiz kimi, səriştəli təsvir və təhkiyə dili ilə yaradılmış bədii mühit var.

Bu əsas şərtdir. Bədiilik adına girdiyimiz məkanda hər detala ədəbi-nəzəri düşüncə ilə yanaşmaq tənqidçiyə əziyyət vermir.

Düzdür, görünür günün tələblərindən irəli gələn publisistikanın çoxluğu (hətta qəzet materialları kimi əlavə olunan parçalar) və bəzi illüziyadan, amneziya bəhanəsindən də çıxan quraşdırmalar bədii effekti azaltdı.

Məsələn, Şeylanın inqilab ordusunun mühüm şəxslərindən biri kimi təqdimi» («Demokratik islahatlar partiyasının iqtidara gəlməsi uğrunda çalışan, prezident aparatında gedən bütün söhbətləri, hazırlanan planları bizə çatdıran bir müxalifətçi.

Ordu ilə, polislə müxalifət arasında əlaqələrin qurulmasında xidmətləri olan adam.

Şeyla hələ xaricdə təhsil aldığı dövrdə Azərbaycan müxalifəti ilə yaxın əlaqələr qurmuşdu. Gündəliklərdə onun uşağının olduğunu da yazırsınız. Bilirsiniz uşağın atası kimdir?

İndiki Daxili İşlər naziri Sülhəddin Muxtarlının oğlu» (s.348). Hind və köhnə türk filmlərində kuliminasiya nöqtəsində pərdənin, ya hansısa maskanın dalından çıxıb «Ey durun! Mən sağam», «Sən öz ananı tanımadınmı? «Mən sənin qardaşınam, Cimi» — nə bilim bu kimi gözbərəldici şok situasiyalar da var.

Bu və buna bənzər diqqətçəkmələr (erotik səhnələr yaratmaqla) oxucu ilə süni və ucuz alış-veriş etməkdir.

Özü də artıq bu seriyadan (ən yeni ədəbiyyat) çıxan üçüncü əsərdir ki, («Şəhər» — S.Pərvanə, «Göləqarğısancan» — Aqşin, «Amneziya» — Əli Əkbər) eyni çılpaq səhnələr, eyni «terminlər», mövzuya eyni yanaşma tendensiyasını müşahidə etdik.

Elə bil, əvvəlcədən bu adamları bir otağa yığıb səhnələrin və mövzuların planını «inşa» mövzusuna verilən plan kimi paylayıblar…

Əsərin ideya məsələsinə gəldikdə isə, biz də cəmiyyətdə, millətdə, dövlətdə, hakimiyyətdə, ənənədə pis nə varsa, hamısına yox! — deyirik.

Riyakar və cahilcəsinə «Dəstək» və «yeksəs» mövqeyində də deyilik. Allah bizə iradə və şüur azadlığı verib ki, haqqı nahaqdan ayıra bilək.

Ancaq demokratiya və azadlıq paylayan Avropa qapısında növbə gözləyən insanlarımızın xəstə halına kədərlənirəm.

İrandan «Hurriyyət», Avropadan konvertə «Azadlıq», «Gender bərabərliyi» qoyulub göndərilən sürpriz xoşbəxtliklərə inanmıram. Qonşuya ümid olan həmişə ac yatıb.

Bu mücadiləyə millət, xalq kimi, özümüzdən, içimizdən, əqidəmizdən başlayaraq qalxmalıyıq.

Ləyaqətimiz, əxlaqımız və dəyərlərimizlə (qrafoman və tutuquşu zəhlətökənliyi ilə yox!).

Və sonda Əli Əkbərin acı talelər yaşatdığı qəhrəmanlarına şəfa və bağışlanma diləyir, onlara İslamın və Şərqin yox, Qərbin böyük, Nobel yazarlarının fikirlərini çatdırıram:

«Dəhşət burasındadır ki, insan başqa mədəniyyət modeli naminə öz mahiyyətindən imtina edib, özgə şəxsə çevrilmək istəyir» (Toni Morisson).

«Hər kəs danışdığı hekayəyə görə mənəvi məsuliyyət daşıyır və hamıya hekayə danışmaq azadlığı verilib.

Amma hesab edirəm müasir nağılçının öz əsrdaşlarına danışdığı hekayənin forma və məzmunundan asılı olmayaraq, nifrətlə zəhərlənməməsi, bu dəhşətli silahın gurultusu ilə kar olmaması, daha çox məhəbbətlə diktə olunması, geniş, aydın və azad insan ruhuyla istiqamətlənməsini arzu etmək imkanı da verilib» (İvo Andriç).

«İnsanı alçaldan, onun ən alçaq və yırtıcı tərəflərini stimullaşdıran, şəxsiyyətini dağıdan və son nəticə etibarilə cəmiyyəti məhv edən azadlıq tipi də var. (Yuri Mamleyev)

«…dünyaya yeni Avropa müraciəti insanın dünyada durumunu qeyri-sabit edir.

Təsərrüfat, maddi maraqlar həyatın əsasına çevrilir… bəşəriyyətin həyatı dayanacaqdan və mənadan xali olan ayrı-ayrı insanların və bütövlükdə bəşəriyyətin yoxa çıxdığı prosesə çevrilir.

İnsanın dünyadan və cəmiyyətdən özünə qayıtması vasitəsilə böhrandan xilas olmaq olar. İnsan özünün ruhi irsindən daxili aləmini yaratmalıdır» (Rudolf Eyken).

02.05.2011

Həmçinin oxu
Əli Əkbər "Amneziya" (Romandan parça)
XS
SM
MD
LG