Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:16

Vaqif Səmədoğlu. Ömrümdə olmalıymış...


Vaqif Səmədoğludan şeirlər...

***

Ömrümdə olmalıymış,
O əyri yol, tək vələs,
Yalçın qaya, uzaq səs,
Birdən qaralan nəfəs.
Ömrümdə olmalıymış,
Yadımda qalmalıymış.
...Saat üstə şirmayı,
Qatarın yetim payı,
Heyva ayı, nar ayı
Ömrümdə olmalıymış,
Yadımda qalmalıymış.

Dənizin ada günü,
Dağların səda günü,
Hər günün vida günü
Yadımda qalmalıymış.

***

İndi giley-güzardan
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır.

İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır.

***

Nə qədər sual cavabsız qalarmış
Bircə gödək insan ömründə?
Nə vaxta qədər
Həyatın özünə belə
Yeganə doğru cavab
Ancaq ölüm olarmış?
Nə çağa kimi heç nə
Bilməyəcəyik yaşayarkən?
Heç nə bilməyəcəyik
Ağlaya-ağlaya, gülə-gülə?

***

Elə beləmi gedəcək?
Ya gah elə, gah belə
Ən nəhəng içi dolu gəmi də
Bir gün görünməlidir axı dənizdə,
Yan almalıdır axı sahilə...

***

Əyrin-üyrün
Dar küçələrin,
Gündüzlər
Otaqlarındakı bəyaz gecələrin,
Damarlarının yastısı,
içinin astası
Küçələrini
Dolanan addımların
Həmişə tənha səsi,
Gecələrinin
Dünyada itən yarix tikəsi.
İçindən böyük şəhərə,
Bayır şəhərə
Çıxan təəccübüm,
Oğrulardan qorxan cibim,
Ölüm ayağındadır indi
Bayır şəhər
İçərişəhər!


lit.az
2008
XS
SM
MD
LG