Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:01

Daha 2 ay həbsdə qalanların sayı səkkiz oldu


2 aprel mitinqindən görüntü
2 aprel mitinqindən görüntü
Müxalifətin 2 aprel mitinqinə görə 2 aylıq həbs olunanlar arasında həbs müddəti daha iki ay artırılanların sayı 8-ə çatdı. Vəkillər isə deyirlər ki, 2 aydır istintaq ortaya elə bir dəlil-sübut qoymayıb ki, həbs edilənləri əlavə 2 ay da həbsdə saxlamağa ehtiyac yaransın.

Müsavat Partiyasının Gənclər təşkilatının sədr müavini Əhəd Məmmədlinin vəkili Yalçın İmanov AzadlıqRadiosuna deyir ki, müdafiə etdiyi şəxs həbsdə saxlandığı iki ay ərzində onunla bağlı hər hansı istintaq hərəkəti aparılmayıb:

«Biz məhkəmədə istintaq tərəfinin həbs müddətinin daha 2 ay artırılması ilə bağlı təqdimatını əsassız saydıq. Axı bu iki ayda ortalığa heç bir dəlil-sübut qoyulmayıbsa, bu adamı daha 2 ay da həbsdə saxlamağın nə adı var? Olmayan bir şeyə əsaslanaraq yenidən həbs müddətinin uzadılmasına ehtiyac yoxdur. Buna baxmayaraq, məhkəmə istintaq tərəfinin vəsatətini təmin elədi».

Qərardan apelyasiya verəcəklərini deyən Yalçın İmanovun sözlərinə görə, ortada ziddiyyətli məqamlar var:

- İstintaq bir tərəfdən deyir ki, həbs edilən şəxslərin cinayəti tam sübuta yetirilib, digər tərəfdən deyir ki, hələ araşdırmaya və istintaq hərəkətlərinin aparılmasına ehtiyac var. Bunlar hüququn predmeti olmayan məsələlərdir.

«HƏMİN YERDƏ İQTİDAR NÜMAYƏNDƏLƏRİ DƏ OLUB»

2 aprel mitinqində həbs olunanların hüquqlarının müdafiə komitəsinin üzvü Vaqif Hacıbəyli deyir ki, Əhəd Məmmədlidən savayı digər yeddi nəfərin də istintaqında da analoji hal yaşanır. Onun sözlərinə görə, ciddi istintaq hərəkətini müşahidə etməyiblər:


- Tutulanların əməlində nəinki cinayət tərkibi, heç inzibati xəta kimi də qiymətləndirə biləcək qanuna zidd əməl olmadığı üçün həbsin uzadılması absurddur. Dünən bildim ki, Ülvi Quliyev hansısa bir gözətçi ilə üzləşdirilib, həmin üzləşdirmə zamanı gözətçi deyib ki, hadisə yerində onu görüb. Həmin hadisə yerində iqtidar nümayəndələri də – Səyavuş Novruzov, Mübariz Qurbanlı da olub. Onlarındamı barəsində cinayət işi qaldırılmalıdır indi? Ya Arif Hacıyevlə də üç polis üzləşdiriblər. Bildiriblər ki, Arif Hacıyevi izləyiblər, sonra da aksiya zamanı həbs ediblər. İndi bunu necə əsaslandırıb ittiham irəli sürəcəklər?

Vaqif Hacıbəyli iddia edir ki, bu istintaq həqiqəti üzə çıxarmağa kömək etmir, əksinə, onun iflasa uğradığını görmək olur:

- Rüfət Hacıbəyli ilə bağlı dedilər ki, guya onun barəsində fakt var. Fakt da ondan ibarətdir ki, Rüfət hansısa maşına təpik vurur. Video kadrlara baxırsan, polisdən başqa zorakılıq eləyən görmürsən. Şüşə sındıranlardan birinin fotosunu istintaqa təqdim etmişik, amma hələ də o adamı tapıb istintaqa cəlb eləməyiblər.

«QƏRARI MƏHKƏMƏ VERİB»

Bakı şəhər prokurorluğunda ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ramiz Rzayev isə vəkillərin iddiasını əsassız sayır, deyir ki, istintaq tərəfi həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verib.

- Yəqin ki, təqdimat zamanı da vəkillər öz müdafiələrini qurublar, öz əsaslandırmalarını səsləndiriblər. Məhkəmə onları da dinləyib və öz qərarını verib.

İstintaqın hər hansı sübut-dəlil toplamadığı ilə bağlı iddialara gəlincə, Ramiz Rzayev deyir ki, bu, istintaq sirri olduğu üçün onlar əldə olunanlarla bağlı ictimaiyyətə məlumat verə bilməzlər.

Aslan İsmayılov
AVROPA MƏHKƏMƏSİNDƏ «AĞLABATAN MÜDDƏT» DAVASI AÇMAQ OLAR

Sabiq müstəntiq Adil İsmayılov da hesab edir ki, vəkillərin bütünlükdə cinayət işini görmək imkanı olmadığından indidən «dəlil-sübut» yoxluğundan gileylənməyə dəyməz. Amma əgər vəkillər istintaq bitəndən sonra cinayət işi ilə tanış olan zaman həmin müddətdə istintaq hərəkətlərinin aparılmadığını görsələr, onda hətta bundan Avropa Məhkəməsinə də şikayət edə bilərlər:

- Azərbaycanın da qoşulduğu müvafiq konvensiyada belə bir maddə var: «şəxsin ağlabatan müddətə qədər məhkəmə qarşısına çıxarılması». Artıq bu maddə ilə bağlı Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlar da çıxarıb. Səhv eləmirəmsə, keçmiş nazir Fərhad Əliyev və sabiq məmur Akif Muradverdiyev barəsində belə bir qərar olub ki, onlar ağlabatan müddətdə məhkəməyə çıxarılmayıblar.

Adil İsmayılov deyir ki, o müstəntiq olan vaxtlarda ciddi nəzarət vardı və istintaqı əsassız yerə uzadan müstəntiqlər cəzalanırdılar. Hazırda vəkil kimi çalışan Adil İsmayılov onu da əlavə edir ki, indi onun müdafiə etdiyi bir çox işdə aylarla istintaq hərəkəti aparılmır, buna görə isə hələ ki hər hansısa müstəntiq cəzalandırılmayıb.
XS
SM
MD
LG